Ağalar Bayramov: “Mədəniyyət və idman qoşa qanad kimidir”


"Olimpiya dünyası” qəzetinin və olimpnews.az saytının "İdmançı sənət, sənətçi idman haqqında” rubrikasının budəfəki qonağı tanınmış aktyor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, respublikanın Əməkdar artisti, "Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramovdur.

- Ağalar müəllim, Azərbaycan tamaşaçısının və dinləyicisinin ürəyində yeri olan sənətkarlardan birisiniz. Bu məhəbbətin sirri nədədir?
- Azərbaycan teatr sənətinin bədii qiraət ustalarından biriyəm. Xoşbəxtəm ki, Azərbaycanın bədii qiraət sənətində mənim də adım, imzam var. Ölkəmizdə bu sənətin daşıyıcılarını barmaqla saymaq mümkündür. Bədii qiraət çətin sahədir. Burada insandan aktyorluq, gözəl səs diapazonu tələb olunur. Bu sənətin əsasını Kazım Ziya, Müxlis Cənizadə qoyublar. Bu insanlar aktyor olsalar da, əsasən bədii qiraət ustası kimi tanınıblar. Sonra bu sənətdə böyük ustadım Mikayıl Mirzə, Həsən Əbluç, İlham Əsgərov, Əminə Yusifqızının adlarını çəkə bilərəm.
Bədii qiraət ustası kimi tez-tez dövlət əhəmiyyətli tədbirlərdə iştirak edirəm, cəbhə bölgələrində oluram. Cümhüriyyətimizin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərdə həvəslə, can-başla iştirak etmişəm. Bir sözlə, Allah-təalanın mənə bəxş etdiyi bu səslə bir Azərbaycan vətəndaşı kimi xalqıma, dövətimə xidmət edirəm. Cəmi 23 ay yaşayan cümhuriyyətimiz olmasaydı, biz ikinci dəfə müstəqillik sevincini yaşaya bilməzdik. Hər birimiz xoşbəxtik ki, suveren respublikada yaşayırıq.

"Valideynlərimi erkən itirmişəm”

- Uşaqlığnız çox ağır keçib?
- (Kədərlənir). Uşaqlıq illərim çox ağır keçib. Valideynlərimi erkən itirmişəm, tək, yetim böyümüşəm. Nənəm saxlayıb məni. 1954-cü il yanvarın 16-da Ucar rayonunun Boyat kəndində anadan olmuşam. Dolanmaq üçün orta məktəbdə oxuya-oxuya kəndin qoyun-quzusunu otarmışam. Nənəmin adı Mələksima idi. Nobata gedəndə nənəm kitab-dəftərimi çantama yığırdı ki, bala, sənin heç kimin yoxdur. Oxu ki, bir tərəfə çıxasan. Beləliklə, orta məktəbi kənddə çobanlıq etməklə, əla qiymətlərlə başa vurmuşam. Ali təhsil almaq üçün nənəmi tək qoyub Bakıya gedə bilmirdim. Əsgərlikdən qayıtdıqdan cəmi bir ay sonra nənəm rəhmətə getdi. Nənəmin vəfatından 6 ay sonra Bakıya gəldim.
- Bakıya gəlməkdə məqsədiniz ali təhsil almaq idi?
-Şəhərdə fəhləlik edib özümə çörəkpulu qazanırdım. Sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə sənədlərimi versəm də, qəbul ola bilmədim. 3 imtahandan keçsəm də, tarixdən kəsildim. Sonra Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələndim. Təsəvvür edin, ucqar kənddən gələn yetim oğlan texnikumu pulsuz-parasız fərqlənmə diplomu ilə bitirdi. Yaxşı insanlar hər yerdə var, o vaxt mənə müəllimim Aydın Xəlilov çox dəstək oldu. Ali təhsilimi 1980-1985-ci illərdə almışam.
-Təhsil aldığınız ali məktəb həm də sizin iş yeriniz oldu?
-Mən qəbul olanda Mədəniyyət və İncəsənət İnstitutuna yeni rektor təyin olunmuşdu - Aslan Aslanov. Allah ona rəhmət eləsin, çox qayğıkeş, gözəl insan idi. Mən burada da yetimliyi hiss etmədim. Hər zaman bu insanın bir rəhbər, böyük kimi qayğısını, dəstəyini gördüm. 1984-cü ildə Aslan Aslanovun təşəbbüsü ilə Tədris teatrında aktyor kimi fəaliyyətə başladım, halbuki institutu qurtarmağıma hələ 1 il qalırdı.
1985-ci ildə institutun "Aktyor sənəti” kafedrasında baş laborant, bir müddət sonra dekan müavini kimi çalışmışam. 1991-ci ildən bu günə kimi Aərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı” kafedrasının dosenti kimi tələbələrə "Səhnə danışığı” fənnini tədris edirəm. 1983-cü ildən indiyədək Azərbaycan Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışıram.
Fürsətdən istifadə edərək, "Olimpiya dünyası” qəzeti vasitəsilə universitetin sabiq rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi Fərəh Əliyevaya minətdarlığımı bildirirəm. Fərəh xanım burada cəmi dörd il (2014-2018) işləsə də, böyük işlər gördü. Məhz onun dövründə universitetimizin binası əsaslı təmir olundu, səliqə-sahman yaradıldı.
- Başqa ali məktəbi qurtarsaydınız, yenə bədii qiraətçi olardınızmı?
- Sənət eşqi elədir ki, harada olursa olsun, özünü göstərir. Rus yazıçısı A.P.Çexov həkim, qırğız Çingiz Aytmatov zootexnik, gözəl şairimiz, yaradıcılığından bəhrələndiyim Məmməd Araz geoloq olub. Lakin yazdıqları, yaratdıqları göz qabağındadır.

"Mənə 100 il ömür arzulamayın...”
- İlk dediyiniz şeir yadınızdadır?
- İlk dəfə Rüstəm Behrudinin "Vətən” şeirini səsləndirmişəm. Mənim yaradıcılığımda ümumiyyətlə, vətən mövzusu geniş yer tutur. Çünki vətənimi, Azərbaycanımı çox sevirəm. Əsasən, Aşıq Ələsgər, Rəsul Rza, Fikrət Qoca, Məmməd Araz, Musa Yaqub, Ramiz Rövşən, Zəlimxan Yaqubun yaradıcılığına müraciət edirəm. Əjdər Olun şeirlərini çox bəyənirəm.
- Sizin haqqınızda məqalə və şeir yazanlar az deyil?
- Tofiq Hacıyev, Məmməd Aslan, Zəlimxan Yaqub, Vasif Məmmədəliyev, Qənirə Paşayeva, Əjdər Ol yaradıcılığımla bağlı məqalə, Musa Yaqub, Vahid Əziz, Eldar İsmayıl və başqaları şeir yazıblar. Sağ olsunlar, qiymətləndirdikləri üçün hər birinə minnətdaram.

- "Mənə 100 il ömür arzulamayın” şeiri sizə nə deyir?
- Bu şeirin müəllifi hörmətli şairimiz Vahid Əzizdir. Təxminən 8-9 il bundan əvvəl dostumla Vahid Əzizin yanına getmişdik. Vahid müəllim Bakı kəndlərindəki sanatoriyaların birində dincəlirdi. Söhbət əsnasında iki gün əvvəl yazdığı həmin bu şeiri oxudu. Düzü, şeir məni tutdu. Şeir yaxşı olanda, ifa da gözəl və bənzərsiz olur. Ad günlərində insanlar biri-birilərinə 100 il arzu eləyirlər. Biz kimik ki, 70-80 və ya 100 il arzu edək? Məmməd Araz demişkən, "bir kibrit ömrü istəyirəm”. Tanrı hər kəsə sağlam ömür versin, bu dünyadan köçəndə də incimədən, incitmədən gedək...

"Sənətim qədər
sevdiyim ikinci sahə futboldur”


- İdmana münasibətiniz?
- Sənətim qədər sevdiyim ikinci sahə futboldur. Sözün həqiqi mənasında əsil futbolun fanatıyam. Çempionlar Liqasının oyunlarını həvəslə izləyirəm. 2002-ci ildə Türkiyənin "Qalatasaray” klubu "Arsenal”ı (İngiltərə) məğlub edərək Avropa kubokunu qazananda uçmağa qanadım yox idi. Yaponiyada keçirilən dünya çempionatında Türkiyənin 3-cü yer tutması da mənim üçün yaddan çıxmayan, xoş xatirədir. Sovet dönəmində "Dinamo” (Kiyev) və "Bavariya” (Münhen) klublarına, Almaniya millisinə azarkeşlik edirdim. Müstəqillik dövründə isə Türkiyə yığması və "Qalatasaray” klubuna azarkeşlik edirəm. Futbol sonu bilinməyən tamaşadır. Uşaqlıqda yaxşı top qovmağım var idi. Futboldan başqa, voleybola da böyük marağım var. Ölkəmizdə idmana böyük diqqət və qayğı göstərilir. İdmançılarımız yarışlarda Azərbaycanın bayrağını qaldırır, himnimizi səsləndirirlər. Bu, ölkəmizin dünya miqyasında tanınmasında böyük rol oynayır.
İdman sərhəd tanımır. Bəzən ölkələri onların futbol klubları, komandaları və idmançıları ilə tanıyırlar. Mən deyərdim ki, mədəniyyət və idman ölkəni dünyada tanıdan qoşa qanad kimidir. Alim Qasımov esazkar səsi ilə dünyanı dolaşaraq Azərbaycanı təbliğ edir, tanıdır.
-”Qarabağ”ın ÇL-da oynaması böyük uğur deyildimi?

- Qurban Qurbanov istedadı, peşəkarlığı və qətiyyəti ilə komandanı bu yerə gətirib çıxara bildi. Bu, futbol tariximizdə bir ilk idi. Mən bu insanın qəlbindəki vətən sevgisini görürəm. "Qarabağ” ÇL-də nəhənglərin qabağında duruş gətirə bildisə, bununla fəxr etmək lazımdır. Futbol idmanın gözüdür və onu hissiz, duyğusuz oynamaq mümkün deyil. 1966-cı ildə Bakının "Neftçi” komandası SSRİ-də 3-cü yeri tutdu. Bu qələbə sevincini bizə bəxş edən Anatoli Banişevski, Kazbek Tuayev və başqaları ilə fəxr edirdik.
-Tanınmış idmançılardan kimləri tanıyırsınız?
- Olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli, Namiq Abdullayevə böyük hörmətim var.
- Hansı mükafatlarınız vardır?
- 2002-ci il dekabrın 24-də ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Əməkdar artist adına layiq görülmüşəm. Bunun üçün nə fəaliyyət göstərdiyim ali təhsil ocağından, nə də ki, Mədəniyyət və Turizm Nazirliyindən təqdimat olmayıb. Mənimlə eyni vaxtda ad alanlar sonralar xalq artisti oldular, amma mənə qismət olmadı. Bir faktı deyim ki, 2013-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ərəfəsində o vaxtkı rəhbərlik il yarım işləyən müəllimənin adını təqdimata saldığı halda, 1984-cü ildən (29 il) burada işləyən Ağalar Bayramovu kənarda qoydu. Bu, mənə qarşı haqsızlıq idi. 6 ay bundan əvvəl Yazıçılar Birliyindən Mədəniyyət və Turizm Nazirliyinə verilən təqdimat da cavabsız qaldı. Məni düzgün başa düşün, mükafat üçün çalışmıram. Amma "istedad etinasızlıqdan sönər”, deyirlər. Bu, laqeydlik məni bir yaradıcı insan, bir vətəndaş kimi çox incidir. 64 yaşım var, bu gün varıq, sabah yox... Nə isə, ürəyimə salmıram. Əsas ad, titul deyil, əsas odur ki, ürəklərdə yer tutasan və səni sevsinlər.

Səadət Hakıyeva





Bu yazı

8979 dəfə oxunub

Tarix

2018-06-05 09:47:29

Yazını

Çap et

Yazını

Paylaş