Kazbek Tuayev: “Peşəkar olmayan insan heç bir sahədə uğur qazana bilməz”


"Olimpiya dünyası” qəzetinin və olimpnews.az saytının "İdmançı sənət, sənətçi idman haqqında” rubrikasının budəfəki qonağı futbol veteranı, "Şöhrət” ordenli, Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinin direktoru, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevdir.


- Kazbek müəllim, bir futbolçu kimi ətrafınızda da futbolçular toplaşıblar. Bəs, digər sahələrin nümayəndələri ilə yaxın münasibətiniz varmı? Götürək, elə incəsənət sahəsindəki tanınmış insanları. Onların arasında dost seçmisinizmi?
- Hər zaman incəsənət nümayəndələrinə böyük pərəstiş etmişəm. Onların arasında yaxından dostluq etdiyim, sənətinə böyük rəğbət bəslədiyim insanlar az olmayıb. Ən yaxın dostlarımdan biri Fərhad Bədəlbəylidir. Onu məncə, geniş təqdim etməyə ehtiyac yoxdur. O, görkəmli musiqişünas, istedadlı piaonçudur. Pianodan söz düşmüşkən, mən Tunisdə məşqçi kimi işləyəndə o, həmin ölkəyə gəlmişdi. Fürsət tapıb, görüşdük. Qərib ölkədə öz həmyerlinlə görüşməyin nə olduğunu təsəvvür edə bilməzsiniz. Bizim komandanın bazasında o, kiçik bir konsert verdi. Dünya və Azərbaycan musiqisindən seçmələri ifa edərək yerli publikanı ələ almağı bacardı. Fərhad futbolu da çox sevir. Futbol onun ən zəif nöqtələrindən biridir. Özü də qeyd edirdi ki, vaxtilə "Neftçi”nin oyunlarını stadiondan izləyib.
- Təkcə Fərhad Bədəlbəyli ilə dostluq etmisiniz?
- Bizim onunla söhbətimiz daha maraqlı və əhatəli alınırdı. Fərhad Bədəlbəylidən başqa yaxından münasibət saxladığım bir insan da var idi ki, o da müğənni Oqtay Ağayev idi. Onun ifa etdiyi mahnıları hamı sevirdi, bu gün də sevir. Demək olar ki, o vaxtı tez-tez görüşürdük. Birgə məclislərdə iştirak edirdik. O, doğrudan da, istedadlı və gözəl xarakterə malik bir insan idi. Hesab edirəm ki, onun səsinin tayı-bərabəri yoxdur.
- Yəqin ki, musiqi zövqünüz təkcə Oqtay Ağayevin mahnıları ilə əhatə olunmayıb?
- Əlbəttə, belə deyil. Rəşid Behbudov, Müslüm Maqomayev, İlhamə Quliyeva, "Qaya” qrupunun mahnılarını çox sevirəm. Bu müğənnilər həqiqətən dövrün ən gözəl sənətçiləri idilər. İllər keçəcək, amma belə sənətçilərdən bir daha olmayacaq. Hazırda oxuyanlardan isə opera mügənnisi Dilarə Əliyevanın səsini bəyənirəm.
- Musiqi barəsində bu qədər. Bəs, kinofilmlər? Azərbaycan filmlərindən hansılarına baxmısınız?
- Bir neçə film var ki, baxmışam, lakin adlarını xatırlamıram. Amma kinorejissorlardan Eldar Quliyevə böyük hörmətim var. Yaxın dostlarımdan biridir. Hesab edirəm ki, o, dövrünün ən güclü kinorejissorlarından biridir. Bir daha qeyd edim ki, filmlərin adlarını xatırlaya bilmirəm. Amma bildiyimə görə onun çəkdiyi bir neçə film var ki, onlar bu gün Azərbaycan filmlərinin incilərindən sayılır. Eldar Quliyevin çəkdiyi "Babək” filmi kütləvi səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmır. Eldar Quliyevin çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb - red).

- Sonuncu dəfə hansı kitabı oxumusunuz?
- (fikirləşir) Yazıçılardan Məmməd Səid Ordubadinin kitablarını oxumuşam. Bilmirəm, nədənsə bu yazıçının qələmə aldığı əsərlər məndə çox böyük maraq oyadıb. Süleyman Rəhimovun da "Şamo” romanını oxumuşam. Romanda maraqlı hadislər baş verir. Eşitmişəm ki, Süleyman Rəhimovun romanındakı qəhrəmanın adı yeni dünyaya gəlmiş oğlunun adı ilə bağlı olub.
- Bəşir Səfəroğlunun iştirakı ilə "Neftçi”nin tarixi qələbəsindən bəhs edən "Bizə bir xal lazımdır” tamaşasına baxmısınız?
- "Bizə bir xal lazımdır” kinokomediyası çox gözəl alınıb, desəm yanılmaram. Aktyorlar da rollarını çox məharətlə ifa ediblər. Mən çox şadam ki, bu cür tamaşalarla xalqımıza bizim uğurlarımız barədə məlumatlar çatdırılır. Belə səhnə əsərlərimiz idmanın təbliğində böyük rol oynayır.
- İncəsənət sizin üçün nə deməkdir? Bu istedadadır, yoxsa tələb?
- Gözəl sualdır. İncəsənət mənim üçün fövqəl-bəşər bir hissdir. Təbii ki, peşəkar olmayan insan heç vaxt nə incəsənətdə, nə də başqa bir sahədə uğur qazana bilməz. Məncə, hər bir insan öz sevdiyi peşə ilə məşğul olarsa, daha çox uğur qazana bilər. Qaldı ki, sualınızın ikinci tərfinə, istetad Tanrı vergisidir. O, hər kəsə nəsib olmur. Çünki burada istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət nəzərdə tutulur. Bacarığı olmayan insanın isə uğur qazanması o qədər də inandırıcı görünmür.
- Kazbek müəllim, boş vaxtlarınızı necə keçirirsiniz. Hərdən elə olur ki, futbol və idman insanı hər şeydən təcrid edir. Amma hər şey futboldan ibarət deyil.
- Futbol mənim həyat tərzimdir. Mən yalnız futbolla istirahət edirəm. İllərdir ki, ömrümü bu idman növünə bağlamışam. Futbol məni heç vaxt yormayıb. Futboldan başqa idmanın güləş növünə marağım var. Olimpiya Oyunlarında və digər mötəbər yarışlarda güləşçilərimizin çıxışlarını izləyirəm.

Azər Əlizadə



Bu yazı

24442 dəfə oxunub

Tarix

2018-06-06 11:07:22

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook