“Futbol Oscarı” mənimdir!




Mükafat insanın işinə, bacarığına verilən qiymətdir. Xüsusilə xarici ölkədə "ödül”ə layiq görülmək ikiqat sevinclidir. Türkiyədə aldığım "Futbol Oscarı”nın yeni "Bir qolun tarixçəsi” adlı kitabımın nəşrindən az sonraya təsadüf etməsi də mənim üçün xoş məqam oldu.
"Yılın Yabancı Spor Yazarı”, yəni "İlin ən yaxşı əcnəbi idman yazarı” seçilməyimi mayın 14-də dedilər. Mükafatımı almaq üçün AFFA rəhbərliyinin dəstəyilə ayın 24-25-də İstanbulda oldum.

1999-cu ildə təsis edilib

Məlumat üçün bildirim ki, hər mövsümün sonunda Türkiyə futbolunda uğurlara imza atan şəxslərə verilən "Futbol Oscarları” mükafatları "Futbol Plus Dergisi” tərəfindən 1999-cu ildə təsis edilib. Ənənəyə uyğun, İstanbulda "Fonex” kosmetika şirkətinin sponsorluğu ilə keçirilən mükafatlandırma mərasimi sayca 14-cü oldu.

Adnan Polata məxsus oteldə

Qala-gecənin keçirilmə məkanı da ənənəyə uyğun, 5 ulduzlu "Polat Renaissance Hotel”in "Champions” barı idi. İstanbulun Bakırköy ilçəsinə aid Yeşilyurt məhəlləsində yerləşən sözügedən otel Atatürk aeroportundan cəmi 4 km məsafədədir və Mərmərə dənizinin sahilindədir. Adından da göründüyü kimi, otel "Qalatasaray”ın keçmiş prezidenti Adnan Polata məxsusdur.
Mayın 24-də baş tutan qala-gecəyə futbol, siyasət, sənət, media dünyasının nümayəndələri qatıldılar. Onların arasında tanınmış məşqçilər Yılmaz Vural, Abdullah Avcı və Hamza Hamzaoğlu, keçmiş futbolçulardan Fatih Tekke, Tümer Metin və Hamdi Aslan, həmçinin müğənni Gökhan Tepe də vardı. "Messi-Messi-Messi, bu adamı anlatmak işin keyfi…”
Gecədə aparacılığı Emre Tilev etdi. Türkiyə kanallarıyla oyunları izləyənlərə onun səsi yaxşı tanışdır. "Kanal D”nin idman şərhçisi və redaktorudur. 1994-cü ildən bəri 2 mindən çox oyunu şərh etdiyini deyir. "Messi-Messi-Messi, bu adamı anlatmak işin keyfi…”, "Top direkden döner ve sorarız… Kim koydu "o” direği…” kimi məşhur ifadələr də ona məxsusdur.

Tilevin şəxsi saytındakı şeirə oxşayan bu sözlər də diqqətimi çəkdi:

Futbol organizasyonlarında birtlikte olduk…

Deivid attı çoştuk,

Bobo çok baba gol attı hoştuk,

Kewell ile zafere koştuk,

Futbolu anlatmakdan hep dört koşe olduk

Gökhan Tepe "Beşiktaş”ın gözləniləndən
daha yaxşı çıxış etdiyini dedi

Türkiyədə sənətçilərin də futbolla yaxından maraqlandığı, ən azı hansısa bir komandaya azarkeşlik etdiklərini də yaxşı bilirik. Bu üzdən onları futbol tədbirlərinə dəvət edirlər. Qala-gecəyə tanınmış müğənni Gökhan Tepe də təşrif buyurmuşdu. "Yürü Yüreğim”, "Vur”, "Tanrım Dert Vermesin” kimi sevilən mahnıların ifaçısı. Yeri gəlmişkən, bu il "Türkiye Müzik Ödülleri”ndə ən yaxşı mahnı seçilən Demet Akalının "Türkan” mahnısının musiqisi də məhz Gökhan Tepeyə məxsusdur. Elə Demet xanım da tədbirə dəvət alsa da, özünü pis hiss etməsi üzündən gələ bilməmişdi.
Gökhan Tepe isə həm mahnı oxudu, həm də xüsusi mükafat aldı. "Beşiktaş”a azarkeşlik etdiyini xatırlatması ora toplaşan "Qara qartal”ın tərəfdarlarının alqışlarına səbəb oldu. Sevimli komandasının bu mövsümdəki nəticəsini dəyərləndirən müğənni "Beşiktaş”ın gözləniləndən daha yaxşı çıxış etdiyini bildirdi.




Nə Terim, nə də Kocaman, yenə Yılmaz Vural!

Gözlənilməz məqamlardan danışarkən, laureatlarla bağlı maraqlı bir faktı xüsusilə qeyd etmək istəyirəm. "Ən yaxşı məşqçi” nominasiyasında bu mövsüm "Qalatasaray”ı çempion edən və Çempionlar Liqasının 1/4 finalına çıxaran Fatih Terim və ya "Fənərbağça”nı Avropa Liqasının yarımfinalına daşıyan Aykut Kocaman deyil, komandalarını Superliqada saxlamağı bacaran Hamza Hamzaoğlu və Yılmaz Vural mükafat aldılar.
43 yaşlı Hamzaoğlu 2011-ci ilin martından "Akhisar”ı çalışdırır. Ötən il bu komandanı tarixində ilk dəfə Superliqaya yüksəldib və orada saxlamağı bacarıb. Düzü mən xatırlamıram, amma futbolçu kimi də 1991-1995-ci illərdə "Qalatasaray”ın formasını geyinib.
Və Yılmaz Vural. Karyerası boyunca "Qalatasaray”, "Fənərbağça” və "Beşiktaş” kimi aparıcı klubları çalışdırmasa ("dörd böyüklər”dən yalnız 1997-ci ildə "Trabzonspor”da işləyib) belə, türk azarkeşlərin sevimlisi. Bu da onun səmimi və müsbət auralı bir insan olmasından irəli gəlir. Təkcə buna görəmi? Xeyr, məşqçi kimi də bacarıqlıdır. Superliqada bir komanda çempionatın gedişində dara düşən kimi, dərhal yada Yılmaz Vural düşür. 2012/13 mövsümündə də "Elazığspor”un "xilaskar”ı oldu.
60 yaşlı mütəxəssisin olduğu yerdə gülüş əksik olmaz. Məsələn, aparıcının bir sualı zamanı mikrafon ona uzadılarkən Yılmaz Vural: "Mən illərdir danışıram”, - deyib daha gənc həmkarının cavab verməsini istədi. Onun bu sözləri qala-gecəyə toplaşanların gülüşünə səbəb oldu.

Nəhayət, Emre Tilev mənim də adımı çəkdi

Mövzunu çox uzatmaq istəmirəm. Nəhayət, mənim də zamanım çatdı.
Emre Tilev: "Yılın Yabancı Spor Yazarı: Rasim Mövsümov”.
Azərbaycandan kənarda bu sözləri eşitmək çox xoş idi. Mükafatlandırma mərasimində yeganə azərbaycanlı, ümumiyyətlə, Türkiyənin "Futbol Oscarları”nı qazanan ilk azərbaycanlı olmağımdan qürur duyurdum...
Bu mükafatı təşkilatçıların işimə verdiyi qiymətin gözəl təzahürü sayıram. 2010-cu ildən bəri "Futbol Extra”, "Trabzonspor” və "Futbol Plus” jurnallarında çıxan yazılarımla Türkiyədə özümü tanıda bilmişəm.

Buraxılış ili yazılmayan maraqlı kitab

Ertəsi gün geri dönəcəyim təyyarənin uçuş saatına çox zamanım qaldığından vaxtımı Taksimdə, İstiklal caddəsində keçirdim.
Ucu-bucağı görünməyən prospekt insanları hər iki tərəfdə bir neçə metrlik ara məsafə ilə duraraq əllərində üzərində "AKP düzenini redd ediyoruz” yazılmış "Komünist” jurnalını nümayiş etdirən gənclərin etiraz jestilə qarşılayırdı.

Amma orada məni təəssüfləndirənbaşqa bir hadisə oldu. Kitab mağazalarının birində böyük həcmli və üzərində "Ermənilər” yazılmış bir nəşrin girişə yaxın gözəgəlimli yerdə qoyulması təəccüblü idi. Satıcı oğlandan bunun səbəbini soruşduqda yeni çıxan kitabları göz önünə qoyduqlarını dedi. Amma o xalqın türklərin düşməni olduğunu xatırlatdıqda verdiyi cavabdan onun ermənilərin törətdiyi vəhşiliklərdən xəbəri olmadığını anladım.
Kitabdan söz düşmüşkən, köhnə nəşrlərin satıldığı mağazadan aldığım vaxtilə Türkiyənin tanınmış futbol hakimi olan Doğan Babacanın "Mən bir hakim idim” adlı kitabı isə üslubuna görə çox xoşuma gəldi. Kitabın səhifələri daha çox qəzet səhifələrinə oxşayır. Belə nəşr oxucunu yormaz. Amma maraqlıdır ki, nə qədər vərəqləsəm də, nə vaxt çap olunduğu barədə məlumat tapa bilmədim. Yalnız internetdəki bir mənbədə kitabın ötən əsrin 70-ci illərinin sonunda nəşr olunduğunu bildim...


Rasim Mövsümov








Bu yazı

12369 dəfə oxunub

Tarix

2013-05-29 14:58:14

Yazını

Çap et

Yazını

Paylaş