Buenos-Ayres-2018-də iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib




Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş olub.
Görüşdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibi Ağacan Abıyev, MOK-un baş katibinin müavini Azər Əliyev, idman federasiyalarının nümayəndələri və idmançılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə yarışda iştirak edəcək komandamız haqqında məlumat verib. "Bu gün Buenos-Ayres-2018-də iştirak edəcək idmançılara və onların məşqçilərinə Oyunlarla bağlı informasiyalar veriləcək. Bildiyiniz kimi, Buenos-Ayres-2018 sayca Yeniyetmələrin III Yay Olimpiya Oyunları olacaq. Xatırladım ki, ilk Oyunlar 2010-cu ildə Sinqapurda keçirilib. Həmin Oyunlarda bizim 12 idmançımız mübarizə aparırdı. Bu yarış idmançılarımız üçün uğurlu oldu. Komandamız 5-i qızıl və 3-ü gümüş olmaqla ümumilikdə 8 medal qazandı. 2014-cü ildə Nankində keçirilən II Yay Olimpiya Oyunlarında isə komandamız 21 idmançı ilə təmsil olunurdu. Bu Oyunlarda medallarımızın sayı 12-yə çatdı. Medallardan 5-i qızıl, 6-ı gümüş, 1-i isə bürünc idi. Buenos-Ayres-2018-də isə ölkəmiz 17 idmançı ilə təmsil olunacaq. Bütün idmançılarımız öz güclərinə inanırlar. Ümid edirəm ki, onlar vətənə medallarla qayıtmağı bacaracaqlar”, - deyə Çingiz Hüseynzadə bildirib.
Bu yarışlarda Azərbaycan nümayəndə heyətinin şef-de missionu Mehman Kərimov oyunlar çərçivəsində Milli Olimpiya Komitəsi və Olimpiya komandamızın tərəfdaşı "Toyota Qafqaz” MMC-ni iştirakçılara təqdim edib. Oyunların təbliğatı və tətbiq ediləcək bir sıra vacib yeniliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Oyunların gənc səfiri qismində Azərbaycanı təmsil edəcək Səkinə Vəliyeva Argentina, Buenos-Ayres, oyunlar, nümayəndə heyətinin qalacağı Olimpiya Kəndi və yarış yerləri haqqında təqdimatlar edib. O, Oyunlarda 206 ölkədən idmançıların iştirakının nəzərdə tutulduğunu deyib. Onlar 32 idman növü üzrə yarışacaqlar.
Sonra Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli iştirakçılara Oyunlardan əvvəl və Oyunlar zamanı dopinqlə mübarizə çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib.
Tədbirdə Olimpiya komandasının Argentinaya gediş-gəlişi, geyimi, akkreditasiya və digər texniki məsələlər barədə iştirakçıları məlumat verilib.
Xatırladaq ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək keçiriləcək. Azərbaycan Olimpiya Komandasının əsas hissəsi oktyabrın 4-də Buenos-Ayresə yola düşəcək.
Azərbaycan Olimpiya Komandası 17 idmançı (8 qız, 9 oğlan), 12 məşqçi və hakimdən, media təmsilçilərindən, nümayəndə heyətinin rəhbərindən və gənc səfirdən ibarətdir. Bundan başqa, nümayəndə heyətinə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və bəzi federasiyaların rəhbərləri daxildir.
İdmançılarımız olimpiadaya 9 idman növü üzrə lisenziya əldə ediblər. Olimpiya yığmasının tərkibində Azərbaycanı üzgüçü Fatimə Alkərəmova, stolüstü tennisçilər Ninq Jinq və Yu Xinhanq, taekvondoçular Minayə Əkbərova (44 kq çəki dərəcəsində) və Cavad Ağayev (63 kq), boksçular Nurlan Səfərov (60 kq) və Nicat Həsənov (69 kq), güləşçilər Turan Bayramov (65 kq) və Şəhanə Nəzərova (43 kq), gimnastlar Yelizaveta Luzan və Səməd Məmmədli, cüdoçular Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq), ağırlıqqaldıranlar Tərmenxan Babayev (85 kq) və Lalə Rzazadə (58 kq), atletlər Rüstəm Məmmədov (üçtəkanla uzununa tullanma) və Fəxriyyə Tağızadə (100 metr məsafəyə qaçış) təmsil edəcəklər.


Bu yazı

15994 dəfə oxunub

Tarix

2018-09-25 12:06:15

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev