Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüş olub




Oktyabrın 25-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən komandanın təbliğatı üçün «Zəfər günləri» adlı tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, MOK-un baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və atletlərimizin beynəlxalq arenada çıxışını yüksək qiymətləndirib.
Qeyd edib ki, medal qazana bilməyən digər idmançılarımız da əzmkarlıqla mübarizə apardılar.
«Biz bu gün növbəti «Zəfər günləri» tədbirinə toplaşmışıq. Yada salmaq istəyərdim ki, «Zəfər günləri» ilk dəfə 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarından başladı. Adətən biz burada toplaşaraq Oyunların qalib və mükafatçılarını təbrik edirdik. Rio Olimpiadasında və paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında da biz bu ənənəni davam etdirdik. Biz Buenos-Ayres-2018-dən sonra da «Zəfər günləri»ni davam etdirmək qərarına gəldik. Əvvəlki «Zəfər günləri»ndən fərqli olaraq budəfəki tədbirə biz təkcə qalib idmançıları deyil, Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançıları dəvət etmişik. Mən hesab edirəm ki, bu Oyunlarda iştirak edən bütün idmançılarımız qalibdirlər. Bu Oyunlara vəsiqə qazanmaq özü bir qalibiyyətdir. Biz təkcə fəxri kürsüdə yer alan idmançılarımızın deyil, həmçinin medal qazana bilməyən atletlərimizin də nə qədər səylə yarışdıqlarının şahidi olduq. Bizim stolüstü tennis komandamız qarışıq yarışlarda çox gözəl oyun nümayiş etdirdi. Mən həmin Oyunları izləyirdim. Təəssüf ki, onlar güclü rəqiblərlə mübarizədə məğlub olaraq yarımfinala çıxa bilmədilər. Bizim atletlərimiz də ən yaxşı nəticələrini bu oyunlarda göstərdilər. Bilirsiniz ki, Olimpiya Hərəkatının əsas prinsipi iştirakdır. İdmançılarımızın bu Oyunlarda iştirak etməsi bizim üçün çox böyük fəxrdir. Mən bir məsələni də qeyd etmək isətyirəm ki, komandamızın əldə etdiyi 7 medalın hamısı ayrı-ayrı idman növlərindəndir. Yəni bu təkcə 7 medal deyil, 7 idman növündə qazanılan medallardır. Bu özü Azərbaycan komandasının böyük uğurudur. Həqiqətən də biz son 20 ilə nəzər salsaq görərik ki, Azərbaycan idmanı nə qədər inkişaf edib, nə qədər irəli gedib.
Mən gimnastımızın qazandığı medalı xüsusilə qeyd etmək istəyirəm. Gimnastımız Yelizaveta Luzan qarışıq komandanın tərkibində qızıl medal qazandı. Bu da kifayət qədər böyük nəticədir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Azərbaycanda son illərdə idmanın inkişaf etməsində I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının böyük təsiri olmuşdu. Bildiyiniz kimi, hər iki Oyunlarda Təşkilat Komitəsinə rəhbərliyi məhz Mehriban xanım etmişdi. Mən bir daha bu qələbələr münasibəti ilə bütün idmansevərləri təbrik edirəm”, - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra Buenos-Ayres-2018-də iştirak edən idmançılarımıza Olimpiya diplomları təqdim olunub.
Komandamızın Olimpiadadakı çıxışından bəhs edən videoçarxın nümayişindən sonra Buenos-Ayres-2018-in fəxri kürsüsündə yer alan idmançılara Olimpiya diplomu və xüsusi mükafat verilib.
Qeyd edək ki, 17 idmançı ilə Buenos-Ayresə yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tərmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.





Bu yazı

20095 dəfə oxunub

Tarix

2018-10-25 14:34:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev