İlin ən yaxşı atletləri müəyyənləşib



Balkan Atletik Federasiyaları Assosiasiyası (ABAF) "İlin kişi atleti” mükafatını həmyerlimiz Ramil Quliyevə təqdim edib. Bununla bağlı Türkiyə Atletika Federasiyası məlumat yayıb.
Mükafat Türkiyə bayrağı altında çıxış edən Ramil Quliyevə Yunanıstanın paytaxtı Afinada ABAF sədri Dobromir Karamarinov və köməkçisi Fatih Çintimar tərəfindən təqdim olunub.
Bu il Almaniyanın paytaxtı Berlində keçirilən kişilər arasında 200 metr məsafəyə qaçışda Ramil Quliyev 19.76 saniyə ilə Türkiyə rekordunu yeniləməklə yanaşı, çempionluq rekordunu da qırmışdı.
Uzunluğa tullanma üzrə idmançı Katrin İbarquen 2018-ci ilin ən yaxşı qadın atleti seçilib. Mükafat Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) Monakoda keçirdiyi ənənəvi mərasimdə 34 yaşlı idmançıya təqdim olunub.

Cari ildə İbarquen "Brilyant liqasının” üç təkanla tullanma mərhələlərində dörd qələbə qazanıb, həmçinin bu liqanın üç təkanla tullanma və uzunluğa tullanma turnirlərində finalların qalibi olub.
Belçikalı Nafissat Tiam (hündürlüyə tullanma), Böyük Britaniya atleti, Avropa çempionu Dina Eşer-Smit (sprinter qaçışı), keniyalı dünya rekordçusu Beatris Çepkoeç (3000 metr məsafəyə maneələrlə qaçış) və Baham adalarının idmançısı Şona Miller-Uybo (200 və 400 metr məsafələrə qaçış) mükafata namizədlər arasında olublar.
"Yüksələn ulduz” nominasiyasında mükafatın sahibi isə 19 yaşlı amerikalı Sidni Maklaflin olub. O, 400 metr məsafəyə maneələrlə qaçış üzrə yeniyetmələr arasında dünya rekordunu təzələyib.


Bu yazı

26467 dəfə oxunub

Tarix

2018-12-11 12:47:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev