“Autizm xəstəlik deyil, sadəcə fərqlilikdir”


İdman və bədən tərbiyəsi həyatımızın ayrılmaz hissəsidir. Bu yolla biz sağlam orqanizmə yiyələnə bilirik. İdman həm fiziki, həm də mənəvi tərbiyənin onurğa sütunu hesab olunur. Müşahidələr göstərir ki, dünyaya gələn uşaqlarda bir sıra xəstəliklərin olması istisna deyil. Həmin xəstəliklərin sağalması üçün həkim nəzarəti vacibdir. Elə xəstəliklər də var ki, onların sağalması çətin və uzun sürür. Çıxış yolu yenə də idmandan və fiziki hazırlıqdan keçir.
Bu gün yaşadığımız dünyada autizm adlı bir xəstəlik də var. Elmi-texniki tərəqqi, səhiyyə və tibb nə qədər inkişaf etsə də, bu sahələr autizm qarşısında hələ ki, acizdir.
Məlumat üçün bildirək ki, autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürə bilən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beynin inkişafına mane olan bir xəstəlikdir. Autizm beyinin bir çox qisminə təsir edir. Lakin bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər, ümumiyyətlə, uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Hesablamalar göstərir ki, indi dünyada hər 68 uşaqdan biri autizmli doğulur. Autizmin dünyada nədən qaynaqlandığı bəlli olmadığı üçün bu gün onun tibb sahəsində heç bir müalicə üsulu yoxdur. Reabilitasiya yolu isə qismən də olsa idmandan keçir.
Bu gün ölkəmizdə autizmli uşaqların problemləri ilə bağlı bir sıra qurumlar fəaliyyət göstərir. Onların arasında fəaliyyətin daha genişləndirən təşkilatlardan biri Autizmlilərin İdman Klubu İctimai Birliyidir. Birliyin nəzdində bu xəstəlikdən əziyyət çəkən uşaqların sağlamlığı üçün hər şərait yaradılıb. Artıq neçə ildir ki, autizmlilərin idman klubunda bu sahədə yeni uğurların əldə olunmasına səy göstərilir. Kluba rəhbərlik edən Elnur Məmmədli ilə görüş zamanı bunun bir daha şahidi olduq. Elnur müəllim qurumun fəaliyyəti ilə bağlı bunları dedi: "Biz çalışırıq ki, autizmdən əziyyət çəkən uşaq və yeniyetmələrin reabilitasiyasına kömək olaq. Bildiyiniz kimi, autizmdən əziyyət çəkənlərə idmanla məşğul olmaq məsləhət görülür. Bu məqsədlə uşaq və yeniyetmələrə stolüstü tennis, üzgüçülük, atletika, velosiped idman növləri üzrə təlimlər keçirilir. Müntəzəm olaraq müxtəlif yarışlarda gücümüzü sınayırıq. Çalışırıq ki, onlar cəmiyyətdən təcrid olmasınlar. Hətta ölkə hüdudlarından kənarda da onların öz bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradırıq. Belə ki, ötən il bizim uşaqlar Türkiyədə keçirilən iki yarışda iştirak ediblər. Velosipedsürmə yarışlarında idmançılarımızdan biri birinci, digəri isə ikinci yerə layiq görülüb. Stolüstü tennis yarışında təmsilçimiz gümüş medala yiyələnib. Məqsədimiz 2019-cu ildə beynəlxalq yarışlarda daha uğurlu nəticələr qazanmaqdır”.
Söhbət zamanı öyrəndik ki, haqqında danışılan klub İctimai Birlik kimi digər qurumlarla sıx əlaqə quraraq öz fəaliyyət dairəsini genişləndirib. Klubda yaş həddi yoxdur. Məsələn, ən kiçik idmançının 5, ən böyünün isə 21 yaşı var. İctimai Birliyin nəzdində Azərbaycan xüsusi idmançılar idman klubu, Bakı Autizm Klubu, "Qəbələ”,”Neftçi” və "Xəzər” idman autizm klubu və digər klublar var.

Elnur Məmmədli onu da qeyd etdi ki, bu gün dünyada tanınan və nüfuz sahib olan insanlar arasında bir vaxtlar autizmdən əziyyət çəkənlər az deyil. "Onları hamı tanıyır. Frans Kafka, Lüdviq van Bethoven, Fridrix Nitşe, Albert Eynşteyn, Nikola Tesla, Tomas Edison, Volfqanq Amadey Motsart, İsaak Nyuton, Vinsent Van Qoq, Ceyn Austen, "Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts və başqaları. İdman sahəsində də bu cür xəstəliklə mübarizə apara bilən simalar yetərincədir. İnandırıcı olmasa da, üzgüçülük üzrə dəfələrlə Olimpiya çempionu Maykl Felps də kiçik yaşlarından autizm xəstəsi olub. Lakin göründüyü kimi, onlar bu xəstəliyə boyun əyməyərək özlərini təsdiq etməyə müvəffəq olublar. Təcrübələr də göstərir ki, autizmli insanlar digərlərinə nisbətən daha çox uğur qazanırlar. Bir daha demək istəyirəm ki, autizm xəstəlik deyil, sadəcə fərqlilikdir”, - deyə müsahibimiz bildirdi.
Qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə autizmli uşaqların sayı az deyil. Valideynlər övladlarının bu xəstəlikdən qurtulması üçün bütün imkanlarını səfərbər edirlər. Elnur Məmmədli bu məsələyə də aydınlıq gətirdi: "Autizm ciddi bir problemdir. Belə ki, müşahidələr göstərir ki, bir sıra ailələrdə autizmli övladlar var. Ancaq nədənsə valideynlər ya bunu gizlədir, ya da böyük məsrəf müqabilində xarici ölkələrə təlimlərə göndərirlər. Halbuki ölkəmizdə daha səmərəli formada təlim üçün şərait var. Bu xəstəliyi gizlətmək olmaz. Təlimlərə nə qədər tez başlasalar, reablitasiya da bir o qədər tez olar. Təbiidir ki, dünyada autizmdən tamamilə can qurtaran insan yoxdur. Lakin 70-90 faiz nəticə qazanmaq mümkündür. Bu cür uşaqlarla təcrübəli təlimçilər məşğul olmalıdır ki, nəticə əldə olunsun. Belə ki, bir uşaqla bəzən bir, bəzən isə iki təlimçi məşğul olur. Əfsuslar ki, bu gün respublikada bu sahə üzrə təlimçi hazırlayan təhsil müəssisəsi yoxdur. Ona görə də biz daha çox sosial elmlər və psixologiya fakültələrinin və AzDBTİA-nın məzunlarına üstünlük veririk. Lakin əksər ölkələrdə, məsələn Türkiyədə artıq bu ixtisas üzrə peşəkar mütəxəssislər hazırlanır. Biz hələ ki, onların təcrübəsindən yararlanmağa çalışırıq. İndiyə kimi respublikada bu sahə üzrə təxminən 70-ə yaxın mütəxəssis hazırlanıb. Həmin mütəxəsisslərin bir hissəsi bizimlə birlikdə işləyir”.
Qeyd etdiyimiz kimi autizmli uşaqların həyatında idman əsas rol oynayır. Autizmlilərin İdman Klubunun təşkilatçılığı ilə keçirilən idman tədbirləri və görüşlər məhz bu amala xidmət edir. Belə ki, yarandığı gündən etibarən klub autizmli uşaqların idman yarışlarında iştirakını təmin edib. 2017-ci ildə "Autizmli gənc və uşaqlar arasında ilk dəfə atletika yarışı üzrə turnir təşkil olunub. Yarışlar 4 yaş qrupu üzrə keçirilib. Turnirdə "Autizimlilərin idman klubu”, "Mədinə” Tibb Mərkəzi, KANNER Mərkəzi, Bakı Autizim İdman Klubunun və digər qurumların 40-dan çox təmsilçisi iştirak edib. Ötən il Dənizkənarı Milli Parkın Ağ şəhər ərazisində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə autizmli uşaq, yeniyetmə və gənclər arasında velosiped yarışı keçirilib. Autizmli uşaqlara dəstək veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbinin köməyi ilə təşkil edilib.
Qeyd etdiyimiz kimi, Autizmlilərin İdman Klubu İctimai Birliyi də öz işini digər qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində qurmağa çalışır.


Anar Əhmədov



Bu yazı

42587 dəfə oxunub

Tarix

2019-01-15 16:15:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev