“Gimnastika ölkəmizdə uğurla inkişaf etdirilir”



Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə ölkədə gimnastikanın inkişafı və kütləviliyi, paytaxtımızda keçirləcək beynəlxalq yarışlar və gələcək planlar barədə "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibə verib.

- Ölkəmizdə fəal idman federasiyalarından birində baş katib işləmək böyük məsuliyyət tələb edir. Necə düşünürsünüz?

- Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra ölkəmizdə gimnastikanın bütün növlərinin inkişaf dövrü başladı. 2014-cü ildə istifadəyə verilən unikal qurğu - Milli Gimnastika Arenası bu idman növünün inkişafında önəmli rol oynadı. Hazırda gimnastikanın Beynəlxalq Gimnastika Federasiyası (FİG) tərəfindən tanınmış 6 növü ölkəmizdə uğurla inkişaf etdirilir. Rəhbərliyin düzgün qərarları və siyasəti sayəsində AGF dörd il ardıcıl olaraq beynəlxalq reytinqdə 10 ən yaxşı federasiya sırasına daxil olub. Ötən il isə 2017-ci ilin yekunlarına əsasən 1-ci yerdə qərarlaşıb.
2007-ci ildən AGF-də baş katibin köməkçisi, 2009-cu ildən sonra isə baş katibin müavini kimi fəaliyyət göstərmişəm. 2017-ci ilin dekabr ayında federasiyamızın baş katibi vəzifəsində çalışmış Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına prezident seçilməsindən sonra Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin iclasında rəhbərlik tərəfindən mənə böyük etimad göstərilib və AGF-nin baş katibi vəzifəsinə seçilmişəm. Əlbəttə, çox məsuliyyətli işdir. Beynəlxalq yarışların təşkili ilə işlərimiz həddindən artıq çoxdur. Amma yorulmuruq. Mehriban, səmimi və işgüzar kollektivlə işləməkdən məmnunluq duyuruq.

- Batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya kuboku yarışları barədə fikirlərinizi bilmək istərdik.

- Dünya kuboku yarışlarına hazırlıqlar yüksək səviyyədə aparılırdı. Bir çox komandaların nümayəndə heyətləri yarışdan əvvəl Bakıya gəlmişdilər və təlim-məşq toplanışlarında birgə iştirak edirdilər. Bu da qonaqların onlar üçün yaradılmış şəraitdən razı qaldığını göstərir. 2017-ci ildə Azərbaycanda keçirilmiş batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda 15 ölkə iştirak edirdisə, bu il onların sayı 30-dur. Mötəbər yarışda bu qədər ölkənin iştirak etməsi ölkəmizin yüksək təşkilatçılıq səviyyəsi, bütün tələblərə cavab verən arenamız və eləcə də, yarışların Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə bağlıdır.
Adəti üzrə kubok yarışlarına FİG-dən bir texniki nümayəndə gəlir, amma bu yarış lisenziya xarakterli olduğu üçün bir texniki nümayəndə və beş nəfərdən ibarət ali hakimlər briqadası yarışları idarə edirdi. İştirakçılar arasında Olimpiya, dünya və Avropa çempionlarının olması yarışı daha maraqlı və gərgin etdi.

- Mixail Malkin yarışların gümüş medalına layiq görüldü. Halbuki idmançımız qızıl medal da qazana bilərdi...

- Bayaq dediyim kimi, bu yarışda dünyanın tanınmış gimnastları iştirak edirdilər və rəqabət çox güclü idi. Mixail Malkin təsnifat yarışlarında ikinci yerdən finala vəsiqə qazandı və finalda da bacardığını etdi.

- Bu il AGF xeyli sayda mötəbər yarışa ev sahibliyi edəcək. Qarşıda sizi daha hansı yarışlar gözləyir?

- Artıq neçə illərdir ki, ölkəmiz mötəbər beynəlxalq yarışların məkanına çevrilib. Ötən il olduğu kimi, bu il də bizi bir sıra yüksək səviyyəli yarışlar gözləyir. Bu yarışdan sonra daha iki Dünya kuboku yarışlarına ev sahibliyi edəcəyik. Mart ayında idman gimnastikası, aprel ayında isə bədii gimnastika üzrə FİG Dünya Kuboku yarışları keçiriləcək. Ardınca may ayında bədii gimnastika 35-ci, aerobika üzrə üzrə isə 11-ci Avropa çempionatı təşkil ediləcək. Sentyabr ayında bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edəcəyik. Bundan başqa, gimnastlarımız bu il Azərbaycanda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında da mübarizə aparacaqlar. Yarışlarda ancaq kişi və qadın gimnastlarımız qüvvələrini sınayacaqlar. Bu yarışların əksəriyyətinin olimpiadaya lisenziya xarakteri daşıması məsuliyyətimizi artırır.

- Gimnastikadan başqa daha hansı idman növləri ilə maraqlanırsınız?

- Uşaqlıqda bədii gimnastikanı çox sevmişəm və tale elə gətirib ki, bu sahədə çalışıram. Ümumilikdə, idmanla maraqlanıram və hansı yeniliklərin baş verdiyini izləyirəm.

- Gimnastikada mübahisəli məsələlər olanda necə həll olunur?

- Gimnastikada beynəlxalq yarışlar zamanı video-nəzarət tətbiq olunur və FIG-dən texniki nümayəndə iştirak edir. Mübahisəli məsələ olanda narazı tərəf, yəni məşqçi çətinlik xalına görə əvvəlcə şikayətini şifahi, sonra isə növbəti bir neçə dəqiqə ərzində yazılı, protokol şəraitində hakimlər briqadasına təhvil verir. Bundan sonra hakimlər briqadası texniki nümayəndənin iştirakı ilə video-nəzarətə baxdıqdan sonra məsələni həll edir.
Söhbətimizin sonunda yarandığı ilk gündən etibarən hər zaman Azərbaycan Gimnastika Federasiyasının yanında olan və tədbirlərimizi obyektiv işıqlandıran "Olimpiya dünyası” qəzetinin kollektivinə minnətdarlığımızı bildiririk.



Bu yazı

19925 dəfə oxunub

Tarix

2019-02-19 12:24:33

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev