Rəqəmsal media və kommunikasiya mövzusunda seminar



Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə Bakıda rəqəmsal media və kommunikasiya mövzusunda seminara start verilib.
MOK-dan «Olimpiya dünyası» qəzetinə bildiriblər ki, seminarın məqsədi sosial media platformaları vasitəsilə Milli Olimpiya komitələrinin həyata keçirdiyi fəaliyyətləri və tədbirləri təbliğ etməyin yollarını öyrənmək, hazırkı trendlərin istifadəsi, hər bir platformaya uyğun strategiyanın hazırlanmasında innovativ üsulların tətbiq edilməsidir.
Seminar çərçivəsində müxtəlif hadisələrə əsasən kommunikasiyanın aparılması metodları və böhran kommunikasiyasının idarə olunması metodları müzakirə olunacaq. Əlavə olaraq, video və foto materialların düzgün hazırlanması və auditoriyaya təqdim olunması üsullarının izahı da təlim proqramına daxildir.
Tədbiri giriş sözü ilə açan MOK-un marketinq direktoru Mehman Kərimov regional seminarın mövzusu və tarixçəsi haqda iştirakçılara məlumat verib. Çıxışının sonunda belə bir imkanın yaradılmasına görə, Olimpiya Həmrəyliyi Fonduna təşəkkürünü bildirən M.Kərimov seminarın Milli Olimpiya komitələri arasinda sosial media və digər sahələrdə əməkdaşlığının güclənməsinə təkan verəcəyinə ümidvar olduğunu söyləyib.
Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Moldova, Ukrayna, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Serbiya və Belarus Milli Olimpiya komitələrinin media və kommunikasiya mütəxəssislərinin qatıldığı seminar 3 gün davam edəcək. İnteraktiv seminar ilə yanaşı, iştirakçılar Bakı Media Mərkəzində olacaqlar.
Proqramın mühazirəçisi beynəlxalq media eksperti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılan regionun ilk "İdman jurnalistikası” magistr proqramının direktoru Den Meysondur.




Bu yazı

11132 dəfə oxunub

Tarix

2019-02-22 14:17:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev