“Yarış çoxları üçün sınaq xarakterlidir”



Martın 2-3-də Polşanın paytaxtı Varşava şəhərində cüdo üzrə Avropa turniri keçiriləcək. 35 ölkədən 291 cüdoçunun mübarizə aparacağı yarışda ölkəmizi müxtəlif çəki dərəcələrində 19 idmançı təmsil edəcək. Balabəy Ağayev, Davud Məmmədsoy, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı 60 kq), İbrahim Əliyev, İlkin Babazadə, Mehman Sadıqov, Nurlan Osmanov (hamısı 66 kq), Kərim Allahverdiyev, Kənan Quluzadə (hər ikisi 73 kq), Afiq Səfərli, Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hamısı 81 kq), Qurban Qurbanov (90 kq), Kərim Abdullaxanlı (100 kq), Rüstəm Kotsoyev, Şahin Qəhrəmanov, Ayxan Cəfərov (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Yarışa hazırlıq və bizi maraqlandıran bir neçə sualla bağlı milli komandanın köməkçi-məşqçisi Mehman Əzizovun fikirlərini öyrəndik.

- Mehman müəllim, yarışa hazırlıq barəsində nə deyərdiniz?
- Hazırlıqları normal saymaq olar. Baş məşqçi Ruslan Maşurenko və mənim rəhbərliyimlə idmançıların hazırlığı yüksək səviyyədə davam edib. Ancaq hazırlıq hər şey demək deyil. Təkcə məşqlərə əsasən nəticə barədə fikir demək çətindir.

- Varşava sınağında idmançıların hər biri mükafat uğrunda yarışacaq. Daha çox hansı çəki dərəcəsində medala ümid bəsləyirsiniz?
- Məsələn, 60 kq çəki dərəcəsində çıxış edən Oruc Vəlizadə ən perspektivli idmançılardan biridir. İnanıram ki, o, mükafatçılar sırasında yer alacaq. Bundan başqa Nurlan Osmanov da bacarıqlı, öz texnikası ilə fərqlənən cüdoçulardandır. Amma gəncdir, ola bilsin ki, təcrübəsi kifayət qədər deyil. Nurlan Osmanova da ümidlərimiz böyükdür. 66 kq çəki dərəcəsində güləşən idmançımız bu yarışda fərqlənə bilməsə də, onun gələcəyi parlaqdır. Kənan Quluzadə, Mehman Sadıqov, Şahin Qəhrəmanov da fəxri kürsüdə yer tutmaq əzmindədir.

- Yarışda Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu Naim Hüseynov da gücünü sınayacaq. Onunla bağlı nə deyə bilərsiniz?
- Naim də potensiallı idmançıdır. Ancaq dəqiq deyə bilmərəm ki, nəticə qazana biləcək, ya yox. Belə düşünürəm ki, yarış çoxları üçün sınaq xarakterlidir. Naim Hüseynovu da sınayacağıq. Bir sözlə, Avropa turnirindən sonra məlum olacaq ki, kim hansı bacarığa, təcrübəyə sahibdir.

Kənan Vüqaroğlu


Bu yazı

11385 dəfə oxunub

Tarix

2019-02-22 15:47:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev