Milli Qurtuluş Gününə həsr olunmuş velotur keçirilib



İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilib. Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən velosiped parkında təşkil olunan yarışda 500 nəfərdən çox velosipedçi qüvvəsini sınayıb.

Əvvəlcə 7-12 yaş arasında uşaqların fərdi yarışı keçirilib. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşündə iştirak edib. Daha sonra həvəskar velosipedçilər arasında fərdi ötüşlə bayk (mountain bike) və şose yarışması da təşkil olunub. Yarışda 15 yaşlı uşaqlar (U15), gənclər (U17) və elit qruplar (U23) da mübarizə aparıblar. U15 qrupuna daxil olan idmançılar 5.5 km, gənclər qrupu 15.5 km, elit qrup isə 29.6 km məsafə qət ediblər. Fərqlənənlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Xatırladırıq ki, yeni yaradılmış Velopark ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış yaşıllıq ərazidə yaradılıb. Parkın ərazisində ciddi yenidənqurma işləri aparılaraq 20 minə yaxın eldar şamı, sərv, müxtəlif bəzək ağacları və kollar əkilib. Parkda köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanmış, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün xüsusi yollar çəkilmişdir.

Velopark peşəkar velosiped yarışlarının, təlim-məşq toplantılarının keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi istirahətlə məşğul olması üçün hər cür şəraitə malikdir.
Parkın salınması ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və populyarlaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin tərkib hissəsi olmaqla, eyni zamanda, paytaxtın əsas girişlərindən biri olan Salyan şosesinin ətrafına təmamilə yeni bir görkəm verir.

Velosiped idmanının ölkəmizin peşəkar idman növləri arasında yer almasının daha bir göstəricisi bu yaxınlarda Azərbaycanın ilk peşəkar velosiped komandasının - "Synergy Baku Cycling Project” - yaradılması olub. Komandanın yaradılmasında məqsəd ölkəmizin ilk peşəkar klubunu formalaşdırmaqla beynəlxalq yarşlarda iştirak etmək, bununla da ölkəmizdə velosiped idman növünə marağın artırılmasına nail olmaqdır. Komandamız artıq bir çox beynəlxalq yarışlarda uğurlu nəticələr də göstərib.

Esmira Orucova




Bu yazı

8789 dəfə oxunub

Tarix

2013-06-15 13:05:28

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev