“Futbol Oscarı” alan yeganə azərbaycanlı: Rasim Mövsümov



Xəbər verdiyimiz kimi, AFFA-nın əməkdaşı Rasim Mövsümov Türkiyədə mükafata layiq görülüb. "Futbol Oscarı” alan yeganə azərbaycanlı, tanınmış idman yazarı ilə görüşdük. O, "Olimpiya dünyası” qəzetinin suallarını cavablandırdı.

- Rasim müəllim, Türkiyədə "Futbol Oscarı”na layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. İstərdik ki, bu mükafat barədə ətraflı məlumat verəsiniz.
- Təbrikə görə təşəkkür edirəm. "Futbol Oscarı” mükafatı "Futbol Plus” jurnalı tərəfindən 1999-cu ildə təsis edilib və hər mövsümün sonunda Türkiyə futbolunda uğurlara imza atan şəxslərə verilir. İstanbulda "Fonex” kosmetika şirkətinin sponsorluğu ilə keçirilən budəfəki mükafatlandırma mərasimi sayca 14-cü idi. Qala-gecə, ənənəyə uyğun olaraq, "Qalatasaray”ın keçmiş prezidenti Adnan Polata məxsus 5 ulduzlu "Polat Renaissance Hotel”in "Champions” zalında keçirildi. İstanbulun Bakırköy ilçəsinə aid Yeşilyurt məhəlləsində yerləşən bu hotel Atatürk aeroportundan cəmi 4 km məsafədə, Mərmərə dənizinin sahilindədir.
Mən "Yılın Yabancı Spor Yazarı”, yəni "İlin ən yaxşı əcnəbi idman yazarı” nominasiyasında qalib oldum. Mükafatımı almaq üçün Türkiyəyə AFFA rəhbərliyinin dəstəyi ilə getmişdim.

- Mükafatlandırma mərasimində maraqlı hadisələr oldu?
- Qala-gecəyə futbol, siyasət, sənət, media dünyasının nümayəndələri dəvət olunmuşdular. Türkiyədə sənət adamlarının da futbolla yaxından maraqlandığı, ən azı, hansısa bir komandaya azarkeşlik etdikləri yaxşı məlumdur. Buna görə, onları da futbol tədbirlərinə dəvət edirlər. Qala-gecəyə tanınmış müğənni Gökhan Tepe təşrif buyurmuşdu. "Yürü yüreğim”, "Vur”, "Tanrım dert vermesin” kimi sevilən mahnıların ifaçısı. Yeri gəlmişkən, bu il "Türkiye Müzik Ödülleri”ndə ən yaxşı mahnı seçilən Demet Akalının "Türkan” mahnısının musiqisi də məhz Gökhan Tepeyə məxsusdur. Demet xanım da tədbirə dəvət almışdı, amma özünü pis hiss etdiyindən gələ bilməmişdi.
Gökhan Tepe isə həm mahnı oxudu, həm də xüsusi mükafat aldı. "Beşiktaş”a azarkeşlik etdiyini xatırlatması ora toplaşan "Qara qartal”ın tərəfdarlarının alqışlarına səbəb oldu. Sevimli komandasının bu mövsümdəki nəticəsini dəyərləndirən müğənni "Beşiktaş”ın gözləniləndən daha yaxşı çıxış etdiyini bildirdi.

- "Ən yaxşı məşqçi” seçilən Yılmaz Vuralın olduğu yerdə gülüş həmişə var. Elə deyilmi?
- Düzdür. Məsələn, aparıcının bir sualı zamanı mikrafon ona verilərkən Yılmaz Vural: "Mən illərdir danışıram”, - deyib bu suala daha gənc həmkarının cavab verməsini istədi. Onun bu sözləri qala-gecəyə toplaşanların gülüşünə səbəb oldu.
Yılmaz Vural karyerası boyunca "Qalatasaray”, "Fənərbağça” və "Beşiktaş” kimi aparıcı klubları çalışdırmasa da ("dörd böyüklər”dən yalnız 1997-ci ildə "Trabzonspor”da işləyib), türk azarkeşlərin sevimlisidir. Bu da onun səmimi və müsbət ruhlu bir insan olmasından irəli gəlir. O, məşqçi kimi də bacarıqlıdır. Superliqada bir komanda çempionatın gedişində dara düşən kimi, dərhal yada Yılmaz Vural düşür. Xatırladım ki, 60 yaşlı mütəxəssis 2012/13 mövsümündə "Elazığspor”un "xilaskar”ı oldu.

- İndi bir azırbaycanlı da inamla deyə bilər: "Futbol Oscarı” mənimdir!”
- Qala-gecənin aparıcısı "Kanal D”nin idman şərhçisi və redaktoru Emre Tilev idi. Türkiyə kanallarında oyunları izləyənlərə onun səsi yaxşı tanışdır. "Messi-Messi-Messi, bu adamı anlatmak işin keyfi...”, "Top direkden döner ve sorarız... Kim koydu "o” direği...” kimi məşhur ifadələr də ona məxsusdur.
Nəhayət, Emre Tilev mənim də adımı şəkdi: "Yılın Yabancı Spor Yazarı: Rasim Mövsümov”. Azərbaycandan kənarda bu sözləri eşitmək çox xoş idi. Mükafat insanın işinə, bacarığına verilən qiymətdir. Xüsusilə xarici ölkədə mükafata layiq görülmək ikiqat sevinclidir.
Mükafatlandırma mərasimində iştirak edən yeganə azərbaycanlı mən idim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Türkiyənin "Futbol Oscarı”nı qazanan ilk azərbaycanlı da mənəm. Əlbəttə, bunlar qürurverici məqamlardır.
Mükafatı türklərin işimə verdiyi qiymətin gözəl təzahürü hesab edirəm. 2010-cu ildən bəri "Futbol Extra”, "Trabzonspor” və "Futbol Plus” jurnallarında çıxan yazılarımla Türkiyədə özümü tanıda bilmişəm.
Bundan başqa, layiq görüldüyüm "Futbol Oscarı”nın "Bir qolun tarixçəsi” adlı yeni kitabımın nəşrindən az sonraya təsadüf etməsi də mənim üçün xoş sürpriz oldu.

- Həqiqətən, bu il nəşr olunan "Bir qolun tarixçəsi” kitabı böyük maraqla qarşılandı...
- Xatırladım ki, bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə keçirilən dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir. "Bir qolun tarixçəsi” mənim Azərbaycan futboluna, əfsanəvi Banişevskinin xatirəsinə bir töhfəmdir.
Kitabla bağlı aldığım rəylər, fikirlər ancaq müsbət yöndədir və təbii ki, bu, məni sevindirir. Oxucular əsərin yorucu olmadığı, birnəfəsə oxunduğu, maraqlı faktlarla zəngin olduğunu və orada mövzu ilə bağlı bütün mümkün məlumatların toplandığını bildirirlər. "Bir qolun tarixçəsi” araşdırma bir kitab olduğundan, düşünürəm ki, idman azarkeşi olmayan şəxslər üçün də maraq kəsb edə bilər.
AFFA rəhbərliyinin dəstəyi ilə "Bir qolun tarixçəsi”ni ingilis və rus dillərinə tərcümə etmək niyyətindəyik. Bu mövzunu, necə deyərlər, beynəlxalq arenaya çıxarmaq, FİFA və UEFA-nın, əcnəbi statistiklərin, jurnalistlərin, ümumiyyətlə, futbolsevərlərin də diqqətinə çatdırmaq istəyirik.

- Yeni kitablar üzərində çalışırsınızmı?
- Bəli, bu sahədə fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Düşünürəm ki, maraqla qarşılanan "Bir qolun tarixçəsi”ndən sonra dayanmaq düzgün olmazdı. Yeni kitablar mütləq yazılmalıdır. Maraqlı mövzular, maraqlı faktlar, maraqlı fikirlərim var və onları oxucuların diqqətinə çatdırmaq istəyirəm. Amma bu barədə indidən açıqlama vermək istəmirəm. Hesab edirəm ki, diqqətləri çəkəcək yeni əsərlər işləyib ərsə gətirə biləcəyəm.

- Sizi futbol statistiki kimi də tanıyırıq...
- Araşdırma yazılar yazdığımdan rəqəmlərlə, faktlarla işləməyi xoşlayıram. Hər il Azərbaycan futbolunda mövsümün yekunlarının statistikasını hazırlayıram. Məsələn, Premyer Liqada kim neçə oyun keçirib və neçə qol vurub və s. Təəssüf ki, Azərbaycandakı bəzi media orqanlarında, həmçinin soccerway.com kimi məşhur saytda bu statistika səhvlərlə verilmişdi. Mənim statistikam isə, 2007-ci ildən bəri məşhur "The European Football Yearbook” illik kitabında dərc olunur.

- "FİFA Ballon d’Or”, "UEFA Best Player in Europe” və "Golden Foot” kimi mükafatların jüri üzvü olduğunuzu da bilirik. Tezliklə Avropanın ən yaxşısı futbolçusunu seçəcəksiniz. Bu, nə vaxt olacaq?
- UEFA və ESM (European Sport Media - Avropa İdman Mediası) Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək məqsədilə 3-cü dəfə sorğu keçirəcək. 2012/13 mövsümünün "UEFA Best Player in Europe” mükafatı sahibinin seçimi avqustun 29-da Çempionlar Liqası qrup mərhələsinin püşkatması zamanı keçiriləcək. Bu tədbirə yenə də Monako nv sahibliyi edəcək.
Sözügedən mükafatın münsiflər heyəti UEFA-nın üzvü olan ölkələrin 53 tanınmış jurnalistindən ibarətdir ki, onlardan biri də mənəm. Artıq 3-cü dəfə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirilən sorğuda Azərbaycanı təmsil edirəm.

- "UEFA Best Player in Europe” sorğusunun bu dəfə 3 mərhələdən ibarət olacağını açıqlamışdınız...
- Bəli, əvvəlki iki illə müqayisədə, bu dəfə təşkilatçılar qaydalarda bir sıra yeniliklər tətbiq ediblər. Sorğu iyunun 20-də start götürəcək və üç mərhələdən ibarət olacaq. İlkin mərhələdə biz münsiflər ən yaxşı saydığımız 5 oyunçuya səs verəcəyik. Nəticədə, ən çox xal toplamış 10 futbolçu ikinci mərhələyə vəsiqə qazanacaq. Bu, sorğunun formatında yenilikdir.
Səsvermənin ikinci mərhələsində isə biz 10 nəfərlik siyahıdan ən yaxşı saydığımız üç oyunçuya səs verəcəyik. Yekunda ən çox xal toplayan 3 futbolçu final mərhələsinə vəsiqə qazanacaq.
Münsiflər, ənənəyə uyğun olaraq, UEFA tərəfindən Monakoya- sorğunun final mərhələsinə və mükafatlandırma mərasiminə dəvət olunacaqlar. Burada isə qalib, əvvəlki illərdəki kimi, birbaşa elektron səsvermə yolu ilə seçiləcək.
Monakoda qalib futbolçu ilə video-konfransın, avqustun 30-da isə UEFA prezidenti Mişel Platininin brifinqinin keçirilməsi də nəzərdə tutulub. Qeyd edim ki, video-konfrans və brifinq ilk dəfə həyata keçiriləcək.

- 2012/13-cü illər futbol mövsümünün yekunları göstərdi ki, jüri üzvlərinin işi asan olmayacaq. Deyə bilərsinizmi, sizin favoritiniz kim və ya kimlərdir?
- Düzdür, seçim etmək çətin olacaq. Çünki bu dəfə aşkar favorit yoxdur. Son illər dünyanın ən yaxşı futbolçusu sayılan argentinalı Lionel Messi "Barselona” ilə İspaniya çempionu və La Liqanın bombardiri, portuqaliyalı Kriştianu Ronaldo isə "Real”ın heyətində Çempionlar Liqasının bombardiri oldu. Amma onların komandaları Avropanın əsas klub turnirində finala belə çıxmadılar ki, bu da önəmli amildir.
Çempionlar Liqasının qalibi olan "Bavariya”nın fransalı futbolçusu Frank Riberi bugünlərdə azarkeşlər tərəfindən Almaniya çempionatının ən yaxşı futbolçusu seçildi. Bu komandada həmçinin alman Tomas Müller və hollandiyalı Aryen Robbeni fərqləndirmək olar.
Çempionlar Liqasının finalçısı və sürpriz komandası Dortmund "Borussiya”sından polşalı Robert Levandovski bir oyunda "Real”ın qapısına 4 top vurması ilə diqqətləri özünə cəlb etdi. "Tottenhem”dən uelsli Qaret Beyl İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçildi. Mesut Özil və İlkay Gündoğan, Zlatan İbrahimoviç və Radamel Falkao kimi futbolçuları da unutmaq olmaz.
Bundan başqa, uğurlu mövsüm keçirən ispaniyalı, italiyalı, braziliyalı və uruqvaylı futbolçulardan kimsə 15-30 iyun tarixlərində Braziliyada təşkil olunacaq Konfederasiyalar kuboku-2013-də fərqlənə bilər. Qeyd etdiyim bu amillər dünyanın ən yaxşı futbolçusunun seçimlərində çətinlik yaradacaq.


Bu yazı

29707 dəfə oxunub

Tarix

2013-06-20 16:48:40

Yazını

Çap et

Yazını

Paylaş