“İdmançılar qələbə ruhunda tərbiyə olunmalıdır”

Yeniyetmə və gənclərin sağlam, vətənpərvər ruhda böyümələrində idman əvəzsiz rola malikdir. İdmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi nailiyyətlər digərləri üçün də əlavə stimul yaradır. Əgər indiki nəsil Olimpiya, dünya, Avropa çempionlarımızı, mükafatçılarımızı özlərinə kumir seçib idmana gəliblərsə, bugünkü idmançılar da gələcək nəsil üçün nümunə olurlar. Gənc taekvondoçularımız Cavad Ağayev və Minayə Əkbərova da belələrindəndirlər. Onların hər ikisi ötən il Argentinada keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak ediblər. Cavadın bu mötəbər idman yarışında bürünc medal qazanması onu deməyə əsas verir ki, taekvondo ölkəmizdə yüksək inkişaf mərhələsindədir.
Bu yaxınlarda gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Məmməd Abdullayev və gənc idmançılarımız redaksiyamızın qonağı oldular. Dəyirmi masanın budəfəki iştirakçıları idmandakı uğurlarından danışdılar. Onlarla birlikdə baş məşqçi Məmməd Abdullayev də bizi maraqlandıran suallara aydınlıq gətirdi.

- Hazırda yığma komandada vəziyyət necədir?

- Məmməd Abdullayev: Komandamızda hər şey yaxşıdır. Məşqlərimiz davam edir. Yığma komandamızın tərkibi artıq müəyyənləşdirməkdir və yeni heyət formalaşır. Hələ ki, heç kim milli komandadan kənarda qalmayıb.

- Qarşıda milli komandamızı hansı yarışlar gözləyir?

- Məmməd Abdullayev: Biz hər il fevral ayında ənənəvi olaraq beynəlxalq turnirlərdə iştirak edirik. Lakin bu il belə qərara gəldik ki, gənclər may ayına qədər heç bir yarışda iştirak etməsinlər. 2020-ci ildə Tokio Olimpiadasına hazırlıq məqsədilə əsas diqqətimizi hələ ki, böyüklərə yönəltmişik. Sentyabr ayında təşkil ediləcək dünya çempionatında mükafat qazanan idmançılar Olimpiadaya lisenziya xalı əldə edəcəklər. Çalışmaq lazımdır ki, taekvondoçularımız təkcə fiziki və taktiki-texniki cəhətdən yox, həm də psixoloji cəhətdən bu çətin sınağa hazır olsunlar.

- Psixoloji hazırlıqdan söz düşmüşkən, sizcə, bu amil qələbəyə gedən yolda nə qədər əhəmiyyətlidir?

- Məmməd Abdullayev: Deyərdim ki, psixoloji hazırlıq ümumi hazırlığın 40 faizini təşkil edir. Ola bilsin ki, idmançı fiziki, texniki-taktiki cəhətdən yarışa tam hazırdır, lakin əgər özünə inanmırsa, ən yaxşı halda bir neçə görüşdə qalib gələ bilər. Bu baxımdan "inam qələbənin yarısıdır” fikiri heç də təsadüfi deyil. Minayənin psixoloji hazırlığında müəyyən qədər çatışmazlıq var, lakin Cavad bu cəhətdən müsbət mənada fərqlənən idmançılarımızdandır. Məhz özünəinamı sayəsində o, çətin döyüşlərdən qalib ayrıla bilər.

"Əgər özümə
inanmasaydım,
bunu bacarmazdım”

- Cavad Ağayev: Məmməd müəllimin də dediyi kimi, psixoloji hazırlıq olduqca mühümdür. İdmançı həm özünə, həm də müəlliminə inanmalıdır. Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çox çətin qrupa düşmüşdüm, rəqiblərim olduqca güclü idilər. Buna baxmayaraq, sona kimi əzmkarlıqla mübarizə apardım və vətənə bürünc medalla qayıtdım. Əgər özümə inanmasaydım, bunu bacarmazdım.

- Yeniyetmələrin III Olimpiya Oyunlarından danışdınız, maraqlıdır ki, Argentinada olduğunuz müddət ərzində hansı xalqların mədəniyyəti sizi daha çox cəlb etdi?

- Cavad Ağayev: Buenos-Ayres-də bir sıra mədəni proqramlarda və tədbirlərdə iştirak etdik. Bu yarışda müxtəlif mədəniyyətlərlə tanış olduq. Xüsusilə argentinalıların adət-ənənələri məni özünə cəlb etdi. Ümumiyyətlə, dünyagörüşünün artırılması, yeni insanlar tanımaq və dostlar qazanmaq baxımından bu kimi yarışların böyük əhəmiyyəti var.

- Minayə Əkbərova: Daha çox türkdilli xalqları təmsil edən idmançılarla, o cümlədən qazaxlarla ünsiyyətdə olurdum. Əlbəttə ki, bu, dilimizin, dinimizin, mədəniyyətimizin ortaq olması ilə bağlıdır. Həmin vaxt bütün idmançılara kartlar verilmişdi. Biz həmin kartları yaxınlaşdıraraq bir-birimizin şəxsi məlumatlarını öyrənə bilirdik. Bu, bir idmançının digərini tanıması baxımından olduqca maraqlı və əhəmiyyətli vasitə idi.

- Məmməd müəllim, həm Cavad, həm də Minayə kifayət qədər təcrübəli idmançılardırlar. Yetirmələrinizdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər nələrdir?

- Məmməd Abdullayev: Ümumilikdə hər iki idmançıdan razıyam. İkisinin də nizam-intizamı yüksək səviyyədədir. Lakin Cavad psixoloji cəhətdən daha hazırlıqlıdır, yarışlarda özünü sərbəst, soyuqqanlı aparmağı bacarır. Minayə isə bəzən özünü itirir. Elə bu nüans da ona çox mane olur. Çalışırıq ki, tədricən bu xüsusiyyəti aradan qaldıraq.

"Bu, sevgidən
xəbər verir”
- Tez-tez idman yarışlarında görürük ki, uduzan tərəf hirsli olur və soyuqqanlılığını saxlaya bilmir. Bəs, əsəb idmançıya qələbə gətirə bilərmi?

- Cavad Ağayev:  Belə bir misal var ki, hirsli başda ağıl olmaz. İnam və hirs ayrı-ayrı amillərdir. İdmançı, əlbəttə, özünə inanmalıdır, lakin həm də təmkinini saxlamağı bacarmalıdır. Belə düşünürəm ki, soyuqqanlı olmayan idmançının qələbə qazanması çox çətindir. Bu, təkcə taekvondoda yox, bütün idman növlərində belədir.

- Minayə Əkbərova: Məncə, az da olsa daxildə hirs olmalıdır. İdmançı başa düşməlidir ki, o, nəyin bahasına olursa olsun, qələbə qazanmalıdır. Fikrimcə, bu hiss həmişə idmançıya kömək olur. Əks təqdirdə uduzan idmançı üçün yenidən qələbə qazanmaq və revanş almaq maraqsız olar.

- Sizcə, normal məşqçi-idmançı münasibətləri necə olmalıdır?

- Məmməd Abdullayev:  İdmançı və məşqçi hər şeydən əvvəl bir-birlərinə inanmalıdırlar. Hər şey inamdan sonra gəlir. Məşqçi və idmançı bir-birlərini başa düşməli, kömək olmalıdırlar. Bəzən yetirmələrimə əsəbləşdiyim hallarda olub. Ancaq bu, sevgidən xəbər verir. Deməli, onları özümə övlad kimi görürəm ki, nöqsanlarına iradımı bildirməli oluram. Sağ olsunlar, idmançılarım da həmişə tövsiyələrimə əməl edirlər.

- Maraqlıdır ki, sizin məhz taekvondo idman növünü seçməkdə məqsədiniz nə olub (idmançılara müraciətlə)?

- Cavad Ağayev:  Əvvəl qaydasız döyüşlə məşğul olmuşam. Lakin sonradan müəllimim fiziki göstəricilərimi nəzərə alaraq dedi ki, taekvondo mənə daha uyğun idman növüdür. Beləliklə, taekvondo ilə məşğul olmağa başladım. Buna görə çox sevinirəm. Bəlkə də, başqa idman növündə peşəkar karyeramı davam etdirsə idim, indi qazandığım nailiyyətləri qazana bilməzdim.

- Minayə Əkbərova: Qeyd edim ki, atam Tapdıq Əkbərov da taekvondo məşqçidir. Ailəm, əvvəlcə, qardaşımı bu bölməyə yazdırdı. Lakin qardaşım, məşqlərə həvəssiz getdiyinə görə mən də ona qoşuldum. Əslində belə düşünmüşdük ki, qardaşım zala, müəllimə öyrəşəndən sonra mən məşqlərdən ayrılım. Lakin iş elə gətirdi ki, böyük idmana gələsi oldum.”

- Məmməd müəllim, necə düşünürsünüz, taekvondonu digər idman növlərindən fərqləndirən cəhətlər nədir?

- Məmməd Abdullayev: Təbii ki, fərq ilk növbədə qaydalar və geyimlə bağlıdır. Taekvondo yeganə döyüş idman növüdür ki, fəallıq 95 faiz ayaqlarda olmalıdır, yəni əllərdən çox az istifadə olunur. Nizam-intizam məsələsi də bütün idman növləri kimi, taekvondoda da vacibdir. Mən həmişə tələbələrimə deyirəm ki, dayanq qısqancdır. Əgər sən onu aldatsan, idmançıya zidd hərəkətlər etsən, o da sənin uğur qazanmağına mane olacaq.

"Çalışıram ki, heç vaxt
onları tək qoymayım”
- Aydındır ki, həmişə qələbə qazanmaq mümkün olmur. İdmançı məğlubiyyətdən sonra nə etməlidir ki, depressiyaya düşməsin?

- Məmməd Abdullayev: Qələbə də, məğlubiyyət də bir az şansla bağlıdır. Yəni uduzduğuna görə idmançını qınamaq olmaz. Əsas odur ki, özündən zəif rəqibə uduzmayasan. Bir də lovğalıq səbəbindən uduzmağı bağışlamıram. Bu, idmançının özü-özünə xəyanət etməsi deməkdir. Yarış ərəfəsində həmişə yetirmələrimə psixoloji dəstək olur, onlara inandığımı xatırladıram. Gərək idmançı da özü-özünə inansın. Mən həmişə məğlub olan idmançıya qalib gələndən daha çox dəstək oluram. Çünki onun daha çox qayğıya ehtiyacı olur. Ümumiyyətlə nə olur olsun, idmançı həmişə istəyir ki, müəllimi onun yanında olsun. Çalışıram ki, heç vaxt onları tək qoymayım.

- Cavad Ağayev: Qəribə görünsə də məğlubiyyətdən sonra ağlayıram (gülür). Sanki bununla rahatlıq tapıram.

- Minayə Əkbərova: Uduzandan sonra depressiyaya düşməmək çox vacibdir. Əgər bunu bacarmasaq, məşqlər keyfiyyətsiz olacaq və nəticədə vaxt itirəcəyik. Bu səbəbdən çalışırıq ki, məğlubiyyəti düşünməyək, sadəcə ondan dərs çıxaraq.

- Məmməd müəllim, idmançılarınızın hansındasa öz döyüş üslubunuzu görürsünüzmü?

- Məmməd Abdullayev: Digər idman növlərinə nisbətən, taekvondo ölkəmizdə hələ gəncdir. Buna baxmayaraq, ilk vaxtlarla bu gün arasında xeyli fərq var, qaydalar çox dəyişib. Ona görə də bizim dövrdəki taekvondo üslubunu indiki gənclərə aşılaya bilmərik. Hətta məsələ o qədər ciddidir ki, bəzən məşqçilər də yeni qaydalara öyrəşməkdə çətinlik çəkirlər. Çalışırıq ki, bütün yetirmələrimizi cəsarətli, əzmkar ruhda tərbiyə edək.

- Ümumiyyyətlə məşqçi-müəllimlik necə peşədir?

- Məmməd Abdullayev: Olduqca çətin, məsuliyyətli və şərəflidir. Hər insan məşqçi-müəllim ola bilməz. Biri var ixtisasını dərindən bilmək, biri də var bildiyini yetirmələrinə çatdırmaq. Məşqçi-müəllim bildiyini yetirmələrinə çatdırmağı bacarmalıdır. Məşqçi həm də səxavətli olmalıdır. İdmançı qalib olanda məşqçi-müəllim az yada düşür, uduzanda isə hamı günahı müəllimdə axtarır.

- Bəs siz nə vaxtsa məşqçi-müəllim kimi çalışmaq istəyirsiniz (idmançılara müraciətlə)?

- Cavad Ağayev: Bu barədə düşünməmişəm. Bəlkə də, nə vaxtsa oldu.

- Minayə Əkbərova: Əlbəttə, əgər bacarsam, çox xoş olar.

- Bəs idmanla təhsilin vəhdəti barədə nə düşünürsünüz?

- Məmməd Abdullayev: İdmançı mütləq savadlı olmalıdır. Nəzərə almaq lazımdır ki, millət onunla fəxr edir, onu nümunə kimi göstərir. Gərək idmançı da həmişə ona inanaların etimadını doğrultsun. İdmançılar qələbə ruhunda tərbiyə olunmalıdır.

- Cavad Ağayev: İdmançıların günlük rejimi çox ağırdır. Ona görə düşünürəm ki, idmanla təhsili paralel inkişaf etdirmək kifayət qədər çətindir.

- Asudə vaxtınızı necə keçirirsiniz?

- Cavad Ağayev: Günün çox hissəsini məşqlərdə oluruq. Asudə vaxtımız demək olar ki, az olur. Həmin vaxtlarda düzgün istirahət etməyə çalışırıq.

- Minayə Əkbərova: Musiqi dinləməyi çox sevirəm. Asudə vaxtlarımda musiqi dinləyir və bununla da mənəvi istirahət edirəm.

- Səmimi cavablar üçün çox sağ olun.

- Məmməd Abdullayev: Siz də sağ olun.

Azər Əlizadə,
Kənan Novruzov





Bu yazı

18636 dəfə oxunub

Tarix

2019-04-23 17:31:01

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev