“Qızıl əlcək” klubunda güclü idmançılar yetişir



Uşaq və gənclərin sağlam ruhda tərbiyə alması və böyüməsi, vətənə, millətə layiqli övladlar kimi yetişmələri kimliyindən asılı olmayaraq, hər birimizin üzərinə böyük məsuliyyət qoyur.
Gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsində, əsl insan kimi formalaşmasında idmanın, bədən tərbiyəsinin rolu əvəzsizdir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, kütləviliyini təmin etmək məqsədi ilə dövlət səviyyəsində məqsədyönlü və kompleks tədbirlər həyata keçirilir. Kütləviliyin artırılması baxımından minlərlə uşaq və yeniyetməni öz ağuşuna alan klubların və idman məktəblərinin rolunu xüsusi ilə qeyd etmək lazımdır.
Paytaxt Bakıda fəaliyyət göstərən fəal idman klublarından biri də Səbail rayonunda yerləşən "Qızıl əlcək” klubudur. Klubun yetirmələri ölkəmizi dünya və Avropa çempionatlarında, müxtəlif səviyyəli beynəlxalq turnirlərdə layiqincə təmsil edirlər. Klubun fəaliyyəti ilə yaxından tanış olmaq üçün onun yaradıcılarından biri, Əməkdar məşqçi Rəhim Allahverdiyevlə görüşüb, söhbət etdik. Rəhim müəllim "Qızıl əlcək” klubunun yaranmasından, fəaliyyətindən, uğurlarından və istedadlı yetirmələrindən danışdı.

Boksu həyatının bir hissəsi hesab edir
Məlumat üçün bildirək ki, Rəhim Allahverdiyev 1976-cu ildə Gürcüstanda doğulub. Sonra ailəsi ilə birlikdə Bakıya köçüb. 1991-ci ildə 1 saylı fizika-riyaziyyat təmayüllü liseyə daxil olub və oranı əla qiymətlərlə bitirib. Liseyi bitirdikdən sonra Azərbaycan İqtisadiyyat Universitetinin informatika və idarəetmə fakültəsinə qəbul olan Rəhim müəllim, buranı da əla qiymətlərlə başa vurub. Hazırda o, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 5-ci kurs tələbəsidir. Uşaqlıqdan idmana böyük həvəsi olan Rəhim müəllim tələbəlik illərində də idmandan kənarda qalmayıb. Güləş, cüdo və digər idman növləri ilə məşğul olsa da, ən çox sevdiyi idman növü boks olub. O, "Qızıl əlcək” klubunda və 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində boks üzrə baş məşqçi kimi fəaliyyət göstərir. Rəhim müəllim həm də beynəlxalq dərəcəli məşqçidir.
"Boks mənim həyatımda çox önəmli yer tutur. Çünki bu idman növü ilə özümü təsdiq etmişəm, uğurlar qazanmışam. Rusiyada yaşadığım müddətdə idman ustası normasını yerinə yetirmişəm. Bakıya qayıtdıqdan sonra mən idmanın kikboksinq növünə də həvəs göstərdim. Bu idman növü üzrə dünya, Avropa çempionatlarında mükafatalayiq yerləri tutmuşam. Dünya çempionu adını 2008-ci ildə qazanmışam. Bundan əvvəlki illərdə beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edərək kəmərlər qazanmışam”, - deyə təcrübəli və peşəkar məşqçi bildirdi.
Rəhim müəllim bizim ""Qızıl əlcək” klubu necə yarandı?” sualımızı isə belə cavablandırdı: "İdmana uşaqlıqdan çox böyük həvəsim vardı. Tələbəlik illərində idmana həvəsi olan tələbə yoldaşlarımızla birlikdə idman klubu açmağı xəyal edirdik. Məzun olduqdan sonra onların əksəriyyəti öz ixtisaslarının ardınca getdi və demək olar ki, idmanı unutdular. Amma tələbə yoldaşım Xaqani Quluzadə ilə mən fikrimizdən dönmədik. O, klubun prezidenti, mən isə baş məşqçisi oldum. Biz bu klubu yaradanda məqsədimiz o idi ki, uşaq və gənclərimiz zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilsinlər. Vəzifəmiz ondan ibarət idi ki, vətənimiz, cəmiyyət üçün sağlam nəsil, dövlətin müdafiəsində dura biləcək sağlam əsgər yetişdirə bilək. Bizim klubun devizi vətən üçün sağlam və güclü əsgərlər yetişdirməkdir. Bütün idmançılar dünya çempionu olmaya bilər, amma əsgər mütləq olmalıdırlar. Bu gün yarış meydanlarında klubumuzun yetirmələri Azərbaycanın bayrağı dalğalandırırsa, möhtəşəm himnimiz səslənirsə, demək ki, məqsədimizə çatmışıq”.

Klubda nizam-intizam
çox yüksək səviyyədədir
Hansı sahədə olursa olsun, nizam-intizam, işinə peşəkarlıqla və məsuliyyətlə yanaşmaq uğurun yarısıdır. Burada olduğumuz qısa zaman kəsiyində klubda yüksək nizam-intizamın şahidi olduq. Rəhim müəllim kluba seçim, yaş həddi, məşqçilər və digər məsələlərdən danışdı: "Klubumuzda 200-dən artıq uşaq və yeniyetmə idmanın boks, kikboksinq, karate, uşu-sanda, qarışıq döyüş növləri üzrə məşğul olur. Burada yaş həddi yoxdur. 6 yaşından etibarən sağlamlığının qeydinə qalan hər bir kəs gəlib klubda məşq edə bilər. Klubumuzda təcrübəli və peşəkar məşqçilərimiz kifayət qədərdir. Onlar öz işlərinin öhdəsindən bacarıqla gəlirlər. Onlardan kikboksinq üzrə Sirac Ələkbərov, boksda Teymur Əsgərov, karatedə Mais Mədətov, uşu-sanda üzrə Pərviz İsayev və başqalarının adlarını çəkə bilərəm.
Klubumuzda nizam-intizam çox yüksək səviyyədədir. İntizam olmayan yerdə nəticə və uğur gözləmək qeyri-mümkündür. Təlim-tərbiyə işinə xüsusi diqqət yetirilir. Nizam-intizamsız, məsuliyyətsiz idmançı özü bir yana qalsın, cəmiyyətə heç bir xeyir verməyəcək, ziyandan başqa”.


"İdman həm də
ruhun, mənəviyyatın tərbiyəsidir”
Boks üzrə dünya çempionu Şaban Şahpələngovu idman azarkeşləri yaxşı tanıyır. Onun peşəkar boksçu kimi yetişməsində Rəhim müəllimin əməyi böyükdür. Şaban dünya çempionu adına 2010-cu ildə 51 kq çəki dərəcəsində layiq görülüb. Həmin il o, Sinqapurda təşkil edilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında isə 5-ci yer tutub. İdmançımız 2011-ci ildə isə Tələbələrin Yay Universiadasından vətənə qızıl medalla qayıdıb. Rəhim müəllim Əməkdar məşqçi adına yetirməsi Şaban Şahpələngovun dünya çempionu olmasından sonra layiq görülüb. Təcrübəli məşqçi 2018-ci ildə idman sahəsində əldə etdiyi uğurlara və nailiyyətlərə görə ölkə rəhbərinin Sərəncamı ilə mənzillə mükafatlandırılıb. İdmançılara və onların məşqçilərinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçsına minnətdarlığını bildirən Rəhim müəllim dedi: "İdman insanın həyatında mühüm rol oynayır. İdman sağlamlıqdır, həm də ruhun, mənəviyyatın tərbiyəsidir. İdmanla məşğul olan insan heç vaxt zərərli işlə məşğul ola bilməz, başqalarına ziyan yetirməz. Belə insanlar həm sağlam, qüvvətli olmaqla yanaşı, həm də iradəli, vətənpərvər olurlar. Yaxşı idmançı, həm də yaxşı əsgər, oğul, ailə başçısı deməkdir.
Yetirmələrimin arasında dünya, Avropa çempionları, mükafatçıları vardır. Bu, məni çox sevindirir. Perspektivli idmançılardan Nicat Həsənov, Pərviz Heydərov, Amil Məmmədzadə, Nihat Abdullayev, Ağasəlim Mustafayev, Əziz Abdullayev və başqalarının adlarını çəkə bilərəm. Bu uşaqlar hamısı Azərbaycan yığma komandasının heyətində yarışırlar. Nicat 2018-ci ildə Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının iştirakçısıdır, həm də həmin il İtaliyada keçirilən Avropa birinciliyinin gümüş mükafatçısıdır.
Mayın 6-da Rusiyanın Stavropol şəhərində keçirilən boks turnirindən böyük uğurla qayıtmışıq. Kadet, yeniyetmə, gənclər və kişilər arasında təşkil edilən beynəlxalq turnirdə ölkəmizi 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və "Qızıl Əlcək” idman klubunun boksçuları təmsil ediblər. Azərbaycan komandası turnirdə 10 qızıl, 2 gümüş, 11 bürünc medal qazanıb. Kadetler arasında Ayaz Tağızadə (26 kq), Rauf Allahverdiyev (46 kq), Pərviz Aram (32 kq) çempion olublar. Yeniyetmələrin yarışında Amin Məmmədzadə (38,5 kq), Firudin Məmmədov (63 kq) və Davud İbrahimov (66 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Gənclərin mübarizəsində Ağasəlim Mustafazadə (60 kq), Türkeş Mustafayev (69 kq), kişilərin yarışında isə Pərvin Heydərov (69 kq) və Elşən Hüseynov (+91 kq) çempion olublar. Uğurlarımız artıqca, işləmək həvəsi də artır. Bizə göstərdiyi dəstəyə görə Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Boks Federasiyasına minnətdarlığımızı bildiririk”.

"İdman özü də
bir elmdir”
"Qızıl əlcək” klubunun baş məşqçisinin idman və təhsilin bir vəhdət halında tutulması məsələsinə münasibəti çox maraqlı oldu. "İdmanla təhsil bir yerdə olanda nəticəsi daha yaxşı olur. Düzdür, bu bir qədər çətindir, amma mümkündür. Əsas odur ki, həvəs olsun. Savad, bilik hər bir sahədə insana lazımdır. Dünyagörüşü geniş idmançı heç bir vaxt dava-dalaşa girməz, qalmaqal yaratmaz. Əsl idmançı öz gücünü rinqdə, yarış meydançasında sübut edir. Uşaqlıqdan həm idmana, həm təhsilə böyük marağım olub. Orta məktəbdə, ali məktəbdə oxuyanda əlaçı şagirdlərlə bir cərgədə dayanmışam və çalışmışam ki, onlardan geri qalmayım. Bu, sağlam rəqabətdir, elə idmanda olduğu kimi. Tanrı hər bir insana istedad verir. Amma əsas məsələ o istedadı üzə çıxarmağı bacarmaqdır. Bu məsələdə isə insanın özü, xarakteri, iradəsi, zəhmətkeşliyi, eləcə də, ailə, məktəb, mühit böyük rol oynayır. Belə olanda insan istədiyi uğura, qarşıya qoyduğu məqsədə çata bilir.
İdmançı da, məşqçi də savadlı, bilikli olanda nəticə də müsbət olur. Bir məşqçi kimi savadlı tələbə ilə işləmək asandır, nəinki savadsızla. İdman özü də bir elmdir. Fənd işlətmək, kombinasiya qurmaq, rəqibin hücum anında vəziyyətdən çıxış yolu tapmaq və s. Bütün bunlar üçün həm fiziki, həm də zehni kamillik tələb edir. Belə bir deyim var: "Boks şahmat deyil, amma burada da fikirləşmək lazımdır”.

Söhbətimizn sonunda Rəhim müəllim qəzetimizlə bağlı xoş sözlərini də dilə gətirdi: "Olimpiya dünyası” qəzeti hər zaman idmançıların, məşqçilərin yanındadır və onların uğurlarını, problemlərini işıqlandırır. Ölkə və dünya idmanında baş verən yeniliklər daim qəzetin səhifələrində yer alır. Yaxşı yadımdadır, 2010-cu ildə də qəzetinizə müsahibə vermişdim. Həmin müsahibə klubumuz üçün çox düşərli olmuşdu. Kollektivinizə bu gərgin işinizdə uğurlar arzu edirəm”.

Səadət Hakıyeva



Bu yazı

15484 dəfə oxunub

Tarix

2019-05-14 16:20:58

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev