Yeni mövsümüə start verilib



Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində yeni mövsümün cıdır yarışlarına start verilib.
Hər il keçirilən cıdır yarışlarına ingilis, ərəb, Qarabağ və Dilbaz atları cəlb olunub.
Yarışın gərgin idman mübarizəsi şəraitində keçən birinci günü beş qaçışdan ibarət olub. Qarabağ və Dilbaz atlarının yarışdığı 800 metr məsafəyə birinci qaçışda ilk iki pillədə "Xan-Xan” atçılıq idman klubunun (AİK) "Çalxan qala” və "Xan qızı” ləqəbli, üçüncü yerdə isə "Omar” atçılıq idman klubunun "Nəfəs” ləqəbli atları qərarlaşıblar.
Ərəb atlarının yarışdığı 800 metr məsafəyə ikinci qaçışda "Günay” AİK-in "Şiraz” ləqəbli atı qalib olub. "Qraf” ləqəbli at ikinci, Rafim Əsgərovun sahib olduğu "Renessans-tersk” ləqəbli at isə üçüncü yeri tutublar.
Günün üçüncü qaçışı 1400 metr məsafə üzrə təşkil olunub. İngilis atlarının iştirak etdiyi bu yarışda "Xan-Xan” AİK-in "Naxçıvan” və "Miss Mambo” ləqəbli atları qaçışı müvafiq olaraq birinci və ikinci başa vurublar. "Omar” AİK-in "Matilda” ləqəbli atı üçüncü, "Quida” ləqəbli atı isə dördüncü olublar.
1600 metr məsafəyə qaçışda dörd yaşdan yuxarı Qarabağ və Dilbaz atları yarışıblar. Bu yarışda "Xan-Xan” AİK-in "Dağlar” ləqəbli atı birinci, Ramiz İbrahimovun "Pəri” ləqəbli atı ikinci olublar. "Sərhədçi” AİK-in "Qaradağ”, Allahverən Əliyevin "Laləzar” ləqəbli atları isə digər yerləri tutublar.
Mövsümün birinci cıdırının sonuncu qaçışında ingilis atları 1600 metr məsafədə yarışıblar. "Omar” AİK-in "Atilla” ləqəbli atı bu qaçışın qalibi adını qazanıb. Azərin Əlizadənin "Butsefal” ləqəbli atı ikinci yeri tutub. "Omar” AİK-in "Mr. Tornado” ləqəbli atı üçüncü, Ələddin Dadaşovun "Royal Mirage” ləqəbli atı isə dördüncü olublar.
Yarışların ümumi mükafat fondu 14,2 min manat təşkil edib.



Bu yazı

3630 dəfə oxunub

Tarix

2019-05-17 16:28:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev