Ölkəmizdə keçirilən bədii gimnastika üzrə XXXV Avropa çempionatına yekun vuruldu



Mayın 16-19-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı keçirildi. Azərbaycanda dördüncü dəfə (2007, 2009, 2014) təşkil edilən yarışlarda dünyanın 35 ölkəsindən gimnastlar medallar uğrunda mübarizə apardılar. Dörd gün davam edən Avropa çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxışlarını nümayiş etdirdilər. Ölkəmizi Avropa çempionatında fərdi proqramda Zöhrə Ağamirova və Veronuka Qudis, qrup hərəkətlərində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət heyət təmsil etdi.
Martın 16-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXXV Avropa çempionatının açılış mərasimi keçirildi.
Əvvəlcə, səhnəyə iştirakçı ölkələrin bayraqları gətirildi.
Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov Avropa çempionatının açılış mərasimində çıxış etdi. UEG-in prezidenti mərasimi giriş sözü ilə açaraq dedi: "Bu gün dördüncü dəfədir ki, Azərbaycanda bədii gimnastika üzrə Avropa çempionatı keçirilir. Həmişə olduğu kimi bu yarış da çox yüksək səviyyədə təşkil olunub. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti Mehriban xanım Əliyevaya, Təşkilat Komitəsinin bütün üzvlərinə, könüllülərə, gimnastika azarkeşlərinə öz minnətdarlığımızı bildiririk”.
Fərid Qayıbov yarışları açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndi. Himni Əməkdar artist Sevda Ələkbərzadə ifa etdi.
Sonra Azərbaycan gimnastika ustalarının ifasında "Bizim qəhrəmanlar” adlı şou nümayiş etdirildi.
Yarışın ilk iki günündə gimnastlar çoxnövçülük (halqa, top, gürz və lent) üzrə təsnifat yarışlarında qüvvələrini nümayiş etdirdilər. İlk 8-likdə yer alan Azərbaycan, Rusiya, Belarus, Ukrayna, İspaniya, Estoniya və Litvanın qrup komandaları finala vəsiqə qazandılar.
Fərdi proqramda gimnastımız Zöhrə Ağamirova halqa və gürzlərlə finalda yarışmaq imkanı əldə etdi. O, medallar uğrunda rusiyalı əkiz bacılar Dina və Arina Averina, Katrin Taseva (Bolqarıstan), Anastasiya Salos (Belarus), Vlada Nikolçenko (Ukrayna), Yekaterina Vedeneva (Sloveniya) və Nikol Zelikmanla (İsrail) mübarizə apardı. Zöhrə Ağamirova təsnifat yarışlarında gürzlərlə yarışlarda 6-cı (20.800 xal), halqalarla hərəkətlərdə isə 8-ci (20.050 xal) oldu.
Fərdi proqramda çıxış edən digər gimnastımız Veronika Qudisin çıxışı isə finala düşməyə kifayət etmədi.
Mayın 18-də Bakıda keçirilən Avropa çempionatı çərçivəsində komanda hesabında qaliblərin mükafatlandırma mərasimi keçirildi. 1-ci yerə Rusiya komandası layiq görüldü. 2-ci yeri Belarus, 3-cü yeri Bolqarıstan komandası tutdu. Sonra gənclər arasında çoxnövçülük üzrə qrup hərəkətlərində qaliblər müəyyənləşdi. Bu dəfə də ən güclü komanda Rusiya oldu. Gümüş medala Belarus təmsilçiləri layiq görüldülər. İtaliya isə bürünc medal aldı.
Mükafatları qaliblərə Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva təqdim etdi.
Mayın 19-da, yarışların son günündə final yarışlarına yekun vuruldu.
Gənclərin qrup hərəkətləri proqramında 5 halqa və 5 lentlə hərəkətlərdə qaliblərin adlarına aydınlıq gəldi. Yarışların nəticəsinə əsasən, 5 halqa ilə hərəkətlərdə qalib adını hamıdan güclü olan Rusiya komandası qazandı. Hakimlərdən 24.450 xal alan şimal qonşularımız fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Gümüş medala isə Ukrayna (23.400 xal) kollektivi layiq görüldü. Bürünc medalı isə Belarus (23.250 xal) komandası qazandı.
Gimnastika yarışlarında hamıdan güclü olduğunu sübut edən Rusiya gimnastları 5 lentlə gənclərin qrup hərəkətləri proqramında da 1-ci (21.000 xal) oldular. Müvafiq olaraq 2-ci və 3-cü yerləri İsrail (19.900 xal) və Belarus (19.000 xal) komandaları tutdular.
Böyüklər arasında fərdi proqramda çoxnövçülük (top, halqa, gürz və lent) üzrə ən güclülər də yarışların son günündə müəyyənləşdi. Halqa ilə yarışlarda rusiyalı gimnast Dina Averina (23.300 xal) qızıl medala layiq görüldü. 2-ci yeri Belarus idmançısı Katsariana Halkina (21.150 xal) tutdu. Bürünc medalı isə israilli Nikol Zelikman (20.950 xal) qazandı. Azərbaycan gimnastı Zöhrə Ağamirova isə yarışları 19.875 xalla 6-cı yerdə başa vurdu.
Topla yarışlarda birinciliyi Arina Averina qazandı. Rusiyalı gimnast hakimlərdən 22.850 xal aldı. Gümüş medala da Rusiya təmsilçisi Aleksandra Soldatova (22.050 xal) layiq görüldü. Üçlüyü qapamaq isə Bolqarıstan idmançısı Boryana Kaleynə (21.800 xal) qismət oldu.
Gürzlə yarışlarda yenə də Arina Averina (23.200 xal) fərqləndi. Onun bacısı Dina Averina (22.950 xal) isə 2-ci oldu. Ukrayna gimnastı Vlada Nikolçenko (22.475 xal) ilk üçlüyü tamamladı. Gimnastımız Zöhrə Ağamirova isə 18.950 xalla 8-ci yerdə qərarlaşdı.
Lentlə yarışlarda qızıl medala yenə Dina Averina (20.400 xal) sahibləndi. Digər rusiyalı gimnast Aleksandra Soldatova (20.300 xal) isə ikinci oldu. Bolqarıstanlı Boryana Kaleyn (19.750 xal) bürünc medalı boynundan asdı.
Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində "SmartScoring Shooting Star” mükafatı təqdim olundu.
Çempionatın tərəfdaşı olan "SmartScoring” şirkətinin təsis etdiyi mükafat Avstriya gimnastı Nikol Rupreçtə verildi. 2001-ci ildən gimnastika ilə məşğul olan gimnast ölkəsində dəfələrlə ilin ən yaxşı qadın idmançısı seçilib. Rio-2016 Yay Olimpiya Oyunlarının iştirakçısı olan N.Rupreçt ardıcıl 7 il Avstriya çempionu adını qazanıb.
Yarışlar başa çatdıqdan sonra gimnastların ifasında Qala-konsert nümayiş etdirildi.
Qala-konsertdən sonra bağlanış mərasimi keçirildi. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastika İttifaqının bayrağını qurumun prezidenti Fərid Qayıbova təqdim etdi. Fərid Qayıbov isə bayrağı növbəti qitə birinciliyinə ev sahibliyi edəcək Ukrayna nümayəndəsinə təhvil verdi.

Səadət Hakıyeva


Bu yazı

12062 dəfə oxunub

Tarix

2019-05-21 11:44:17

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev