Başa çatmış futbol mövsümünün təəssüratları



Hər futbol mövsümü özü ilə maraqlı hadisələr, yeniliklər, sürprizlər, qeyri-adi dəyişikliklər gətirir. Növbəti 2018-2019-cu il mövsümü də belə oldu.
Son illər olduğu kimi, bu mövsüm də İngiltərə Premyer Liqası güclü rəqabət və gərginliyi ilə seçildi. Əvvəldən ehtimal olunurdu ki, çempionluq adı və ilk dördlüyə düşmək uğrunda altı komanda arasında mübarizə gedəcək. Məqsədə çatmaq da son turlarda məlum olacaq. Proqnozlar əsasən təsdiq olundu. Yalnız sükanı arxasında Mourinyonun olduğu "Mançester Yunayted”in 10-15 turdan sonra çempionluq hədəfindən kənarda qalması bir qədər gözlənilməz qarşılandı.
Tədricən "Mançester Siti” və "Liverpul” bəzi komponentlərdə digər iddialı rəqiblərindən üstün görünməyə başladılar. Nəticədə çempionluq adı uğrunda mübarizə məhz bu iki komanda arasnıda getdi. Hər iki komandanın ilk turdan son tura qədər inamlı təsir bağışlamaları mövsümboyu stabil oyun göstərmələrinə gətirib çıxardı. Hansı ki, digər iddialı komandalarda məhz bu stabillik çatışmadı. Əslində "Mançester Siti” də, "Liverpul” da çempionluğa layiq idilər. Amma nə edəsən ki, çempion bir komanda olur... Premyer Liqanın tarixində hər iki komanda 90 xalı keçdi.
"Şəhərlilər”in heyətində Kayl Uoker, Con Stounz, Aleksandr Zinçenko, Fil Foden, İlkay Gündoğan, Leroy Sane, Serxio Aquero əla mövsüm keçirdilər. Kevin De Brüyne zədə səbəbindən bir sıra oyunları buraxsa da, meydana çıxdığı matçlarda yaxşı təsir bağışlayırdı. Komandanın uğurlarında rolu danılmaz olan Bernardu Silva xüsusi ilə qeyd edilməlidir. Topla əla davranan bu futbolçudan topu almaq müşkül görünürdü. Rahim Sterlinq cinahlardan çox yaxşı istifadə edir, cəlddir, sürətlidir, möhtəşəm fiziki hazırlığa malikdir. Yalnız topla davranışında müəyyən çatışmazlığı vardır. Lakin o, hələ gəncdir, öz üzərində işləsə, mükəmməl futbolçu olacağına ümid böyükdür. Meydanda həmişə istəkli görünməyə çalışan David Silvaya və Vensan Kompaniyə artıq yaş öz təsirini göstərir (hər ikisinin 32 yaşı var). Qeyd etmək yerinə düşər ki, Kompani çempionluğun taleyi həll olunan "Lester Siti” ilə matçda çox vacib, özü də mövsümün ən gözəl qollarından birinivurdu. 33 yaşlı Fernandinyonun isə artıq yerini əvəzedicisinə verməyinin vaxtı gəlib çatmışdır.
"Tottenhem”lə təkrar oyunda qalib gəlmələrinə baxmayaraq mərhələ keçə bilməyən "Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanın stadionu tərk etməyərək, təsirli bir formada ağlaması hələ də yadımdan çıxmır...
İdeal mövsüm keçirən güclü "Liverpul”un heyətində bütün oyunçular özlərini doğrultmaqla əzmkarlıqları və çox istəkli olmaları ilə yadda qaldılar. Van Dayk, Endrü Robertson, Corcinyo Veynaldum, Ceyms Milner, Cordan Henderson, Cerdan Şakiri, Sadio Mane, Roberto Firmino, Məhəmməd Salah isə azarkeşlərə daha çox xoş anlar yaşatdılar. Bir sözlə, komanda bütövlükdə hər cür tərifə layiqdir.


"Tottenhem” komanda şəklində
uğur qazanmağı bacarır

Özünəməxsus oyun tərzinə və ənənələrinə sadiq qalan "Tottenhem”i futbol həvəskarları bu mövsüm də bəyəndilər. Mübariz bir komanda formalaşdırmağa nail olan Maurisio Poçettinoya azarkeşlərin və mütəxəssislərin rəğbəti getdikcə artır. "Tottenhem”komanda şəklində uğur qazanmağı bacarır. Bununla belə Kiran Tripperi, Deni Rouzu, Kristian Erikseni, Lukas Mouranı, Erik Lamelanı, Fernando Lorenteni, Harri Keyni bu mövsüm də fərqləndirmək istərdim. Ancaq azarkeşlərin gözlədiyinin əksinə olaraq Deli Alli potensialından aşağı səviyyədə müşahidə edilən çıxışları ilə yadda qaldı. Bir sıra oyunlarda ən vacib qolları vuran, bununla da komandanın uğurlarına imza atan, hətta bəzi oyunlarda xilaskara çevrilən Son Hın Minin rolunu ayrıca qeyd etmək yerinə düşər. Cənubi koreyalının bütövlükdə komandaya verdiyi fayda, uğur payı nəticə baxımından mən deyərdim ki, Keyn tərəfindən bəxş edilənlərdən daha artıq görünür.
Bernardu Silva kimi Son Hın Min də topla sürətlə hərəkət etmək məharətinə yiyələnmişdir. Ümumiyyətlə, belə təsəvvür yaranır ki, Silvanın, Son Hın Minin, Salahın ayaqlarından topu ancaq onların özləri imkan verəndə almaq mümkün olur. Bu mövsümdə rəqibləri topu onların ayaqlarından nadir hallarda ala bilirdilər.


Kim nə ilə yadda qaldı?

İngiltərədə rəqabətin çox yüksək olması nəzərə alınsa, "Çelsi”nin azarkeşləri, mütəxəssislər komandanın bu mövsümdəki çıxışını və nəticələrini qənaətbəxş hesab edə bilərlər. Gələn mövsüm Çempionlar Liqasına vəsiqənin təmin olunması və Avropa Liqasının finalına çıxmaq hər bir halda uğur kimi qiymətləndirilməlidir.
Sezar Aspikulieta, Pedro Rodriqes keçən mövsümlə müqayisədə bu dəfə daha yaxşı təsir bağışladılar. Mateo Kovaçiç, Olivye Jiru da özlərini yaxşı tərəfdən göstərdilər. Andreas Kristensen bütün keyfiyyətlərini ortaya qoya bildi. Ruben Loftus-Çik azarkeşlərin rəğbətini qazanmağa nail oldu. Jorjinyo çalışqanlığı, istəkli görünməsi ilə yadda qaldı. Qonsalo İquain bacardığı qədər oynayırdı. Eden Hazard əla mövsüm keçirdi. Azarkeşlər, mütəxəssislər David Luisdən və Villiandan daha yüksək səviyyəli oyunlar gözləyirdilər. Enqolo Kante əvvəlki mövsümlərlə müqayisədə bir qədər sönük təsir bağışlayırdı. Markos Alonso da əvvəlki mövsümlərdə daha yaxşı oynayırdı. Antoni Rudiqer isə yenə də tez-tez səhvlərə yol verirdi.
"Çelsi”nin baş məşqçisi Maurisio Sarri müsahibələrində başa çatmış mövsümü dəyərləndirərkən İngiltərə Premyer Liqasını dünyanın ən güclü liqa olduğunu bildirmiş və "Mançester Siti”ni də Avropanın ən güclüsü hesab etmişdir.
Mövsüm ərzində qeyri-stabil çıxış edən "Arsenal”ın ilk dördlükdən kənarda qalması çempionatın sonuna bir tur qalmış rəsmiləşdi. "Topçular” iddialı komandaların bəzilərinə qarşı uğurlu nəticələr əldə etsələr də, onların ardıcıl məğlubiyyətləri də oldu. Buna görə də Unai Emerinin komandasının ilk dördlüyə düşə bilməməsini təbii və normal hal kimi də qəbul etmək olar. Məsut Özil artıq çoxdandır ki, ideal formasından uzaqdır. Şkodran Mustafi, Hektor Belyerin, Loran Koselni, Naço Monreal, Sead Kolasinas qeyri-sabit oyunları ilə yadda qaldılar. Sokratis Papastatopulos, Qranit Caka, Aaron Remzi, Lukas Torreira, Stefan Lixştayner ümumən yaxşı təsir bağışladılar. Pyer-Emerik Obomeyanq bu mövsüm komandanın bombardiri kimi tarixə düşdü. Aleksandr Lakazett isə ən vacib qollar vurmaqla komanda üçün çox faydalı bir oyunçuya çevrildi. Rəqibləri üçün daim təhlükə yaradan bu futbolçu uğurlu bir mövsüm keçirdi.

"Həyatda olduğu kimi, futbol
dünyasında da müəmmalar çoxdur”

"Mançester Yunayted” dünyanın ən sevilən komandalarından biridir. Bu komandanın çempionat marafonu gözlənilməz və təzadlı alındı. Joze Mouriyonun rəhbərliyi altında "qırmızı şeytanlar” çempionata çox uğursuz başladılar. Tezliklə məlum oldu ki, belə gedişlə onlar nəinki çempion adı uğrunda mübarizəyə qoşula bilməyəcəklər, heç ilk dördlüyə də daxil olmayacaqlar. Ole Qunnar Sulşerin müvəqqəti olaraq "Mançester Yunayted”ə rəhbərlik etdiyi dövrdən başlayaraq komanda ardıcıl qələbələr qazanmaqla hamını təəccübləndirdi. Bu uğurlu seriyanı görən klubun rəhbərliyi tərəddüd etmədən onu baş məşqçi postunun sükanı arxasına keçirdi. Maraqlıdır ki, bundan sonra komandanın enişi baş verdi və uğursuz oyunlar, məğlubiyyətlər bir-birini əvəz etməyə başladı. Sulşer, komandanın rəhbərliyi, azarkeşlər, mütəxəssislər nə baş verdiyini anlamırdılar. Halbuki heyətin tərkibi və oyunçuların səviyyəsi baxımından "Mançester Yunayted” heç də digər iddialı rəqiblərindən geri qalmırdı. Gəlin, komandanın heyətinə bir daha nəzər salaq: David De Hea, Eşli Yanq, Kris Smollinq, Antonio Valensiya, Markos Roxo, Pol Poqba, Antoni Marsial, Cessi Linqard, Xuan Mata, Ander Errera, Fred, Andreas Pereyra, Nemanya Matiç, Markus Reşford, Romelu Lukaku, Aleksis Sançes.
Əlbəttə, bu futbolçuların heç də hamısı əla və yaxud yaxşı formada deyildilər. Ancaq bununla belə yenə də bu komanda daha yüksək nəticə göstərmək üçün kifayət qədər potensiala malik idi. Hətta arada bir "qırmızı şeytanlar”ın ilk dördlüyə düşməsi təmin olunmuş kimi də görünürdü. Təbii ki, çempionat ərzində bütün oyunları ideal və yaxşı səviyyədə keçirmək mümkün deyildir. Sürprizlər, qəfləti, gözlənilməz uğursuzluqlar həmişə ola bilər. Amma bütün bunlar gözlənilmədən necə gəlir, bax, burada bir sıra amillərin ortaya çıxması nəzərə alınmalıdır.
O ki qaldı Suşler "müəmmasına”... Buna da təəccüblənmək lazım deyildir. Həyatda olduğu kimi, futbol dünyasında da müəmmalar çoxdur. Baş çıxarılması, açması tapılmayan, izahsız görünən futbol müəmmaları...



"Əzmkar komanda böyük nailiyyətlər qazanır”

İstedadlı futbolçu tezliklə komandada ulduz kimi parlayır. İlkay Gündoğan, Sterlinq, Kayl Uoker, Zinçenko, Foden, Bernardu Silva, Jesus, Oriqi, Matip, Van Deyk, Robertson, Veynaldum, Mane, Salah Firmino, Eriksen, Son Hın Min, Lukas Moura, Keyn, Dele Alli, Ruben Loftus-Çik, Kristinsen, Azar, Lakazet, Obomeyanq, Reşford, Linqard belələrindəndir.
Uğur qazanmağın bir yolu da əzmkarlıqdır. Əzmkar komanda mübarizəni mükəmməl şəkildə apardıqda daha böyük nailiyyətlər qazanır. Bəs bu mükəmməllik prinsipləri nədən ibarətdir? İlk növbədə sürət, fiziki hazırlıq, bütövlükdə peşəkarlıq. Premyer Liqanın üstünlükləri də məhz elə toxunduğumuz bu amillərdir. Komanda o vaxt bütöv ovqat yaradır ki, tamaşaçılar bütün oyunu ayaqüstə izləyirlər. Premyer Liqanın əksər oyunları bu mənzərədə keçir. Tamaşaçılar bir qayda olaraq yeni oyun tərzləri görmək istəyirlər. İngiltərə Premyer Liqası bu mövsüm tamaşaçılara, azarkeşlərə çoxlu yeniliklər bəxş etdi. İlk dəfə olaraq Çempionlar Liqası və Avropa Liqasının finallarında eyni ölkənin təmsilçiləri - ingilis klubları iştirak edəcəklər.
Bir məqamı da xüsusi ilə vurğulamaq istərdim ki, iddialı altı komandanın baş məşqçilərinin hamısı ("Mançester Yunayted”də Mourinyo nəzərdə tutulur) orijinal biçimdə olmaqla həmişə yeni və maraqlı fikirləri, ideyaları, sxemləri ilə sevilən tanınmış məşqçilər siyahısında özlərinə birdəfəlik yer alanlardır. Bu məşqçilərin hamısında yeniləşməyə meyllər güclüdür.
İngiltərə stadionları hər oyunda yenə də dolu olmaları ilə yadda qaldı. Hətta Premyer Liqanı tərk edəcəyi məlum olan komandaların arenaları da son turlarda belə tam azarkeş tutumu ilə diqqəti cəlb etdi.
Keçən il dünya çempionatında gənc heyətə malik İngiltərə yığmasının dördüncü yeri tutması haqlı olaraq böyük uğur kimi qiymətləndirildi. Əminliklə deyə bilərəm ki, növbəti Avropa və dünya birinciliklərində bu yığma komanda ən öndə olan favoritlər sırasında qəbul ediləcək. Ona görə ki, ildən-ilə səviyyəsi artan İngiltərə Premyer Liqası bu ölkənin yığma komandasına artıq indidən bütün xətlərdə əla futbolçular bəxş edib.



"Komanda mövsüm ərzində
on iki dəfə (!) məğlub olursa...”

"Barselona”nın çempion olduğu İspaniya La Liqası ilə bağlı fikirlərimi "Real” komandasından başlamaq istəyirəm. Son illəri götürsək, ilk dəfə olaraq "Real” əvvəlcədən çempionluq yarışmasından kənarda qaldı. Söhbət La Liqanın qalibi olub-olmaması uğrunda mübarizədən getmir. İlk dəfə olaraq həvəssiz, inamsız "Real” gördük. Mövsümə uğursuz başlaması qalsın bir yana. Birinci dövrənin ortalarında artıq hiss olunurdu ki, kral klubu çempionluq yarışmasında qətiyyətli təsir bağışlamır.”Barselona” ilə xal fərqi isə getdikcə artırdı. Məşqçi dəyişikləri də fayda vermədi. Nəticədə də komanda mövsümün axırına qədər etinasızlıq zolağından çıxa bilmədi.
Heyət cəmi bir neçə ay bundan qabaq Çempionlar Liqasını qazanmış heyət olsa da, göstərilən oyunlar əvvəlki oyunlar deyildi. Oyun səviyyəsinin aşağı düşməsini təkcə Ronaldonun gedişi ilə də bağlamaq olmazdı. Əlbəttə, portuqaliyalı ulduzun getməsinin istər-istəməz komandanın oyununa, nəticələrinə təsir etməsi əvvəlcədən ehtimal olunurdu. Amma yaranmış vəziyyətin başqa səbəbləri də vardı. Ümumiyyətlə, ilk turlardan bəlli oldu ki, futbolçuların yeni mövsümə hazırlıq səviyyəsi qənaətbəxş deyil. Komanda hər dəfə növbəti oyuna çətinliklə köklənirdi. Xətlər arasında əlaqə sanki pozulmuş kimi görünürdü. Həmişə peşəkarlığı ilə seçilən Kurtua kimi təcrübəli qapıçı tez-tez səhvlərə yol verirdi. Ideal formasından uzaq olan Marselo elə də nəzərə çarpmırdı. Varan, Kross əvvəllər olduğu kimi əzmkar deyildilər. Kazemiro çoxsaylı qayda pozuntularına yol verməsi və xəbərdarlıqlar alması ilə yadda qaldı. Istəkli təsir bağışlamayan Modriçin əksər hallarda oyunu alınmırdı. Halbuki cəmi bir neçə ay əvvəl keçirilmiş dünya çempionatında hamı Modriçdən danışırdı. Asensio və Lukas sanki ortabab oyunçulara çevrilmişdilər. Qaret Beyl əslində bütün mövsümboyu aşağı səviyyədə çıxış etdi. Daha çox ehtiyatda saxlanılan Isko oyun praktikasından əziyyət çəkməyə başladı. "Real”ın gələcəyi hesab olunan ümidverici gənclər -Alvaro Odriosola, Dani Sebalos, Serxio Reqilon, Valverde, Dias isə elə də diqqəti cəlb etmədilər. Yalnız Ramos, Junior və Benzema özlərini yaxşı tərəfdən göstərə bildilər.
Əgər "Real” kimi komanda mövsüm ərzində on iki dəfə (!) məğlub olursa, belə olan halda oyunçuların ətraflı surətdə qiymətləndirilməsinə də ehtiyac qalmır. Kral klubunda yaranmış vəziyyət məşqçi amili ilə də bağlı deyildi. Həmişə”Real”ın vurğunu olmuş Solari imkanlarından aşağı səviyyədə çıxış edən komandanı yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün çox çalışdı. Onun səy göstərməsini hiss etmək heç də çətin deyildi. Amma alınmırdı ki, alınmırdı... "Tox” komandanı dərhal yerindən qaldırmaq ona müyəssər olmadı... Solari ilə əlaqədar bir məqamı yada salmaq istəyirəm. "Real” braziliyalı Ronaldonu transfer edərkən "Inter” klubuna 10 milyon avro borcu qalmışdı. Bu borcun heyətdəki futbolçunun biri ilə ödənilməsi razılaşdırıldı. "Inter” Solarinin üzərində dayandı. Lakin Argentina yığma komandasının da üzvü olan Solari hər dəfə təkildlə bildirirdi ki, kral klubu onun üçün çox doğmadır, heyətə də alışıb, ona görə də bu komandada qalmaq istəyir. Nəhayət, kral klubunun israrlı təklifindən sonra Solari "Inter”lə danışıqlar aparmağa məcbur oldu. Amma şəxsi müqavilənin imzalanması məsələsində razılıq əldə edilmədiyinə görə keçid prosesi uzanmağa başladı. Bu minvalla argentinalı yarımmüdafiəçi Santyaqo Solari yalnız özünün göstərdiyi yüksək inadkarlıq və prinsipiallıq sayəsində sevdiyi komandanın heyətində qala bildi.

Zidanın gəlişindən sonra da komandada nəzərə çarpacaq dəyişiklik baş vermədi. Təsadüfi deyil ki, "Real Sosyedad”a məğlub olduqdan sonra əsəbi görkəmdə olan Zidan mətbuat konfransında bildirdi ki, geniş surətdə heç nə danışmaq istəmir, sadəcə bu mövsümün tez bitməsini səbirsizliklə gözləyir.
"Real” demək olar ki, tam şəkildə ulduzlardan ibarət komandadır. Ancaq futbol komanda oyunudur. Futbol ulduzları da bir-birini dəstək olmasa, şərait yaratmasa, onların heç biri ayrı-ayrılıqda uğura imza ata bilməz. Təəssüf ki, bu mövsüm kral klubunda həmin isti ab-havanı da görmədik.
Beləliklə, "Real” komandası ilə bağlı şəxsi mülahizələrimi aşağıdakı amilərlə yekunlaşdırmaq istərdim. Kral klubunun bütün oyunçuları müxtəlif yığma komandalarda təmsil olunurlar. Yenicə başa çatmış dünya çempionatından sonra istirahət etməyə elə də vaxt qalmamışdı. Belə bir vəziyyətdə də artıq bütün titullardan doymuş futbolçular yeni mövsümə tələb olunan dərəcədə köklənə bilmədilər. Eyni zamanda burada onların özlərinə həddindən artıq arxayınçılıq və əminlik notlarını da yaddan çıxarmaq olmaz. Bundan başqa nəhəng klubların hamısında müəyyən mərhələlərdə futbolçularda eqoistlik baş qaldırır. Bu baxımdan "Real” da istisnalıq təşkil etmir və belə meylər kral klubunda da arabir müşahidə olunur. Bəzən futbolçular çox qazananlara da "çəp baxırlar”. Əslində bu, bütün məşhur klublar üçün xarakterik olan bir haldır. Mütəxəssislər tez-tez belə fikir səsləndirirlər ki, məşqçi istedadlı gənclərə imkan yaratmalı, onlara fürsət verməlidir. Kral klubunda bu mövsüm gənclərə böyük meydan verilsə də, onlar özlərini elə də doğrulda bilmədilər.
Hər bir halda kral klubu üçün mövsüm artıq arxada qaldı. Fikrimcə, yəqin ki, növbəti mövsüm yenə də əvvəlki illər olduğu kimi möhtəşəm bir "Real” görə biləcəyik. Düşünürəm ki, klubun prezidenti və rəhbərliyi ciddi islahatlar aparmaqla yeni transferlər həyata keçirəcəkdir. Oyunçuların psixoloji vəziyyətinin qaydaya salınması, əhvali-ruhiyyənin yenilənməsi üçün hər bir halda komandada müəyyən dəyişikliklər etmək lazım gələcəkdir. Yalnız belə ciddi tədbirlər görməklə komandanı yenidən uğur zolağına qaytarmaq mümkün olan bilər.
"Atletiko” Madridin çempionluq uğrunda mübarizədə uzun müddət ümidləri qalırdı. Lakin "Barselona” ilə həlledici səfər matçında 0-2 hesablı məğlubiyyət madridlilərin iddiasına son qoydu. Ümumiyyətlə, komandanın bu mövsüm çıxışını məqbul hesab etmək olar. Çempionlar Liqasında "Yuventus” ilə olan qarşılaşmanı isə ən yaddaqalan məqam kimi qeyd etmək yerinə düşər. Madriddə Simeonenin ciddi müzakirələrə, hətta narazılıqlara səbəb olan baş məşqçiyə yaraşmayan hərəkəti Italiya komandasını cavab matçına sanki döyüşməyə köklədi. Azarkeşlər Turində prinsipial, uzun müddət yaddan çıxmayan çox maraqlı bir oyun izlədilər. Növbəti dəfə möhtəşəm iz qoyan Ronaldonun vurduğu üç qolla "Yuventus” məğlubiyyətin əvəzini çıxıb mərhələni keçdi. Bu oyunda Ronaldo eyni zamanda Simeonenin Madriddə nümayiş etdirdiyi hərəkəti təkrar göstərməklə baş məşqçiyə "layiq olduğu cavabı” verdi. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu məşqçi heç vaxt mənim maraq dairəmdə olmayıb, bu gün də belədir və yəqin ki, olmayacaq. Belə məşqçilər (elə bəzi futbolçular da!) ən azından nədənsə unudurlar ki, futbol azarkeşlər üçün bir daxili dünya məsələsidir. Ona görə də hərəkətlərində, danışıqlarında məsuliyyətli və ehtiyatlı olmalıdırlar. O ki qaldı Ronaldoya. Bir daha bu futbolçunun içində qaynayan və hər an partlayışa hazır olan vulkanı gördük. Istər-istəməz onun qələbə, qol vurmaq eşqi ilə alovlanan gözlərinin parıltısına heyran qalırsan. Təsadüfi deyildir ki, Ronaldo bu mövsüm Italiya çempionatını ən yaxşı oyunçusu seçildi.


"Başının üstünü qara buludlar alan komandalar”

"Valensiya” mövsümə uğursuz başlasa da, sonra Çempionlar Liqasına vəsiqə verən dördüncü yeri tutmağa nail oldu. Hər hada komandanın vəziyyəti ümumi halda təhlil edildikdə, bu nəticəni "yarasalar” üçün uğur kimi qiymətləndirmək olar.
Imkanlarından aşağı səviyyədə çıxış edən "Sevilya” iddialarını ortaya qoya bilmədi. Bu dəfə liderlərlə rəqabətə qoşula bilməyən "Sevilya” hər halda Avropa Liqasına vəsiqə qazandı.
Çempionatın diqqəti çəkən komandalarından biri olan "Betis” orta sıralarda yer alsa da, yaxşı təsir bağışlamaqla həm”Barselona”nı, həm də "Real”ı səfər oyunlarında məğlub edə bildi. Komandanın yarım müdafəiçisi Serxio Kanales özünü hərtərəfli göstərdiyinə görə Ispaniya yığmasına dəvət aldı. 28 yaşlı püxtələşmiş bu futbolçu milli komanda üçün də faydalı oyunçu olduğunu sübut edə bildi.
Bu mövsüm La Liqada qalmaq uğrunda mübarizə son tura qədər gərginliyi ilə yadda qaldı. Hələ çempionatın başa çatmasına altı tur qalarkən 6-7 komandanın başının üstünü qara buludlar almışdı. Çempionatın bitməsinə iki tur qalmış Sequndaya yollanan iki komanda müəyyən edildi. Üçüncü komanda son turdan sonra bilindi. Təəssüf ki, bu komanda çempionata çox yaxşı başlayan, uzun müddət ilk onluqda bərqərar olmuş, Stuani kimi futbolçuya malik olan, amma sonradan get-gedə gözlənilmədən ardıcıl məğlubiyyətlər seriyasına məruz qalan "Jirona” oldu.
"Barselona” ilə bağlı fikirlərimi, mülahizələrimi ayrıca olaraq oxucuların diqqətinə çatdırmağı daha məqsədə müvafiq hesab edirəm.
Beləliklə, düşünürəm ki, bu mövsüm də Ispaniya çempionatı Ingiltərə Premyer Liqasından sonra bütün meyarlara və parametrlərə görə digər Avropa ölkələrini qabaqlaya bildi.



(ardı var)




Bu yazı

7429 dəfə oxunub

Tarix

2019-05-27 17:18:16

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev