Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub - FOTO və VİDEO


İyunun 21-də Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının açılış mərasimi keçirilib.
"Dinamo Arena”da keçirilən açılış mərasimini bir sıra ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Respublikası Milli Məclisin sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izləyiblər.
Gerisayım başa çatdıqdan sonra mərasim atəşfəşanlıqla açıq elan edilib. Orkestrin ifasında Belarusun dövlət himni səsləndirilib, bayrağı ucaldılıb. Sonra ikinci Avropa Oyunlarında iştirak edən komandaların paradı başlayıb. Əvvəlcə Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları arenaya daxil olublar. Onların arxasınca digər ölkələrin komandaları latın əlifbasındakı ardıcıllıqla meydana çıxıblar.
Azərbaycan millisi paradda altıncı sırada arenaya daxil olub. Komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov olub. Onu yığmamızın şef-de-missionu Anar Bağırov, idmançılar və rəsmi şəxslər müşayiət ediblər.

Sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Belarusun tarixi şəxsiyyətləri və tarixini əks etdirən kompozisiyalar izləyicilərin marağına səbəb olub. Bu ölkənin müxtəlif dövrlərdə yaşamış tarixi şəxsiyyətlərinin tanıtım videoçarxı yayımlanıb.
Mərasimdə BMT-nin baş katibi Antonio Quterreşin videotəbriki səsləndirildikdən sonra Olimpiya çempionlarının iştirakı ilə Avropa Olimpiya Komitəsinin (AOK) bayrağı gətirilərək "Dinamo Arena”da qaldırılıb.
AOK-un prezidenti Yanes Kosyançiç çıxış edərək bildirib ki, bu irimiqyaslı idman yarışında 50 ölkənin atletləri iştirak edirlər. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xatırladan Y.Kosyançiç idmançılara uğurlar arzulayıb.
Konsert zamanı tanınmış musiqiçilər – Rusiyanın Xalq artisti Anna Netrebkonun (soprano) və Azərbaycanın Xalq artisti Yusif Eyvazovun (tenor) ifaları böyük maraqla qarşılanıb.
Daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko çıxış edərək bu gün bütün avropalıların idman bayramı olduğunu söyləyib. Dövlət başçısı bildirib ki, tolerantlıq, qarşılıqlı hörmət şəraitində yaşamaq Belarusun obrazına çevrilib. Möhtəşəm idman bayramının baş tutmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirən Belarus Prezidenti II Avropa Oyunlarında iştirak edən atletlərə uğurlar arzulayıb.
Sonra Prezident Aleksandr Lukaşenko II Avropa Oyunlarını açıq elan edib.
Açılış mərasiminin sonunda Olimpiya məşəli yandırılıb və atəşfəşanlıq olub.
Qeyd edək ki, iyunun 30-dək davam edəcək II Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı mübarizəyə qoşulub. Atletlər idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycan "Minsk 2019”da 82 idmançı ilə təmsil olunur. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışacaqlar. İkinci Avropa Oyunlarına 3 min könüllü cəlb olunub.









Bu yazı

10360 dəfə oxunub

Tarix

2019-06-22 03:54:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev