Atletika idman növü ilə məşğul olanlar üçün tövsiyələr



«Atletika» (yunan dilində «atletikos» sö-zündəndir, mənası «mahir» deməkdir) qüvvə və çeviklik tələb edən hərəkətlər məcmusudur. Qədim Yunanıstanda böyük fiziki qüvvəyə malik şəxsləri - idman yarışlarının iştirakçılarını atlet adlandırırdılar.
Hələ 1896-cı ildən - ilk Olimpiya startları ilindən yüngül atletlərin yarışları Olimpiadaların proqramında mərkəzi yer tutmuşdu. Bu növ üzrə mübarizənin ən çox fərqlənən qalibləri Olimpiya Oyunlarının qəhrəmanları sayılırlar. Olimpiadaya da onların adı verilirdi. Məsələn, «Cessi Ouensin Olimpiadası», «Fanni Blankers-Kunun Olimpiadası», «Vladimir Kutsun Olimpiadası».
İlk olimpiadalar dövründə yarışların proqramına stadionun uzunluğu boyunca (192, 27 metr məsafəyə) bir dəfə qaçmaq, dianul - stadionun uzunluğu boyunca iki dəfə qaçmaq (384, 54 metr) və dolikodrom (24 mərhələ - 4. 714, 5 metr) daxil idi. Bizim eradan əvvəl 708-ci ildə yüngül atletikanın ayrı-ayrı növləri çoxnövçülükdə birləşdirildi və o, pentatlon adlandırıldı. Fiziki hazırlığın əsasını təşkil edən pentatlon beş növ yarışdan - stadionun uzunluğu boyunca bir dəfə qaçmaqdan, uzunluğa tullanmaqdan, dəmir lövhə, nizə atmaqdan və güləşməkdən ibarət idi.
Qədim Olimpiya Oyunlarının proqramına daxil olan ənənəvi yarışları atletika adlan-dırırdılar. Bu yarışlar yüngül və ağır atletikadan ibarət idi. Yüngül atletikaya çeviklik, sü-rət, dözümlülük nümayiş etdirilən hərəkətlər - qaçış, tullanmaq, idman alətləri atmaq, üz-güçülük, kamandan ox atmaq və s. daxil idi. Ağır atletikaya isə yunanlar əsasən qüvvə artıran hərəkətləri - güləşməni, yumruq döyüşünü, ağırlıqqaldırmanı aid etmişlər.
İdmanın müasir növlərinin inkişafı prosesində qədim yunan ifadəsi «yüngül atletika» olduğu kimi qaldı. İndi o, təbii tətbiqi hərəkətləri – idman yerişini, müxtəlif məsafələrə sədlərsiz və sədləri dəf etməklə qaçmağı, idman alətləri atmağı, uzunluğa və hündürlüyə tullanmağı, çoxnövçülüyü əhatə edir. Bununla belə, «yüngül atletika» termini şərtidir. Əsrlər keçərək bizə gəlib çatan həmin termin idmanın bu növünə daxil olan hə-rəkətlərin məzmununu dəqiq əks etdirmir. Məsələn, 2 saat 15 dəqiqə ərzində 42 kilometrdən çox məsafəni qət etmək, yaxud 8 metrdən artıq uzunluğa tullanmaq yüngül, asan bir işdirmi? Əlbəttə, yox! Buna baxmayaraq «yüngül atletika» termini idmana möh-kəm daxil olmuş, illər keçdikcə yüngül atletikanın növləri xeyli artmışdır. Hazırda onun kişilər üçün qırxa yaxın və qadınlar üçün təqribən iyirmi növü vardır.
Kişilər arasında yarışlar hamar, maneəsiz cığırlarda 100, 200, 400, 800, 1.500, 5.000 və 10. 000 metr məsafələrə qaçmaq, marafon yürüşü (42 kilometr 195 metr), sədləri dəf etməklə 110 və 400 metr məsafələrə, maneələri dəf etməklə 3. 000 metr məsafəyə qaçmaq, 4x100 metr və 4x400 metr məsafələrə estafet qaçışı, 20 və 50 kilometr məsafə-lərə idman yerişi, yüyürərək uzunluğa, hündürlüyə, şüvüllə hündürlüyə tullanmaq, üç tə-kanla uzunluğa tullanmaq, dəmir lövhə, nizə, çəkic atmaq, yadro itələmək və onnövçülük üzrə keçirilir.
Qadınlar isə Olimpiya Oyunlarında 100, 200, 400 və 800 metr məsafələrə qaçmaq, sədləri dəf etməklə 80 metr məsafəyə qaçmaq, 4x400 metr məsafəyə estafet qaçışı, yüyürərək uzunluğa və hündürlüyə tullanmaq, dəmir lövhə və nizə atmaq, yadro itələmək və beşnövçülük üzrə yarışırlar.
Gördüyünüz kimi, bəyənib seçmək üçün kifayət qədər idman növü vardır!
Görkəmli rus şairi Aleksandr Blok «idman kraliçasına» çox dəqiq qiymət ver-mişdir: «Dünya incəsənət orkestrində yüngül atletika incəsənəti heç də axırıncı yeri tutmur». Bu sözlərin dərin mənası vardır. Heç bir digər fiziki hərəkət insan orqanizminə yüngül atletika qədər faydalı təsir göstərə bilmir. Açıq havada, günəşin həyatverici şüaları altında qaçmaq, tullanmaq, idman alətləri atmaq əzələləri möh-kəmləndirir, ürək-damar, sinir, tənəffüs sistemlərinin işini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir, orqanizmi mətinləşdirir, onun soyuqdəymə xəstəliklərinə qarşı müqavimətini artırır. Təsadüfi deyildir ki, «idman kraliçasının» pərəstişkarları ildən-ilə artır. Ölkənin ən güclü avarçəkənləri, boksçuları, güləşçiləri, fuboçuları yarışlara hazırlaşarkən yüngül atletika hərəkətlərindən müvəffəqiyyətlə istifadə edir-lər.
Yüngül atletika özü nə qədər görkəmli idman ustasını aşkara çıxarmışdır! Yüngül atletikanın daha bir xüsusiyyəti vardır ki, ona nə futbolda, nə hokkeydə, nə də başqa bir idman növündə rast gəlirik. Futbol yarışında bir idmançının zəif, inamsız oyunu qalanlarının səyi nəticəsində gözə görünmürsə, hiss olunmursa, yüngül atlet ancaq öz qüvvəsinə ümid bəsləyir. Yaxşı məşq etməmişdirsə, deməli, yüksək nəticə gözləməməlidir! Burada başqalarının hesabına irəli getmək mümkün deyildir. Məqsədə çatmaq üçün hər kəs özü zəhmət çəkməlidir. Fiziki kefiyyətlərlə yanaşı, bütün bu xüsusiyyətlər iradə, qətiyyət yaradır, məşq prosesinə yaradıcı mü-nasibət bəsləməyə məcbur edir.
Beləliklə, yüngül atletika «yüngül» adlansa da, burada yüksək ustalığa nail olmaq heç də asan deyildir.

Biz hamımız yeriyə bilirik. Lakin yeriməklə yerimək arasında fərq vardır. Məsələn, sən yarım saat ərzində 5 kilometr məsafə qət edə bilərsənmi? Yəqin ki, yox. Halbuki idman yerişində bu, gənclər arasında birinci dərəcə normasına bərabərdir. İdman yerişi adi yerişdən hərəkətlərin xarakteri ilə fərqlənir ki, bu da yüksək sürətə nail olmağa imkan verir. Adi piyada bir saat ərzində orta hesabla 5 - 6 km yol gedirsə, məşq görmüş, yeriş texnikasına yaxşı bələd olan yüngül atlet həmin müddətdə bundan iki dəfə yarım çox məsafə qət edə bilir!
Bacarıqlı yeriş ustalarının hərəkətləri təbiidir, sərbəstdir. Onlar başlarını, çiyinlərini, bədənlərini düz və sərbəst saxlayırlar, yalnız gövdələrini bir qədər qabağa əyirlər. Əlləri fəal surətdə irəli-geri hərəkət edir. Addımları geniş və yüngüldür. Heç bir artıq hərəkətə yol vermirlər! Bütün hərəkətlərin bir-biri ilə uy-ğunlaşdırılması, ahəngdarlığı, əzələlərin məharətlə gah gərginləşdirilməsi, gah da boşaldılması, dərin tənəffüs idmançıların öz qüvvələrini qənaətlə işlətmələrinə və buna görə də uzun müddət - on kilometr məsafədə yüksək yeriş sürətini mühafizə etmələrinə imkan verir.

Başqa bir misal. Qaçmağı öyrənmək ilk baxışda çətin bir iş deyildir. Bunu hamı bacarar. Fərq burasındadır ki, biri yaxşı qaçır, biri pis. Lakin diqqətlə baxsan, qaçmağa təzə başlayanı təcrübəli idmançıdan asanlıqla ayıra bilərsən. Əsl idmançı qaçış yolunda elə irəliləyir ki, kənardan baxanda pəncələrini yerə ehmalca vura-vura, pərvazlandığını güman edirsən. Onun bütün bədəni sim kimi gərilmişdir, la-kin eyni zamanda son dərəcə sabitdir. Hərəkətləri yüngül və dəqiqdir. İdmançı stadionda dalbadal dövrə vurur. Ona baxanlar elə güman edirlər ki, özləri də bu cür qaça bilərlər. Ancaq buna cəhd göstərsələr, bir şey çıxmayacaqdır: cəmi iyirmi-otuz metrdən sonra tövşüməyə başlayacaqlar, ayaqlarından elə bil ağır daşlar asılacaqdır.
Yüngül atletikanın ən böyük ləyaqəti onun təbiiliyi və hamının məşğul olması üçün mümkünlüyüdür. İdmanın bu növünün əsasını bizə uşaqlıqdan məlum olan hərəkətlər - yeriş, qaçış, tullanmaq, alət atmaq təşkil edir.
Yüngül atletika ilə hamı - uşaqlar və böyüklər, kişilər və qadınlar məşğul ola bi-lərlər. Məşqlərin təşkili, yarışların, hər cür estafetlərin, qaçışların keçirilməsi çətin deyildir, bundan başqa, yüngül atletikanın tərkibinə daxil olan bütün hərəkətlər yüngül və gözəldir.
Boksçular üçün rinq və xüsusi əlcəklər, futbolçular üçün stadion, velosipedçilər üçün trek və velosiped, üzgüçülər üçün hovuz lazımdırsa, yüngül atletlər öz ustalıqlarını hər hansı meydançada, meşə talasında, parkda təkmilləşdirə bilərlər. Bu zaman nə xüsusi avadanlıq, nə də bahalı inventar lazımdır. Gərəkli avadanlığın hamısını idmançı öz əlləri ilə hazırlaya bilər.

Hər ilin baharında ölkənin bir çox şəhərlərində estafetlər keçirilir. Yəqin ki, sizin özünüz də doğma şəhərin küçələrində maraqlı estafet qaçışlarının şahidi olmuşsunuz. Məsələn, hər il Azərbaycanda Olimpiya Qaçış Günü keçirilməsi ənənə halını almışdır.
Gördüyün kimi, bu və ya başqa rekordu daha yüksək səviyyəyə çatdırmaq üçün çox böyük səylər göstərmək lazımdır. Lakin çətinliklər səni qorxutmamalıdır. Axı, uzun çəkən gərgin əməkdən sonra qazanılan qələbələr asan nailiyyətlərə nisbətən daha qiymətlidir. Şöhrət zirvəsinə qalxa bilməsən də ruhdan düşmə. Əsas məsələ budur ki, yüngül atletlərin yarışlarına yuxarıdan, stadionun tribunasından baxmayasan, qaçış yo-luna çıxasan və startlarda özün də iştirak edəsən.
Məşqlərə vaxtında başlamasan, rekordlar vurmaq barədə düşünməyin mənası ol-mayacaqdır. Sürətlə qaçmaq xoşuna gəlirsə, düzgün qaçmağı mümkün qədər tez öyrən-məlisən. Başlıca məsələ uzun müddət qaçmağa alışmaq deyil, sərbəst yüngül, eyni zamanda sürətli qaçmağı bacarmaqdır. Məşhur sprinterlərin təcrübəsi bunu təsdiq edir. İdman məhz gənclər üçün hünər meydanıdır. Bizim mütəxəssislərimiz qısa məsafələrə qaçan keçmiş sovet və amerikan idmançılarının tərcümeyi-hallarını təh-lil edərkən məlum olmuşdur ki, onların hamısı 100 metr məsafəyə qaçmaqda ilk vaxtlar təxminən eyni nəticələr (11, 8-12, 3 saniyə) göstərmişdir. Yalnız 7-9 il gərgin məşq etdikdən sonra rekord nəticələr göstərmək mümkün olmuşdur.
Lakin təhlil başqa bir məsələni də aydınlaşdırmışdır. ABŞ sprinterlərinin böyük əksəriyyəti yetkinlik dövrünə 20-22 yaşda çatırdısa, ən yaxşı keçmiş sovet idmançılarının orta yaşı bir qayda olaraq 25-dən artıq idi. Deməli, ən mühüm fiziki keyfiyyətlərin - sürətin inkişaf etdirilməsi üçün biz uşaqlıq və gənclik illərindən pis istifadə edirik. Nəticə belədir: məşqlərə ümumtəhsil məktəbinin aşağı siniflərində başlamaq lazımdır.
Okeanın o tayındakı sprint çempionlarına qalib gəlmək üçün biz nə etməliyik?
Texnikaya daha çox fikir ver. Hər bir hərəkəti səbrlə və inadla, dəfələrlə təkrar et, çalış ki, onu son dərəcə cilalayasan, mümkün qədər dəqiq yerinə yetirəsən. Unutma ki, düzgün mənimsəyə bilmədiyin hərəkətləri dəqiqləşdirmək onları yenidən öyrənməkdən daha çətindir.
Daha bir məsləhət. Məşqlərinin mümkün qədər rəngarəng olmasına çalış. Yalnız sevmədiyin idman növü ilə məşğul olsan, yüksək nəticələr qazana bilməzsən. Müşahi-dələr göstərmişdir ki, yüngül atletikanın yalnız bir növü ilə məşğul olmaq nəticəsində bədən birtərəfli inkişaf edir, bu isə yüksək nailiyyətlər qazanmağa imkan vermir. Cürbəcür növlər üzrə məşqlər isə gələcək qələbələrin etibarlı bünövrəsini qoymaq de-məkdir.
Beləliklə, idman sahəsində ilk addımlar sağlamlığın möhkəmləndirilməsinə, ümu-mi fiziki inkişaf məqsədlərinə xidmət etməlidir. Sən nə qədər güclü, çevik, dözümlü olsan, məqsədə bir o qədər tez çatarsan.
Qarşına vəzifə qoyarkən qüvvəni ölç-biç. Əvvəlcə gənclər dərəcəsi normalarını ödəməyə çalış. Sonra üçüncü, ikinci, birinci dərəcələrə keç… Ustalığa namizəd, idman ustası, beynəlxalq dərəcəli idman ustası normalarının ödənilməsi isə gələcəyin işidir. Buna o zaman nail ola bilərsən ki, orqanizmin tamamilə formalaşmış olsun. Hələlik isə hər bir yeni yüksəklik, hər dəfə nəticənin saniyə hissələrinə qədər yaxşılaş-dırılması sənin yeni bir qələbəndir, ümumi məqsədə doğru daha bir addımdır!
İdman yetkinliyini yoxlamaq üçün yarışlar ən yaxşı imtahandır. Yarışlara ciddi və düşünülmüş qaydada hazırlaş. Təcrübəsiz idmançılar yarışlarda çox zaman zəif nəticələr göstərirlər. Bu müvəffəqiyyətsizliklər ilk növbədə məsul startlara düzgün hazırlaşa bilməməyin nəticəsidir. Bəziləri itirilmiş vaxtın əvəzini çıxmaq üçün həddindən çox gərgin məşq edir, bəzən isə əksinə, yaxşıca istirahət edib qüvvə top-lamağı üstün tuturlar. Bunların hər ikisi səhvdir. Hədsiz gərginlik də, günlərlə davam edən passiv istirahət də idmançnın yarışlara hazırlıq səviyyəsinə mənfi təsir göstərir.
Həmişə mümkün qədər daha yaxşı çıxış etməyə çalış. Lakin hamıdan tez qaçmaq və ya hamıdan yuxarı tullanmaq arzusu texnikaya - hərəkətlərin əlaqələndirilməsinə və adət edilmiş ahənginə xələl gətirilməməlidir. Hər hansı bir şəraitdə maksimum səy göstərərkən çalış ki, inam hissini və səlisliyi itirməyəsən. Yarışlar uzun müddət davam edərkən bunun əhəmiyyəti daha böyükdür.
Yarış haqqında, qarşıdakı mübarizə, rəqiblər haqqında düşüncələr adamı yorur. Təcrübəli idmançılar bu fikirlərdən ayrılmaq üçün kinoya, teatra gedir, stolüstü tennis və ya şahmat oynayır, sevdikləri bir işlə məşğul olurlar. Sən də belə et.
Nəhayət, axırıncı məsləhət. Müvəffəqiyyətsizliyə uğrayanda ruhdan düşmə. Qələbələrə doğru gedən yol məğlubiyyətlər üzərindən keçir. Səhvlərini təhlil etməyi öyrən ki, gələcəkdə onlara bir də yol verməyəsən. Heç zaman unutma ki, yalnız, inadcıl, səbrli, iradəli adamlar, öz arzusunu inamla həyata keçirməyi bacaranlar finiş xəttində qələbə sevincini duya bilərlər.
Qüvvənin qənaətlə sərf olunması, hərəkətlərə minimum enerji işlədilməsi hər hansı məsafəyə qaçarkən həlledici əhəmiyyətə malikdir.
Yüksək sürətlə qaçmağa başlamazdan əvvəl özündə ümumi dözümlülük xasiyyəti yarat. Bu, gücdən düşməyinin qarşısını alar.

Qaçış texnikasını öyrənmək üçün ən yaxşı vasitə sürəti tədriclə artırmaqdan iba-rətdir. Sürət hər dəfə artırıldıqca hərəkətlərin sərbəstliyi olduğu kimi qalmalıdır.
Yorğunluq hiss olunan kimi sürətin artırılmasını dayandırmaq və bundan sonra ətalət qüvvəsi üzrə, mümkün qədər sərbəst qaçmaq lazımdır.
Gənc idmançıların ən çox yol verdikləri səhvlər qaçarkən budun kifayət qədər yu-xarı qaldırılmaması (bunun nəticəsində addım qısalır), gövdənin qabağa və ya geriyə həddindən artıq çox əyilməsi, start nöqtəsindən zəif sıçrayış, əllərin dəqiq hərəkət etdirilməməsi, pəncənin həddindən çox açılması və dolambac qaçışdır.
Güzgü qarşısında qaçaraq əllərinin hərəkətini yarışlar üçün dəqiqləşdir. Bu zaman çiyinlərini gərginləşdirmə, əllərinin sərbəst surətdə irəli-geri hərəkət etməsinə diqqət yetir.
İdmançılar cürbəcür qaçış formaları tətbiq edirlər. Dəyişkən sürətli qaçış dö-zümlülüyü artırmağa imkan verir. Bu zaman idmançı müəyyən məsafəni asta qaçdıqdan sonra sürəti artırır. Təkrar qaçış həm sürəti, həm də dözümlülüyü artırmaq məqsədinə xidmət edir. İdmançı 5 - 10 dəqiqəlik fasilələrlə məsafənin müəyyən hissələrini yüksək sürətlə bir neçə dəfə qaçır. Sürətli qaçış yarışa hazırlıq səviyyəsinə nəzarət etmək üçündür: nəzərdə tutulmuş məsafəni qaçış sürətinə yaxın olan bir surətdə qaçmaq lazımdır.
Qaçarkən tənəffüs təbii olmalıdır. Dərindən nəfəs al, nəfəsini qırma, tənəffüsün səlis olmasına çalış. Mümkün qədər burnunla və ağzını yarımçıq açaraq nəfəs al. Küçədə yeriyərkən, gəzintiyə çıxarkən tənəffüsünü məşq etdir: hərəkətlərini tənəffüslə əlaqələndir. Bu zaman belə bir ahəngə əməl et: 2 - 3 addımdan bir nəfəs al, 4 - 5 - 6-cı addımlarda nəfəsini buraxmaq üçün mümkün qədər yumşaq qaçış yolu seç. Ot və yumşaq qum üzərində qaçmaq çox faydalıdır. Yer bərk olsa, ayaqların ağrıyar və tez yorularsan.
Qışda açıq havada idman yerişi ilə, qaçmaqla, sadə tullanışlarla və idman alətləri atmaqla məşğul ol. Məktəbin həyətində və ya idman meydançasında, parkda, yaxud meşədə müəyyən sahəni yoldaşlarınla birlikdə qardan təmizlə, üstünə qum, kül və narın şlak tök. Bu, ən yaxşı qaçış yoludur. Tullanmaq üçün ölçüləri 4x6 metr olan xəndək hazırlayın. Onun dibinə küknar budaqları, taxta yonqarı, saman, üstündən isə kəpək tökmək lazımdır.

Krosslara yoldaşlarınla birlikdə hazırlaş. Birgə məşqlər müxtəlif çətinliklərlə mü-barizə aparmaq bacarığı yaradır. Bundan başqa, təzə başlayan idmançılar təcrübəli yoldaşları ilə birlikdə məşq edərkən sərbəst qaçmağı, dərindən və düzgün tənəffüs etməyi, müxtəlif taktiki üsulları onlardan öyrənə bilərlər.
İdman alətləri atmaq texnikasını inkişaf etdirməyə nisbətən asan hərəkətlərdən başla. Əvvəlcə aləti yerindən atmağı öyrən, yalnız bundan sonra dönərək və yüyürərək atmağa çalış.
Aləti atmazdan əvvəl düzgün mövqe tut və atma prosesinin özünün dəqiq olmasına fikir ver. Əsas diqqət ayaqların, gövdənin və aləti atan əlin sürətlə hərəkət etməsinə yetirilməlidir. Təkcə bir əlin gücü ilə idman alətini çox uzağa atmaq mümkün deyildir.
Tullanmaq və idman alətləri atmaq yarışlarında sınaq üçün bir neçə cəhd göstər-məyə icazə verilərsə, onlara maksimum qüvvə sərf etmə. Yoxsa gücdən düşərsən. Bu cəhdlərin məqsədi hərəkətlərin dəqiqliyini yoxlamaqdan və qarşıdakı çıxışa hazırlığı başa çatdırmaqdan ibarətdir.
Bir sıra hərəkətlərin yerinə yetirilməsi bütün növlər üzrə ixtisaslaşan atletlər üçün faydalıdır. Buraya aşağı start götürdükdən sonra qaçış, akrobatika, müxtəlif mütəhərrik oyunlar və idman oyunları, içinə şey doldurulmuş top atmaq, qantellərlə hərəkətlər, üç və beş təkanla tullanmaq və şübhəsiz ki, krosslar - kələkötür yerlərdə qaçmaq daxildir.

Qeyd edək ki, Azərbaycan Atletika Federasiyası 1993-cü il iyulun 6-da yaradılıb və 1992-ci ildən İAAF-ın üzvüdür. Atletika Federasiyasının yetirmələrindən Y.Samadurkov, A.Hacınski, K.Krılov, Y.Makarov, A.Şmatov, Medve-deva, H.Yurasov, H.Soldatov, A.Şepelev, A.Semyanistı, Y.Antonov, Y.Rusanov, H.Peterson, A.Fomkova, R.Voroviç, H.Nikolayeva, D.Cdaneşkina, S.Vasilyeva, M.Urbanoviç, Q. Qaneker, V.Sereda, Ə. Səfərov, T.Karayev, X.Mədətov, A.Kornelyuk, Y.Konovalov Ü.Qasımov, Z. Ələsgərova, T. Məmmədov, V.Simakov, İ.İlev, M.Paşina, F.Qasımova, Ş.Manqutova, N.Kosareva, A.Cəfərov, V.Tatarintsev A. Əzimov, V. Əsədov, S. Sadıqov, V. Mineyev, S. Boçkov, Ə. Şükürov, T. Qasımov, D. İbrahimov, M. Larina, R. Quliyev , R.Abbasov, N. Əsədov, N. Babayev və b. göstərmək olar.



Bu yazı

12521 dəfə oxunub

Tarix

2019-06-27 16:18:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev