“İnam olmayan yerdə heç bir qələbədən söhbət gedə bilməz”



Bu gün Azərbaycan bir çox sahələrdə olduğu kimi idmanda da dünyada öz sözünü deməyi bacarır. Ölkəmizin nüfuzlu idman tədbirlərinə layiqincə ev sahibliyi etməsi, beynəlxalq arenalarda əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, "Odlar yurdu”, həqiqətən, idman ölkəsidir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda yeniyetmə və gənclər arasında çox sevilən güləş, cüdo, boks kimi təkmübarizlik idman növləri sürətlə inkişaf edib. Lakin qolf, reqbi və s. kimi idman növlərinə bu fikri aid etmək mümkün deyil. Belə idman növlərindən biri də tennisdir. Tennis dünyada çox sevilsə də, hələ ki, Azərbaycanda, necə deyərlər, auditoriya qazanmağı bacarmayıb. Hazırda paytaxtın, demək olar ki, hər küçəsində bir cüdo, güləş zalına rast gəlmək mümkündür. Paytaxt və bölgələrdə adı çəkilən idman növləri üzrə onlarla klub fəaliyyət göstərir. Tennislə məşğul olmaq üçün isə yalnız bir ünvan var - Bakı Tennis Akademiyası. 2009-cu ildən fəaliyyət göstərən bu akademiyanın əsas məqsədi ölkəmizdə tennisin inkişafını təmin etmək, peşəkar tennisçilər yetişdirməkdir. Yaradılan şəraitlə əyani tanış olmaq üçün idman ocağının direktoru Salam Əsgərəlizadə görüşüb, söhbət etdik.
Əvvəlcə, qəzetimizə mövcud infrastuktur barədə məlumat verən Salam müəllim bildirdi ki, Bakı Tennis Akademiyası qəbul olunmuş standartlara cavab verir. " Bakı Tennis Akademiyası artıq 10 ildir ki, fəaliyyət göstərir. Akademiyanın ərazisi 2,7 hektardır. Kompleksin 4070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Burada İtaliyadan gətirilmiş iri tutumlu su anbarı, nasos stansiyası, elektrik idarəetmə otağı və transformator yarımstansiyası quraşdırılıb. Bu qurğular akademiyanın su və elektrik enerjisi ilə etibarlı təmin olunmasına imkan verir. Akademiyada 6 açıq, 4 bağlı kort, 1 bağlı mərkəzi kort, 1 üzgüçülük hovuzu, həmçinin trenajor zalı, sauna və futbol meydançası var. Uzunluğu 126 metr, eni 36 metr olan və 407 nəfər tamaşaçı tutan qapalı zalda beynəxalq standartlara cavab verən şərait yaradılıb. Kortların hər birinin sahəsi beynəlxalq standartlara uyğun olaraq 670 kvadratmetrə bərabərdir. İlin bütün fəsillərində burada yerli və beynəlxalq yarışların və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Hazırda akademiyada 130-a yaxın idmançı həvəskar şəkildə tennislə məşğul olur. Biz onların gələcək uğurlarına ümid bəsləyirik. Müxtəlif yaş qrupları üzrə 10 məşqçi-müəllim idmançılara tennisin sirlərini öyrədir. Əsas məqsədimiz tennisin inkişaf etdririlməsidir. Digər idman növləri üzrə həvəskar məşqlərin keçirilməsi isə bir növ tennislə məşğul olanların fiziki cəhətdən daha da inkişaf etmələri üçün nəzərdə tutulub. Çünki futbol da, trenajor da, üzgüçülük də bu və ya digər dərəcədə tennisçi üçün lazımdır. Belə ki, tennisçilərə verilən əsas tələblərdən biri idmançıların cəldliyi, belə demək mümkünsə, daim hərəkətdə olmalarıdır. Tennisçilərə bəzən kifayət qədər çox fiziki güc və iradə lazım olur. Hər məşqdən sonra trenajor alətləri ilə yarım saat məşğul olmaq idmançılara bu məsələdə kömək olur. Həm də tennisçilər, xüsusilə, gərgin oyunlardan sonra çox yorulurlar. Etiraf etmək lazımdır ki, ağır tennis raketkasını xeyli müddət əldə tutaraq topa zərbələr endirmək o qədər də asan məsələ deyil. Nəticədə əzələlər təzyiqə məruz qalır, sıxılır. Ona görə də hər məşqdən sonra hovuza girib 5-10 dəqiqə üzmək məsləhət görülür. Belə olan halda əzələlər boşalır və tennisçi itirdiyi enerjini bərpa edə bilir. Göründüyü kimi, Bakı Tennis Akademiyasında peşəkar tennisçilərin yetişməsi üçün hər cür şərait var. Bircə qalır həvəs və əzmkarlıq”, - deyə müsahibimiz bildirdi.

"Tennisə
başlamağın
ən ideal vaxtı...”
Həmsöhbətimiz tennisin ölkəmizdəki hazırkı durumu ilə bağlı danışarkən bildirdi ki, bu idman növü hələ Azərbaycanda ilk addımlarını atır. Salam müəllimin sözlərinə görə, tennisin ölkəmizdə ləng inkişaf etməsinin obyektiv və subyektiv səbəbləri vardır. "SSRİ dövründə Azərbaycanda tennislə məşğul olanların əksəriyyəti müxtəlif millətlərin nümayəndələri idilər. SSRİ dağılandan sonra onlar buranı tərk etdilər. Belə demək mümkünsə, ölkədə gənc nəslə nümunə ola biləcək tennisçi qalmadı. Tennis bir növ unuduldu. Bundan başqa onu deməliyəm ki, tennis üçün tələb olunan inventarlar böyük maliyyə hesabına başa gəlir. Xüsusilə, kortların qiyməti olduqca bahadır. Bu səbəbdən də tennisi arzuolunan səviyyədə inkişaf etdirmək üçün ona lazımi məbləğdə vəsait ayırmaq lazımdır. Üçüncü amil də yenə tennisin özünün səciyyəvi cəhəti ilə bağlıdır. Belə ki, başqa idman növləri ilə məşğul olanlar bir müddət məşqləri dayandırdıqdan sonra yenidən idmana qayıda bilərlər. Tennisdə ikinci qayıdış adətən uğursuzluqla nəticələnir. Gərək tennislə həmişə, hər an məşğul olasan. Heç kimə sirr deyil ki, yeniyetmələr 14-15 yaşlarında ali məktəbə qəbul olmaq üçün dərslərinə daha ciddi yanaşmağa başlayır, repetitor yanına gedirlər. Nəticədə, onların günlük rejimləri çətinləşir və bəzən də idmanı ikinci plana salırlar. Ancaq unutmaq olmaz ki, tennisə başlamağın ən ideal vaxtı elə həmin yaşlardır. Sadaladığım bu amillər tennisin digər idman növlərinə nisbətən az inkişaf etməsi ilə nəticələnir. Amma sevindiricidir ki, bu idman növü ölkəmizdə getdikcə kütləviləşir, yeniyetmələrin marağına səbəb olur. 

Bakı Tennis Akademiyasında bacarıqlı idmançılar yetişir. Onlardan biri də Umayra Həşimovadır. O, beynəlxalq turnirlərdə bir neçə dəfə yarımfinala və 1/4 finala qədər irəliləyib. Bu, bizi fərəhləndirməyə bilməz. Əminliklə söyləmək olar ki, əgər Umayra bu templə davam etsə gələcəkdə ən yaxşı tennisçilər sırasında ola bilər.”


"Legioner heç vaxt yerli idmançı qədər
vətənin, bayrağın
təəssübünü çəkə bilməz”
Məlum olduğu kimi, fərqli idman növləri üzrə milli komandalarımızda legioner idmançılar da yer alırlar. Onlar müxtəlif yarışlarda Azərbaycanı layiqincə təmsil etməyə, ölkə bayrağını dalğalandırmağa çalışırlar. Salam müəllim söhbət zamanı vurğuladı ki, Tennis Akademiyası daha çox yerli idmançılar yetişdirmək istəyir, nəinki legionerləri heyətə cəlb etmək. "Legionerlər müqavilə əsasında ölkəni təmsil edirlər, yerli idmançılar isə ölkə idmanının gələcəyinə xidmət edirlər” deyən akademiya direktoru, həmçinin vurğuladı ki, legionerlər bütün dünyada qəbul edilsə də, onlar adətən müvəqqəti olaraq konkret yığma komandanı təmsil edirlər. Amma yerli idmançılar illər boyu öz vətəni üçün çalışırlar. Müsahibimizin fikrincə, legioner heç vaxt yerli idmançı qədər vətənin, bayrağın təəssübünü çəkə bilməz. "Yerli idmançılara üstünlük verməyimizin bir səbəbi də odur ki, iştirak etdiyimiz yarışlarda arzu etdiyimiz nəticəni əldə edə bilək. Doğrudur, əcnəbi idmançılar adətən, peşəkar olurlar, onları hazırlamağa ehtiyac olmur. Ölkədə yerli bir tennisçi yetişdirmək üçün isə on illiklər tələb olunur. Lakin nəzərə almaq lazımdır ki, legioner nə qədər istəsə də, öz idmançımız kimi həvəslə, şövqlə mübarizə apara bilməz. Yarış meydançalarında göz yaşı tökənlərin əksəriyyətinin həmvətənimiz olması heç də təsadüfi deyil”, - deyə Salam Əsgərəlizadə əlavə etdi.


"Tennis təkcə
idman deyil, həyat tərzidir”
Söhbət zamanı məlum oldu ki, Salam müəllimin özü də bir vaxtlar tennislə peşəkar səviyyədə məşğul olub. O, uzun illər tennisin sirlərinə yiyələnib, sonradan məşqçi-müəllim kimi çalışıb. Fürsətdən istifadə edib bir mütəxəssis kimi daha bir neçə sualla bağlı Salam müəllimin fikirlərini öyrəndik. Tennisin digər idman növlərindən hansı xüsusiyyətlərinə görə fərqləndiyinə aydınlıq gətirən müsahibimiz bildirdi ki, bu idman növü ilə məşğul olanları digərlərindən fərqləndirən əsas xüsusiyyət qollarının çox güclü olmasıdır. "Tennislə məşğul olanların qolları çox güclü olur. Çünki onlar 300 qram ağırlığındakı raketka ilə oynayırlar. Mən gənc yaşlarımda tennislə məşğul olan zaman bir qol güləşi yarışında iştirak etdim və ikinci oldum. Əlbəttə, bu, heç də təsadüfi deyil. Bundan başqa tennislə məşğul olanlar cəldliyə öyrəşir, hadisələrə tez reaksiya verə bilirlər. Onlar həm də tez qərar verməyə, tək mübarizə aparmağa vərdiş edirlər. Belə ki, top rəqibdən sənə çatana qədər cəmi bir neçə saniyə ərzində sən düzgün qərar verib, topu necə qarşılayacağını hesablamalısan. Bəzən tennnis futbolla müqayisə olunur. Amma nəzərə almaq lazımdır ki, futbol komanda oyunudur, sən komanda yoldaşlarına arxayın ola, yeri gəldikcə, onlardan kömək istəyə bilərsən. Tennisdə isə tək mübarizə aparırsan, ancaq öz gücünə inanmağı bacarmalısan. Bu isə yüksək psixoloji hazırlıq tələb edir. Bizim elə idmançılarımız var ki, məşq vaxtı çox gözəl oynayırlar, fəqət, yarışa çıxan kimi özlərini itirirlər. Bu səbəbdəndir ki, biz müntəzəm olaraq Bakı Tennis Akademiyasına psixoloqlar dəvət edirik. Çalışırıq ki, idmançılarımız tennisin nəzəriyyəsini, texnikasını öyrənməklə yanaşı, həm də özlərinə inansınlar. Çünki inam olmayan yerdə heç bir qələbədən söhbət gedə bilməz. Qeyd edim ki, mən əlli ilə yaxındır ki, tennislə məşğulam. Hətta günü bu gün də oynayıram. Tennis məni gümrah, sağlam saxlayır. Mən deyərdim ki, tennis təkcə idman deyil, həyat tərzidir. Ona görə də bütün yeniyetmə və gənclərə məsləhət görürəm ki, həvəskar şəkildə də olsa tennislə məşğul olsunlar”, - deyə mütəxəssis əlavə etdi.
Bəzi hallarda idmana yeni başlayan yeniyetmə və gənclər bir müddətdən sonra məşqlərdən aralanırlar. Salam müəllimin fikrincə, bu, bir çox hallarda məşqçi-müəllimin qeyri-peşəkarlığı ilə bağlı olur. Onun fikrincə, əgər məşqçi-müəllim işinin öhdəsindən layiqincə gəlib, özünü və məşqi yeniyetmə-gəncə sevdirə bilərsə, onda idmançı heç vaxt məşqlərə ara verməz. "Məşqçi-müəllim ilk növbədə psixoloq olmalı, hər yetirməsinə fərdi yanaşmağı bacarmalıdır. Əgər o, bunu bacararsa, deməli, uğurun yarısını artıq əldə edib. Bəzən deyirlər ki, məşqçi-müəllim qəddar olmalıdır. Mən bu fikirlə razılaşa bilmirəm. Məncə, məşqçi-müəllim ilk növbədə ata, sonra psixoloq olmağı bacarmalıdır”, - deyə, Salam Əsgərəlizadə fikirlərini tamamladı.
Göründüyü kimi, Bakı Tennis Akademiyası Azərbaycanda bu idman növünün kütləviləşməsi üçün mümkün qədər səmərəli çalışır. İnanmaq olar ki, yaxın gələcəkdə ölkəmiz beynəlxalq arenada tennis idman növündə də öz sözünü deməyi bacaracaq.

Kənan Novruzov



Bu yazı

12880 dəfə oxunub

Tarix

2019-07-09 12:36:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev