Bakı-2019-un iştirakçıları ilə görüş keçirilib



Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılar, məşqçilər və idman federasiyalarının nümayəndələri ilə görüş keçirilib.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, festivalda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri və MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, Komitənin marketinq şöbəsinin rəisi Mehman Kərimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Çingiz Hüseynzadə Azərbaycanın bir neçə gündən sonra daha bir mötəbər idman yarışına ev sahibliyi edəcəyini qeyd edib. Komandamızın festivalda uğurlu nəticələr əldə edəcəyinə ümidvar olduğunu vurğulayan vitse-prezident deyib: "Paytaxtımız beş gündən sonra daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. İki ildən bir keçirilən bu idman yarışı Avropada əhəmiyyətli tədbirlərdən biri hesab olunur. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, belə yarışlarda uğurla çıxış edən gənclər gələcəkdə dünyanın ən güclü idmançıları olurlar. 
Avropa Olimpiya Komitəsinin statistikasında da bu öz əksini tapır. Yarışın təşkilatçılığı ilə bağlı bütün məsələlər yekunlaşıb. Azərbaycan komandası bu yarışda geniş heyətlə çıxış edəcək. Digər ölkələrdə keçirilən festivallarda Azərbaycan 35-40 idmançı ilə çıxış edirdisə, bu dəfə atletlərimiz 10 idman növü üzrə 122 idmançı ilə mübarizə aparacaq. Bu isə bizim qarşımızda böyük məsuliyyət qoyur. İnanırıq ki, gənc idmançılarımız Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər”, - deyə Çingiz Hüseynzadə bildirib.
Sonra MOK-un idman idarəsinin rəisi və festivalda Azərbaycan nümayəndə heyətinin rəhbəri Həsənağa Rzayev idmançıların bu mötəbər yarışa hazırlığı barədə məlumat verib.
Qeyd olunub ki, festivalda 48 ölkədən 3900 atlet idmanın on növü üzrə mübarizə aparacaq. Azərbaycanı Bakı-2019-da 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunacaq. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennis 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızın heyətində isə ümumilikdə 30 idmançı yer alıb.
Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin rəisi Mehman Kərimov "Olimpiya mədəniyyəti və təhsil” proqramı haqqında indamçılara və məşqçilərə məlumat verib.
Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.


Bu yazı

11637 dəfə oxunub

Tarix

2019-07-16 13:29:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev