Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalını 23 medalla başa vurublar



Bakıda təşkil olunan XV Avropa Gənclər Olimpiya Festivalına iyulun 27-də yekun vurulub. "Zirvələrə hazırıq” devizi altında keçirilən mötəbər idman tədbirində 48 ölkəni təmsil edən 3900 atlet idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında 135 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan komandası festivalda 122 idmançı ilə təmsil olunub. Olimpiya bayrağı altında keçirilən və Olimpiya ənənələri ilə zəngin olan festivalda Azərbaycan yığma komandası 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanaraq, 48 ölkə arasında 4-cü yeri tutub. Medal sıralamasında birinci yeri Rusiya (28 qızıl, 17 gümüş, 21 bürünc) atletləri tutublar. Böyük Britaniya (11 qızıl, 12 gümüş, 2 bürünc) ikinci, Türkiyə (11 qızıl, 6 gümüş, 10 bürünc) isə üçüncü pillədə qərarlaşıb.


Güləş
EYOF çərçivəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən güləş yarışları iyulun 21-23-də təşkil olunub. İdmançılarımız güləşin hər 3 növündə mübarizə aparıblar.
Sərbəst güləşçimiz Murad Haqverdiyev (45 kq) A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə qalib gəlib. Ardınca qrupda Belarus və Türkiyə təmsilçilərini məğlub edən həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə polşalı rəqibini də üstələyən Murad finala yüksəlib. Son görüşdə Gürcüstan idmançısından da güclü olan güləşçimiz çempionluq sevinci yaşayıb.
Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov (55kq) da cəmi 30 saniyə ərzində britaniyalı həmkarını "tuşe” ilə üstələyib. Gürcüstan və Rusiyadan olan rəqiblərinə də vaxtından əvvəl qalib gələn sərbəst güləşçimiz finala adlayıb. Ancaq həlledici görüşdə İtaliya idmançısına məğlub olan Əbülfəz gümüş medalla kifayətlənib.
Yunan-Roma güləşçimiz Fərid Sadıxlı (45 kq) da festivala inamlı start verib. Həmyerlimiz ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib. Gürcüstan və Rusiya idmançılarını da mübarizədən kənarlaşdıran güləşçimiz finala vəsiqə qazanıb. Finalda Türkiyə güləşçisi üzərindəki inamlı qələbə Fərid Sadıxlıya çempion olmaq sevinci yaşadıb.
Nihat Məmmədli (55 kq) də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə gürcü həmkarına məğlub olub. Təsəlliverici görüşdə Fransa nümayəndəsinə cəmi 1 dəqiqə ərzində qalib gələn təmsilçimiz 3-cü yer uğrunda mübarizə aparmaq imkanı əldə edib. Həlledici qarşılaşmada türkiyəli güləşçiyə heç bir şans verməyən Nihat bürünc medalı boynundan asıb.
Sərbəst güləş yarışlarında Mircavad Nəbiyev (48 kq) ilk görüşdə Rusiya yığmasının üzvüylə qarşılaşmanın son saniyələrində qələbəni əldən verib. Rəqib finala yüksəldiyi üçün M.Nəbiyev mübarizəni təsəlliverici görüşlə davam etdirib və türkiyəli həmkarına ilk hissədə qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda isveçrəli Tomas Fişerlə qarşılaşıb. Mircavad Nəbiyev rəqibini 10:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Yığmamızın digər üzvü Sabir Cəfərov (60 kq) ilk mərhələdə macar rəqibi Marsel Deliyə 10:0, daha sonra belaruslu Hramyka Anatoliyə 12:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda İvan Nikolaev Stoyanova 5:1 hesabı ilə qalib gələn idmançımız finala vəsiqəni təmin edib. Güləşçimiz qızıl medal uğrunda Rusiya təmsilçisi Fyodor Baltuevlə qarşılaşıb. Həlledici görüşdə rəqibinə uduzan həmyerlimizin qazancı gümüş medal olub.
Yunan-Roma güləşi üzrə təmsilçimiz Qurban Qurbanov (48 kq) ilk qarşılaşmada Polşadan olan həmkarı Kaçper Karaskieviçə tam üstünlüklə qalib gəlib - 8:0. O, daha sonra türkiyəli Emin Çakırı 10:0, Maksim Stupakeviçi (Belarus) 5:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə güləşçimiz gürcüstanlı Xviça Abduladze ilə qarşılaşıb. Həlledici qarşılaşma həmyerlimizin qələbəsi ilə başa çatıb və Qurban Qurbanov EYOF-un qalibi olub.
Digər güləşçimiz Həsrət Cəfərov (60 kq) litvalı güləşçi Donatas Rindeikisi çətinlik çəkmədən məğlub edib- 12:0. Güləşçimiz daha sonra Belarus təmsilçisi Nikita Muraşkanı məğlub edərək yarımfinala vəsiqə qazanıb - 13:5. Yarımfinalda idmançımızın rəqibi Andrea Setti (İtaliya) olub. Rəqibini 6:0 hesabı ilə məğlub edən güləşçimiz finalda iştirak etmək hüququ qazanıb. Finalda rusiyalı rəqibi Maqomed Qiqiyevi mübarizədən kənarlaşdıran güləşçimz yarışın baş mükafatına sahib çıxıb.
Qadın güləşçimiz Gültəkin Şirinova (46 kq) da finala qədər inamla irəliləyib. O, finlandiyalı rəqibi Jutta Ala-Rantanı 7:4, Belarus idmançısı Pertsava Tatisiananı 6:1, yarımfinalda fransalı Jastin Fanni Viquruksu 10:3 hesabı ilə məğlub edərək həlledici mərhələyə vəsiqə əldə edib. Qızıl medal uğrunda görüşdə idmançımız rumıniyalı Georgiana-Lavinia Antuca ilə üz-üzə gəlib. Ancaq son görüşdə rumıniyalı rəqibinə uduzan Gültəkin gümüş medalla kifayətlənib.
Mərziyə Sadıqova (61 kq) isə finala gedən yolda ilk görüşdə Ukrayna idmançısı Manola Skobelskadan üstün olub - 6:3. Sonra rusiyalı Alina Kasabievanı (*1:1) məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizədə rəqibi türkiyəli Elmas Çeliki 1:0 hesabı ilə məğlub edən imançımız həlledici qarşılaşmada İtaliya idmançısı Aurora Russo ilə mübarizə aparıb. Xanım güləşçimiz final görüşünü ikinci yerdə başa vurub və gümüş medala layiq görülüb.
Sərbəst güləşçimiz Kənan Heybətov (51 kq) debütdə Ukrayna təmsilçisini tam üstünlüklə məğlub edib. Daha sonra Finlandiya idmançısına heç bir şans verməyən Kənan yarımfinala yüksəlib. Yunan güləşçini də vaxtından əvvəl məğlub edən K.Heybətov finala çıxıb. Finalda Rusiya güləşçisiylə qarşılaşmadan da qalib ayrılan həmyerlimiz ölkəmizə növbəti qızıl medalı qazandırıb.
Digər güləşçimiz Cəbrayıl Hacıyev (65 kq) ilk görüşdə gürcü idmançısı üzərində inamlı qələbə qazanıb. Türkiyə pəhləvanını 1 dəqiqə ərzində xalçadan kənarlaşdıran C.Hacıyev 1/4 finala yüksəlib. Bu mərhələdə Yunanıstan təmsilçisi də yığmamızın üzvü qarşısında aciz qalıb. Cəbrayıl yarımfinalda İsveçrə idmançısına da güzəştə getməyib. Finalda Rusiya pəhləvanıyla gərgin keçən görüşün son saniyələrində hesabda önə keçən C.Hacıyev çempionluq sevinci yaşayıb.
Yunan-Roma güləşçimiz Elmir Əliyev (51 kq) ilk hissədə Norveç təmsilçisini mübarizədən kənarlaşdırıb. Daha sonra çətinliklə olsa da, Rumıniya idmançısından da güclü olub. Yarımfinalda gürcü rəqibinə qalib gələn həmyerlimiz adını finala yazdırıb. Həlledici görüşdə Ukrayna təmsilçisinə böyük hesabla (10:0) qalib gələn gənc pəhləvanımız çempion olub.
Xasay Həsənli (65 kq) isə ilk mərhələdə Yunanıstan idmançısını məğlub etməkdə çətinlik çəkməyib. Finlandiya və İsveçrədən olan rəqiblərinə də aman verməyən Xasay adını yarımfinala yazdırıb. Ukrayna güləşçisiylə gərgin mübarizə şəraitində keçən görüşdən də qalib ayrılan Həsənli finala yüksəlib. Həlledici qarşılaşma dramatik keçib. Son saniyələrdə rəqibi əks-fənddə yaxalayan Xasay fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadın güləşçilərimizdən Birgül Soltanova (57 kq) startda Rusiya güləşçisinə uduzub. Digər güləşçimiz Elnurə Məmmədova ilk qarşılaşmada macar rəqibindən üstün olub. Daha sonra Ukrayna və Rumıniya idmançıları üzərində əzmkar qələbə qazanan Elnurə finala adlayıb. Ancaq son görüşdə Rusiya təmsilçisinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Nigar Mirzəzadə (65 kq) ilk görüşdə almaniyalı rəqibi ilə qarşılaşıb. Ancaq 1/4 finalda türkiyəli idmançıya müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Nigar britaniyalı güləşçiyə rahat qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Son görüşdə polşalı rəqibi üzərində əzmkar qələbəyə sevinən Mirzəzadə bürünc medalın sahibi olub.
Beləliklə, XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edən 18 güləşçimizdən 16-sı fəxri kürsüdə yer alıb. Azərbaycanın gənc pəhləvanları yığmamızın aktivinə ümumilikdə, 16 (8 qızıl, 5 gümüş və 3 bürünc) medal qazandırıblar.

Cüdo
Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları Heydər Əliyev adına İdman Sarayında keçirilib. Yarışda 40 ölkədən 297 (165 oğlan, 132 qız) cüdoçu iştirak edib. Azərbaycan bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunub.
Cüdoçularımız ilk gündə 1 qızıl və 2 bürünc medal qazanıblar. Qızıl medalı ölkəmizin aktivinə Turan Bayramov (60 kq) yazdırıb.

Komandamızın digər üzvü Şükran Zamanlı (55 kq) isə festivalda üçüncü yerə layiq görülüb. XV Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında digər bürünc medalı komandamıza qadın idmançımız Gülşən Bəşirova (44 kq) qazandırıb.
Yarışların ikinci günündə Komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) Bakı-2019-un gümüş medalına sahib olub.
Komandamızın digər üzvləri Aytac Qardaşxanlı (57 kq) və Mətin Rzazadə (66 kq) isə yarışları beşinci pillədə başa vurub.
Fərdi yarışların son günündə Hüseyn Məmmədov (+90 kq) Avropa Gənclər Olimpiya Festivalının qızıl medalına layiq görülüb.
Komandamıza bürünc medalı isə Məhərrəm İmamverdiyev (81 kq) qazandırıb.
Festivalda 90 kq çəki dərəcəsində çıxış edən Ruslan Nəsirli isə ilk görüşdə bolqarıstanlı Borislav Vladova məğlub olaraq mübarizəni dayandırıb. Qızların yarışında Nərmin Əmirli (70 kq) səkkizdəbir finalda hollandiyalı Yael Van Hemstə məğlub olub. Təsəlliverici görüşdə idmançımız nəticə əldə edə bilməyib.
Beləliklə, Azərbaycanın gənc cüdoçuları Avropa Gənclər Olimpiya Festivalının fərdi yarışlarını 2 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.
Festivalın cüdo yarışlarının sonuncu günü qarışıq komandaların mübarizəsi ilə yadda qalıb. Qarışıq komanda yarışlarında Azərbaycan millisi 1/8 finalda Gürcüstan yığmasına 3:4 hesabı ilə məğlub olub. Bürünc medal uğrunda təsəlliverici yarışlarda iştirak edən yığmamız ilk mərhələdə Hollandiya komandasına 4:2 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə İtaliya yığmasına uduzub - 3:4.
Qarışıq komanda yarışlarının qalibi adına Türkiyə millisi layiq görülüb. Finalda Rusiya komandası ilə mübarizə aparan Türkiyə yığması 4:0 hesabı ilə qalib gələrək festivalın qızıl medalını qazanıb. Bürünc medal uğrunda görüşdə isə Almaniya yığması İtaliya komandasını 4:0 hesabı ilə məğlub edib.


Gimnastika
Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində gimnastika yarışları Milli Gimnastika Arenasında keçirilib. İdman gimnastikası üzrə yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparıblar. Yarışda Azərbaycanı 4 gimnast - Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edib.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Səməd Məmmədli göstərib. O, çoxnövçülük, dəstəli at və sərbəst hərəkətlərdə finalçılar sırasında yer alıb. Komanda yarışlarında gimnastlarımız ümumi xal hesabı ilə 11-ci olublar. Qadın atletlərin təsnifat yarışlarında ölkəmizi təmsil edən Milana Minakovskaya dörd alətdə mübarizə apararaq, 44,300 xal qazanıb.
İdman gimnastikası üzrə finalda gimnastımız Səməd Məmmədli dəstəli at yarışlarında uğurla çıxış edərək EYOF-un gümüş medalına sahib çıxıb. İdmançımız hakimlərdən 13,600 xal alıb.
Gimnastımız çoxnövçülük yarışlarında 75.500 xalla 19-cu yerdə qərarlaşıb. Sərbəst hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı yeri tutub.



Üzgüçülük
Bakı Su İdmanı Sarayında keçirilən yarışda ölkəmiz 6 idmançı təmsil edib.
Azərbaycan atletlərindən Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə sərbəst, Rəşad Əlquliyev 400 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 100 metr məsafəyə arxasıüstə üzmə yarışlarında mübarizə aparıblar. M.Şeyxəlizadəxangah 58:85, R.Əlquliyev 4:19:85, E.Cahangirbəyov isə 1:01:64 saniyə nəticə göstərib.
200 metr məsafəyə batterflay üsulla üzmə yarışlarında iştirak edən Ramil Vəlizadə final mərhələsində finişə 2 dəqiqə 2,71 saniyə çataraq beşinci olub.
Digər üzgüçülərimiz Maksim Petrenko 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 56,78, Aysel Səfərova 400 metr məsafəyə sərbəst üzmə yarışında 4 dəqiqə 47,84 saniyə nəticə göstərib. 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışındakı təmsilçimiz Rəşad Əlquliyev finişə 17 dəqiqə 36,55 saniyəyə çatıb.
Məryəm Şeyxəlizadəxangah 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının final mərhələsində 1 dəqiqə 0.95 saniyə nəticə göstərərək 6-cı yeri tutub. Üzgüçülərimiz Aysel Səfərova 200 metr məsafəyə sərbəst üzmə yarışında 2 dəqiqə 18,22, Elyar Cahangirbəyov 200 metr məsafəyə arxası üstə üzmə yarışında 2 dəqiqə 14,82 saniyə nəticə göstəriblər.
50 və 200 metr məsafəyə sərbəst üzmə yarışlarında atletimiz Maksim Petrenko müvafiq olaraq, 26.03 və 2 dəqiqə 4.66 saniyə nəticə göstərərək mübarizəni erkən dayandırıb. Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında 9-cu yeri tutub.
Üzgüçülük yarışlarının sonuncu günündə Azərbaycanın üç atleti mübarizə aparıb. Təmsilçilərimizdən Məryəm Şeyxəlizadəxangah 50 metr, Aysel Səfərova 800 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini sınayıblar.
M.Şeyxəlizadəxangah təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Yarımfinalda müəyyən olunmuş məsafəni 26.68 saniyəyə qət edən təmsilçimiz həlledici mərhələyə vəsiqə qazana bilməyib.
Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışında 4 dəqiqə 55.73 saniyə nəticə göstərib. Bu nəticə təmsilçimizin finala vəsiqə əldə etməsi üçün kifayət etməyib.
Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatsa da medalçılar sırasına düşə bilməyib.


Tennis
Bakı Tennis Akademiyasında keçirilən yarışlarda oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda mübarizə aparıblar. Yarışların ilk günündə Azərbaycanın iki idmançısı korta çıxıb. Qızların fərdi yarışlarında Polina Drobişeva slovakiyalı Salma Druqdova ilə qarşılaşıb. Təmsilçimiz bu görüşdə rəqibinə 0:2 (6:1, 6:0) hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Tamerlan Əzizov isə fərdi yarışda italiyalı Daniele Miniginini sınağa çəkib. Tennisçimiz italiyalı rəqibinə 0:2 (4:6, 3:6) hesabı ilə uduzub.
Yarışların ikinci günündə oğlanlar və qızlar fərdi və qoşa kateqoriyalarda iştirak ediblər.
Azərbaycan tennisçilərindən Kənan Qasımov Alessio Basile (Belçika) ilə qarşılaşıb. Tennisçimiz 1 saat 47 dəqiqə davam edən görüşdə rəqibinə məğlub olub.
Xanım tennisçimiz Alina Hüseynova isə Jülyet Bovi (Belçika) ilə qarşılaşmadan məğlub ayrılıb.
Günün ikinci yarısında isə cütlərin yarışında təmsilçilərimiz Polina Drobiçeva və Alina Hüseynova cütlüyü 1/16 finalda Karolina Qomes və Rakel Qonzales (İspaniya) dueti ilə üz-üzə gəlib. Yığmamızın üzvləri hər iki setdə rəqiblərinə uduzublar - 2:6, 0:6.
Oğlanlardan ibarət cütlük də mübarizəni erkən dayandırıb. 1/16 finalda qüvvəsini sınayan Kənan Qasımov və Tamerlan Əzizov cütlüyü Daniel İvanov və Tyaqo Pereyra (Portuqaliya) cütlüyü ilə bacarmayıb - 1:6, 0:6.


Atletika
XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən atletika yarışlarına iyulun 22-də start verilib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 46 ölkədən 641 idmançı iştirak edib. Azərbaycan bu yarışlarda 18 idmançı ilə təmsil olunub.
Qızların nüvəitələmə yarışında təmsilçimiz Günel Hüseynova təsnifat mərhələsində 12,20 m nəticə ilə 20 iştirakçı arasında sonuncu olub. 800 m məsafəyə qaçış yarışında da 20 atlet mübarizə aparan Günel Manafova I mərhələdə 20-ci yeri tutub - 2 dəqiqə 42,84 saniyə.
Fəxriyyə Tağızadə isə qızların 100 m məsafəyə qaçış yarışında 12,27 saniyə nəticə ilə 20 idmançı arasında 15-ci olub.

Oğlanların 100 m məsafəyə qaçış yarışlarında çıxış edən Aleksey Ələkbərov da I mərhələdə sonuncu yeri tutub. O, start xəttinə çıxan 20 iştirakçı arasında 11,43 saniyə nəticə göstərib.
Azərbaycan atletlərindən oğlanlar arasında 400 metr məsafəyə qaçış yarışında Teymur Salahzadənin (48,48 saniyə) və qızların mübarizəsində isə uzunluğa tullanma növündə çıxış edən Ləman Hüseynovanın (5,26 metr) göstəriciləri finala yüksəlmək üçün kifayət etməyib.
Qızlar arasında 200 metr məsafəyə qaçış yarışında Lamiyə Vəliyeva (25,06 saniyə), oğlanların 200 metr məsafəyə qaçışında Əli Abdıyev (22,63 saniyə) və hündürlüyə tullanma yarışında Aydın Bədəlovun (1,79 metr) göstəriciləri uğursuz olub.
Üç təkanla tullanma yarışında azərbaycanlı atlet Sabrina Zralova isə 12,75 metr nəticə göstərərək yarışı dördüncü yerdə bitirib.
Azərbaycan atletləri oğlanların estafet yarışında Aleksey Əliəkbərov, Əli Abdıyev, İlham Nağıyev və Teymur Salahzadə, qızlar arasında estafet yarışında çıxış edən Fəxriyyə Tağızadə, Bibixanım Qəmbərova, Nika Məmmədova və Lamiyə Vəliyeva lazımi nəticəni göstərə bilmədikləri üçün mübarizəni təsnifat mərhələsində dayandırıblar.


Həndbol
XV Avropa Gənclər Olimpiya Festivalının həndbol yarışlarında işitirak edən komandalar Bakı İdman Sarayında və "ABU Arena”da üz-üzə gəliblər. Həm qızların, həm də oğlanların, həndbol yarışlarının hər birində səkkiz komanda iki qrupda yer alıb. Qızların yarışında A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə yığmaları mübarizə aparıblar. Oğlanların mübarizəsində isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya və Sloveniya seçmələri isə B qrupunda yarışıblar.

Festivalın həndbol yarışları Bakı İdman Sarayında və "ABU Arena”da keçirilib.
XV Avropa Gənclər Olimpiya Festivalında A qrupunda mübarizə aparan oğlan həndbolçulardan ibarət Azərbaycan yığması ilk turda Almaniya komandası ilə üz-üzə gəlib. İlk hissəni 23:3 hesabı ilə öndə tamamlayan almaniyalılar 45:9 hesabı ilə qələbə qazanıblar.
Həndbolçularımız II turda Danimarka millisi ilə qarşılaşıblar. Danimarkalılar 32:8 (14:5) hesabı ilə qalib gəliblər.
Komandamız qrupda keçirdiyi sonuncu görüşdə də rəqibinə böyük hesabla məğlub olub. Həndbolçularımız serbiyalı həmyaşıdlarına 9:39 hesabı ilə uduzaraq qrupu sonuncu pillədə başa vurublar.
Gənc həndbolçularımız 7-8-ci yerlər uğrunda görüşdə Serbiyaya uduzublar - 14:35.
B qrupunda yer alan qızlardan ibarət hənbol komandamız isə ilk turda İsveçrəyə 16:34 hesabı ilə məğlub olub. Komandamız ikinci oyununda da uğursuzluqla üzləşib. Macarıstan millisi ilə qarşılaşan komandamız yekunda 47:23 hesabı ilə məğlub olub.
Azərbaycan həndbolçuları qrupda sonuncu görüşünü çexiyalı rəqiblərinə qarşı keçiriblər. Millimiz bu görüşdə 17:33 hesablı məğlubiyyətlə barışıb. Hər üç oyunda məğlub olan həndbolçu qızlarımız qrupda sonuncu pillədə qərarlaşıblar.
7-8-ci yerlər uğrunda görüşdə meydana çıxan Azərbaycan həndbolçuları çexiyalı rəqiblərinə uduzublar - 13:42.


Basketbol
Oğlanların basketbol yarışı Avropa Azərbaycan Məktəbində, qızların yarışı isə "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.
Basketbol yarışlarında həm qızların, həm də oğlanların mübarizəsində səkkiz komanda iki qrupda mübarizə aparıb. Oğlanların yarışında A qrupunda Azərbaycan, Xorvatiya, Fransa, Serbiya, B qrupunda İspaniya, Yunanıstan, Türkiyə və Litva yığmaları mübarizə aparıblar. A qrupunda çıxış edən oğlan basketbolçulardan ibarət Azərbaycan yığması XV Avropa Gənclər Olimpiya Festivalında ilk oyununu "Sərhədçi Arena”da Serbiya millisinə qarşı keçirib. Balkan təmsilçiləri bu görüşdə 77:39 (19:9, 16:7, 17:12, 25:11) hesablı qələbə qazanıblar.

Komandamız ikinci oyununda Fransa basketbolçuları ilə üz-üzə gəlib. Rəqibinə qarşı ciddi müqavimət göstərən basketbolçularımız iki periodu xeyrinə bitirsələr də, yekunda məğlub olublar - 45:53 (9:16, 18:12, 5:13, 13:12).
Növbəti mərhələyə yüksəlmək şanslarını itirən basketbolçularımız qrup mərhələsində sonuncu oyununu Xorvatiya seçməsinə qarşı keçirib. Gərgin mübarizə şəraitində keçən görüş komandamızın qələbəsi ilə başa çatıb - 58:54.
Azərbaycan millisi 4 xalla ikinci, Xorvatiya yığması isə 3 xalla qrupda sonuncu yeri tutub.
Yarışda 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Azərbaycan və Xorvatiya basketbolçuları qarşılaşıblar. Basketbolçularımız 31:44 hesabı ilə geri düşdükləri oyunda əzmkarlıq göstərək 64:51 hesabı ilə qələbə qazanıblar. Azərbaycan yığma komandası yarışı 7-ci pillədə başa vurub.


Voleybol
Avropa Gənclər Olimpiya Festivalında oğlanların voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində, qızların mübarizəsi isə Azərbaycan Voleybol Mərkəzində keçirilib. Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan komandası ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə uğrunda yarışıblar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika seçmələri arasında aparılıb.

Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Rumıniya, Bolqarıstan və Ukrayna, B qrupunda isə İtaliya, Belarus, Türkiyə və Almaniya yığmaları yer alıb.
Oğlanlardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunun ilk matçında Almaniya komandası ilə qarşılaşıb. Almaniya komandası görüşdə 3:0 (31:29, 25:19, 25:22) hesabı ilə qələbə qazanıb. Komandamız ikinci turda Belarus millisi ilə qarşılaşıb. Yığmamız 63 dəqiqə davam edən qarşılaşmada 0:3 (9:25, 19:25, 16:25) hesabı ilə uduzub.
Gənc voleybolçularımız Bakı-2019-u 8-ci pillədə başa vurublar.


Velosiped idmanı
Oğlanlar və qızlar arasında velosiped yarışlarına iyulun 23-də start verilib. 10 kilometr məsafəyə fərdi şose yürüşündə medallar uğrunda 30 ölkədən 90 idmançı mübarizə aparıb. Yarışlarda Azərbaycanı Nofəl Nuriyev, Nikita Sitov, Mustafa Muxtarlı, Lalə Əbdürəhmanova, Gülşən İsmayılova və Məleykə İsgəndərova təmsil ediblər.
Yarışın nəticələrinə görə, qızlardan Lalə Əbdürrəhmanova 65-ci, Məleykə İsgəndərova 70-ci, Gülşən İsmayılova isə 72-ci yeri tutublar. Oğlanlar arasında isə Nikita Şitov 50-ci, Mustafa Muxtarlı 68-ci, Nofəl Nuriyev isə 83-cü olub.
Oğlanlar arasında 75 km məsafəyə qrup ötüşməsində Azərbaycanı iki idmançı təmsil edib. Maksim Şitov 73-cü, Nofəl Nuriyev 74-cü yeri tutub. Hər iki velosipedçi finişə 2 saat 3 dəqiqə 5 saniyəyə çatıb.

30 ölkənin idmançılarının iştirak etdiyi yarışın qalibi adına Madis Mihkels yiyələnib. Estoniyalı velosipedçi məsafəni 1 saat 49 dəqiqə 24 saniyəyə qət edib. İqor Dario Belletta (İtaliya) ikinci, Martin Sverçek (Slovakiya) isə üçüncü yeri tutublar.



Bu yazı

1904 dəfə oxunub

Tarix

2019-07-27 16:20:27

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev