Gənc güləşçilərimiz dünya birinciliyini 6 medalla başa vurdular


Estoniyanın paytaxtı Tallində güləş üzrə gənclər arasında dünya birinciliyi keçirilib. Yarışda iştirak edən Azərbaycan güləşçiləri dünya birinciliyini 2 gümüş, 4 bürünc medalla başa vurublar.
Dünya birinciliyinin ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıblar.
Yığmanın əsas simalarından sayılan Turan Bayramov (65 kq) ilk mərhələdə gürcüstanlı rəqibinə xal vermədən qalib gəlib. Gənclər arasında Avropa çempionu 1/8 finalda ABŞ idmançısından da üstün olub. Gəncə güləş məktəbinin yetirməsi 1/4 finalda iranlı pəhləvanla gərgin keçən görüşdə məğlub olub. Rəqib finala çıxdığı üçün T.Bayramov mübarizəni təsəlliverici görüşdə davam etdirib. Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edən güləşçimiz 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə Türkiyə pəhləvanına da qalib gələn Turan Bayramov dünya çempionatının bürünc medalına sahib çıxıb.
Komandamızın digər üzvü Abubakr Abakarov (79 kq) təsnifat mərhələsində ABŞ təmsilçisindən güclü olub. Lakin idmançımız növbəti mərhələdə Rusiya güləşçisiylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb. Rəqibin finala vəsiqə qazanması A.Abakarova təsəlliverici görüşə çıxmaq imkanı verib. Bu mərhələdə İtaliya idmançısına heç bir şans verməyən güləşçimiz növbəti görüşdə Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gəlib. Abubakr Abakarov üçüncü yer uğrunda qarşılaşmada ermənistanlı güləşçiyə qalib gələrək komandamızın hesabına növbəti bürünc medalı yazıb.
İkinci yarış günündə 61 kq, 74 kq, 86 kq, 92 kq və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıblar.
Yarışa 1/8 final mərhələsindən başlayan Hacımurad Hacıyev (74 kq) gürcüstanlı və yunanıstanlı həmkarlarını üstələyərək yarımfinala yüksəlib. Lakin idmançımız növbəti mərhələdə amerikalı güləşçi ilə bacarmayıb. Üçüncü yer uğrunda qarşılaşmaya çıxan Hacımurad Hacıyev Rusiya pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.
Beşinci yarış günündə 55 kq, 63 kq, 77 kq, 87 kq və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.
Çempionata 1/8 finaldan başlayan Zaur Əliyev (55 kq) Qırğızıstan idmançısını tam üstünlüklə məğlub edib. Avropa çempionatının bürünc medalçısı növbəti görüşdə Moldova təmsilçisini də ilk hissədə qazandığı xallarla üstələyərək yarımfinala yüksəlib. Yarımfinalda 2 il əvvəl yeniyetmələrin dünya çempionatının finalında qarşılaşdığı Yaponiya idmançısıyla üz-üzə gələn Z.Əliyev revanş alıb. İlk hissədə 4 xallıq fəndi uğurla icra edən Zaur hesabdakı üstünlüyünü sonadək qoruyub və dünya birinciliyinin finalına vəsiqə qazanan ilk güləşçimiz olub. Pəhləvanımız həlledici qarşılaşmada Rusiya təmsilçisinə uduzub və gümüş medala sahib çıxıb.
Altıncı yarış günündə 60 kq, 67 kq, 72 kq, 82 kq və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar.
Komandamızın üzvü Əsgər Əlizadə (60 kq) dünya birinciliyinə inamlı start verib. Mübarizəyə 1/8 finaldan başlayan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans verməyib. Lakin idmançımız 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına uduzub. Rəqib finala yüksəldiyi üçün Ə.Əlizadə təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əsgər Əlizadə dünya üçüncüsü olub.
Komandamızın digər üzvü Ülvi Qənizadə (72 kq) ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Ü.Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Ülvi Qənizadə gümüş medala layiq görülüb.




Bu yazı

8502 dəfə oxunub

Tarix

2019-08-20 10:02:23

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev