Millimiz Estoniya yığması ilə qarşılaşacaq


Avqustun 28-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti oyununu keçirəcək.
"C” qrupunda mübarizə aparan millimiz dördüncü turda Estoniya yığması ilə qarşılaşacaq.
Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.
Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. Xorvatiya 7 xalla ikinci, Rumıniya 6 xalla üçüncü, Azərbaycan 5 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Xalı olmayan Estoniya millisi isə qrupda sonuncu yerdədir.
Millimiz qrupda sonuncu oyununu avqustun 29-da Rumıniya komandasına qarşı keçirəcək.
"C” qrupunun oyunları Budapeştdə təşkil olunub.
Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıb.
Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub.
Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.


Bu yazı

5809 dəfə oxunub

Tarix

2019-08-28 13:35:59

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev