Millimizin rəqibi məlumdur



Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatındakı növbəti rəqibi müəyyənləşib.
"C” qrupunda mübarizə aparan millimiz Xorvatiya, Estoniyanı 3:2, Macarıstan və Rumıniyanı 3:0 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.
Azərbaycan millisi 10 xalla qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Millimiz növbəti mərhələdə "A” qrupunda üçüncü olan Bolqarıstan komandası ilə qarşılaşacaq. Görüş sentyabrın 1-də Macarıstanda təşkil olunacaq.
Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Ki rilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıb.
Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.
Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.
Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.
Çempionata sentyabrın 8-də yekun vurulacaq.


Bu yazı

2129 dəfə oxunub

Tarix

2019-08-30 18:18:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev