Polis əməkdaşları arasında keçirilən çempionat başa çatıb


Daxili işlər orqanlarının əməkdaşları arasında avqustun 29-dan start götürən silahsız özünümüdafiə üzrə çempionat başa çatıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin İdman Cəmiyyətində təşkil olunan tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. O, şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri məqsədilə keçirilən yarışın əhəmiyyətini nəzərə çatdırıb.
Yarışda paytaxt qarnizonu ilə yanaşı, respublikanın Gəncə və Sumqayıt şəhər Baş Polis idarələrinin, rayon polis idarələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər.
On komandadan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışda ilk üçlükdə Bakı Şəhər Baş Polis İdarəsi, Daxili Qoşunlarının Baş İdarəsi və Əlahiddə Çevik Polis Alayının komandaları qərarlaşıblar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Munir Orucov, Mahir Əhmədov, Ehtiram Babayev və polis mayoru Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. O, bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı, bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir, bu işdə onlara praktik kömək göstərmək məqsədilə yerlərdə təlim toplanışları keçirilir.



Bu yazı

1959 dəfə oxunub

Tarix

2019-09-04 11:20:30

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev