“Məsuliyyət uğurumuzun təməlidir”

Hər bir ölkədə sağlam, vətənpərvər yeniyetmə və gənclərin yetişməsi birbaşa olaraq idmanın və Olimpiya Hərəkatının inkişafı ilə sıx bağlıdır. Müşahidələr göstərir ki, ölkədə idmanla məşğul olanların sayı nə qədər çoxdursa, həmin ölkə beynəlxalq arenada bütün sahələrdə öz sözünü deməyi bacarır. Sevindirici haldır ki, Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafı diqqət mərkəzindədir. Bu məqsədlə nəinki paytaxtda, eləcə də, bölgələrdə yüksək standartlara cavab verən idman ocaqları, o cümlədən Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Respublikanın hər bölgəsində bu cür komplekslərin olması yaxınlıqda yaşayan uşaq, yeniyetmə və gənclər üçün olduqca əlverişlidir. Belə idman qurğularından biri də Xəzər rayonunda yerləşən Şağan Olimpiya İdman Kompleksidir. 2009-cu ildən fəaliyyət göstərən kompleks "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən inşa olunub. On ildir istifadəyə verilən idman qurğusunda dəfələrlə yerli və beynəlxalq əhəmiyyətli tədbirlər, idman yarışları keçirilib. Bir müddət əvvəl kompleksin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün idman ocağının direktoru Atakişi Cahanovla görüşdük.

Üç ildir bu idman qurğusunda məsul vəzifədə çalışan Atakişi müəllim, əvvəlcə, kompleks haqqında ətraflı məlumat verdi. "Kompleksin ümumi sahəsi 3,25 hektardır. Əsas korpus ikimərtəbəlidir. Korpusun birinci mərtəbəsində idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostend quraşdırılıb. Burada universal idman, güləş və trenajor zalları, hakimlər otağı, soyunub-geyinmə və digər xidmət otaqları yerləşir. Futbol, həndbol, voleybol, basketbol növləri ilə məşğul olmaq və yarışlar keçirmək üçün nəzərdə tutulan bu zaldakı tribunada 620 oturacaq var. Güləş, boks və digər döyüş növləri üçün nəzərdə tutulmuş zal isə 615 tamaşaçı tutumuna malikdir. Kompleksdəki zallarda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkündür. Binanın ikinci mərtəbəsində yeməkxana, konfrans zalı, həkim otağı və digər xidmət bölmələri fəaliyyət göstərir. Qapalı üzgüçülük hovuzunun yerləşdiyi korpusdakı hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Korpusun ikinci mərtəbəsində məşqçi və şərhçi otaqları, şahmat otağı, həmçinin yarışları izləmək üçün lojalar var. Kompleksin ərazisində inşa olunmuş ikimərtəbəli mehmanxana 25 nəfər üçün nəzərdə tutulub. Burada 12 standard və bir lüks otaq var. Açıq havadakı idman qurğuları isə iki tennis kortu, mini futbol və voleybol meydançalarından ibarətdir. Kompleksin ərazisində 1032 tamaşaçı yeri olan süni örtüklü stadion da var”, - deyə Atakişi Cahanov bildirib.
Söhbət zamanı məlum oldu ki, müsahibimiz həm də keçmiş idmançıdır. O, uzun illər cüdo ilə, bir müddət isə boksla məşğul olub. Odur ki, müntəzəm olaraq kompleksdə məşğul olan idmançılarla şəxsən görüşür, onlara öz tövsiyə və məsləhətlərini verir. Atakişi müəllimin sözlərinə görə, idmanın yaşı olmasa da, hər idman növünün daha məqsədəuyğun hesab edildiyi bir dövr var. "Mən adətən məsləhət görürəm ki, uşaqlar idmandakı ilk addımlarını üzügüçülük növündə atsınlar. Çünki üzgüçülükdə zədə ehtimalı, demək olar, yox dərəcəsindədir. Üzgüçülük, həm də əl və ayaq əzələlərinin, həmçinin qan-damar, sinir sisteminin inkişafında əvəzsiz rol oynayır. Düşünürəm ki, bir müddət üzgüçülüklə məşğul olub sonradan digər idman növləri ilə tanış olmaq daha yaxşıdır. Onu da deyim ki, bəzən idmançılar nəticə əldə etmək üçün tələsirlər. Bu, düzgün deyil. Nəticə həvəsi ilə yaşamaq, məşq etmək lazımdır. Amma tələsmək olmaz. Gərək səbrli olasan, əzmkarlıq göstərib uğur əldə edənə kimi çalışasan. Əgər belə olarsa qələbə öz-özünə gələcək. Necə deyərlər, zəhmətin sonu zəfərdir”, - deyə idman ocağının direktoru bildirib.

Təmiz havada idmanla məşğul olmaq vacibdir
Uzun illik təcrübəsinə əsaslanaraq idmançılara həmişə düzgün yol göstərməyə çalışdığını deyən Atakişi müəllim bildirdi ki, yeniyetmə və gənclərə daha çox açıq havada olmağı məsləhət görür. Çünki təmiz havada adi yürüş belə orqanizm üçün çox faydalıdır. "Yeniyetmə və gənclər çalışmalıdırlar ki, açıq havada daha çox olsunlar, nəinki qapalı zallarda. Əlbəttə, açıq hava deyəndə fabrik, zavod, avtomobil tüstüsündən uzaq, təmiz ekologiyanı nəzərdə tuturam. Bu məqsədlə kompleksin ərazisində yaşıllaşdırma, abadlıq işlərinə xüsusi diqqətlə yanaşıram. Yaxşı olar ki, hansı idman növünə üstünlük verməkdən asılı olmayaraq, bütün idmançılarımız hər gün bir neçə dövrə kompleksin ərazisində qaçsınlar. Qaçış zamanı ürəyin döyüntüsünün sürəti artır, insan daha çox nəfəs almalı olur və bu zaman gərək ziyanlı qazları yox, oksigen qəbul edəsən. Şübhəsiz ki, ağacların çox olması da birbaşa olaraq oksigeni bolluğuna şərait yaradır. Qaçışdan söz düşmüşkən, vurğulayım ki, bu idman növü ilə müntəzəm məşğul olmaq hər kəs üçün lazımlıdır. Ümumiyyətlə, qaçış, üzgüçülük, trenajor, ağırlıqqalırma kimi idman növləri səciyyəvi xüsusiyyətlərə malikdir. Məsələn üzgüçülük, qaçış düzgün nəfəsalmanı tənzimləyir, ağırlıqqaldırma dözümlüyü artırır, trenajor isə fiziki gücü inkişaf etdirir. Bu mənada peşəkar cüdoçu da, boksçu da, futbolçu da çalışmalıdır ki, həm də həftədə bir neçə dəfə adını çəkdiyim idman növləri ilə məşğul olsun”, - deyə müsahibimiz əlavə edib.


"İdmanla məşğul olmaq mütləqdir”
Atakişi Cahanov həm də Qarabağ vetaranıdır. Müsahibimizin fikrincə, idmanla məşğul olmaq sağlamlıq üçün nə qədər vacibdirsə, hərbi-vətənpərvərlik ruhunun aşılanması üçün də bir o qədər əhəmiyyətlidir. Atakişi müəllim belə düşünür ki, idmançılar hərbi xidmətdə fərqlənməyi bacarırlar. "İdmanla məşğul olmaq xüsusilə indiki dövrdə çox vacibdir. İnsan idmanla məşğul olanda, beynəlxalq yarışlarda bayraq, himn üçün mübarizə aparmağa başlayanda vətənpərvərliyin nə demək olduğunu başa düşür. Təsəvvür edin, idmançı məhz himnini səsləndirmək üçün gərgin mübarizə aparır, hətta əzilməkdən, zədə almaqdan qorxmur. Nəticədə əsl vətəndaş kimi böyüyür. Vurğulamalıyam ki, idman necə vətənpərvərlik hissinin aşılanmasına kömək olursa, vətənpərvərlik də qələbəyə gedən yolda idmançıya yardım edir. Təsadüfi deyil ki, bir çox hallarda sona kimi mübarizə aparanlar legionerlər yox, məhz yerli təmsilçilər olurlar. Nəzərə almaq lazımdır ki, müharibə şəraitində yaşayırıq. Vətənimizin müdafiəsi, firəvan gələcəyi naminə bizə həm ürəyi, həm də biləyi güclü, vətənpərvər gənclər lazımdır. Bunun üçün isə idmanla məşğul olmaq mütləqdir”, - deyə təcrübəli mütəxəssis bildirib.


"Ən əsas məsələ məhz sağlamlıqdır”
Kompleksin direktoru bildirdi ki, o, gigiyena məsələlərinə də xüsusi diqqətlə yanaşır. Gündəlik olaraq müxtəlif bölmələrin məşqlərinə nəzarət etməklə yanaşı, həm də soyunub-geyinmə otaqlarının təmizliyinə, habelə döşəklərin, hovuz suyunun təmizliyinə fikir verir. Təcrübəli mütəxəssisin sözlərinə görə, əks halda nəinki arzuoluanan nəticəni əldə etmək olmaz, həm də xoşagəlmaz hallarda üzləşmək mümkündür. "Demək olar, hər gün idman döşəklərini, hovuzu nəzarətdən keçirirəm. Bu, mənim işimin bir hissəsidir. Həm döşəklərin, həm də hovuz suyunun təmizliyini qorumaq üçün müəyyən müddətdən bir müvafiq dərmanlardan istifadə etmək lazımdır. Biz bu məsələyə xüsusi həssaslıqla yanaşırıq. Çünki təmizlik imandan gəlir. Əgər belə olmasa idmançılar xəstəlik tapa bilərlər. Unutmaq olmaz ki, onlar bura sağlamlıqlarını təhlükəyə atmaqdan ötrü yox, əksinə, sağlamlıqlarının qeydinə qalmaq üçün gəlirlər. Ən əsas məsələ məhz sağlamlıqdır. Sağlamlığı qorumaq üçün isə, əvvəlcə, təmizliyə, gigiyenik normalara əməl etmək lazımdır. Bu istiqamətdə həm biz, həm də idmançılar bir-birimizə kömək etməliyik. Yəni əgər biz rəhbərlik olaraq məsuliyyət daşıyıb vaxtı-vaxtında lazımi tədbirləri görürüksə, gərək idmançılar özləri də məsuliyyəti dərk etsinlər. Axı məsuliyyət uğurumuzun təməlidir. Başa düşsünlər ki, hovuza girməzdən əvvəl yaxşı duş qəbul etmək lazımdır, habelə başqalarının avadanlıqlarından istifadə etmək, ayaqqabı ilə zala girmək olmaz. Müvafiq normalara əməl edəndə nəticə də keyfiyyətli olur”.


"Bu il də Şağan Olimpiya İdman
kompleksinin idmançıları üçün uğurla davam edir”
Şağan Olimpiya İdman Kompleksinin idmançılarının əldə etdiyi nailiyyətlərdən danışmazdan əvvəl fəaliyyət göstərən idman növləri haqqında məlumat verən həmsöhbətim dedi ki, hazırda burada 18 idman növü üzrə 400-ə yaxın uşaq, yeniyetmə və gənc məşğul olur. Cüdo, güləş, şahmat və futbol idman növlərində kütləvilik daha çoxdur. Həmin bölmələrin hər birində təxminən 50-60 idmançı məşğul olur. Uşaq, yeniyetmə və gənclərə konkret idman növünün sirlərini kifayət qədər bilik və bacarığa sahib məşqçi-müəllimlər öyrədirlər. Əldə olunan uğurlar isə sübut edir ki, məşqlər lazımi keyfiyyətdə keçirilir. "Sevindirici haldır ki, 18 idman növünün hər birində kifayət qədər nailiyyətimiz var. 2018-ci ilin yanvar ayında sərbəst güləş üzrə yeniyetmələr arasında Bakı birinciliyində idmançılarımızdan ikisi- Rəşad Əlizadə və Əfqan Səfərov bürünc medala layiq görülüblər. Yunan-Roma güləşçilərimizdən Mehdi Hacıyev Bakı ikincisi olub, Murad Aslanov isə fəxri kürsünün üçüncü pilləsində yer alıb. Ötən ilin fevral ayında güləş üzrə yeniyetmələr arasında respublika çempionatında Rəşad Əzizov bütün rəqiblərinə qalib gələrək çempion olub. Kikboksinq üzrə Azərbaycan çempionatında ikisi qızıl olmaqla altı medal qazandıq. İdmançılarımızdan Ruzi Mirzəliyev və Xanoğlan Əlizadə yarışın qalibi adını qazanıblar. Sabir Qayıbov, Elvin Vəlizadə, Xacay Şibilyev və Gülbəniz Məhərrəmova yalnız finalda məğlub olaraq ikinci yerlə kifayətləniblər. Zakir Mirzəyev isə bürünc medalla təltif edilib. Sevindirici haldır ki, idmançılarımız təkcə respublikadaxili yox, həm də beynəlxalq yarışlarda fərqlənməyi bacarırlar. Belə ki, noyabr ayında İran İslam Respublikasında təşkil edilən güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnirdən təmsilçimiz Rəşad Əzizov vətənə qızıl medalla qayıdıb. 74 kq çəki dərəcəsində döşəyə çıxan Əmir Hüseyn kişilər arasında Bakı çempionatının gümüş medalına sahib çıxıb. Kyokişin karate üzrə daha bir beynəlxalq yarışda Şağan Olimpiya İdman Kompleksinin yetirməsi Nihat Hüseynov üçüncü olub. 2018-ci ilin sonlarında "Abad məhəllə” layihəsi çərçivəsində keçirilən şahmat yarışında Zəhra Ələkbərova birinci yeri tutub. Dekabrın 24-25-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” idman klubunun ənənəvi açıq birinciliyində yenə parlaq qələbələr əldə etmişik. Həmin yarışda Ruslan Abdullayev və İsa Vurtuyev müvafiq olaraq birinci və ikinci yerlərə sahib çıxıblar. Rasim Əliyevlə Orxan Hüseynli isə üçüncülüklə kifayətləniblər. Bu il də Şağan Olimpiya İdman kompleksinin idmançıları üçün uğurla davam edir. Yanvar ayının 9-11-də keçirilən cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyində məşqçi Dilavər Şirvanlının yetirməsi İsmayıl Qənbərli qızıl medalla bizi sevindirib. Həmçinin yanvar ayında şahmatçılarımız "Qış-2019” təsnifat turnirində Zamin Babayev 5.5 xal toplayaraq dördüncü, Lalə Məmmədova isə 6 xalla ikinci dərəcə normasını yerinə yetirib. "Sərhədçi” Olimpiya İdman Kompleksində keçirilən sərbəst güləş üzrə yeniyetmələr arasında respublika birinciliyində 65 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Əzizov ikinci, müvafiq olaraq 45 kq və 80 kq çəki dərəcələrində xalça üzərinə çıxan Kamran Əliyev və İsmayıl Cabbarlı isə üçüncü yerə sahib çıxıblar. May ayında "VII Zirvə beynəlxalq uşaq oyunları”nda ağırlıqqaldırma yarışlarında iştirak edən Hacı Əliyev yarışı fəxri kürsünün üçüncü pilləsində başa vurub. Bədii gimnastika yarışlarında isə Yeganə İbrahimli ikinci yerə layiq görülüb. Bədii gimnastika üzrə qrup hərəkətlərində Yeganə İbrahimli, Ayan Qafarzadə, Fidan Qurbanlı, Mədinə Hənifəyeva və Ləman Muradovadan ibarət komanda üçüncü olub. "Elit” tədris mərkəzində təşkil edilən və "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi” Gününə həsr olunmuş şahmat üzrə 4, 3 və 2-ci dərəcələr üzrə təsnifat turnirindən xüsusilə danışmaq istəyirəm. Həmin yarışda Elmir Rüstəmli 7.5 xalla 3-cü dərəcə normativini yerinə yetirib və birinci yeri tutub. Davud Zairli 2-ci dərəcə uğrunda yarışda birinci olub. Danil Osadçiy 4-cü dərəcə, Tofiq Rüstəmli 3-cü dərəcə normativini yerinə yetirərək ikinci olub. Mehriban Pənahova və Zəhra Ələkbərova isə müvafiq olaraq 3-cü və 2-ci dərəcə uğrunda mübarizədə üçüncü yeri tutublar. Göründüyü kimi, nəticələrimiz bir idman növündə yox, bütün idman növlərində var. Bu isə hərtərəfli inkişafdan xəbər verir”, - deyə müsahibimiz bildirib.


"İdmançının hansı gücə malik olduğu məhz
mübarizə meydanında məlum olur”
Şağan Olimpiya İdman kompleksi təkcə yetirmələrinin əldə etdiyi uğurlarla fərqlənmir. Burada həm də il ərzində bir neçə dəfə yerli və beynəlxalq əhəmiyyətli idman yarışları keçirilir. Atakişi müəllimin sözlərinə görə, Şağan Olimpiya İdman Kompleksinin bu cür tədbirlərə ev sahibliyi etməsi böyük zəhmət tələb etsə də, idmanın kütləviləşməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. "İl ərzində Şağan Olimpiya İdman Kompleksində müxtəlif yarışlar təşkil olunur. Müşahidəmə əsasən deyə bilərəm ki, həmin vaxtlarda yaxın ərazidə yaşayan uşaq və yeniyetmələr kompleksimizə gəlir, yarışları maraqla izləyirlər. Sonradan bir çox hallarda onlarda idmana həvəs yaranır. Qeyd etməliyəm ki, Şağan Olimpiya İdman Kompleksi buraya həvalə edilən bütün yarışlara və tədbirlərə uğurla ev sahibliyi edir. Çünki biz işimizə məsuliyyətlə yanaşırıq”, - deyə Atakişi müəllim bildirib.
Göründüyü kimi, Şağan Olimpiya İdman Kompleksində idmana böyük maraq var. Əldə edilən uğurlar onu sübut edir ki, kompleksin idmançıları yaradılmış şəraitdən səmərəli şəkildə istifadə etməyi bacarırlar. Bu isə daha böyük qələbələrə yol açır. Qələbəyə gedən yol isə səbr və zəhmətdən keçir. Atakişi müəllimin özünün də dediyi kimi, zəhmətin sonu zəfərdir...

Kənan Novruzov



Bu yazı

9621 dəfə oxunub

Tarix

2019-09-05 16:03:54

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev