Bəhruz Nəbiyev: “Biz öz komandamıza inanırıq”



"Sentyabrın 13-dən ölkəmizdə növbəti mötəbər turnirə start verilir. Yeddinci polo turnirinə Azərbaycan ev sahibliyi edəcək. Ümidvaram ki, Azərbaycanı dünyada polonun vətəni kimi tanıyan azarkeşlər təşkilatçılıqdan razı qalacaqlar. Çünki Azərbaycanda bir neçə tədbir və turnir artıq təşkil olunub və bu yarışlar uğurla keçirilib. Gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı da Azərbaycanda təşkil olunacaq.”
Bu məlumatı Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev yarışla bağlı keçirilən mətbuat konfransda açıqlayıb.
B.Nəbiyev iştirak edəcək komandalar haqqında məlumat verərək deyib: "Bu il hər komandada üç oyunçu olmaqla Azərbaycan, Rusiya, Almaniya və İsveçrə komandaları iştirak edəcəklər. Bütün komandaları Argentinadan gətirilən xüsusi atlarla federasiya təmin edəcək. Hər komandaya 12 at püşkatma yolu ilə təhvil veriləcək. Azərbaycanı bu yarışda "Elite Horse and Polo Club” klubu təmsil edəcək. Əvvəlki illərdən fərqli olaraq bu yarışda komandamızı ancaq yerli idmançılar təmsil edəcək. Biz öz komandamıza inanırıq, çünki onlar həm beynəlxalq turnirlərdə, həm də ölkədaxili yarışlarda öz sözlərini deyiblər. Hər bir idmançımız Argentinada təlim-məşq toplanışlarında olub. Onlar ötən il səkkiz komanda arasında yalnız meydan sahibi İtaliyaya uduzaraq Avropa ikincisi olublar. Ümidvaram ki, bu yarışda da komandamız yaxşı nəticələr əldə edəcək. Son hazırlıq müddəti üçün biz komandamızı ilk qurulduğu vaxtdan hazırlaşdırmış argentinalı məşqçi Raul Laplaseti dəvət etmişik. Onun fikrincə, Azərbaycanın poloda öyrənəcəyi bir məsələ qalmayıb”.
Bəhruz Nəbiyev yeni tətbiq olunacaq VAR sistemi haqqında da söz açıb: "Futbol idmanında bildiyiniz videonəzarət sistemi Təşkilat Komitəsinin göstərişi ilə poloda da tətbiq ediləcək. Bu sistem ilk dəfə olaraq Azərbaycanda işə salınacaq. Bu o deməkdir ki, hakimlərin bəzən verdiyi yanlış qərarları videonəzarət ləğv edə bilər. Düşünürəm ki, VAR sistemi yarışların daha ədalətli və şəffaf keçməsinə imkan yaradacaq”.
Xatırladaq ki, oyunlar "Elite Horse and Polo Club”da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.
Püşkatmanın nəticələrinə əsasən, ilk oyun günündə "Elite Horse & Polo Club Baku” İsveçrənin "Evviva Polo Club St. Moritz” komandası ilə qarşılaşacaq. Günün ikinci görüşü "Los Nocheros Polo Club Münster” (Almaniya) və "Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında oynanılacaq.
Turnirin ikinci gününün açılış görüşü "Evviva Polo Club St. Moritz” və "Los Nocheros Polo Club Münster” arasında olacaq. İkinci oyunda "Elite Horse & Polo Club Baku” və "Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcək.
Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.


Bu yazı

3500 dəfə oxunub

Tarix

2019-09-13 17:19:08

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev