Olimpiya oyunlarının gümüş mükafatçısı: “Bundan sonra da belə aksiyaların keçirilməsini arzulayıram”


Bakıda təşkil olunacaq bədii gimnastika üzrə dünya çempionatı ərəfəsində ağacəkmə aksiyasının keçirilməsi möhtəşəm hadisədir.
Bu sözləri sentyabrın 16-22-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 37-ci dünya çempionatı ərəfəsində ağacəkmə aksiyasında iştirak edən yarışın rəsmi səfiri, 1996-cı ildə keçirilmiş Olimpiya Oyunlarının gümüş medalçısı, rusiyalı Yana Batırşina jurnalistlərə müsahibəsində deyib.
"Həyatımda ilk dəfə ağac əkdim və özümü çox xoşbəxt hiss edirəm. Aksiya zamanı gimnastları müşahidə etdiyimdə gördüm ki. onlar çox şən və dünya çempionatının həyəcanından kənar idilər. Bu çox gözəl addımdır və bundan sonra da belə aksiyaların keçirilməsini arzulayıram. Bütün gimnastlar başa düşürlər ki, Bakıda keçiriləcək dünya çempionatı çox möhtəşəm və vacib yarışdır. Ən əsası "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Gimnastlar dünya çempionluğu ilə yanaşı, Olimpiadaya vəsiqə uğrunda da mübarizə aparacaqlar. Yarışın təşkilatçıları çempionatın yüksək səviyyədə təşkil olunması üçün əllərindən gələni edirlər. İnanıram ki, bu dəfə də Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə fərqlənəcək”, - deyə Olimpiya mükafatçısı bildirib.
Ağacəkmə aksiyasında iştirak edən gimnastlar təmsil etdikləri ölkə adından ağac əkməklə, çempionat zamanı bütün dünyaya sülh və ətraf mühitin mühafizəsi mesajını verərək ictimaiyyətin diqqətini cəlb ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də, insanların, xüsusilə, gənc nəslin ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməkdən ibarətdir.
"Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq. Çempionatda ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.



Bu yazı

3346 dəfə oxunub

Tarix

2019-09-16 15:33:38

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev