Voleybol məşqçilərinə sertifikatlar təqdim olunub


Bu gün Dərnəgül Arenada voleybol idman növü üzrə məşqçilərin texniki təlim kursunun bağlanış mərasimi keçirilib. Sentyabrın 16-dan 20-dək keçirilən təlim kursu Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Nəzəri və praktiki hissədən ibarət olan təlim kursunu uğurla başa vuran məşqçiləri təltif etmək üçün Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, Milli Olimpiya Komitəsinin İdman idarəsinin rəisi Həsənağa Rzayev, "Azərreyl” voleybol klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu dəvət olunub.
Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir.
Layihədə Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycandan ümumilikdə 30 məşqçi "Level 2” təlim kurslarına yiyələnmək üçün iştirak edib və hər bir iştirakçı proqramı uğurla başa vurub. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi tərəfindən keçirilib. Kursları uğurla başa vuran məşqçilər sertifikatllarla təltif olunublar.
Xatırladaq ki, Milli Olimpiya Komitəsi artıq bir neçə dəfə məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün voleybol, velosiped, badminton və digər idman nözləri üzrə Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəylik Fondunun və müvafiq Beynəlxalq İdman Federasiyalarının dəstəyi ilə kurslar həyata keçirib.



Bu yazı

3948 dəfə oxunub

Tarix

2019-09-20 17:26:16

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev