Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında iştirak edəcək


Oktyabrın 23-26-da Polşanın paytaxtı Varşavada Avropa Olimpiya Komitəsinin (AOK) 48-ci Baş Assambleyası keçiriləcək. İclasda AOK-un İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Azad Rəhimov, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının nümayəndələri iştirak edəcəklər.
Assambleya çərçivəsində oktyabrın 24-də Ç.Hüseynzadənin iştirakı ilə AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək. İclasda AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.
Oktyabrın 25-də AOK-un Baş Assambleyası öz işinə başlayacaq. Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Atletlər, Olimpiya Mədəniyyəti və irsi, Olimpiya Akademiyası və digər komissiyalarının iclası təşkil olunacaq. Həmçinin Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunları, Pekin-2022 Qış Olimpiya Oyunları, 2023-cü ildə Polşada keçiriləcək üçüncü Avropa Oyunları ilə bağlı məruzə çıxışları gündəlikdə olan məsələlər sırasındadır.
Baş Assambleya çərçivəsində Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalının hesabatı Gənclər və İdman naziri Azad Rəhimov və yarışın nümayəndəsi Nikki Əfəndi tərəfindən təqdim olunacaq. Əlavə olaraq, 2025-ci il üçün Avropa Gənclər Olimpiya Festivalının yay və qış oyunları üçün namizəd ölkələrin adları açıqlanacaq.



Bu yazı

3649 dəfə oxunub

Tarix

2019-10-23 16:21:12

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev