Azərbaycan Gimnastika Federasiyası “TeamGym” kursları təşkil edib



Azərbaycan Gimnastika Federasiyası (AGF) ölkəmizdə yeni gimnastika növü olan "TeamGym” üzrə kurslar təşkil edib.
Bakıda yerli gimnast və məşqçilər üçün keçirilmiş kursların məqsədi "TeamGym” komanda gimnastika növünün Azərbaycanda inkişaf etdirilməsidir.
Kurslar İslandiyadan dəvət olunmuş mütəxəssislər İris Svavarsdottir, İris Mist Maqnusdottir və Helqa Svana Olafsdottir tərəfindən keçirilib.
AGF-in nümayəndəsi İnara İsrafilbəyova bildirib ki, kurslarda 40-a yaxın iştirakçı - gimnastlar, məşqçilər və xoreoqraflar iştirak edib.
"TeamGym” Azərbaycanda yeni növdür və biz bu gimnastika növünü ilyarımdır ki, inkişaf etdiririk. Azərbaycan komandası ilk dəfə bu növ üzrə ötən il Portuqaliyada keçirilmiş 12-ci Avropa çempionatında iştirak edib. Kurslarda bu növün qaydaları izah olunub və "TeamGym”lə bilavasitə məşğul olan idmançılara təlim keçirilib”, - deyə İ.İsrafilbəyova bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın "TeamGym” komandası 2020-ci ildə Danimarkada keçiriləcək Avropa çempionatında iştirak etməyi planlaşdırır.
AGF-in digər nümayəndəsi Akif Kərimlinin sözlərinə görə, kurslarda "TeamGym”lə bağlı bütün məsələlər müzakirə olunub.
Bildirib ki, kurs məşqçilik və hakimlik fəaliyyətlərinə həsr olunub. "TeamGym” gimnastikanın bütün növlərindən elementlərin birləşdiyi mürəkkəb və baxımlı idman növüdür. Təkcə sərbəst hərəkətlərdə bədii gimnastika, aerobika və idman gimnastikasından elementlər mövcuddur ki, bu da "TeamGym”i idmançılar üçün mürəkkəb və tamaşaçılar üçün daha maraqlı edir.


Bu yazı

2406 dəfə oxunub

Tarix

2019-10-28 15:48:40

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev