Milli Paralimpiya Komitəsində görüş olub


BMT-nin Pakistandakı xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıda səfərdədir.
Noyabrın 11-də M.Mazari ARMPK-nın prezidenti İlqar Rəhimov ilə görüşüb. Görüşdə komitənin birinci vitse-prezidenti Natiq Qasımov, baş katib Kamal Məmmədov və komitənin digər əməkdaşları da iştirak ediblər.
İ.Rəhimov ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məsələsindən söz açıb. İdmanın əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün mühüm istiqamət olduğunu deyən Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda dövlətin bu məsələyə diqqəti böyükdür.
"Bu gün Azərbaycanda paralimpiyaçılara, ümumilikdə əlilliyi olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiya olunmasına böyük diqqət yetirilir. Ölkəmizin iqtisadiyyatı bu gün inkişafının elə bir səviyyəsinə çatıb ki, respublikamızda iş adamları da öz sosial sərmayələri sayəsində cəmiyyətin inkişafına öz töhfələrini vermək istəyirlər. "Yenilməzlər” şirkətlərin Korporativ Sosial Məsuliyyət strategiyalarının müəyyənləşməsi üçün mühüm istiqamətverici tədbir olacaq”, - deyə o əlavə edib.
İ.Rəhimov qeyd edib ki, rəhbərlik etdiyi komitə idman təşkilatı olmaqla yanaşı, ölkəmizdə əlilliyi olan şəxslərin böyük bir hərəkatına çevrilib.
M.Mazari öz növbəsində Bakıya dəvət olunmasından məmnun olduğunu dilə gətirib. O dəvətə görə Heydər Əliyev Fonduna və ARMPK-ya minnətdarlığını bildirib.
Qonaq vurğulayıb ki, dünyada əlilliyi olan şəxslərin motivasiya edilməsi üçün işlər görür. Amma iki gün ərzində Azərbaycanda görüşdüyü, tanış olduğu insanlar və onların həyat hekayələri onun özü üçün motivasiya mənbəyi olub. O, Bakıda keçiriləcək tədbirlərin məhsuldar olacağı ilə bağlı inamını dilə gətirib.
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə noyabrın 13-də Bakıda keçiriləcək "Yenilməzlər” adlı beynəlxalq qalada qeyri-adi şou təqdim olunacaq.
Fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə nümayiş ediləcək. Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi rejissor Nicat Kazımovun rəhbərliyi ilə artıq həmin tamaşaların məşqlərinə başlayıb. Bu tədbirdə tamaşaçılar fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanmış insanların həyat hekayələrini birbaşa onların dilindən eşidəcəklər.



Bu yazı

2512 dəfə oxunub

Tarix

2019-11-12 10:12:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev