Azərbaycan Premyer Liqasında 11-ci tura bu gün yekun vurulacaq


Noyabrın 10-da futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna iki qarşılaşma ilə yekun vurulacaq.
Turun ikinci oyun gününün ilk görüşü "Bank Respublika Arena”da keçiriləcək. "Sabah” klubu öz meydanında "Sumqayıt” komandasını qəbul edəcək. Oyunun baş hakimi İnqilab Məmmədov olacaq. Matç saat 16:30-da başlayacaq.
"Qartallar" səfər matçında xal itirsələr, 4-cü yerin yeni sahibi Masazırdakı görüşdən sonra müəyyənləşəcək. İlk oyun günündə səfərdə "Qəbələ”yə 0:3 hesabı ilə uduzan "Səbail”in bu gün 4-cü pilləni əldən verəcəyi dəqiqdir. "Sumqayıt” səfər matçında hətta heç-heçə edəcəyi təqdirdə, 12 xalla 4-cü pilləyə yiyələnəcək. Əks halda, həmin pillə xallarını 13-ə çatdıracaq "Sabah”a qismət ola bilər. Hazırda 10 xalla 6-cı pillədə qərarlaşan paytaxt klubu "gənclik şəhəri” təmsilçisindən 1 xal və 1 pillə geri qalır.
İndiyədək iki komanda 5 oyun keçirib. "Sabah” 1, "Sumqayıt” 3 qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri” təmsilçisi öndədir.
Günün sonuncu görüşü son çempion "Qarabağ” və "Zirə” komandaları arasında olacaq.
Hazırda 26 xalla 1-ci yerdə olan ağdamlılar ötən gün "Neftçi"nin səfərdə "Keşlə”yə 1:2 hesablı məğlubiyyətindən sonra əlverişli fürsət əldə ediblər. "Qarabağ” "Zirə”ni məğlub etsə xallarını 29-a yüksəldəcək. Bununla da "Qarabağ” ən yaxın izləyicisini 10 xal geridə qoyacaq.
İndiyədək iki komanda 17 dəfə qarşılaşıb. Bunların 13-də ağdamlılar qalib gəlibsə, 4 görüş heç-heçə ilə başa çatıb. Topların nisbəti də "Qarabağ”ın xeyrinədir - 36:7. "Zirə” indiyədək rəqibinə qalib gəlməyib. "Qarabağ” isə son iki matçda üç qol vurub.
Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.


Bu yazı

1522 dəfə oxunub

Tarix

2019-11-10 15:17:56

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev