Milli mənlik şüurunun formalaşması cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir



Vətənpərvərlik insanın daxilindəki duyğulardır. 
Əgər bunlar yoxdursa, o insan mənəiyyatsızdır.
Heydər Əliyev


Qloballaşma və inteqrasiya dövründə Azərbaycan xalqının adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunması dövlətimizin qarşıya qoyduğu prioritet istiqamətlərdən biridir. Azərbaycan dövləti qloballaşma və inteqrasiya prosesinin getdiyi bir zamanda vətəndaşlarının uğurlu gələcəyini təmin etmək üçün tarixi, mədəni, irsi, etnik köklərə söykənir, onların milli mənlik şüurunun və vətənpərlik hisslərinin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparır. Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir.

Bəşəriyyətin yeni dəyərlər qazandığı XXI əsr və onun reallıqları xalqımızın, millətimizin və müstəqil dövlətimizin qarşısında müəyyən vəzifələr qoyur. Bunlardan biri də gənc nəslin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsidir. Bu gün Azərbaycan dövlətinin apardığı gənclər siyasəti ölkənin gənc vətəndaşlarının hüquqi, siyasi və iqtisadi hüquqlarını müdafiə eməklə yanaşı, şəxsiyyətin özünü təsdiq etməsi üçün onun əmək, məişət və sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Dövlət, həm də gənc oğlan və qızların sosial və mədəni həyatın bütün sahələrində sərbəst, fəal iştirakı üçün lazımi şəraitin yaradılmasını öz üzərinə götürür. Müasir dövrümüzdə gənclərin cəmiyyətdə özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, eləcə də onlarda vətəndaşlıq mövqeyinin formalaşması hər birimizi ciddi düşündürür.
Bu gün uşaqlarımız və gənclərimiz milli ruhda tərbiyə olunur, tariximiz öyrənilir. Gənc nəsilə vətənə, xalqa məhəbbət hissləri dərindən aşılanır. Bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlər təqdirəlayiqdir. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan tarixinin və mədəni irsinin dərindən öyrənilməsi, qorunması və beynəlxalq aləmdə təbliğ olunması istiqamətində məqsədyönlü iş aparır. Onun Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycanı dünya və Avropa ölkələrində tanıtması hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Ümumiyyətlə, millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanı, vətənpərvərlik hissini daha da gücləndirir.
Məhəmməd Peyğəmbər deyirdi: "Atanın öz oğluna əvəzsiz olaraq verdiyi, bağışladığı şeylərin ən üstünü odur ki, onu yaxşı böyütsün və gözəl tərbiyə etsin”. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaq mütləq həm savadlı, bilikli olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, gözəl əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur, mədəni səviyyəsi də. Belə insanlar, digərlərindən fərqli olaraq, doğulduğu torpağın, vətəndaşı olduğu ölkənin təəssübünü daha çox çəkirlər. Onlar doğma yurd üçün, təmsil etdiyi xalqın xoşbəxtliyi üçün canlarını belə, əsirgəmirlər.

Xalqının tarixini, dilini, mədəniyyətini bilməyən insan
milli mənlik şüuruna malik deyil

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi vətənpərvərlik hisslərinin tərbiyəsi məsələsi bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət çəkir. Humanist ideyalara xidmət edən təhsil sistemi, insani dəyərlərin böyük əhəmiyyət kəsb etməsi, vətəndaş tərbiyəsi, insan azadlığına və hüquqlarına hörmət, ətraf mühitə, vətənə, ailəyə məhəbbət, milli mədəniyyətin inkişafı, milli adət-ənənələrə hörmət və ehtiram tərbiyə məsələsinin əsasında durur.
Mütəxəssislər sübut edirlər ki, doğma təbiətə bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan əsil insan, vətəndaş, vətənpərvər kimi yetişmək çox çətindir. Xalqın tarixini, dilini, mədəniyyətini bilməyən insan milli mənlik şüuruna malik deyil. Vətəni sevməyən insan heç vaxt vətənpərvər ola bilməz, vətən yolunda qəhrəmanlıq göstərməz.
Müşahidələr göstərir ki, tərbiyənin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Bağçalar və məktəbəqədər tərbiyə müəssisələri uşaqların və körpələrin gələcək inkişafında əvəzedilməz rol oynayır. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.
Pedoqoqların gəldikləri nəticələr onu deməyə əsas verir ki, məktəbəqədər tərbiyə müəssisələrində və orta məktəblərdə ölkənin tarixi, keçmişi, milli qəhrəmanlarla görüşlərin keçirilməsi, viktorinaların təşkili uşaqlarda mənəvi-əxlaqi keyfiyyətlərin, elmi biliklərin təkmilləşməsinə, vətənə məhəbbət hisslərinin formalaşmasına müsbət təsir göstərir. Orta məktəb proqramı çərçivəsində şagirdlərin tarixi muzeylərlə tanışlığı, müxtəlif səpkili ekskursiyaların təşkil edilməsi bu baxımdan çox faydalıdır.
Qeyd etdiyimiz kimi, insan tərbiyəsi, tərbiyə prosesinin aktuallığı vacib məsələ kimi qarşıya qoyulub və bu, cəmiyyəti düşündürən bir işdir. Təhlillər göstərir ki, uşaqlar və gənclər daha çox müstəqilliyə can atır, ailədə ata-ananın məsləhətləri ilə hesablaşmırlar. Bəzən bu, ifrat dərəcədə kəskin şəkil alır və fəsadlarla nəticələnir. Valideyn və övlad arasında olan anlaşılmazlıq, onların biri-birini başa duşməməsi ailə münaqişələrinə, faciələrə aparıb çıxarır.
Bəzi mütəxəssislər tərbiyə məsələsində ailənin rolunu daha yüksək qiymətləndirirlər. Bəziləri isə, vətənpərvərlik, vətəndaşlıq hisslərinin uşaq anadan olan gündən aşılanması məsələsini önə çəkirlər.
Vətəndaşlıq insanın cəmiyyətlə sosial-psixoloji, əxlaqi-etik, o cümlədən pedoqoji əlaqəsidir. Doğma yurda, doğma dilə məhəbbət insan üçün kiçik məfhumlardan - öz ailəsinə, evinə məhəbbətdən başlayır. Bünövrəsi möhkəm qoyulan bu məhəbbətin dayaqları da möhkəm olur və get-gedə daha böyük məfhumlara - vətənə, xalqa, onun tarixinə, mədəniyyətinə sevgiyə aparıb çıxarır.
Məşhur rus pedoqoqu V.Suxomlinski yazırdı: "Uşaqlıq illəri, hər şeydən əvvəl, insan ürəyinin tərbiyə olunmasıdır”. Vətənpərvərlik isə, elə bir hissdir ki, ürəyi tərbiyə etmədən bu hisslərə sahib olmaq qeyri-mümkündür. Vətənpərvərlik ifadəsi öz məzmununa görə çoxşaxəlidir və onu heç bir sözlə ifadə etmək mümkün deyil. Bu hiss insanda tədricən formalaşır. Dünyanı, insanları tanıdıqca, elmi biliklərə yiyələndikcə vətənpərvərlik hissləri də möhkəmlənir. İnsan dünyanı dərk etdikcə, onun yaxınlarına, doğmalarına, vətəninə, torpağına məhəbbəti, sevgisi də artır.
Vətənpərvərlik sosial reallıqlar prosesində uşağın inkişaf tərbiyəsi üsullarından birinə çevrilir. Pedoqoji baxımdan, insanlarda vətənpərvərlik hisslərinin tərbiyəsi "mən”in mürəkkəb formada tərbiyə üsuludur və burada məqsəd öz vətəninə, xalqına məhəbbət hisslərinin aşılanmasıdır. Vətənpərvərlik - doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni etməkdir.
Yuxarıda qeyd etdiyimiz kimi, mənəvi dəyərlərin, vətənpərvərlik hisslərinin əsası ailədə və məktəbəqədər tərbiyə müəssisələrində qoyulur. Şübhəsiz milli mənlik şüuru da elə-belə yaranmır. Bu hisslər insanda uşaqlıq illərindən formalaşır və möhkəmlənir. Tədqiqatçılar hesab edirlər ki, milli şüur millətə, xalqa aid xüsusiyyətləri hər hansı bir fərdin özündə cəmləşdirmək bacarığıdır. Milli şüur insanın hisslərinin, duyğularının milli səviyyədə əxz olunmasıdır. Burada vicdan, milli mənlik önəmli rol oynayır. Vicdanı olan hər bir vətəndaş öz doğulduğu torpağın qədrini bilməli, onun təbii sərvətlərini qorumalı və mühafizə etməlidir. Milli şüurun formalaşmasında xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri o cümlədən digər milli atributlar güclü təsirə malikdir. Milli mənlik şüuru sayəsində milllət, xalq və etnik qruplar tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətləri bütün dolğunluğu ilə dərk edirlər. Milli mənlik şüuru, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan keyfiyyətdir. O, ictimai şüurun bir hissəsi kimi çıxış edir və hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan münasibətini əks etdirir. Xalq şairi Bəxtiyar Vahabzadə "Vicdan, namus və ləyaqət” adlı məqaləsində yazırdı ki, milli mənlik şüuru azadlıq və demokratiya şəraitində daha yaxşı inkişaf edir və formalaşır. Unudulmaz söz ustası deyirdi: "İnsanlığa xas olan üç sifət - vicdan, namus və ləyaqət, ilk növbədə, cəmiyyət tərəfindən qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır”.
Hər bir xalq, hər bir millət öz "mən”ini, milli mənlik şüurunu və vicdanını vətən, xalq üçün çətin anlarda daha dərindən duyur, hiss edir. Hazırda ölkəmizin 20 faiz torpağı qəsbkar erməni işğalçılarının tapdağı altındadır. Respublikamız müharibə şəratində yaşayır. Nankor qonşularımız ölkəmizə qarşı öz məkrli siyasətlərini tarix boyu yürüdüblər. Onlar 1905-1907, 1918-1920-ci illərdə xalqımıza qarşı sözlə ifadə olunmayan vəhşiliklər törədiblər. Azğın düşmən yüz minlərlə soydaşımızı qədim dədə-baba yurdlarından, Qarabağ torpağından didərgin salıb. Azərbaycanın tarixi ərazisi olan Qarabağ torpaqlarının işğalı, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi mənfur qonşularımızın növbəti məkrli siyasətinin nəticəsi idi.
Qarabağ bizim ağrılı yerimiz, böyük dərdimizdir. Bu dərd milli mənlik şüuru olan, vətəni hər şeydən üstün tutan hər bir Azərbaycan vətəndaşını içindən göynədir. Bu gün torpaq uğrunda, vətənin azadlığı və müstəqilliyi uğrunda canını fəda etmiş mərd oğulların ruhu narahatdır. Şəhidlərimizin ruhu bizi vətənpərvər olmağa, baş verənləri şüurlu surətdə dərk etməyə, düşmənə boyun əyməməyə səsləyir. Şübhəsiz, azğın düşmənin tapdağı altında olan torpaqlarımız gün gələcək, işğaldan azad olacaq, Qarabağ uğrunda canından keçmiş şəhidlərimiz rahat uyuyacaqlar. Azərbaycan gəncliyi məhz şəhidlərimizdən örnək götürərək torpaqlarımızı şərəflə qoruyacaqlar.

"Vətən mənə oğul
desə, nə dərdim
Mamır olub
qayasında
bitərdim”

Heç kimə sirr deyil ki, mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Azərbaycan xalqının tarixində müəyyən iz qoymuş məşhur şəxsiyyətləri dünyada tanıtdıran və gələcək nəsillər üçün örnək edən səbəb onların yüksək mənəviyyata, müqəddəs amallara malik olmasıdır. Ulu şairimiz Nizami Gəncəvi vətənini, xalqını sevməsə idi, ölməz əsərlər yarada bilərdimi? Əlbəttə, yox. Məmməd Arazın vətənpərvərliyi, onun ölkəsinin torpağına, daşına, ümumilikdə təbiətinə sıx bağlılığı əsərlərində özünü çox qabarıq göstərir: "Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Görün, bu iki misrada sətirdə necə böyük və dərin məna gizlənir. Vətənpərvərliyi, vətənə sevgini belə əsərlərdən öyrənmək, əxz etmək də mümkündür.
Ümummilli lider Heydər Əliyev istedadlı, vətənpərvər gənclərə böyük qayğı göstərirdi. Dahi siyasətçi belə gənclərin vətənin, xalqın müqəddaratında önəmli rol oynadığını daim vurğulayırdı. Heydər Əliyev gənclərlə görüşlərinin birində demişdi: "Gənclərimiz bizim tarixmizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi bilməyən gənc yaxşı vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.

Vətən məhz belə qəhrəmanlara
oğul deyir

Müasir dövrdə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsinə daxil olan şəxsiyyətlərin keçdiyi yol da gənclərimizin mənəviyyatına müsbət təsir göstərir. Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun keçdiyi mübarizlik yolu kimi. Azərbaycan xalqının igid oğlu türk dünyasına qənim kəsilmiş mənfur qonşumuz ermənilərlə savaşda böyük cəsurluq, mərdlik göstərərək şəhid oldu. Mübariz 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənin silahlı qüvvələrinin hücumunu dəf edərkən onları ağır itkilərə məruz qoyaraq canını vətən uğrunda fəda etdi. Belə igidlər heç vaxt unudulmayacaq, heç vaxt yaddan çıxmayacaq.
Mübarizin yolu başqa, sevgisi başqa idi. Vətənin ağır günündə Mübarizin ürəyi Vətən həsrəti ilə döyünürdü. Bu mərd vətən oğlu erməni qəsbkarlarının torpaqlarımızda at oynatmağına dözə bilmədi. Vətənin dar günündə bəziləri kimi laqeyd olmağı bacarmadı. Çünki ulu Tanrı onu belə yaratmışdı - mərd, cəsur, qorxmaz, vətənpərvər.
Yurdumuzun bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlər qeyrət simvolumuz, mərdlik məktəbimizdir. Vətənpərvər olmaq üçün, sadəcə, Milli Qəhrəman Mübariz İbrahimov kimi olmaq yetər. Belə oğullar qanı ilə, canı ilə vətənə bağlı olur. Vətənpərvərlik, torpaq qeyrəti belə oğulların iliyinə hopur. Vətən məhz belə qəhrəmanlara oğul deyir.

Hər bir gəncvətəni sevməli,
torpağı qorumalıdır

Xalqımız ta qədimdən döyüşlərdə bərkiyib, ata-babalarımız mərdlik, cəsurluq məktəbi keçib. Onlar torpaqlarını öz qanları bahasına qoruyublar. Tariximizin şanlı səhifələrini vərəqləsək, mütləq ata-babalarımızın qəhrəmanlığından, vətənpərvərliyindən bəhs edən faktlarla rastlaşacağıq. Bu xalq Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl Xətai, Cavad xan, Hüseynəli xan kimi qəhrəmanların, Tomris, Nüşabə, Burlaxatun kimi kişi qeyrətli xanımların varisidir. Müasir Azərbaycan gəncliyi bu qəhrəmanlardan ibrət alır. Bu gün Azərbaycan Respublikasının bayrağını müxtəlif beynəlxalq turnirlərdə dalğalandıran idmançılarımız tariximizin qəhrəmanlıq səlnaməsini davam etdirənlərdir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərov kimi Olimpiya çempionları ilə qürur duyur. Gənclərimiz bu cür idmançılardan nümunə götürürlər.
Yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində, əməyə və vətənin müdafiəsinə hazır olan mərd və cəsur insanlar kimi yetişməsində idmanın rolu böyükdür. Gənclərin fiziki və mənəvi tərbiyəsində müstəsna rol oynayan bədən tərbiyəsi və idmanın inkişafını daha da sürətləndirmək, onun kütləviliyini təmin etmək üçün Azərbaycanda məqsədyönlü və möhtəşəm işlər aparılır.
Azərbaycanın sağlam, firavan sabahı uğrunda idmana, bədən tərbiyəsinə bağlı gənclərin yetişdirilməsi Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin əsasını təşkil edir. Ölkəmizdə möhtəşəm idman yarışlarının və idman tədbirlərinin təşkili də məhz bu məqsədə xidmət edir.
Dövlət başçısı İlham Əliyev idmanın, bədən tərbiyəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolunu yüksək qiymətləndirmişdir: "Yeniyetmələrin, uşaqların vətənpərvərlik ruhunda böyüməsi üçün idman çox mühüm rol oynayır. Bu, Azərbaycanda da belədir”. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında əldə edilən yüksək qələbələrdən sonra idmançılarımızın dövlət başçısı tərəfindən qəbul edilməsi ənənə halına çevrilib. Bütün bunlar gənclərin əsas hissəsini təşkil edən idmançı ordusunun vətənə sədaqət ruhunda böyüməsində, onların vətənpərvərlik hissinin tərbiyəsində çox mühüm rol oynayır.
Ümummilli lider Heydər Əliyev 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin Forumundakı nitqində uşaqların və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük əhəmiyyət verərək demişdir: "Vətənə bağlı olmaq, vətənə sadiq olmaq, vətəni sevmək lazımdır. Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün vətəni sevməli, ölkəni sevməli, torpağı sevməlidir. Xalqımızı, millətimizi, dinimizi, dilimizi, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, bunları özü üçün mənəvi əsas edə bilməyən həyatda özünə yer tapa bilməyəcək”.
Tədqiqatçıların fikrincə milli mənlik şüuru ayrı-ayrı şəxslərin və ümumilikdə cəmiyyətin böyük uğurlar qazanmasına stimul verir. Müşahidələr göstərir ki, keçmişə, tarixə və ənənələrə olan inamı itirmək mədəniyyət və sivilzasiyanın tənəzzülünə aparıb çıxarır. Təcrübə göstərir ki, milli mənlik şüuru və vətənpərvərlik hissləri bəşəriyyətin real tərəqqisi, elm, texnika, idman və iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli rol oynayır. Vətənpərvərlik hissi insanları birləşdirir, mübarizliyə səsləyir, onların əsl vətəndaş kimi formalaşmasına bilavasitə təsir göstərir. Uşaqların və gənclərin milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsində bəzi meyarlar böyük əhəmiyyət kəsb edir. Məsələn, öz kökünə bağlı olan meyarlar vətəninin, xalqının tarixini dərindən bilməyi, öz soykökünə bağlılığı özündə birləşdirir. Emosional meyarlar isə digər insanlara hörmət, ana yurda, doğma təbiətə məhəbbət, təbii sərvətlərə qayğını ifadə edir. Fəaliyyət meyarı isə insanın müəyyən sahədə qabiliyyətini, özünütəsdiqetmə bacarığını, vətənin, torpağın şərəfini öz şərəfindən üstün tutmağı əks etdirir. Bu meyar tarixi abidələri, dövlət əmlakını qorumağı, yaşlı insanların, kiçikyaşlı uşaqların qayğısına qalmağı, sağlam həyat tərzi keçirməyi, ətraf mühitə qayğını, fiziki və mənəvi kamillik prinsiplərini əsas götürür.
Müşahidələr göstərir ki, uşaqların və gənclərin vətənpərvərlik tərbiyəsində onların vətəndaşlıq mövqeyinin formalaşması əsas götürülür. Burada əsas diqqət onların biri-biri ilə qarşılıqlı münasibətlərinə, əxlaqi və mənədi dəyərlərin formalaşmasına yönəldilir. Eyni zamanda, milli mədəniyyətə, adət-ənənələrə, ana dilin qorunmasına, doğma yurda məhəbbətə, vətən qarşısında öz borcunu yerinə yetirməyə, sağlam həyat tərzinə böyük diqqət artırılır.
Bu gün hamımız övladlarımızın taleyi üçün məsuliyyət daşıyırıq. Məsuliyyət daşıyırıq ona görə ki, bu gün qayğısız böyüyən övladlarımız sabah Vətənin, dövlətin müqəddəratı üçün laqeyd olmasınlar. Hər birimiz bilməliyik ki, vətən onlara əmanətdir. Əlimizdən gələni etməliyik ki, yaşadıqları torpağın, vətəndaşı olduqları ölkənin mənafeyini layiqincə müdafiə etməyi bacarsınlar. Bir sözlə, gənclərimizin sağlamlığı, onlarda milli mənlik şüurunun inkişafı, vətənpərvərlik hisslərinin tərbiyə edilməsi hamımızdan asılıdır.



Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.







Səadət Hakıyeva

Bu yazı

51858 dəfə oxunub

Tarix

2013-02-15 10:34:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev