“İnanıram ki, III İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə medal əldə olunacaq”


Sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyada III İslam Oyunları təşkil ediləcək. Oyunlarda ölkəmiz 13 idman növündə təmsil olunacaq. Onların 12-si Olimpiya, 1-i qeyri-olimpiya idman növüdür. Xatırladaq ki, 2005-ci ildə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində 14 idman növü üzrə keçirilmişdi. Bu oyunlarda təmsilçilərimiz 12 idman növündə 103 idmançı ilə çıxış etmişdilər. Yığmamız 4 qızıl, 4 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında 15 medalla səkkizinci pillədə qərarlaşmışdı. Qeyd edək ki, bu medallardan birini yığma komandamıza 63 kq çəki dərəcəsindən çıxış edən taekvondoçumuz Babək İsgəndərov qazandırmışdı. I İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində ölkəmizin üçrəngli bayrağını taekvondo üzrə Avropa çempionumuz İlkin Şahbazov aparmışdı. Taekvondo üzrə yığmamız İslamiadaya yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi (hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi) Məmməd Abdullayevin rəhbərliyi altında yola düşmüşdü.
İndoneziyada keçiriləcək üçüncü İslam Həmrəyliyi Oyunlarına az vaxt qalıb. Müxtəlif idman növləri üzrə komandalarımız yarışlara hazırlıqlarını davam etdirirlər. Taekvondo üzrə yığmamız bu möhtəşəm yarışa hazırlığını paytaxtda keçir. Artıq bu oyunlara yola düşəcək heyət də müəyyənləşib. Bugünlərdə taekvondo üzrə gənclərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə görüşərək komandanın III İslam Həmrəyili Oyunlarına hazırlığı, taekvondoçularımızın I İslam Həmrəyliyi Oyunlarında çıxışı, gənclərdən ibarət yığmanın hazırkı durumu barədə söhbət etdik.

- Məmməd müəllim, bu ayın sonunda İndoneziyada III İslam Həmrəyliyi Oyunları keçiriləcək. İslamiadada taekvondo üzrə yığma komandamız da iştirak edəcək. Taekvondoçularımız bu yarışa necə hazırlaşırlar?
- III İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək komandanın heyəti artıq müəyyənləşib. Yığma üzvləri böyüklərdən ibarət yığmanın baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçilər Gündüz Abdullayev və Elnur Amanovun rəhbərliyi altında təlim-məşq toplanışınlarını davam etdirirlər. Bu oyunlara hazırlıq prosesi paytaxtda keçilir. İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 5 kişi, 3 qadın idmançı təmsil edəcək. İdmançılarımızdan İndoneziyaya yollanacaq heyətə kişilər arasından Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbrahimov (58 kq), Fariz Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Radiq İsayev (87 kq), qadınlar arasından Türkanə Tahirli (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva (57 kq) daxil ediliblər. Yığmanın təcrübəli üzvləri Ramin Əzizov, Fəridə Əzizova və İlkin Şahbazov ciddi zədələri olduğundan İslamiadada iştirak edə bilməyəcəklər.
Xatırladım ki, buyaxınlarda böyüklərdən ibarət yığma komanda Meksikanın Puebla şəhərində keçirilən dünya çempionatında iştirak edib. Orada iki idmançımız - Radik İsayev və Fəridə Əzizova bürünc medal əldə ediblər. Dünya çempionatından sonra komandaya qısa müddətli istirahət verildi. Hazırda komanda təlim-məşqlərə cəlb olunub və qarşıdakı yarışa hazırlıq prosesi keçir. İslamiadadan başqa, həm də yığma komandanın ikinci heyəti Çelyabinskdə keçiriləcək A kateqoriyalı beynəlxalq turnirdə iştirak edəcək. Hazırda komandanın taktiki-texniki hazırlığına daha çox diqqət yetirilir. Əsas heyət dünya çempionatında iştirak etdiyi üçün fiziki cəhətdən, demək olar ki, yüksək hazırlığa malikdir. Onu da deyim ki, dünya çempionatında iki bürünc medalın qazanılması komandanın zəif hazırlıqlı olması demək deyil. Bir sıra idmançılarımızın qızıl medal qazanmaq şansları belə var idi. Sadəcə, burada bir sıra psixoloji məqamlar rol oynadı.

- Taekvondo idman növü İran, Türkiyə kimi müsəlman ölkələrində yüksək səviyyədə inkişaf edib. III İslam Oyunlarında komandamızın əsas rəqibləri hansı ölkənin təmsilçiləri olacaqlar?
- Düz qeyd edirsiniz. İran, Türkiyə kimi ölkələrin komandaları uzun illərdir ki, bu idman növündə öz sözlərini deyiblər. Məhz bu ölkələrin təmsilçiləri bizim ciddi rəqiblərimiz sırasındadırlar. Məsələn, Tunis, Seneqal kimi ölkələrin idmançıları da son dövrlərdə heç də zəif çıxış etmirlər. Bu ölkələrin müxtəlif çəkilərdə güclü idmançıları var və onlar kifayət qədər təcrübəyə malikdirlər. Ancaq İslamiadada taekvondo idman növündə favorit komanda İran olacaq. Türkiyə taekvondoçuları da bu yarışlara yüksək səviyyədə hazırlaşacaqlar. Qonşu ölkə təmsilçiləri dünya və Avropa çempionatlarında həmişə medal qazanırlar. Qeyd edim ki, sonuncu dünya çempionatında Türkiyə komandası bir medal belə qazana bilmədi. Bu, idmandır. İdmanda isə həmişə medal olmur.

- Birinci İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə medal əldə olunub. O vaxtkı heyətdən hazırda komandada çıxış edən idmançılar varmı?
- I İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Babək İsgəndərov artıq karyerasını başa vurub. 1978-ci il təvəllüdlü idi. Babək İslamiadadakı çıxışından iki il sonra yaşla əlaqədar idmanla vidalaşdı. İslamiadada yığmamızın bayraqdarı olan İlkin Şahbazov hazırda zədəli olduğuna görə müalicə-bərpa prosesi keçir. O, qarşıdakı yarışlarda iştirak edəcək. İslam oyunlarında çıxış edən komandanın digər üzvləri də karyeralaranı başa vurublar.

- Məmməd müəllim, ümumiyyətlə, I İslam Həmrəyliyi oyunları xatirinizdə necə qalıb?
- 1992-ci ildən idmandayam. 2000-ci ildən müxtəlif yaş qrupları üzrə yığma komandalarla işləmişəm. Mənim üçün indiyədək iştirak etdiyim yarışlardan ən zirvədə dayananı İslam Həmrəyiliyi Oyunlarıdır. Azərbaycan müsəlman ölkəsidir. Bildiyiniz kimi, İslam Həmrəyliyi Oyunları Məkkə və Mədinə kimi müqəddəs şəhərlərdə keçirilmişdi. Əlbəttə ki, orada olmaq hər müsəlmanın arzusudur və bu, hər kəsə nəsib olmur. Əminəm ki, ilk İslam Həmrəyliyi Oyunları hər bir idmançının xatirində gözəl xatirələrlə yadda qalıb. Məncə, İslam oyunlarında taekvondo üzrə daha çox medal əldə oluna bilərdi. Sadəcə, idmançılarımız rəqiblərinin gücünü düzgün qiymətləndirmədilər.

- İndoneziyada keçiriləcək üçüncü İslam Həmrəyliyi Oyunlarından neçə medal gözləyirsiniz?
- Əlbəttə ki, idmanda proqnoz vermək çətindir. İnanıram ki, III İslam Həmrəyliyi Oyunlarında taekvondo üzrə medal əldə olunacaq. Olimpiya oyunlarından başqa, hər yaş qrupu üzrə Avropa və dünya çempionatları, müxtəlif beynəlxalq səviyyəli yarışlarda medallar əldə olunub. Bu gün taekvondo idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edib. Hər yaş qrupu üzrə yığmalarla yüksək səviyyəli iş aparılır. İdmançılar arasında sağlam rəqabət mövcuddur. Taekvondoçularımız federasiya rəhbərliyi tərəfindən diqqət və qayğı ilə əhatə olunublar. İdmançılarımızın təlim-məşq, vitamin və s. məsələlərlə bağlı problemləri yoxdur. Komandamızın üzvləri yalnız yarışlarda nəticə qazanmaq barədə düşünürlər. Son iki Olimpiya oyunlarında taekvondo üzrə medal əldə olunmamasına baxmayaraq, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov tərəfindən taekvondoçularımıza yüksək səviyyəli diqqət və qayğı göstərilir. Əsas məqsədimiz yay Olimpiya oyunlarında taekvondo üzrə medalın əldə olunmasıdır. Arzumuz odur ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevi və xalqımızı Olimpiya medalı ilə sevindirək.

- Bildiyiniz kimi, 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Necə bilirsiniz, I İslam Həmrəyliyi Oyunları ilə müqayisədə ölkəmizdə keçiriləcək İslamiada nə ilə fərqlənəcək?
- Bir məşqçi kimi bir çox yarışlarda iştirak etmişəm. Hətta Afina və London olimpiadalarında da komandamızı dəstəkləmişəm. Mən deyərdim ki, Azərbaycanda bütün yarışlar yüksək səviyyədə təşkil olunur. Bu gün ölkəmizdə yüksək səviyyəli infrastruktur yaradılıb. Olimpiya idman kompleksləri, stadionlar inşa olunub. Məlum olduğu kimi, paytaxtımız 2011-ci ildə "Avroviziya” müsabiqəsinə yüksək səviyyədə ev sahibliyi etdi. Bu müsabiqənin təşkilindən söz düşəndə indiyədək Bakının adı fəxrlə çəkilir. Məncə, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Bu oyunlarda Azərbaycan komandası yüksək səviyyəli çıxışı ilə də ev sahibi olduğunu sübuta yetirməlidir.

- Bəs 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq necə həyata keçiriləcək?
- Birinci Avropa Oyunlarında ev sahibi kimi bütün çəkilərdə tam heyətlə iştirak edə bilərik. Bu oyunlara hazırlıq məqsədilə təlim-məşqlər təşkil ediləcək. Qeyd edim ki, bunadək gələn il Pekində Yeniyetmələrin ikinci Olimpiya Oyunları keçiriləcək. Sinqapurda keçirilən Yeniyetmələrin birinci Olimpiya Oyunlarında bir taekvondoçumuz - Səbuhi İsmayılzadə iştirak etmişdi. Pekin Olimpiadasına lisenziya xarakterli yarış gələn ilin martında Çin Taypeyində keçiriləcək dünya çempionatı olacaq. Qeyd edim ki, taekvondo idman növündə Olimpiya oyunlarına lisenziy qazanmaq bir qədər çətindir. Lisenziya üçün çəkilərin sayı az olduğundan idmançıların seçimində çətinlik yaranır. Kişilər və qadınlar arasında mövcud 10 çəkidən 5-də seçim imkanına icazə verilir. Bu 5 çəki arasından isə lisenziya yarışlarına 3 çəki dərəcəsi üzrə idmançılar seçilməlidir. Yeniyetmələrin Olimpiya Oyunlarında 3 qız 3 oğlan taekvondoçu ilə iştirak etmək mümkündür. Etiraf etmək lazımdır ki, bu gün taekvondo üzrə yeniyetmə və gənc taekvondoçularımız azlıq təşkil edirlər. Bu yaş qrupunda qızları döyüş növünə cəlb etmək bir qədər çətindir. Taekvondoda elektron jiletlər tətbiq olunduqdan sonra vəziyyət bir qədər dəyişib. Bu növlə məşğul olan gənc hündürboy və uzunayaqlı olması vacib amildir. Hündürboy və uzun ayaqlı taekvondoçu rəqibdən daha yaxşı xal ala bilir. Buna görə də məşqçilər taekvondo bölmələrinə uşaqları qəbul edərkən bu amillərə diqqət yetirməlidirlər. Hər bir valideynin arzusu odur ki, övladı hansı sahənin arxasınca gedirsə, orada uğur qazansın. Buna görə də uşağın kiçik yaşlarından düzgün istiqamətləndirilməsinə diqqət yetirmək lazımdır. Ola bilər ki, taekvondo bölməsinə yazılan kiçikboylu gənc güləşlə məşğul olsa, dünya, Avropa, Olimpiya,ən azı, respublika çempionu adını qazana bilər.

- Məmməd müəllim, yeri gəlmişkən, qarşıda gənc idmançılarımızı Portuqaliyanın Portu şəhərində keçiriləcək XIX Avropa birinciliyi gözləyir. Bu yarışa hazırlıq necə gedir?
- Gənc taekvondoçulardan ibarət yığma yarış ərəfəsində təlim-məşq toplanışına cəlb olunub. Sentyabrın 25-dən 28-dək təşkil olunacaq Avropa birinciliyində 13 idmançımız iştirak edəcək. Yarışda Tağı Tağızadə (45 kq), Kamil Abdurazakov (48 kq), Samid Bağırlı (51 kq), Məhəmməd Məmmədov (55 kq), Yusif Hüseynli (59 kq), Ayxan Tağızadə (63 kq), Tapdıq Quliyev (68 kq), Səid Quliyev (73 kq), Elnur Məhərrəmov (78 kq-dan yuxarı), Nərminə Məmmədova (42 kq), Təranə Məmmədova (44 kq), Zümrüd Məlikova (46 kq) və Nur Cemre Kaymak (67 kq-dan yuxarı) iştirak edəcəklər. Çalışacağıq ki, taekvondoçularımız ölkəmizi layiqincə təmsil etsinlər. Komanda yanvar ayından mərhələli şəkildə fiziki, taktiki, yükləmə məşqləri keçib, Hollandiya, İspaniya, İsveçdə keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Avropa birinciliyinə ən güclü idmançılarımız yola düşəcəklər. Komanda üzvlərinin hər birindən medal gözləyirəm. Xatırladım ki, 2011-ci ildə Kiprdə keçirilən Avropa birinciliyində taekvondoçularımız 1 gümüş, 1 bürünc medal əldə etmişdilər. Gənclərin Avropa birinciliyində ən yaxşı nəticəmiz 2005-ci ildə Bakıda qazanılıb. Bu yarışda idmançılarımız 3 qızıl medal əldə etmişdilər. 2003-cü ildə isə Afinada ilk dəfə gənclərdən ibarət yığmamız Avropa çempionatında iştirak edib. Orada isə 2 qızıl 1 gümüş medala sahib çıxmışıq. Taekvondoçularımız 2007-də Bakıda keçirilən Avropa birinciliyində 2 qızıl, 2009-cu ildə Trelleborqda keçirilən Avropa birinciliyində isə 1 bürünc medal qazanıblar.

- Son dövrlərdə komandamıza Türkiyə və Rusiyadan legionerlər cəlb olunublar. Onların səviyyəsi sizi qane edirmi?
- Komandaya 2 kişi, 4 qadın ligioner idmançı cəlb etmişik. Ağır çəkilərdə komandada güclü idmançılara ehtiyac duyulur. Bu həm də komandada rəqabəti gücləndirmək məqsədi daşıyır. Legionerlər orta səviyyəli idmançılardır. Bu idmançılar ötənilki Azərbaycan çempionatında iştirak ediblər. Məşqçilər korpusu tərəfindən ölkə çempionatında idmançıların səviyyəsi qiymətləndirilərək legioner idmançılar arasında seçim aparılıb.
Aysel Sultanova




Bu yazı

35375 dəfə oxunub

Tarix

2013-09-11 17:33:51

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook