Zülfüqar Süleymanov: «Qazanılan medallar yarışlarda çıxış edəcək digər idmançılarımız üçün əlavə stimuldur»


İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunları davam edir. Bu gün kişi ağırlıqqaldıranlarımız da medallar uğrunda mübarizəyə qoşulublar. İlk olaraq 62 kq çəki dərəcəsində çıxış edən Zülfüqar Süleymanov yarışa uğurla başlayıb.
Təcrübəli atletimiz birdənqaldırma hərəkətində 123 kq, təkanla qaldırma da isə 156 kq çəkinin öhdəsindən gəlib. İki hərəkətin cəmində 279 kq (123 kq + 156 kq) nəticə göstərən Zülfüqar Süleymanov III İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.

Yarış başa çatdıqdan sonra Zülfüqar Süleymanov medal sevincini «Olimpiya dünyası» ilə bölüşdü:
«Palembanqda təşkil olunan III İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə davam edir. Azərbaycan atletlərinin medal sorağının ardı-arası kəsilmir. Əldə olunan medallar yarışda iştirak edəcək idmançılar üçün əlavə stimuldur. Belə ki, karateçilərimiz, üzgüçümüz, eləcə də qadın atletimizin əldə etdiyi medallar bizi ruhlandırır. Məhz buna görə, mən də bu ənənəyə sadiq qalıb, yığma komandamıza daha bir medal qazandırdım. İlk «bürünc» medal mənim payıma düşdü. Mübarizə gərgin və maraqlı keçdi. Lakin birinci yerə çıxmaq mümkün olmadı. Bu, məni qətiyyət məyus etmir. Əsas odur ki, mükafat qazanan idmançılar arasında mənim də adım var. Qələbəmdə payı olan hər bir şəxsə, ailəmə və bizə diqqət yetirən insanlara öz təşəkkürümü bildirirəm. »












Bu yazı

6197 dəfə oxunub

Tarix

2013-09-25 14:56:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev