“Tələbələr” hazırlıqlarını davam etdirir


Çempionlar Liqasının I pley-off mərhələsinə hazırlaşan Bakı təmsilçisi hazırlıqlarını davam etdirir. Universitet komandası 2 voleybolçusu ilə yollarını ayırıb. Azərbaycan Super-liqasının gümüş mükafatçısı çinli Kiuyue Vey və amerikalı Kim Vilouqbi ilə müqaviləni qarşılıqlı şəkildə pozub. Düzdür, Veyin gedişi gözlənilən idi. Çünki argentinalı Romina Lamasın transferindən sonra komandada toppaylayıcıların sayı 3-ə çatmışdı ki, onlardan biri ilə yolların ayrılması planlaşdırılırdı. Baş məşqçi Bülənt Karslıoğlu da italiyalı Valentina Serenanı saxlamağı lazım bilərək, Asiya Çempionlar Liqasının 3 qat qalibi ilə vidalaşıb.

Pekin Olimpiadasının finalçısı Vilouqbi isə "İqtisadçı”da özünü yaxşı tərəfdən göstərə bilməyib. Bunun üçün də klub rəhbərliyi ehtiyatda gününü keçirən Ariel Uilsonun ardınca Kim ilə yollarını ayırıb. Əvəzində "tələbələr” amerikalı Deja Makklendonu komandanın heyətinə cəlb etmək istəyir. Artıq klub rəhbərliyi voleybolçu ilə danışıqları yekunlaşdırıb. Pensilvaniya Universitetinin komandasından transfer olunan 21 yaşlı hücumçu ilə hələlik mövsümün sonuna kimi müqavilə imzalanıb. Lakin voleybolçu özünü yaxşı tərəfdən göstərərsə, anlaşmanın müddətinin uzadılması istisna olunmur.
Məlumat üçün bldirək ki, hazırda Super-liqada ikinci pillədə qərarlaşan "İqtisadçı” Çempionlar Liqasının 1/6 finalında Türkiyənin "Vakıfbank” klubu ilə qarşılaşacaq. Komanda növbəti mərhələyə qrupda ən yaxşı 3-cü yerin sahibi kimi çıxmışdı. Qrup mərhələsində keçirdiyi oyuna gəldikdə isə, komanda debüt matçında "Srvena Zvezda” klubunun qonağı olmuşdu. Qarşılaşmada inamlı çıxışını davam etdirən komandamız birinci hissəni 25:15 hesabı ilə qalib gəlmişdi. İkinci hissə isə serblərin hücumları ilə başlamışdı. Əgər birinci hissədə "İqtisadçı” 4 top fərqi ilə öndə idisə, bu dəfə rəqib eyni hesabla irəli çıxdı. Yekunda "tələbələr” 25:16 hesabı ilə qalib gəldilər. Üçüncü hissəyə də rəqib fəal başladı. Amma "İqtisadçı” yenə rəqibin sevinməsinə imkan vermədi. Belqradda əla oyun nümayiş etdirən "İqtisadçı” Çempionlar Liqasında debütünü qələbə ilə qeyd etdi. "İqtisadçı” ikinci turda Moskva "Dinamo”sunu qəbul etdi. Voleybol Mərkəzində keçirilən qarşılaşmada komandamız çətin qələbə qazandı. Birinci dövrənin son oyununda isə "İqtisadçı” İtaliyanın "Pyaçentsa” klubu ilə qarşılaşdı. Görüş komandamız üçün uğurlu alınmadı. İtaliya çempionuna 3:1 hesabı ilə uduzan "İqtisadçı” turnirdə ilk məğlubiyyətlə üzləşdi. Çempionlar Liqasının qrup mərhələsində IV turunda isə komandamız İtaliya A seriyasının qalibi "Pyaçentsa” kulubunun qonağı oldu.


Doğma meydanda "Pyaçentsa”ya 1:3 hesabı ilə məğlub olan "tələbələr” səfərdə də məğlubiyyətlə üzləşdilər. Yalnız son hissə istisna olunmaqla birinci 2 hissədə rəqib daha asan qələbə qazandı. Bununla da "İqtisadçı” pley-offa çıxmaq şansını bir qədər çətinə salmış oldu. Super Liqanın mükafatçısı "İqtisadçı”nın növbəti turda qələbə qazanmaqdan başqa çıxış yolu yoxdur. Çünki Bakı təmsilçisi Moskva "Dinamo”su ilə görüşdən xalsız ayrılarsa, "Srvena Zvezda” (Serbiya) - "Pyaçentsa” (İtaliya) cütünün nəticəsindən asılı olmayaraq, Çempionlar Liqasında mərhələ adlaya bilməyəcəkdi. Bir sözlə, Bülənt Karslıoğlunun yetirmələrinə 3:0 və ya 3:1 hesablı qələbədən başqa, nəticə sərf etmirdi. 5-ci turda "İqtisadçı” komandası Moskvada yerli "Dinamo” kollektivinin qonağı oldu. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüş 3:0 hesabı ilə "Dinamo” komandasının xeyrinə başa çatdı. "İqtisadçı” qrup mərhələsinin sonuncu oyununda qalib gəldi. Komandamızın rəqibi "Srvena Zvezda” klubu oldu. Oyuna gəldikdə isə, rəqib birinci hissədə qələbə qazandı. Lakin ardınca rəqibinə heç bir şans verməyən Bülənt Karslıoğlunun yetirmələri lazımi 3 xalı aktivlərinə yazdılar. Super-liqanın gümüş mükafatçısının pley-offa ilk 2 pillədən birini tutaraq çıxmaq şansı bitsə də, ən yaxşı 3-cü kimi mərhələ keçmək şansı qalırdı. Beləliklə, komandamız ən yaxşı 3-cü yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazandı.



Bu yazı

5940 dəfə oxunub

Tarix

2014-01-14 14:38:45

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev