“Tələbələr”in ilk sınağı uğursuz alındı


Qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinin cavab görüşləri keçirilib. Yarışda qüvvəsini sınayan Bakının "İqtisadçı” klubu Türkiyədə "Vakıfbank” kulubunun qonağı olub. İlk oyunda olduğu kimi, bu görüşdə də təmsilçimiz məğlubiyyətlə üzləşib. Bakıda təşkil olunan oyunda komandamıza 3:0 hesabı ilə qalib gələn Türkiyə təmsilçisi doğma meydanda da həmin uğurunu təkrarlayıb. Çempionlar Liqasının son qalibi "tələbələr”ə heç bir şans verməyərək ardıcıl 73-cü qələbəsini qazanıb və növbəti mərhələyə yüksəlib. "İqtisadçı” isə avrokubokla vidalaşan ikinci komandamız olub. Beləliklə, avrokuboklarda mübarizəni dayandıran universitet komandası mübarizəni Super-liqada davam etdirəcək.

Oyundan sonra "İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu görüşlə bağlı fikirlərini bildrib. "Təəssüf ki, bir neçə voleybolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıtdığından hazırlıqlarda tam iştirak edə bilməmişdi. Buna görə də, istədiyimiz oyunu göstərə bilmədik. Bundan başqa pley-off mərhələsində püşkdə də bəxtimiz gətirməmişdi. "Vakıfbank”ın cavab görüşümüzə kimi, ardıcıl 72 oyunda qələbə qazandığını da nəzərə almaq lazımdır”, - deyə o qeyd edib. "Vakıfbank” klubunun baş məşqçisi Covanni Quidetti də qarşılaşma ilə bağlı fikirlərini bildirib. "Qarşılaşmadan çox razı qaldım. Çünki komanda olaraq, əla oynadıq, az səhvlərə yol verdik və Bakı təmsilçisi qarşısında çox üstün oyun göstərdik”, - deyə Covanni Quidetti vurğulayıb.
Qarşılaşmadan sonra görüşdə ən çox fərqlənən voleybolçuların da adları məlum olub. Gözdə Sonsırma bütün rəqiblərini qabaqlmağı bacarıb. O, "İqtisadçı”dan 15 xal alıb. Komandamızın heyətində isə hollandiyalı legionerimiz Manon Flier məhsuldarlıq nümayiş etdirib. Hücumçumuz komandasının aktivinə 11 xal yazdırıb. Bülənt Karslıoğlunun digər yetirmələrinə gəlincə, Pleumjit Zinkaov 6, Onuma Sittirak 5, Marianne Fersola 4, Ma Yun Vey 2 və Ley Zanq 1 xal toplayıblar.

I pley-off mərhələsi, cavab oyunu
22 yanvar

"Vakıfbank” (Türkiyə) - "İqtisadçı” (Azərbaycan) - 3:0 (25:13, 25:12, 25:20)
Hakimlər: Fabrizio Pasquali (İtaliya), Sotirios Delikostidis (Yunanıstan)
İstanbul. Burhan Fələk Voleybol Salonu

İlk oyun: "İqtisadçı” (Azərbaycan) - "Vakıfbank” (Türkiyə) - 0:3 (22:25; 20:25; 20:25)


Bu yazı

7384 dəfə oxunub

Tarix

2014-01-24 14:56:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev