Azərbaycanın dilbər guşəsi - Şuşa



Şuşa şəhəri Bakıdan 403 km, Xankənddən isə 11 km aralıdır. O, dəniz səviyyəsindən 1400- 1500 m yüksəkdə yerləşir. Dağ-iqlim şəraitinə malikdir. Şuşa şəhərinin salınma tarixi və etimologiyası barədə müxtəlif mülahizələr var. Elmi nöqteyi-nəzərdən Şuşanın əsasının 1750-ci illərin əvvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, son tədqiqatlar onun daha qədim yaşayış səhasi olduğunu sübut edir.
Pənahəli xan isə çox mühüm hərbi-strateji mövqedə yerləşən həmin yaşayış səhasinin ətrafına çox möhkəm müdafiə divarı çəkdirmiş və oranı abadlaşdırmışdır.
Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlanmışdır. XVIII əsrin 2-ci yarısında Şuşanın əhalisi sürətlə artmış, şəhərdə yeni-yeni məhəllələr salınmışdır. Məhəllələr o qədər gözəl, səliqəli ağ daşlarla bəzədilmişdi ki, insanları valeh edirdi. Yağış, qar yağdıqdan sonra, şəhərin küçələrində bir damla da olsun palçıq olmazdı. Elə bil ki, küçələri su ilə yumuşdular. Daşlar o qədər parlaq idi ki, adamın əksi daşlar üzərində görünürdü. Elə buna görə də şəhəri Şuşa adlandırmağa başlamışlar. El arasında şəhər Qala adı ilə də məşhur idi .
Qısa müddətdə iqtisadi, siyasi və mədəni cəhətdən Azərbaycanın mühüm şəhərlərindən birinə çevrilən Şuşada sənətkarlığın bəzi sahələri sürətlə inkişaf etmışdi. Şəhərdə dəmirçi, boyaqçı, miskər, dərzi, papaqçı, başmaqçı və başqa sənət sahibləri günü-gündən artırdı. Məhəllələrdə karvansaray, bazar, hamam və s. var idi. Şuşada ticarət xüsusilə inkişaf etmişdi. Şuşa tacirləri Təbriz, Tehran, İstanbul, İsfahan, Moskva və s. şəhərlərə müxtəlif sənətkarlıq məhsulları və ipək məmulatı aparırdılar.

Şəhər günü-gündən inkişaf edirdi. Buranın dəyərli pul vahidi də var idi.
Şuşa zərbxanasında Panabadı ( Pənahabadı) adlı gümüş sikkə kəsilirdi. Şəhər şöhrətləndikcə ətraf diyarların, ölkələrin diqqətini cəlb edirdi. Bu, Şuşanın dəfələrlə yadellilərin hücumuna məruz qalmasına səbəb olmuşdu. 1751-ci ildə Azərbaycanın cənub vilayətlərini ələ keçirən Ağa Məhəmməd Şah Qaçar Şuşaya hücum etdi, lakin istəyinə nail olmayıb geri çəkildi. İbrahim Xəlil xanın dövründə (1759-1806) Şuşada xeyli abadlıq işləri aparıldı. 1783-84-cü illərdə şəhərin ətrafına daha möhkəm qala divarı çəkildi. 1795-ci ilin yayında Ağa Məhəmməd Şah Qaçarın 85 minlik ordusu Şuşanı mühasirəyə aldı. Lakin şəhər əhalisindən təşkil edilən 15 minlik xalq qoşunu 33 gün düşmənə ciddi müqavimət göstərdi. Şuşanı ala bilməyən Ağa Məhəmməd Gürcüstana hücum edib Tiflisi ələ keçirdi. 1797-ci ildə o, yenidən Qarabağa hücum edib Şuşanı mühasirəyə aldı.
İbrahim Xəlil xan şəhərin müdafiəsini təşkil edə bilmədi. Ciddi müqavimətə rast gəlməyən İran qoşunu şəhəri tutdu. Lakin tezliklə Ağa Məhəmməd şah Qaçar sui-qəsd nəticəsində Şuşada öldürüldü. Beləliklə, İran qoşunu şəhəri tərk etdi. XIX əsrin əvvəllərində general Sisianovun başçılıq etdiyi çar qoşunu Azərbaycanın içərilərnə doğru irəlilədi. İbrahimxəlil xan "Kürəkçay” müqaviləsinə (1805- ci il) əsasən Rusiyanın himayəsini qəbul etdi. 1813-cü ildə isə Şuşa "Gülüstan” müqaviləsinə əsasən Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi.
1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Şuşa yeni yaradılmış hərbi dairənin mərkəzinə çevrildi. Artıq şəhər hərbi komendant tərəfindən idarə edilirdi. Rusiya-İran müharibəsi (1826-1828-ci illər) zamanı İran şahzadəsi Abbas Mirzənin qoşunları Şuşanı mühasirəyə aldı.
Şuşalılar İran qoşunlarına kəskin müqavimət göstərdilər. Müvəffəqiyyətsizliyə uğrayan Abbas Mirzə geri cəkildi. 1841-ci ildən qəza mərkəzinə çevrilən Şuşa Ümumrusiya bazarına cəlb olundu.
Ticarət mərkəzi olan Şuşada ipək parça, xalça və s. məişət əşyaları istehsal olunurdu. 1871-ci ildə X.B. Natəvan öz vəsaiti hesabına Şuşaya su kəməri ("Xan qızı bulağı”) çəkdirdi. Şəhər sənətkarları müxtəlif sərgilərdə iştirak edərək, öz əşyalarını nümayiş etdirirdilər. 1872-ci ildə Moskvada açılmış sərgidə Şuşa xalçası gümüş medal almışdı . XIX əsrin 2-ci yarısında Şuşada sənaye müəssisələri yaranmağa başladı. Bu, şəhər əhalisinin sürətlə artmasına səbəb oldu. 1886-cı ildə Şuşada 25 mindən çox adam yaşayırdı.
XX əsrin əvvəllərində Şuşa fəhlələrinin inqilabı mübarizəsi genişləndi. 1902-1904-cü illərdə Şuşada sosial-demokrat dərnəkləri yarandı. Sosial demokratlar şəhərdə marksist ədəbiyyatı yayır, inqilabi təbliğat aparırdılar. 1903-cü ildə şəhərdə sənaye müəssisələrinin və realnı məktəb tələbələrinin tətili baş verdi. Artıq 1905-ci ilin iyun ayında Şuşada sosial demokratlar qrupu yaradıldı. Bu qrup Rusiyada dərc olunan "Proletari” qəzeti ilə əlaqə saxlayırdı. İpək emalı və s. müəssisələrin fəhlələrinin iyulun 13-də başlanmış tətilinə başçılıq edən Şuşa qrupu inqilabi vərəqlər buraxmışdı.
1907-ci ilin iyununda şəhər ipək emalı fabrikinin 2 mindən artıq fəhləsi tətildə iştirak etmişdi. Tətilin getdikcə genişlənməsindən qorxuya düşən sahibkarlar fəhlələrin tələblərini yerinə yetirməyə məcbur oldular. İnqilabın yüksəliş illərində Rusiyada başlanan tətil hərəkatı Şuşa müəssisələrinə də yayıldı.
1917-ci il Fevral burjua-demokratik inqilabından sonra Şuşada Fəhlə və Əsgər Deputatları Soveti təşkil olundu. 1917-ci ilin yayında RSDF (b) P-nin Şuşa təşkilatı yaradıldı. Bu, Şuşa zəhmətkeşlərinin inqilabi mübarizəsinin genişlənməsinə daha da böyük təkan verdi. Şəhər zəhmətkeşləri əks-inqilabi qüvvələrə qarşı ağır və çətin mübarizə aparmağa məcbur oldular. Bu mübarizəyə 1919-cu ilin yazında gizli yaradılmış Şuşa qəza partiya komitəsi başçılıq edirdi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri milli qırğın Şuşaya da yayıldı və şəhərin bir hissəsi tamamilə yandırıldı.
Bakıda sovet hakimiyyətinin qələbəsi xəbərini eşidən Şuşa bolşevikləri aprelin 30-da Qəza İnqilab Komitəsi yaradıldığını və hakimiyyətin komitənin əlinə keçdiyini elan etdilər. Mayın 12-də 11-ci "Qızıl ordu” hissələri Şuşaya daxil oldu. Beləliklə, Şuşada sovet hakimiyyəti quruldu. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekretinə (1923-cü il, 7 iyul) əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. Sovet hakimiyyəti illərində Şuşa Azərbaycanın inkişaf etmiş kurort şəhərlərindən birinə çevrilmişdi. Şuşanın zəngin tarixi memarlıq irsində abidələr, küçə və meydan ansamblları, yaşayış evləri diqqəti cəlb edirdi. Bu abidələrdən qala divarları, qala daxili qəsrlər, Pənahəli xanın sarayı, Qara Böyükxanım bürcü,Şuşanın əsas darvazası olan "Gəncə qapısı” X.B. Natəvanın evi, Hacı Qulunun saray tipli malikanəsi, Haci Bəşirin malikanəsi, Əsəd bəyin evi, Mehmandarovların evi, Zöhrabbəyovların evi, "Yuxarı məscid”, yaxud "Gövhərağa məscidi” adlanan Cümə məscidi, Aşağı Gövhərağa məscidi, türbələr, hamamlar, bulaqlar (hamısı XVIII-XIX əsrlər) Azərbaycan memarlığının gözəl nümunələrindəndirlər.
Sovet hakimiyyəti illərində Şuşanın siması dəyişmişdi. Şəhərin qədim abidələri bərpa olunur, bəzilərindən mədəni- kütləvi tədbirlər üçün istifadə edilirdi (məs. Zöhrabbəyovların evi, Şəkil qalereyasına, Cümə məscidi Tarix-ölkəşünaslıq muzeyinə, Mamay məscidi "Poeziya evi”nə çevrilmişdi).
Şuşada quruculuq və abadlıq işləri, əsasən 1970-ci ildən sonra inkişaf etdirilmişdir. Həmin dövrdə qış kinoteatrı, 9 mərtəbəli mehmanxana, Şuşa sanatoriyasının yeni 7-ci korpusu, "Rabitə evi” tikilmiş, mədəniyyət və istirahət parkları salınmışdı. Şuşanı su ilə təchiz etmək üçün su kəmərləri, o cümlədən mineral su kəməri çəkilmiş, ikimərtəbəli mineral su qalereyası tikilmişdi (1976-cı il). Abadlıq işləri ilə yanaşı, tarixi şəxsiyyətlərin büstləri, abidələri şəhərin görkəmli yerlərində ucaldılmışdı (M.P.Vaqifin məqbərəsi, Ü. Hacıbəyovun abidəsi, Bülbülün, Natəvanın, N. Nərimanovun , M. Vəzirovun və digərlərinin büstləri ucaldılmışdı).
1977-ci ildə Şuşa Azərbaycan memarlığı tarixi qoruğuna cevrilmişdi. Şuşanın təbiəti, göz oxşayan mənzərəsi, əvəzolunmaz gözəlliyi hamını heyran edirdi. Qeyd edək ki, Şuşanın səthi dağlıqdır. Ən yüksək zirvəsi - Böyük Kirs dağı dəniz səviyyəsindən 2725 m yüksəklikdə yerləşir. Keçəl dağ aşırımı da Şuşa ərazisindədir.
Müxtəlif növ tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim-isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Buranın 20 faizini meşələr təşkil edir. Yüksək dağlıq sahələri yaşıl çəmənliklərlə örtülüdür Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənliklər və kolluqlar ətrafa gözəllik bəxş edirdi. Meşə heyvanlarından ayı, canavar, tülkü, boz dovşan, cüyür, quşlardan isə kəklik, turac, göyərçinlər çoxluq təşkil edir. Bu baxımdan Şuşa (Pənahabad) müqəddəs torpaqdır. Əzəmətli dağları, səfalı yaylaqları, saf suları, təmiz və şəffaf bulaqları ulu Tanrı bu diyara əbədi bəxş etmişdi. Şuşa görkəmli şəxsiyyətlərin - Qasımbəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsüm Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusf Vəzir Cəmənzəminli, Firudin bəy Köçərli, Əhməd Ağaoğlu, Həsən bəy Vəzirov, Kərim bəy Mehmandarov, Hacı Hüsü, Məşədi İsi, Hacı Bəşir, Cabbar Qaryağdı oğlu, Keçəci oğlu Məhəmməd, Segah İslam, Məşədi Məhəmməd Fərzəliyev, Seyid Şuşinski, Xan Şuşinski, Üzeyir bəy Hacıbəyov, Fikirət Əmirov, Süleyman Ələsgərov, Əşrəf Abbasovun və yüzlərlə dünya şöhrətli şəxsiyyətlərin vətənidir.

Şuşa elm, mədəniyyət və incəsənət sahəsində olduğu kimi, idman sahəsində də fərqlənmişdi. Şuşa torpağı müqəddəsdir, Azərbaycan xalqının Kəbəsidir. Bu torpağın yetirdiyi barında və bərəkətli məhsullarında olan saflıq, təmizlik onun sakinlərinin mənəvi və fiziki kamilliyinə hərtərəfli təsir göstərmişdir.
Bu baxımdan Şuşa öz idmançı sakinləri ilə də fərx etməyə haqlıdır. Ona görə ki, onların hamısı Şuşada dünyaya göz açıb, onun əsrarəngiz təbiətindən qüvvət və ilham alıb. Xalqımız onlarla fəxr edir, onlar buna layiqdirlər.
XX əsrin 30-cu illərindən başlayaraq Şuşada və Şuşadan kənarda bədən tərbiyəsi və idman sahəsində ad-san qazananlar indi də şuşalılar tərəfindən xatırlanırlar. Bədən tərbiyəsi və idman sahəsində xüsusi xidmətləri olan şuşalıların fəaliyyətini qələmə almaq, onları indiki gənc nəslə tanıtmaq, məncə, əsl vətəndaşlıq vəzifəsidir. Zəngin bədən tərbiyəsi və idman ənənələrinə malik olan, həmişə möhtəbər idman yarışlarında Şuşanı və ölkəmizi layiqincə təmsil edən idmançıların və idman hakimlərinin sayı yetərincədir:
- Ümumittifaq və beynəlxalq dərəcəli hakim Tofiq Bəhramov. O, dünyanın 10 ən güclü hakimlərindən biri idi. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya birinciliyində hakimlik edərkən İngiltərənin kraliçası tərəfindən "qızıl fit” mükafatına layiq görülmüş, çempionatın ən ədalətli hakimi adını almışdır;
- Əməkdar bədən tərbiyəsi və idman xadimi, futbol üzrə ümumittifaq və beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə. 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunlarında futbol yarışlarının final qarşılaşmasında (ADR - Çexoslavakiya) hakimlik etmişdir. E.Əzimzadə oyuna yüksək səviyyədə hakimlik etdiyi üçün qızıl medal və diplomla təltif olunmuşdur;
- Basketbol üzrə kecmiş SSRİ-nin əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim professor Tofik Abbasov;
- Qılıncoynatma üzrə 11 qat Azərbaycan çempionu, ümumittifaq və beynəlxalq dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqiçi, professor Cavad Qurbanov;
- Yüngül atletika üzrə keçmiş SSRİ nin əməkdar məşqiçisi ,ümumittifaq dərəcəli hakim Əfqan Səfərov;
- Yunan - Roma güləşi üzrə ilk azərbaycanlı SSRİ çempionu, beynəlxalq dərəcəli idman ustası Rasim Rəsulov;
- Boks üzrə "SSRİ-nin fəxri idman ustası”, beynalxalq dərəcəli hakim Rafiq İmanov;
- Sərbəst güləş üzrə SSRİ birinciliyinin mükafatçısı, idman ustası Adil Dadaşov;
- Yunan-Roma güləşi üzrə beynəlxalq dərəcəli idman ustası Surxay Məmmədov;
- Yunan-Roma güləşi üzrə SSRİ idman ustaları Nicat Abbasov və Vaqif Kərimov;
- Boks üzrə SSRİ idman ustaları Oktay Quliyev, Nazim İbrahimov və Pərviz Bayramov.
Şuşada yaşayan, Qarabağın yığma idman komandasının tərkibində Şuşanın və Qarabağın idman şərəfini qoruyan Şuşanı layiqincə təmsil edən idmançılardan əksəriyyəti əbədiyyata qovuşublar. Onların hamısı müxtəlif peşə sahibləri idilər. Öz işlərində olduğu kimi, bədən tərbiyəsi və idmanda da başqalarından fərqlənirdilər. Şuşalı idmançıların böyük bir qismi hazırda özlərindən əvvəlki idmançıların ənənələrin uğurla, ləyaqətlə davam etdirir, doğma Şuşanın adını ucaltmaq ücün əllərindən gələni əsirgəmir. Qaçqınlıq həyatı keçirmələrinə baxmayaraq, onlar bütün çətinliklərə sinə gərərək bir çox yarışlarda çıxış edir, Şuşanın idman şərəfini qoruyurlar. Yapon Hacıyev və Ruslan Zeynalov kikboksinq yarışlarında iki qat dünya çempionudurlar, Ceyhun Ağayev bilyard üzrə Avropa və dünya birinciliyinin mükafatcısıdır. Saday Əzimov nərd üzrə Azərbaycan çempionu və "Qızıl zər” mükafatının sahibidir. Biz Şuşalılar bu idmançılarla fəxr edirik, onlar buna layiqdirlər.
İnsanlara şənlik, gümrahlıq bəxş edən, yeniyetmə və gəncləri fiziki cəhətdən hərtərəfli inkişaf etdirən, estetik tərbiyə aşılayan idman növləri və milli idman oyunları xalqımızın gündəlik həyatına əsas vasitə kimi daxil olmuşdur. Bu baxımdan, respublikamızın bir sıra şəhər və rayonlarında, Olimpiya mərkəzlərinin, idman meydançalarının, stadionların, üzgüçülük hovuzlarının və s. idman qurğlarının tikilməsi buna parlaq misaldır. Elə buna görə də beynəlxalq turnirlərdə, Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında güləşçilərimiz, boksçularımız, karateçilərmiz, cüdoçularımız, ağırlıqqaldıranlarımız, voleybolçularımız iradə və mərdlik göstərərək Azərbaycan bayrağını yüksəklərə qaldırır, dövlət himnini səsləndirirlər. Azərbaycan idmanının son 10 il ərzində əldə etdiyi nailiyyətlər, doğrudan da, ürəkaçandır. Respublikamızın şəhər və rayonlarında idmanın inkişafı üçün yaradılan şərait göz qabağındadır. İdmançılarımızın əldə etdikləri bütün uğur və nailiyyətlər ölkə rəhbərliyinin bədən tərbiyəsinə və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Təəssüflər olsun ki, Azərbaycanın dilbər guşəsi olan Şuşa düşmən tapdağında olduğu üçün bu qayğıdan kənarda qalıb. Əminik ki, yurdumuzun əsrarəngiz gözəlliyə malik olan şəhəri düşmən işığlarından azad olunacaq. Dünyaya korifeylər bəxş edən Şuşa yenidən idman aləmində öz sözünü deyəcək.

Zakir Babayev,
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdmanAkademiyasının baş müəllimi, 
yunan-Roma güləşi üzrə SSRİ idman ustası, "Fəxri Bədən
Tərbiyəsi və Idman Xadimi”


Bu yazı

36879 dəfə oxunub

Tarix

2014-04-04 12:34:32

Yazını

Çap et

Yazını

Paylaş