Gənclərin orduya hazırlığı təhsil müəssisələrində də diqqətdən kənarda qalmır



"Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Heydər Əliyev


Gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, ideyaları əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətin gənclər siyasətinin əsas prinsiplərini özündə əks etdirir.
Ulu öndər, müstəqil Azərbaycan memarı və qurucusu Heydər Əliyev uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə, onların yüksək səviyyədə təhsil almasına xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə qeyd edirdi. Ümummilli lider təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Müasir dövrdə təhsilin qarşısında qoyulan fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində həyata keçirilir. Ölkənin ali və orta ixtisas məktəblərində, elm ocaqlarında bu sahədə mühüm işlər görülür, tərbiyə işinin yüksək səviyyədə qurulmasına böyük əhəmiyyət verilir. Qocaman tədris ocaqlarından olan Bakı Neft-Energetika Kollecində də xalqımızın adət-ənənələrinə hörmət, vətənə məhəbbət və sədaqət, eləcə də gənclərin torpaqlarımızın müdafiəsinə hazır olmuq ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir. Bu təhsil ocagında vətənpərvərliklə bağlı aparılan işlər haqqında dolğun məlumat almaq üçün oraya yollandıq.Kollecin binasında diqqətimizi cəlb edən foyedə qoyulmuş plakatlar oldu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş plakatlar və fotolarda böyük insan, dahi şəxsiyyət, müstəqil və suveren Azərbaycanın qurucusunun müxtəlif illərdə həyatının müəyyən məqamları əks olunmuşdu. Ölkəmizin dilbər guşəsi Şuşanın tarixini, onun erməni qəsbkarları tərəfindən işğalından əvvəlki və sonrakı görüntülərini əks etdirən fotoşəkillər bu təhsil ocağında vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə həyata keçirildiyindən xəbər verirdi. Foyedə kollecin məzunları -Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin şəhidi Fəxrəddin Şahbazov və Azərbaycanın Milli Qəhrəmanı, cəsur döyüşçü Şahin Tağıyevin də şəkilləri asılmışdı. Divardan boylanan fotoşəkillər sanki həmvətənlərini darda olan vətənin harayına, ulularının, ata-babalarının uyuduqları torpaqlar, onun azadlığı və müstəqilliyi uğrunda canını verən igid övladların qanını yerdə qoymamağa çağırırdı.

Düzünü deyim ki, foyedə gördüklərimdən mütəəsir olmuşdum. Bu şəkillərə baxdıqca vətənin taleyi ilə bağlı narahat məqamlar gözlərimin önündən kino lenti kimi keçirdi. İstər-istəməz evlərini, boya-başa çatdıqları obanı, onun axar-baxarlı torpaqlarını, yamyaşıl zəmilərini, şırıltı ilə axan çaylarını tərk edən və onlar üçün qəribsəyən insanları xatırladım. Bu fotoşəkillər məni bir anlığa acı keçmişə qaytardı və vətənindən, öz doğma torpaqlarından didərgin düşmüş, qovulmuş həmvətənlərimin agrı-acısını bir daha yaşadım.

"Xalqımızın, respublikamızın gələcəyini etibarlı əllərə təqdim etmək üçün bizdən böyük məsuliyyət tələb olunur”

Bizi kollecin foyesində Bakı Neft-Energetika Kollecinin əyani təhsil üzrə iqtisadiyyat və idarəetmə şöbəsinin müdiri Zəminə xanım Nağıyeva qarşıladı. Qəzetdən gəldiyimizi və kollecdə vətənpərvərliklə bağlı həyata keçirilən işlər barədə məlumat istədiyizi biləndə çox məmnun oldu. Zəminə xanımla birlikdə Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun qəbulunda olduq. Mehman müəllim bizi qonaqpərvərliklə qarşıladı. Çox ciddi və tələbkar insan olan Mehman müəllim gəlişimizinn məqsədini, məramını biləndə sevincini gizlətmədi və dedi: "Azərbaycan iqtisadi və siyasi cəhətdən sürətlə inkişaf edən dövlətlər sırasındadır. Ölkəmizin iqtisadi tərəqqisi göz qabağındadır. Quruculuq, abadlıq işləri iqtisadi gücümüzün göstəricisidir. Azərbaycanda idmana, Olimpiya Hərəkatına böyük diqqət və qayğı göstərilir. Təmsilçilərimiz ölkə və beynəlxalq səviyyəli yarışlarda uğurla çıxış edir, vətənimizin şan-şöhrətini yüksəklərə qaldırırlar. Bu, hər birimiz üçün böyük fəxrdir. Beynəlxalq arenada Azərbaycanın himninin səslənməsi, üçrəngli bayrağımızın qaldırılmasından gözəl nə ola bilər?
Şübhəsiz ki, dövlətimizin əsas məramı gənc nəslin xalqımıza layiq şəkildə, vətənpərvər ruhda tərbiyəsidir. Dövlətimiz gənclərə böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin himayəsi altında istedadlı, savadlı gənclərimiz iqtisadi, siyasi və mədəni sahələrdə aktiv fəaliyyət göstərir, xaricdə təhsil alır, peşəkarlıqlarını artırırlar. Gənc nəsil üçün ölkəmizdə hər bir şərait yaradılmışdır. Respublikamızda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, o cümlədən Bakı Neft-Energetika Kolleci də vətənpərvəlik tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Kollecdə gənclərimiz, onların təlim-tərbiyəsi, təhsil almaları və gələcəyin savadlı, bilikli mütəxəssisləri kimi yetişməsi üçün mövcud olan bütün imkanlardan istifadə edirik. Çünki gələcək gənclərindir. Xalqımızın, respublikamızın gələcəyini etibarlı əllərə təqdim etmək üçün bizdən böyük məsuliyyət tələb olunur.
Təsadüfi deyildir ki, dövlətimizin təhsil sahəsində verdiyi qanunda mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu baxımdan fiziki və mənəvi cəhətdən möhkəm, sağlam uşaq və gənclərin tərbiyə edilməsi, onların əsl insan kimi vətənə məhəbbət ruhunda formalaşması təhsil müəssisələrindən - bağça, orta məktəb də daxil olmaqla ali və orta ixtisas məktəblərindən böyük məsuliyyət tələb edir.
Təcrübələr göstərir ki, bu məsələnin düzgün həllində ailə, məktəbəqədər rəbiyə müəssisələri, orta məktəblər, ali təhsil ocaqlarının birgə və səmərəli fəaliyyəti istənilən nəticənin alınmasında əsas amil rolunu oynayır. Hazırda uşaqların və gənclərin fiziki və mənəvi inkişafı, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərdən uzaqlaşması sahəsində belə bir qarşılıqlı əlaqəyə böyük ehtiyac var. Çünki qəbul edilən islahatlar böyüməkdə olan gənc nəslin düzgün tərbiyə edilməsində, onların fiziki və mənəvi cəhətdən sağlam inkişafında cəmiyyətin bütün sahələrinin fəal iştirakını tələb edir”.
Mehman müəllimlə söhbətimizdən sonra kolleclə, kollektivlə tanış olmaq üçün mənə Zəminə xanım bələdçilik etdi. Qeyd edim ki, Bakı Neft-Energetika Kollecində olan nizam-intizam, müəllim-tələbə münasibətləri yüksək səviyydədir. Hər yerdə səliqə-səhman hiss olunurdu. İşini günün tələbləri səviyyəsində qurmağı bacaran və ölkə gənclərinin təhsili, təlim-tərbiyəsi ilə yuksək səviyyədə məşğul olan belə tədris müəssisələrinin olması çox sevindiricidir.
Neft-Energetika Kollecinin
məzunları arasında tanınmış
insanlar var
Zəminə xanım Neft-Energetika Kollecində uzun müddətdir çalışır. Ömrünün yarıdan çoxunu pedaqoji fəaliyyətə həsr edən bu xanım kolleci özünün doğma evi hesab edir. Özünə, işinə tələbkar olduğu qədər iş yoldaşlarına, tələbələrinə qarşı da tələbkardır. Tələbələrini öz övladlarından ayırmayan Zəminə xanım həyatını onlarsız təsəvvür etmir. Təcrübəli pedaqoq Bakı Neft-Energetika Kollecinin tarixi, qədim ənənələri, məktəbin məşhur, adlı-sanlı məzunları haqqında danışdı: "Bakı Neft-Energetika Kolleci 1921-ci ildə yaradılan Bakı Neft və Bakı Baza Energetika texnikumlarının əsasında 1997-ci ilin fevralında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb. Zəngin ənənələrə malik və əsaslı maddi-texniki bazası olan kollec neft və energetika sahələri üzrə dərin nəzəri biliyə yiyələnmiş minlərlə qazmaçı, geoloq, neftçıxaran, energetik, neft-qaz emalçısı və digər yüksək ixtisaslı mütəxəssislər yetişdirib və yetişdirir. İşgüzar, savadlı və peşəkar kollektivi olan kollecin mütəxəssislərinin sorağı Rusiyadan, Ukraynadan, Orta Asiya respublikalarından gəlir.
Uzaq xarici ölkələr üçün mütəxəssis hazırlanmasında da zəngin təcrübəyə malik kollec 1962-ci ildən başlayaraq Asiya, Afrika və Latın Amerikası ölkələri üçün mütəxəssislər hazırlayır. Kollecin məzunları arasında əmək qəhrəmanları, elm xadimləri, respublikamızda və xarici ölkələrdə elm və texnika sahəsində çalışan yüzlərlə ziyalı və istehsalat qabaqcılı vardır.
Təsadüfi deyildir ki, respublikanın tanınmış ziyalıları - xalq yazıçısı Sosialist Əməyi Qəhrəmanı Mirzə İbrahimov, istedadlı jurnalist Nəsir İmamquliyev, texniki elmlər doktorları - professorlar İsmayıl İbrahimov, Məmmədpaşa Quluzadə, Əliqulu Məmmədov, Zəki Kazımzadə, Sosialist Əməyi Qəhrəmanı qazmaçı İsrafil Hüseynov və başqaları vaxtilə həyata ilk vəsiqəni məhz bizim kollecdə alıblar.
Ölkəmizin neft sənayesinin coşqun inkişafı yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu işin məsuliyyətini dərindən dərk edən pedoqoji kollektiv kadr hazırlığının səviyyəsini artırmaq üçün var-qüvvəsini sərf edir. Geniş tədris və texniki bazaya malik olan Neft-Energetika Kollecində 50-dən çox auditoriya fondu, texniki vasitələrlə təchiz olunmuş 24 fənn kabineti və 10 laboratoriya, 150 nəfərlik oxu zalı və 85 min kitab fondu olan kitabxana, böyük idman zalı, əl oyunları stadionu, 150 yerlik yeməkxana və tədris emalatxanaları fəaliyyət göstərir. Kollecin maddi-texniki bazası təlim-tərbiyənin müasir səviyyədə qurulması və onun təkmilləşdirilməsi üçün bütün imkanlara malikdir. 1967-ci ildə istismara verilmiş 1500 yerlik, 64 otaqlı (o cümlədən 50 tədris otağı), 12063 m2 sahəli tədris istehsalat binası tədris prosesini bir növbədə aparmağa imkan verir”, - deyə Zəminə xanım bildirdi.Azərbaycanda idman, təhsil sahəsində aparılan islahatlar cəmiyyətin siyasi, iqtisadi və mədəni səviyyəsi ilə birbaşa bağlı olub, nəticə etibarilə yeni nəslin sağlam və hərtərəfli formalaşmasına xidmət edir. Sağlam bədənə, təmiz əxlaqa və intellektual düşüncəyə yiyələnmiş, bir sözlə, fiziki və mənəvi cəhətdən inkişaf etmiş gənclərin hazırlanması ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Bunun üçün cəmiyyətin təhsil, idman sahələri öz işlərini kompleks və sistemli şəkildə qurmağa çalışırlar. Bakı Neft-Energetika Kollecində də bu sahə diqqətdən kənarda qalmayıb. Z.Nağıyeva qeyd etdi ki, uşaq və gənclərin fiziki və mənəvi tələbatının təmin edilməsi, onların hərtərəfli, harmonik inkişafını formalaşdıran sahələrdən biri olan idman sahəsi bu təhsil ocağında önəmli yer tutur. "Respublikamızda idmanın inkişafı istiqamətində bir sıra mühüm tədbirlər keçirilib və dövlət proqramları qəbul edilib. Dövlət büdcəsindən idmanın, həmçinin uşaq və gənclərin fiziki və mənəvi inkişafına ayrılan vəsait deyilənləri bir daha sübut edir. Bu gün ölkəmizdə uşaq və gənclərin idmana cəlb edilməsi, onların muasir standartlara uyğun idman qurğularında məşq etmələri üçün hər cür şərait yaradılıb, - deyə o əlavə etdi.
Kollecin idman bölməsinin rəhbəri Elmira Pənahova ömrünün 40 ilini idmana həsr edib. 1958-ci ildə Şəmkir rayonunda doğulub boya-başa çatmış Elmira xanım 1975-1979-cu illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. Tələbəlik illərində atletika üzrə yığma komandanın heyətində oynayıb. İnstitutdan sonra doğma Şəmkir rayonunda idman müəllimi işləyib. 1986-cı ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya gəlib və taleyini Bakı Neft-Energetika Kolleci ilə bağlayıb.
Kollecin tələbələri idman yarışlarında fərqlənirlər
Elmira xanımla kollecin idman uğurlarından, tələbələrin əldə etdiyi nailiyyətlər bəradə danışdıq. Təcrübəli mütəxəssis qeyd etdi ki, təhsil ocağının tələbələri kollecdaxili turnirlərdə, rayon və respublika səviyyəli yarışlarda uğurla çıxış edərək yüksək nəticələr qazanırlar. Təsadüfi deyil ki, bu il orta ixtisas məktəbləri arasında keçirilən respublika spartakiadasında kollecin yetirmələri ümumi komanda hesabında 3-cü yeri tutublar.
Bakı Neft-Energetika Kollecinin tələbələri spartakiadanın ayrı-ayrı idman növləri üzrə yarışlarında fərqləniblər. Onlar basketbol (oğlanlar), şahmat (oğlanlar), dama (qızlar) turnirlərində I yerə çıxıblar. Kollecin damaçı oğlanları II olublar. Qızlardan ibarət basketbol komandası və yüngül atletika (qızlar və oğlanlar) komandası isə III yerə layiq görülüb.
Elmira müəllimə kollecin III kurs tələbəsi Hüseyn Əmənli barədə ürəkdolusu danışdı. O qeyd etdi ki, qol güləşi ilə peşəkar səviyyədə məşğul olan Hüseyn bu növdə yüksək uğurlar əldə edib. Belə ki, Hüseyn Əmənli dəfələrlə respublika keçirilən qol güləşi üzrə Azərbaycan çempionatında və gənclər arasında Azərbaycan birinciliyində müxtəlif çəki dərəcələrində respublika çempionu adını qazanıb. "Bütün bu uğurlar göstərir ki, kollecimizdə idmana xüsusi qayğı ilə yanaşılır. Biz gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam böyüməsinə çalışırıq. Uğurlarımız bir daha təsdiq edir ki, məqsədimizə nail olmuşuq. Kollecdə idmanın müxtəlif növləri inkişaf etdirilir və nailiyyətlərimiz ürəkaçandır. Kollecimizin II kurs tələbəsi Türkan Fərmanzadə sevdiyi idman növü dama ilə 5-ci sinifdən məşğul olur. Türkan 3 dəfə respublika çempionu tituluna layiq görülüb, I dərəcəli idman ustalığına namizəddir. Kollecin məzunu Nurlan Aydınov isə uşu-sanda üzrə Avropa çempionatının gümüş mükafatçısıdır. Bizim yetirmələrimiz ümidlərimizi doğruldurlar. Əlimizdən gələni edirik ki, burada təhsil alan gənclər vətənimizə layiqli övlad olsunlar”-, deyə Elmira xanım qeyd etdi.

Əlbəttə, sağlam gənclik güclü ordu deməkdir. Gənclərin vətənpərvərlik tərbiyəsi, onların vətənə sədaqət ruhunda yetişdirilməsi günümüzün ən aktual və vacib məsələsidir. Bu vacib iş kollecdə ardıcıl surətdə həyata keçirilir. Burada gənclərin çağırışaqədərki hazırlığı ilə Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan mayor Sücəddin Haqverdiyev məşğul olur.
Sücəddin müəllim 1981-1986-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun İbtidai hərbi hazırlıq və fiziki tərbiyə fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra Sadunçu rayonu 252 saylı orta məktəbdə müəllim işləyib. Xocalı faciəsindən sonra könüllü olaraq cəbhəyə yollanıb. "Vətənimiz darda idi. Torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsi, yurdumuzun bütövlüyünün qorunması hər bir vətənpərvər övlad kimi məni də narahat edirdi. Buna görə də könüllü olaraq cəbhəyə yollandım. Həmin vaxt iki körpə uşağım var idi - Anar və Cavid. Anarın 4, Cavidin isə 2 yaşı olardı. Lakin həmin vaxt məni ailəmdən çox vətənimiz maraqdandırırdı. Vətən dardadırsa, deməli, aliəm, xalqım da dardadır. Azğın düşmənin qarşısını almaq, vətən uğrunda döyüşmək lazım idi. Vətən vətənpərvər oğulları səsləyirdi. 1992-ci ildən başlayaraq Ağdamda, Füzulidə, Laçında, Kəlbəcərdə, Murovda vuruşmuşam”, - deyə o bildirdi. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşdə göstərdiyi qəhrəmanlığa görə Sücəddin Haqverdiyev 1994-cü ildə "Şah İsmayıl Xətai” adına Fəxri Fərmanla təltif olunub.
Sücəddin müəllim kollecin rəhbərliyi və kollektivin köməyi sayəsində gözəl hərbi kabinet yaratmağa müvəffəq olub. Kabinetdə hərbçilərə məxsus xüsusi səliqə-sahman hiss olunur. Divarda hərb sənətini nümayiş etdirən müxtəlif plakatlar asılıb. Burada Qarabağ müharibəsində vuruşan igidlər, milli qəhrəmanlar haqqında məlumaları əks etdirən kifayət qədər kitab var.Təsadüfi deyildir ki, Sücəddin Haqverdiyevin rəhbərliyi altında kollecin yetirmələri 2010-cu ildə poliatlon üzrə təhsil müəssisələri arasında keçirilən Bakı birinciliyinin qalibi olublar. Bunun ardınca Mingəçevirdə təşkil edilən respublika birinciliyində 4-cü yeri tutublar. Buyaxınlarda ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş I Açıq güllə atıcılığı yarışlarında isə kollecin yetirmələri 3-cü yerə layiq görülüblər.
                     
Sücəddin Haqverdiyev hesab edir ki, gənclərin orduya hazırlığı ən vacib məsələdir: "Vətənpərvərlik tərbiyəsi və çağırışaqədərki hazırlıq kollecdə yüksək səviyyədə həyata keçirilir. Günümüzün aktual məsələlərindən olan uşaqların və gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinin ilk rüşeymləri ailədə qoyulsa da, bu iş təhsil ocaqlarında davam etdirilir. Orta məktəblərdə, ali və orta ixtisas müəssisələrində aparılan işlər gənc nəslin vətənpərvər ruhda formalaşmasına zəmin yaradır. Biz çalışırıq ki, kollecdə təhsil alan tələbələrimiz hərb sənətinin incəliklərinə dərindən yiyələnə bilsinlər. Çünki bu tələbələr gələcəkdə qüdrətli ordumuzun sıralarında yer alacaqlar”.
Bakı Neft-Energetika Kollecində olduğumuz zaman bir daha əmin olduq ki, Azərbaycan gəncləri fiziki və mənəvi cəhətdən sağlam böyüyür, vətənpərvər ruhda tərbiyə olunurlar.

Səadət Hakıyeva

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.






















Bu yazı

154960 dəfə oxunub

Tarix

2014-05-20 11:02:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook