“Olimpə doğru” jurnalı ilin ən yaxşılarını mükafatlandırdı




Dekabrın 25-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında "Olimpə doğru” jurnalının 2012-ci ilin yekunları ilə bağlı təsis etdiyi nominasiyalar üzrə (24 nominasiya) mükafatlandırma mərasimi keçirildi. Aparılan sorğuda qalib gələn federasiyalar, idman klubları, idman cəmiyyətləri, məşqçilər və idmançılara mükafatlar təqdim olundu.
Tədbiri giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə başa çatmaqda olan 2012-ci ilin Azərbaycanın idman həyatında uğurlu illərdən biri olduğunu bildirdi: "Ölkəmiz idman ölkəsi kimi tanınıb. Qazan¬dığımız uğurlar bunun bariz nümunəsidir. 2012-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə "İdman ili” elan olunmuşdu. 2012-ci ildə idmançılarımız çoxlu uğurlar qazanıblar. London Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlər buna sübutdur. Bugünlərdə Gənclər və İdman Nazirliyinin keçirdiyi illik hesabatda da idmanda qazanılan nailiyyətlərdən bəhs olundu. Milli Olimpiya Komitəsinin hesabatında da bu ilin yekunlarından bəhs etmişdik. Həmin hesabatda göstərilir ki, bu il bütün illərdən fərqli olaraq, çoxlu idman tədbirləri keçirildi. Ölkəmiz möhtəşəm idman tədbirlərində iştirak etdi və layiqli yer tutdu. İdmançılarımızın London Olimpiadasında 10 medal qazanması bütün xalqımıza sevinc bəxş etdi. 2012-ci ildə həm də Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olundu. Bu yubileyi MOK-un 20 illik hesabatı kimi də qəbul etmək olar. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ilin yekunlarına həsr olunmuş tədbirdə MOK-un fəaliyyəti və görülən işlərlə bağlı fikirlərini söyləmiş, 2012-ci ilin xalqımız və idmançılar üçün ən uğurlu illərdən olduğunu bildirmişdi. Bu gün ölkəmiz idman sahəsində də dünya ölkələri arasında böyük nüfuza malikdir. İdmançılarımız öz bacarıqları ilə dünyada tanınırlar. Son 20 il ərzində ölkəmiz təkcə idmanın deyil, həm də Olimpiya Hərəkatının inkişafı ilə yadda qalıb. Olimpiya Hərəkatı vasitəsilə insanların sağlam həyat tərzi təmin olunur, bu hərəkat xalqları birləşdirir və insanlar arasında birlik, sülh yaradır. 2012-ci ilin ən sevindirici xəbərlərindən biri 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının məhz Azərbaycanda təşkil edilməsi ilə bağlı oldu. Əlbəttə ki, ölkəmiz bu möhtəşəm tədbiri keçirməyə hazırdır. Belə bir əhəmiyyətli tədbirin Bakıda keçirilməsinə nail olduğumuza ğörə böyük qürur hissi keçiririk. Bizim gələcəkdə qazanacağımız uğurlar məhz bu gün əldə olunan nailiyyətlərdən asılıdır. 2012-ci ildə idman sahəsində əldə edilən uğurlar hamımızı sevindirir. Müxtəlif qurumlar və idmanla əlaqəli orqanlar ilin yekunu ilə bağlı təhlillər aparır və bununla əlaqədar nominasiyalar təsis edirlər. Bu gün iştirak etdiyimiz tədbir də məhz belə tədbirlərdən biridir. Hamımızın yaxşı tanıdığımız və maraqla oxuduğumuz "Olimpə doğru” jurnalı idman sahəsində 2012-ci ilin ən yaxşılarını müəyyənləşdirib. Qeyd edim ki, bu jurnal Milli Olimpiya Komitəsinin qəzeti olan "Olimpiya dünyası” qəzetinin təsisçiliyi ilə fəaliyyət göstərir. Mən nominasiya qaliblərini təbrik edir, onlara gələcək fəaliy¬yətlərində uğurlar arzulayıram”.

MOK-un aparıcı məsləhətçisi, "Olimpə doğru” jurnalının icraçı direktoru Murad Fərzəliyev tədbir iştirakçılarını salamladı, onlara jurnal barədə məlumat verdi:
- Bu gün "Olimpə doğru” jurnalının təsis etdiyi nominasiyalar üzrə təltif olunacaq idmançılara, məşqçilərə, idman klublarına, federasiya nümayəndələrinə gələcək işlərində uğurlar arzulayıram. 2012-ci il Azərbaycanın idman həyatında uğurlu illərdən biri kimi yadda qalacaq. "İdman ili”ndə atletlərimiz bir sıra beynəlxalq turnirlərdə yüksək nəticələr əldə ediblər. İdmançılarımızın qazandıqları nailiyyətlər ölkə KİV-lərində geniş işıqlandırılır. Əminəm ki, həm Milli Olimpiya Komitəsinin orqanı olan "Olimpiya dünyası” qəzeti, həm də "Olimpə doğru” jurnalı bundan sonra da Azərbaycanda idmanın, Olimpiya Hərəkatının təbliğində səylərini əsirgəməyəcək. Bu nominasiyalar təkcə jurnalımızın yaradıcı kollektivinin rəyi əsasında hazırlanmayıb. Biz sorğular aparmış, əldə olunan uğurlara əsaslanmışıq. Hesab edirəm ki, bu nominasiyalar "Olimpə doğru” jurnalının başa çatmaqda olan 2012-ci ildə idman içtimaiyyətinə töhfəsidir.





Çıxışlar başa çatdıqdan sonra nominasiya qalibləri mükafatlandırıldılar. Sorğunun nəticələrinə görə "İlin ən yaxşı federasiyası” adına Azərbaycan Güləş Federasiyası, "Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı federasiyası” adına Azərbaycan Universal Döyüş Federasiyası layiq görüldü. "İlin ən fəal federasiyası”nominasiyasının qalibi Azərbaycan Velosiped İdmanı Federasiyası, "Ekstremal idman növləri üzrə ilin ən yaxşı federasiyası”nominasiyasının qalibi Azərbaycan Alpinizm Federasiyası, "Yarışların keçirilməsinə görə ilin ən yaxşı federasiyası” nominasiyasının qalibi isə Azərbaycan Qol Güləşi Federasiyası oldu.
Güləş üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi Maqomed Aliomarov "İlin ən yaxşı məşqçisi”, "Araz” İK-in prezidenti Siyavuş Bayramov "Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı məşqçisi”, "Lokomotiv” İSM-in baş məşqçisi, Əməkdar məşqçi Ramin Allahverdiyev "İlin ən yaxşı gənc məşqçisi” nominasiyaları üzrə təltif olundular. " İlin ən yaxşı idmançısı” adına London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rövşən Bayramov layiq görüldü. "Qeyri-Olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı” isə Ramal Aslanov oldu. "İlin ən perspektivli idmançısı” nominasiyasının qalibi Gülhüseyn Abdullayev seçildi. Qusar Olimpiya İdman Kompleksi "İlin ən yaxşı Olimpiya İdman Kompleksi”, Tofiq Bəhramov adına Respublika stadionu "İlin ən yaxşı idman arenası”, "Qartal”Peşəkar İdman Klubu "İlin ən yaxşı idman klubu”, Daxili İşlər Nazirliyinin İdman Cəmiyəti "İlin ən yaxşı idman cəmiyyəti”, "Təhsil” Uşaq-Gənclər Futbol Məktəbi isə "İlin ən yaxşı idman məktəbi” nominasiyasının qalibi oldu. "İlin ən yaxşı futbol məktəbi” adı İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbinə verildi.
"İlin ən yaxşı futbol klubu” nominasiya¬sının qalibi "Neftçi” PFK oldu. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "İlin ən yaxşı idman təşkilatı”, Binəqədi Rayon Gənclər və İdman İdarəsi "İlin ən yaxşı rayon idman idarəsi”, Azərbaycan Futbol Federasiyaları Assosiasiayası (AFFA) "İlin ən yaxşı futbol təşkilatı”, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) "İlin ən yaxşı jurnalist təşkilatı” nominasiyaları üzrə təltif edildilər.
Az DBİTA-nın prorektoru professor Dil¬qəm Quliyev "İlin ən yaxşı idman yazarı” nominasiyasının qalibi oldu. "İlin ən yaxşı idman telekanalı” nominasiyası üzrə mükafat "İdman Azərbaycan” telekanalına verildi.










İlin ən yaxşıları
"Olimpə Doğru”nun seçimində

1. İlin ən yaxşı Federasiyası-Azərbaycan Güləş Federasiyası
2. Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı federasiyası-Azərbaycan Universal Döyüş Federasiyası.
3. İlin ən fəal federasiyası-Azərbaycan Velosiped İdmanı Federasiyası
4. Ekstremal idman növləri üzrə ilin ən yaxşı Federasiyası-Azərbaycan Alpinizm Federasiyası
5. Yarışların keçirilməsinə görə ilin ən yaxşı Federasiyası-Azərbaycan Qol Güləşi Federasiyası
6. İlin ən yaxşı məşqçisi-Maqomed Aliomarov (Güləş üzrə qadınlardan ibarət yığmanın baş məşqçisi)
7. Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı məşqçisi-Siyavuş Bayramov
8. İlin ən yaxşı gənc məşqçisi-Ramin Allahverdiyev
9. İlin ən yaxşı idmançısı-Rövşən Bayramov
10. Qeyri-olimpiya idman növləri üzrə ilin ən yaxşı idmançısı-Ramal Aslanov
11. İlin ən perspektivli idmançısı-Gülhüseyn Abdullayev
12. İlin ən yaxşı Olimpiya idman kompleksi- Qusar Olimpiya İdman Kompleksi
13. İlin ən yaxşı idman arenası Tofiq Bəhramov adına Respublika Stadionu
14. İlin ən yaxşı idman klubu-«Qartal»Peşəkar İdman Klubu.
15. İlin ən yaxşı idman cəmiyyəti-DİN İC
16. İlin ən yaxşı idman məktəbi-"Təhsil” Uşaq Gənclər Futbol Məktəbi
17. İlin ən yaxşı futbol məktəbi-İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Məktəbi
18. İlin ən yaxşı futbol klubu-Neftçi PFK
19. İlin ən yaxşı idman təşkilatı-Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi
20. İlin ən yaxşı rayon idman idarəsi-Binəqədi rayon gənclər və idman idarəsi
21. İlin ən yaxşı futbol təşkilatı-AFFA
22. İlin ən yaxşı jurnalist təşkilatı-AİJA
23. İlin ən yaxşı idman yazarı-Dilqəm Quliyev
24. İlin ən yaxşı idman telekanalı-«İdman Azərbaycan»televiziya kanalı










Bu yazı

18931 dəfə oxunub

Tarix

2013-01-06 16:01:52

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev