SÖZÜN İŞIĞINDAKI ADAM




Eldar İsmayılovun 65 yaşına



Qarşımda bir neçə albom var. Üz qabığı, cildləri solmuş bu albomlar ötən əsrin danışan dilidir. Bu danışan albomlarla neçə saatdı ki, baş-başayam. Çevirdiyim hər səhifənin qarşısında xəyala dalır, özümdən asılı olmadan o illərə çıxıb gedirəm. Bəlkə də getmirəm, bu şəkillər özü məni çəkib aparır. Öz şirin diliylə, öz qədim bağlılığı və oradan boylanan təbəssümlərlə...

...Çox maraqlı bir foto. Sovet dönəminin zabit formasında orta yaşlı bir kişi və onun yanında kətil üstündə dayanıb bu zabitə sığınmış üç yaşlı uşaq. Şəklin altında tarix göstərilib: 1951.
Şəkildəki uşağı tanıyıram. Yanındakı zabiti isə təxmini fəhm edirəm. O fəhm mənə deyir ki, bu zabit geyimindəki kişi yanındakı uşağın atasıdır. Doğrudan da belədi. O uşaq, yəni Eldar müəllim bir dəfə köhnə albomları ortaya qoyub vərəqləyəndə müəyyən məqamları, şəkillərlə bağlı xatirələri açıqlamışdı. Mən də o söhbətlərin bir qismini yaddaşıma köçürmüşdüm. Ona görə də indi fəhmlə duyduğum, tanıdığım hərbi geyimli kişinin də məhz Eldarın atası, rəhmətlik Xankişi müəllim olduğunu söyləyə bilərəm. Elə bu məqamda bir xatirəni də çözmək olar. Eldar müəllimin atası Xankişi İsmayılov ikinci dünya savaşının ağrı-acısını duymuş, 1941- ci ildən 1943-cü ilədək döyüş yolu keçmiş, ağır yaralandıqdan sonra ehtiyata buraxılmışdı. Öz zəhmli görkəmi, qətiyyətli iradəsi ilə seçilən Xankişi İsmayılov o ağır illərdə hərbi formanı geyinmək və bu formada camaat içində görünmək hüququ qazanmışdı. Ona görə də oğlu Eldarla, evin balaca kişisi ilə şəkil çəkdirəndə ataya elə gəlmişdi ki, onun bu əzəmətli duruşu oğluna çətin həyat yollarında bir nümunə olacaq. Yəni, Eldar da qürurunu şax saxlamaqla, nəslinin, atasının adını uca tutmaqla el-obada, dost-tanış arasında həmişə sayılıb- seçiləcək. Zaman göstərdi ki, ata öz fəhmində yanılmayıb. Ancaq Eldarın cəmi üç yaşı vardı və o, atasının ürəyindən keçənləri bilmək gücündə deyildi...
Orta məktəbin ilk sinfində Eldarın maraq dünyası artıq özünü göstərməyə başladı. Ağdamda rus məktəbində təhsil alan Eldar asudə vaxtını daha çox iki istiqamətə yönəldirdi. Ya əlində fırça şəkillər çəkir, ya da idmanla məşğul olurdu. Bu, ortaboy, çevik oğlanın dərsə marağı, ictimai fəallığı təkcə müəllimlərin deyil, oxuduğu məktəbin direktorunun da diqqətini çəkmişdi. Ona görə də məktəbin divar qəzetinin buraxılması, yaxud hansısa stendin, şüarın hazırlanması məsələsi ortaya çıxanda dərhal Eldarı axtarır, onun qabiliyyətindən istifadə edirdilər. Tez-tez sinif yoldaşlarının, dost-tanışlarının şəkillərini çəkən Eldar artıq məktəbdə, məhəllədə rəssam kimi tanınırdı. Sonralar foto sənətinin, musiqinin də sirrlərinə yiyələnməyə başladı. Rus dili müəlliməsi Lüdmila xanım ona çox vaxt yarızarafat, "korrespondent” deyə müraciət edirdi. Eldar oxuduğu məktəbin rayonda yeğanə olan nəfəsli çalğı alətləri orkestrinin aparıcı ifaçılarından idi. Sonralar həmin ixtisas üzrə orta musiqi təhsili də aldı...
Bu əlaçı şagirdin pioner qalstuklu şəkli rəngi bozarmış albomdan mənə baxır. Hiss olunur ki, oxumağa, öyrənməyə həmişə hazır olan bu pioner həyatın bütün çətinliklərinə də dözmək gücündədi. Onun cılız bədənində özündən çox-çox böyük bir ürək çırpınır. Özü də yazmaq, yaratmaq, qurmaq, ucaltmaq həvəsiylə.Bəzən deyirlər ki, insanın taleyi, alın yazısı onun adından, ilk addımından, marağından üzə çıxır, görünür. Əgər bu fikrə inansaq, Eldar adını şərh etməyə yəqin ki, ehtiyac qalmaz. Eldarın mütləq bir yaradıcı peşənin sahibi olacağına işarə vuranlar, bunu təsəvvür edənlər yanılmadılar. Orta məktəbin yuxarı sinfində oxuyarkən respublika mət¬bua¬tına, xüsusılə Ağdamda çıxan "Lenin yolu” qəzetinə böyük maraq göstərməsi, ara-sıra qəzet və jurnallara özünün əl boyda yazılarını, şeirlərini göndərməsi böyük arzuların kiçik işartıları idi və bu işartı günbəgün şölələnir, alovlanırdı.1966-cı ildə orta təhsilini uğurla başa vuran Eldar İsmayılov məktəb illərindən könül bağladığı rayon qəzetində foto-müxbir kimi fəaliyyətə başladı. Ancaq o, təkcə diqqət çəkən fotoların deyil, həm də onlara maraqlı şərhlər verən, bu fotoları tamamlayan məqalələrin, reportajların, zarisovkaların, oçerklərin də müəllifi kimi imzasını tanıtmağa başlamışdı. Digər tərəfdən rayonda fəaliyyət göstərən "gənc qələmlər” ədəbi birliyinin fəal üzvü kimi E.İsmayılov burada sabah tanınacaq şair və yazıçıların, jurnalistlərin də dostu, tərəfdaşı olmuşdu. Azərbaycanın sevilən qələm adamları Şahmar Əkbərzadə, Fikrət Hacıyev, Ramiz Mövsum, Rəhman Babaxanlı, Xudu Sadiq, Qambay Əliyev və digərləri ilə birlikdə Ağdamın ədəbi ictimaiyyəti arasında onun da yeri görünür, sözü, misraları hallanırdı.
Jurnalistikaya, qəzetə böyük sevgisi olan Eldar İsmayılov günbəgün hiss edirdi ki, onun böyük auditoriyaya ehtiyacı var. Yəni Ağdam mühitindən, "Lenin yolu” qəzetindən respublika masştabına çıxmaq, öz sözünü, fikrini ölkə miqyasına çıxarmaq həvəsiylə yaşayırdı. Məqsədi onu mənzilinə doğru aparırdı. Rayon qəzeti redaksiyasında rəsmi fəaliyyətə başladığı ilk anlardan ölkə mediası, xüsusilə televiziya və radio ilə əməkdaşlıq edirdi. Yazdığı ssenarıləri və çəkdiyi kinokadrları televiziyaya təqdim edirdi. Ölkə televiziyasının xəbərlər, kənd təsərrüfatı, sənaye, tikinti, rabitə, ğənclik proqramları redaksiyaları həm peşəkar qələm, eyni dərəcədə kino çəkilişləri və montaj vərdişlərini özündə birləşdirən bu ağdamlı gəncin bacarığına böyük önəm verirdilər. Eldar 1966-cı ildən başlayaraq on ildən artıq bir müddətdə Azərbaycan Televiziyasının Qarabağ bölğəsində qeyri rəsmi nümayəndəsi funksiyasını həyata keçirmişdir. Əslində bu "qeyri-rəsmi” ifadəsini onun həmin dövrdə rəsmi vəsiqə ilə ştatdankənar müxbir kimi fəaliyyət göstərdiyinə görə işlətdim.
Eldar müəllim deyir ki, "o vaxt televiziyada bir bölgə¬dən veriliş hazırlamaq üçün ora müxbir, operator, rejissor, işıqçıdan ibarət çəkiliş qrupu ezam edirdilər ki, bu da xeyli xərc və əlavə zəhmət hesabına başa ğəlirdi. Bu işlərin hamısını tək özüm gördüyümdən dövlət teleradio verilişləri komitəsi üçün, necə deyərlər, "göydəndüşmə” olmuşdum. Həm də dövlət teleradiosunda (o vaxt başqası yox idi), ümumiyyətlə, bütün kütləvi informasiya vasitələri redaksiyalarında ştatda olan və kənar müəlliflər üçün ciddi limit vardı, 40 - 60. Qonarar fondunun 40 faizi ştatdakı, 60 faizi isə kənar, başqa sözlə, ştatda olmayan müəlliflər üçün nəzərdə tutulurdu. Hər ay ümumi həcmi bəzən 100 dəqiqəyə çatan 4-5 veriliş və süjetim efirə verilirdi. Bunun da müqabilində rayon qəzetindəki rəsmi maaşımdan bir neçə dəfə artıq qonarar alırdım. Bəzən televiziyanın redaksiyaları bir-birindən xəbərsiz mənə o qədər sifarişlər verirdilər ki, onları zamanında hazırlayıb çatdırmaq olduqca çətin olurdu. Belə vaxtlarda müəllimlər evi nəzdində yaratdığım "Ulduz” Həvəskar Kino-Foto Studiyasının mənim yetirmələrim olan fəal üzvləri Rəfael və Şünasib Mehdiyev, Tahir və Zahid Qarayev qardaşları, Bəhruz Axundov, Tahir Haciyev və başqaları köməyimə çatırdılar.Onlardan bir çoxu sonralar həyatlarını media, kino və televiziya ilə bağladılar və bu ğün də həmin sahələrdə çalışırlar. Tahir Qarayev uzun illər AzTV-nin teleoperatoru olub, Qarabağ savaşının ən yaddaqalan anlarını kamerasının yaddaşına köçürüb, hazırda İctimai Televiziyanın studiyadankənar cəkilişlər avadanlıqları bazası rəisidir.”
... Albomdakı şəkillərə baxıram. Burda kimlər yoxdu? Sizə qəribə gələ bilər, amma bir rayon qəzetinin foto-müxbirinin çəkdiyi şəkillər və özünün də görüntüləri əks olunan fotolar mükəmməl bir yaradıcılıq muzeyi təsiri bağışlayır. Böyük alimimz Xudu Məmmədov, türk dünyasının böyük şairləri, yazıçıları Məmməd Araz, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Zəlimxan Yaqub, Şahmar Əkbərzadə, Cabir Novruz, Tofiq Bayram, Həsən Seyidbəyli, Azərbaycanın böyük hə¬kim alimi Nurəddin Rzayev, tanınmış bəs¬təkarımız Tofiq Quliyev, xalq artistləri¬miz Xan Şuşinski, Sara Qədimova, Arif Babayev, Qədir Rüstəmov, Əbülfət Əliyev... dünya idmanının və idman jurnalistikasının tanınmış simaları Xuan Antonio Samaranç, Jaq Roqq, Yosef Sepp Blatter, Edvin Moses, Sergey Bubka, Nadya Komaneçi, Toqay Bayatlı, Canni Merlo və daha kimlər, kimlər... bəzən inanmaq istəmirəm. Çünki bu boyda nəhəng şəxslərlə dostluq etmək, onlarla ünsiyyət qurmaq, Ağdamda, Şuşada, Kəlbəcərdə, Bakıda... Nyu Yorkda, Torontoda, Afinada, Londonda... bir süfrə başında əyləşmək o qədər də asan iş deyildi və bunu hər adam bacarmazdı. Məni düşündürən bu sualın çözümünə Eldar müəllimin söhbətlərinin birində dediyi xatirələr vasitəçi olur:
"Universitetin jurnalistika fakültəsində oxuyanda müəllimlərimlə həm də dostluq edirdim. Dərsdən sonra çox vaxt birlikdə olurduq. Bəxtiyar Vahabzadə ilə bir neçə il əvvəldən gözəl, səmimi münasibətimiz vardı. Hətta, toyumda da olmuşdu. Sonralar bu münasibət əsl dostluğa çevrildi. 1974-cü ildə Bəxtiyar müəllim Ağdamda idi, Şahmar Əkbərzadə ilə bizim evdə qonaq idilər, gecə də bizdə qaldılar. Mənim yaraşıqlı, bənzərsiz və səliqə-səhmanlı evim, bağ-baxçam Bəxtiyar müəllimin çox xoşuna gəldi və sözarası məndən soruşdu ki, bu gözəlliyi kim yaradıb? Dedim ki, divarları, "qara” işləri mənim layihəmlə bənna və fəhlələr, bəzək və tamamlama işlərini isə mən özüm. Şahmar əlavə etdi ki, Eldarın barmaqlarının sayı qədər sənəti, qabiliyyəti var. Bəxtiyar müəllim təəccübünü gizlədə bilmədi və dostcasına dedi: "Bəs materialların haqqı? Məsələn, mənm gəlirim ayda orta hesabla min manatdır... Dedim ki, mənimki bundan artıqdır və açıqlama da verdim. Tam səmimiyyətlə deyim ki, mən kimdənsə üç-beş manat rüşvət ummaram da, almaram da. Qəzetimizin ağsaqqal redaktoru Museyib Qurbanov (tanınmış jurnalist, "Lenin yolu” qəzetinin redaktorlarından biri - Ə.M) mənə yaxşı işgüzar şərait yaradıb. Yazılarımı o qədər bəyənir ki, oxumamış mətbəəyə, yığılmağa göndərir. Fotolarımı da bunun kimi. Qəzetdəki aylıq normamı bir-iki günə hazırlayıram və ay boyu ardıcıl təqdim edirəm. Sonra televiziyanın, radionun, başqa qəzet-jurnalların sifarişlərini yerinə yetirirəm. Teleradio komitəsi mənə rəsmi vəsiqə verib, onun sifarişi ilə Qarabağ rayonlarına və ətraf bölgələrə, hətta Gəncəyə, Tovus -Qazax zonasına gedir, verilişlər hazırlayıram. Rayonlarda məni yaxşı tanıyırlar, təmənnasız, iddiasız adam olduğumu da yaxşı bilirlər. Odur ki, getdiyim rayonların rəhbərləri mənə normal, işgüzar şərait yaradırlar. Hara getsəm, televerilişlər hazırlamaqla yanaşı oralarda maraqlı anları fotokamerama da köçürür, kifayət qədər çoxlu fotoşəkillər çəkirəm. Hər ay teleradiodan və respublika mətbuatından Sizin qazancınızın təxminən yarısı qədər müəllif haqqı - qonarar alıram, üstəgəl rayon qəzetindən və rəhbərlik etdiyim dərnəklərdən rəsmi məvacibim. İlin sonuna yaxın çəkdiyim fotoşəkkillər hesabına ayrı-ayrı rayonlara, kolxoz, sovxoz, zavod, müəssisə və idarələrin iqtisadi-mədəni həyatına dair çoxsaylı tematik albomlar hazırlayıram, növbəti səfərlərim zamanı ünvanlarına təqdim edirəm və mənə işimin müqabilində müqavilə əsasında haqq ödənir. Əlbəttə, qanuni vergi və ayırmalar da həmin məbləğlərdən tutulur. Beləliklə, hörmətli şairimiz, halal yolla böyük qazanc əldə edə bilirəm. Şair gülümsədi və "Afərin!!!” - dedi.
Ağdamın tanınmış ziyalılarindan Həmzə Əliyev Eldar barədə düşüncələrini bölüşür:
- Onu 1966-cı ildən tanıyıram. Orta məktəbi ye¬nicə bitirib Saratovda ali məktəbə daxil olmuş¬du. Amma, vətəni üçün darıxmış, təhsilə başla¬ma¬dan doğulduğu şəhərə, Ağdama qayıdaraq işlə təmin olunmaq üçün rayon partiya komitəsinin birinci katibinə ərizə ilə müraciət etmişdi. Ərizəni də araşdırmaq üçün raykomun təlimatçısı kimi, mənə vermişdilər. Eldar gəldi, danışdıq, xeyli söhbət etdik. 18 yaşlı bu gənc məndə özü barədə xoş təəssürat yaratdı. Səmimiyyətimizin də əsası həmin vaxtdan qoyuldu.
Az keçmədən o, rayon qəzetinə foto müxbir və eyni zamanda şəhər 2 nömrəli orta məktəbinə təsviri incəsənət və musiqi müəllimi təyin edildi.
Sovetlər dönəmində qəribə düşüncə tərzi mövcud idi. Vəzifəli şəxslər, ticarətçilər, pullu adamlar bahalı əmlaklarını onun-bunun adına rəsmləşdirirdilər, özləri də şəxsi evi, maşını olan insanlara, necə deyim, «birtəhər» baxırdılar.
1976-cı ilin söhbətidir. 29 yaşlı Eldar İsmayılov artıq on il idi ki, Ağdamda, rayon qəzetində işləyirdi. Onu rayon partiya komitəsinə, ümumi şöbəyə çağırdılar. Şöbənin müdiri Məmməd Qasımov çox yaxşı adam idi. Uzun illər bir yerdə işləmişdik. İşində məsuliyyətli, bir çox dövlət qərarlarını, çoxlu sayda adamların telefon nömrələrini, maşınların nömrələrini sənədlərə, məlumat kitabçalarına baxmadan əzbərdən deyərdi. Məmməd müəllim Eldara dedi:
- Sənin partiyaya qəbul məsələn müsbət həll olunmalı idi. Amma, işlər «fırıqdı». Biz hamımız səni çox istəyirik. Bilirik ki, işgüzar, səmimi oğlansan, işində məsuliyyətlisən. Amma səni istəməyənlər də varmış. «Anonimka» yazıblar. Göstəriblər ki, evin, maşının var…
- Məmməd müəllim, mən ailəli adamam, çöldə yaşamalı deyiləm ki? Fin tipli evdə ikiotaqlı mənzilim dövlətindir, qanuni sənədlər əsa¬sında yenidənqurma aparmışam, özüm bir qədər əl gəzdirmişəm gözəgəlimli olub. Maşını da dörd il növbəyə durub dövlətdən almışam - deyə Eldar təəccübləndi.
- Yox ey, maraqlanırlar ki, bu maşının pulu hardandır?
- Bir azdan gəlib sübut edərəm - deyərək kabineti tərk edən Eldar bir-iki saatdan sonra qayıdaraq şöbə müdirinin qarşısına bir qalaq kağız qoydu - respublika və ittifaq mətbuatında, televiziyalarda, radiolarda gedən yazılarımın, verilişlərimin qonarar qəbzləridir, buyurun hesablayın - dedi.
Şöbə müdiri qəbzlərdəki məbləğləri hesabla¬mağa başladı. Az keçmədən:
- Qağa, bu qədər pulla 4 maşın almaq olar! Qəbzlərini götür, yaxşı ki, yığıb saxlayırsan, mən katibə izah edəcəm. Hər şey yaxşı olar - dedi.
Eldar müəllim ali təhsil illərindən söz açır, deyir ki, bir dəfə Bəxtiyar Vahabzadə audi¬toriyada yoldaşlarımızdan birinə gənc şair Nüsrət Kəsəmənlinin poeziyası ilə bağlı kurs işi yazmağı tapşırdı. Mən yerimdən dilləndim ki, Bəxtiyar müəllim, Nüsrət Kəsəmənli mənimlə yanaşı oturub. O, təəcüblə mənə və Nüsrətə baxdı. Sonra tələbəsinin həqiqətən Nüsrət olduğunu bilib onu təriflədi: oğul, yaxşı yazırsan, şeirlərin xoşuma gəlir - dedi.
Daha bir unudulmaz xatirə: Xalq şairlərimiz Bəxtiyar Vahabzadə ilə Hüseyn Hüseynzadə (Hüseyn Arif) arasına nədənsə ciddi bir soyuqluq vardı. 1971-ci ilin mayı idi. Dostum, dövrünün tanınmış ziyalısı Yusif Əhmədovla birlikdə Hüseyn qağanın Basin küçəsindəki (İndiki Füzuli küçəsi) mənzilində qonağı idik. Oğlu Arif (o vaxt sağ idi), dostları Nəzir Eltəkin (Əhmədov), Cəmşid Əmirov da orada idilər. Eyvanda yeyib-içirdik. Yusif müəllim sözarası Bəxtiyardan bir bənd şeir dedi. Gördüm ki, Hüseyn qağanın əhvalı dəyişdi, başına şeir qəhətdi, ay Yusif qağa? - deyə sifətini "turşutdu”. Üzümü Hüseyn qağaya tutdum, özüm də bilmədən yalan söylədim:
- Dünən dərsdə Bəxtiyar müəllim iki qoşa saat müasir Azərbaycan poeziyasından, əsasən Sizdən danışdı, sizin bir neçə şeirinizi əzbər dedi və bizə bildirdi ki, Hüseyn Hüseynzadə müasir poeziyamızda çox mötəbər yeri olan şairlərimizdəndir!
Yusif qağa sevinclə mənə baxdı, heç kəs hiss etməsin deyə sağ qolunu stolun altından mənə uzadaraq yumruğunu sıxdı və baş barmagını şəstlə yuxarı qaldırdı.
Bu sözdən sonra məclis əməlli-başlı qızışdı. Hüseyn qağa da Bəxtiyar müəllimin şeirlərindən söylədi. Onun şəxsiyyətini, poeziyasını necə sevdiyini dilə gətirdi. Mən söylədiyim o yalanın altından çıxmaq üçün Bəxtiyar müəllimin növbəti dərsində Hüseyn qağadan söz saldım və onun Bəxtiyar müəllimin poeziyasına verdiyi qiymətdən danışdım. İnanın ki, mənim söylədiyim bu yalan iki xalq şairi arasındakı incikliyi aradan qaldırdı və az keçmədən "Azərbaycan” ədəbi dərgisində (bu gün də nəşr olunur) Bəxtiyar Vahabzadənin bir necə şeri dərc olundu. Onlardan birinin başlığı belə idi: "Məndən ötdü, qardaşıma dəydi”. Başlıq altında isə yazılmışdı: "Şair Hüseyn Hüseynzadəyə”.
O günlərin birində bizim ümumi dostlarımızın iştirakı ilə süfrə başında əyləşdik. Bu mənim ilk və ən böyük yalanım idi. Amma sonu mehribançılıqla, səmimiyyətlə başa çatan yalanım!”
Başqa bir xatirə yarpağı:
"Universitetin jurnalistika fakültəsində oxuyanların hamısı görkəmli söz adamları Famil Mehdi ilə Nurəddin Babayevin münasibətlərinin sərin olduğunu yəqin ki, xatırlayırlar. 1975-ci ilin mayında jurnalistika fakültəsində diplom müdafiəm idi. Elmi rəhbərim filologiya elmləri namizədi, məşhur jurnalist İbrahim Novruzov idi. Sovet Jurnalistikası kafedrasının müdiri, görkəmli şair, filologiya elmləri doktoru, professor Famil Mehdi diplom işimə rəyçi kimi Nurəddin Babayevin adını yazmışdı. Doğrusu, bu mənə çox qəribə gəldi. Çünki onların münasibətlərindən xəbərdar idim və qorxurdum ki, Nurəddin müəllimin xoşuna gəlməsin və mənfi rəy yazsın.
Amma bir qədər sonra Nurəddin müəllimin diplom işimə yazdığı rəyi oxuyanda heyrət məni bürüdü. O, yazırdı: "Mən Eldar İsmayılovun diplom işi haqqında rəy yazmaq yox, ürək sözü demək istəyirəm. Çünki indiyədək oxuduğum diplomlar sırasında Eldarın işi tam xüsusiyyət təşkil edir...” bu böyük yazıçı, jurnalist və alim fikrini belə tamamlamışdı: "...Çox yaxşı olardı ki, sovet jurnalistikası kafedrası bu əsəri yüksək qiymətləndirməklə bərabər, onu nümunəvi bir iş kimi başqa tələbələrimizin nəzərinə çatdırmaq haqqında qərar qəbul edəydi. Nurəddin Babayev 21.05.1975 ”.
Bu rəyi görüb sevindiyimi müşahidə edən Famil Mehdi dedi ki, mən bilirdim o ədalətli adamdı. Sadəcə, bu addımı ona görə atdım ki, Nurəddin müəllim bilsin ki, savadlı tələbələrin heç kimin hamiliyinə ehtiyacı yoxdur. Son dövlət imtahanından sonra isə o, kafedranın əməkdaşları, alim və yazıçı Firuz Sadıqzadə və sonralar fakültənin dekanı zirvəsinə yüksələn Akif Rüstəmovla birlikdə məni Zaqulba çimərliyinə apardı. Orada birlikdə istirahət etdik, nahar süfrəsi ətrafına toplaşdıq və Famil müəllim ilk badəni mənim şərəfimə qaldıraraq dedi:
- Eldar, sənin kimi adam görməmişəm, 6 il bu fakültədə oxudun, səninlə son dərəcə isti münasıbətimizə baxmayaraq nə imtahanlara, nə də digər məsələlərə kömək üçün mənə bir dəfə də olsun ağız açmadın. Amma, çox adamlar var ki, peşiman olursan bir dəfə salam verməyə, xahişi xahiş dalınca yağdırırlar. Bu müəllimlərinin yanında iftixarla bəyan edirəm, bu günədək tələbəm idin, indən sonra dostumsan!”
1979-cu ilin fevralında məni Azərbycan Dövlət Televiziya və Radio Verilişləri Komi¬təsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbir təyin etdilər.Onlardan asılı bir slra problemləri yoluna qoymaq üçün Vilayət Partiya Komitəsinin birinci katibi Boris Kevorkovun qəbuluna düşmək istədim, lakin komitədə işləyən digər erməni funksionerlər buna süni maniələr yaratdılar. Cəhdim boşa çıxdı. Burada fəaliyyət göstərdiyim illər ərzində dəfələrlə ermənilərin xalqımıza düşmən münasibətinin şahidi oldum. Təzə işə başlayandan az sonra keçmiş Mardakert rayonu ərazisində tikilmiş böyük donuzçuluq kompleksinin inşasının başa çatması, lakin su olmadığından dövlət komissiyası tərəfindən qəbul olunmaması məndə jurnalist marağı oyatdı. Səbəbini öyrənmək üçün rayona getdim. Öyrəndim ki, kompleksdə bütün işlər pis-yaxşı başa çatdırılıb, amma nəzərdə tutulan su yoxdur. Çətinliklə layihə sənədlərinə baxmaq imkanı əldə etdim, sənədlə diqqətlə tanış oldum. 35 kilometr məsafədən, dağ bulaqlarından bura iri debitli metal borularla həm əsas, həm də ehtiyat su kəmərləri çəkilişi nəzərdə tutulub. Sənəd üzrə kəmərlər çəkilib, pulu da subpodrat təşkilata tam ödənib, su isə yoxdur. Niyə? Suala aydınlıq gətirmək üçün bir mütəxəssis tapdım, onun köməyi və iştirakı ilə kompleksin yerləşdiyi əraziyə getdim və özümlə oraya apardığım koğuşlu traktor vasitəsilə bir-birindən xeyli aralı, layihəyə görə boru xəttinin keçməli olduğu yerdə qazıntı apardıq. Amma boru tapılmadı. Mən bütün bunları həm kameraya, lentə köçürdüm, həm də şahidlərin səslərini yazdım. Bu, külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktı idi, o vaxtkı cinayət məcəlləsinin "88 qeyd 1” maddəsi ilə ən ağır cinayət hadisəsi demək idi, cəzası da buna müvafiq - 15 il həbs, yaxud ölüm.
Məsələdən xəbər tutan Gevorkov dərhal məni yanına dəvət edib materialı efirə verməməyi xahiş etdi və bildirdi ki, özü şəxsən günahkarları layiqincə cəzalandıracaq. Bilirdim ki, Kevorkov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin deputati kimi həm respublikada, həm də ittifaq səviyyəsində sözü keçərlidir, mənim materiallarım efirə verilməyəcək. Bu¬na baxmayaraq, cinayətin üstünü açdım, nəzarətdə saxladım və bir jurnalist kimi nəyə qadir olduğumu onlara göstərdim. Qarabağ hadisələrinin ən kəskin dövrlərində bölgədə işlədim. Bundan sonra Dağlıq Qarabağda işlə¬diyim on iki il ərzində həm muxtar vilayətin birinci şəxsi Boris Kevorkov həm də digər vəzifəli ermənilər mənə qarşı çox diqqətli oldular.
... 1991-ci il, 9 yanvar. 33 yaşım tamam olan gün. Laçında xidməti ezamiyyətdə idim. Jurnalist həmkarım Salatın Əsgərova ilə orada görüşdük. Salatın xanımla Ağdama qayıtmalı idik. Onu da Agdamda dostlarımla qeyd edəcəyimiz ad günümə dəvət etmişdim. Bizi hərbçilərlə bir maşına mindirdilər. Lakin həmin vaxt Laçın rayonuna rəhbərlik edən rəhmətlik Xanlar Məmmədov məni təkidlə maşından düşürdü. Onunla həm dostluğumuz, həm də, kitab həvəskarı kimi, məsləkdaşlığımız vardı. Ən nadir kitablar nəşr olunanda hər rayona bir-iki nüsxə göndərilərdi, onlar da bilavasitə rayonun birinci şəxsinin nəzarətində olardı. Xanlar müəllimlə uzun illərdən bəri şərtimiz vardı, nadir kitablar gələndə, bir nüsxə mənə çatacaq. Pulunu da ticarət təşkilatına təkidlə ödəyib alardım. Bir neçə il əvvəl rayona rus dilində "Dünya xalqlarinin mifləri” ikicildliyi gəlmişdi, amma bir nüsxədə, onu da Xanlar müəllim özü götürmüşdü. Mənə də gətirdəcəyinə söz versə də, bu, mümkün olmamışdı. Bildirdi ki, "sənə söz verdiyim "Mifı narodov mira” ikicildliyini ad gününə hədiyyə edəcəm, indi özün bil, gedirsən, ğet. Bu kitab məsələsi mənim zəif nöqtəm idi. Xanlar müəllim də bunu bilirdi və mən dərhal razılaşdım. Heç bir saat keçməmiş jurnalist həmkarımın və onu müşaiyət edən rus hərbçilərin Şuşanın Qala dərəsi kəndində erməni millətçilərinin pusqusuna düşərək qətlə yetirilmələri xəbəri Laçına gəlib çatdı. Düşünürəm ki, mənim onlarla yol yoldaşı ola bilməməyim təkcə təsadüf deyil, bir xilaskar qüvvənin yardımı idi...”
Şair-publisist Ramiz Məmmədzadə:
- Dostluqda, ünsiyyətdə, səmimiyyətdə çoxlarından seçilən Eldar İsmayılov mənim cavanlıq illərimdən tanıdığım, fərasətinə, çevikliyinə az-çox bələd olduğum şəxslərdəndir, həyatını, ömrünü-gününü öz əlləri ilə, zəhməti ilə quran, həmişə sabaha, gələcəyə, irəliyə can atan, məqsəd və məramı aydın olanların sırasında gördüyüm kişilərdən biridir.
Eldar 65 il qabaq indi dəmir qəfəslər arasında çırpınan Ağdam şəhərində müəllim ailəsində dünyaya göz açıb. 1941-45-ci illər müharibəsinin dəhşətlərini görmüş atası Xankişi müəllimin zabitəsi, tələbkarlığı Eldarın bir şəxsiyyət kimi təşəkkül tapmasında az rol oynamayıb. Bununla belə, kiçik yaşlarından bir az sərbəstliyə, müstəqilliyə meyilli olan Eldar çox maraqlı uşaqlıq, məktəbli illərini yaşayıb, onun musiqiyə, rəssamlığa, poeziyaya olan həvəsi xəyalının üfüqlərində həmişə sayrışıb.
Ötən əsrin 60-cı illərində Ağdamda orta musiqi təhsili alıb, jurnalistikaya meyl edib, «Lenin yolu» adlı rayon qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb, sonralar məqalələrlə, oçerklərlə çıxış edib, SSRİ məkanında keçirilən festival və müsabiqələrdə rəssam kimi iştirak edib, fəxri mükafatlar alıb və s. Onda hələ 60-70-ci illər idi, yaradıcılıq, inkişaf yolları qarşıda idi.
Jurnalist peşəsi onu daha çıx düşündürür, narahat edirdi. O da məlumdur ki, Eldar hüquqşünas olmaq niyyəti ilə hələ 1966-cı ildə Saratov Hüqüq İnstitutuna daxil olmuşdu və bir sıra məlum və naməlum səbəblərə görə təhsilini yarımçıq qoyub Ağdama qayıtmışdı. Onu jurnalistikanın maraqlı yolları gözləyirdi. Həmin dövrlərdə məşhur olan «Kommunist», «Azərbaycan gəncləri», «Sovet kəndi», «Bakinski Raboçi», habelə Moskvada nəşr edilən «Selskaya jizn», «Sovetskaya kultura», «Komsomolskaya pravda» qəzetlərində, həmçinin bir sıra rayon qəzetlərində Eldar İsmayılovun imzası görünməyə başlamışdı.
Ali jurnalist təhsili almış Eldar 1979-cu ildən Qarabağ müharibəsi dövrünədək Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Yuxarı Qarabağ və beş ətraf rayon (sonralar Aşağı Qarabağ rayonları da daxil olmaqla) üzrə xüsusi müxbiri vəzifəsində çalışdı və həmin illərdə bacarıqlı bir mütəxəssis kimi tanındı. Eldarı yeni iş sahələri, yeni yaradıcılıq meydanı gözləyirdi.
Eldar İsmayılov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaradıcısıdır desək yerinə düşər. Bu yeni jurnalist təşkilatı 1995-ci ildə Gənclər və İdman Nazirliyinin xeyir-duası ilə yaradılmış və Eldar həmin qurumun prezidenti seçilmişdi. O, həmçinin möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin üzvüdür.
Azərbaycanda idmanın sürətli inkişafının dünya miqyasında tanınmasında AİJA-nın rolu danılmiazdır. Eldar müəllim müntəzəm olaraq beynəlxalq idman tədbirlərində iştirak edir, Respublika idman ictimaiyyətinin ən nüfuzlu nümayəndəsi kimi idmanla bağlı ən mötəbər məclislərə dəvət olunur. O, mərkəzi iqamətgahı Londonda yerləşən və dünya idmanının «Oskar»ı kimi tanınan «LAUREUS» Dünya İdman Mükafatları təşkilatının həmtəsisçisidir. Beynəlxalq idman məclislərində, konfrans və simpoziumlarda fəallıq göstərir, xarici mətbuatda yazılar dərc etdirir. Eldar İsmayılovun rəhbərlik etdiyi Azərbaycan İdman Jurnalistləri Assosisasiyası - AİJA bu gün, sözün əsl mənasında, ölkəmizin ən qabaqcıl, ən çevik və ən peşəkar jurnalist təşkilatıdır.
... Qarşımdakı albomları vərəqləyirəm. Bu albomdakı şəkillər ötən əsrin 60-70-80-ci illərini özünə köçürübdü. Bu şəkillər arasında Eldar İsmayılovun Dağlıq Qarabağda - bu gün işğal altında olan torpaqlarda fotokameranın yaddaşına köçürdüyü məqamları yaşadır. Çox təəssüf ki, hələ də əlimiz o yerlərə çatmır. Ancaq xatirələrin köməyi ilə gəzib dolaşdığımız o bölgələrimizlə bağlı Eldar müəllimin qələmi, kamerası çox şeyləri tamaşaçıya, oxucuya çatdırıb. Çox mətləbləri açıb töküb ortalığa. Təəsüf ki, torpaqlarımızın işğalı Eldar İsmayılovu da Bakıya üz tutmağa məcbur etdi. O, öz qələmini dincə qoymadan jurnalist peşəkarlığını günbəgün artırmaqla Bakıda da sözünü dedi, tamaşaçı, dinləyici əhatəsində oldu. Sənətinə olan marağı həyatının yeni bir səhifəsinin açılmasına gətirib çıxartdı.
1995-ci ildə Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən təsis konfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA yaradıldı. Konfransda AİJA-nın prezidenti seçilən Eldar İsmayılov çox qısa zamanda bu olimpiya yönümlü jurnalist təşkilatını, sözün əsl mənasında, tanıda bildi.
1996-cı ildə AİJA Avropa və dünya təşki¬latlarına müraciət edərək bu beynəlxalq qurumların üzvlüyünə qəbul edildi. 250 nəfərdən artıq üzvü olan AİJA-nın 1997-ci ilin may ayından artıq Beynəlxalq Təşkilatın AİPS-in və VEPS-in həqiqi üzvüdür.
2010-cu il aprelin 28-də turizm cənnəti Antalyada, 48 qitə dövlətini təmsil edən Avropa İdman Jurnalistləri İttifaqının - UEPS-in 32-ci Konqresində təşkilatın 12 yerdən ibarət rəhbər orqanına gizli səsvermə yolu ilə keçirilən seçgilərdə ali kürsüyə yaxın dörd il üçün Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Serbiya, İrlandiya və Sloveniya ilə yanaşı ilk dəfə olaraq Azərbaycan nümayəndəsi də sahib oldu. Eldar İsmayılov qaliblər sırasnda yer aldı. Yeri gəlmişkən, 138 yaşlı Azərbaycan mili mediasında bugünədək heç kim hər-hansı beynəlxalq jurnalist təşkilatının rəhbər orqanına seçilməmişdi. Fikrimcə bu qələbə istər 18-ci yaşına qədəm qoyan AİJA, istərsə də bütövlükdə Azərbaycan jurnalistikası üçün böyük uğur sayıla bilər!
Azərbaycan paytaxtında keçirilən beynəl¬xalq idman yarışlarının təşkili, təbliği və bütövlükdə idmanla bağlı informasiya çevikliyi məhz AİJA-nın məqsədyönlü ardıcıl fəaliyyətinin nəticəsidir.
Eldar İsmayılovun təşəbbüsü ilə 2011-ci ilin oktyabrında MDB məkanında ilk dəfə Bakıda Avropa İdman Mediası İttifaqı - UEPS İcraiyyə Komitəsinin toplantısı kecirildi, bir neçə ay əvvəl isə paytaxtımızda UEFA on yeddi yaşlı qızlar arasında dünyal çempionatı zamanı Dünya İdman Jurnalistləri Birliyi - AİPS İcraiyyə Komitəsinin yığıncağı təşkil olundu, eyni zamanda AİPS-in Gənc Reportyorlar Proqramına uygun olaraq dünyanın müxtəlif ölkələrini təmsil edən gənc idman jurnalistlərinin 30 günə yaxın seminarı reallaşdı. Beynəlxalq idman yazarlarının paytaxtımızda, bölgələrimizdə olması, əlaqələrin genişlənməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verir.
Bizimlə söhbət zamanı Eldar müəllim onu da vurğuladı ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi gələn il Bakıda keçiriləcək və dünya təşkilatının 90-cı ildönümü paytaxtımızda qeyd ediləcək. 170-ə yaxın ölkədən 300 nəfərdən artıq tanınmış qələm və söz adamı 6 gün davam edəcək bu möhtəşəm tədbirə qatılacaq. Bununla bağlı müvafiq işlər görülür....
Bəli, öz işi haqqında, gördükləri barəsində çox danışmağı xoşlamayan, necə deyərlər, qısqanclıqla müəyyən informasiyalar verən Eldar Xankişi oğlu İsmayılov yanvar ayının 9-da 65 yaşını qeyd etdi. Ömrün 65 ilinin 46-sını jurnalistikaya həsr edən Eldar İsmayılov üç övlad, yeddi nəvə sahibidir. Oğlanları Vüqar və İlqar, qızı Nərgiz ona həmişə sevinc bəxş edirlər. Öz işləri, təhsilləri ilə ata qəlbini dağ boyda edən bu övladlar valideynlərinə həm də yaxşı yardımçıdırlar. Oğlanları ilə yanaşı qızı Nərgizlə də xüsusi qürur duyur. Azərbaycan Dillər Universitetini qırmızı diplomla bitirən Nərqiz "Xəzər Universiteti” "Dünya Məktəbi”ndə ingilis dili departamentinin rəhbəridir. Nərgiz xanım hələ Küveytdə Kembric Orta Məktəbində işləyərkən övladlarına ingilis dilini sevdirmiş və onun Röya və Rəşad adlı uşaqları bu dili mükəmməl mənimsəmişlər. İndi onlar Bakı Avropa Liseyinin 8-ci sinfində təhsillərini uğurla davam etdirirlər.

Eldar İsmayılov: "Sevinirəm ki, dünyaca məşhur Kembric Universitetində təhsil almaq arzusunu illərlə ürəyində yaşadan qızım bu günlərdə Londondan xoş müjdə alıb - bu ilin yanvarından etibarən həmin universitetdə təhsilini daha yüksək pillə üzrə davam etdirəcək. İndi onun sevincinin həddi-hüdudu yoxdu. Ümumiyyətlə taleyimdən, övladlarımdan, peşəmdən çox məmnunam. Həyat məni sınaya-sınaya, məqsədimə gedən yolda mətinləşdirib. Mən də heç vaxt əziyyətlərdən qorxmamı¬şam, ümidsizliyə qapılmamışam. Ona görə də 65 il ömrümdə kimsədən gözlərimi gizlətməmişəm, kim¬sənin gözündən yayınmamışam. Həmişə yerimdə, həmişə adam¬ların yanında olmuşam. Bəzən köh¬nə tanışlarımdan kimsə məndən telefon nömrəmi soruşur. Deyirəm, 15 il əvvəl vermişdim, itirmisən? Mən 15 ilə azı 15 nömrə dəyişmişəm - deyir. Yəqin kiməsə borcun olub, yaxud nədənsə, kimdənsə qaçıb gizlənmisən, ona görə. Məncə, insan vəzifəsini, sosial durumunu dəyişə bilər, amma xasiyyətini, yerişini, duruşunu, dostlarını, sədaqətini, imkan daxilində telefon nömrəsini dəyişməsin gərək.”








Bu yazı

134599 dəfə oxunub

Tarix

2013-03-03 16:47:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev