İdmanı tərk edən, amma qayıdan Olimpiya çempionları



Həyatda hər şeyin əvvəli və sonu vardır. İdmanda da belədir. İdmançılar da adi insanlar kimi başladıqları işi sona çatdırmağa çalışırlar. Onlar bəzən buna nail olur, bəzən isə müəyyən çətinliklərlə qarşılaşırlar. Müxtəlif maneələrlə qarşılaşan atletlər karyeralarını yarımçıq qoyur və idmanı tərk edirlər. Hətta dünyanın məşhur idman ulduzları belə karyeralarını başa vurmaq məcburiyyətində qalırlar. Dünyanın möhtəşəm Olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında uğur və şöhrət qazanan belə idmançılar yetərincədir.
Bəs görəsən, Olimpiya çempionları, ümumiyyətlə atletlər idmanı niyə tərk edirlər? Buna əksər hallarda idmançının şəxsi həyatı, onun psixoloji durumu səbəb olur. Lakin müəyyən bir müddətdən sonra onların yenidən idmana qayıtması mümkündür və bunu onlara heç qadağan etmir.
Peşəkar atletlər sağlam və qüvvətli olduqları qədər də, dəmir iradəyə malik olurlar. Onlar idmana həddən artıq bağlı olurlar. Çünki bu sahəni sevirlər. Maraqlıdır ki, böyük idmanda peşəkar atletləri karyerasına son qoymağa vadar edən müxətlif səbəblər ola bilər. Məsələn, bu səbəb onun səhhəti, yarış və ya məşq zamanı aldığı zədələr, diskvalifikasiya məsələsi və yaxud da analıq məzuniyyəti ilə bağlı ola bilər. Bəzən idmançıların belə problemlərlə üzləşməsi onlar üçün gözlənilməz olur. Lakin idmançıların arasında elələri də olur ki, kənardan heç bir təsir və müdaxilə olmadan karyeralarına özləri son qoymaq qərarına gəlirlər. Bu isə atletlərdə qələbə qazanmaq arzusunun və istəyinin, necə deyərlər, «sönməsi» ilə ilə izah olunur. Bir sözlə, bu idmançılar daha yarış meydançalarına çıxmaq və qələbə qazanmaq istəyi ilə yaşamırlar. Əksər hallarda onların əksəriyyəti düzgün qərar vermədiklərini anlayır və yenidən idmana qayıdırlar. Dünya idmanı və Olimpiya oyunları tarixində öz dəsti-xətti ilə seçilən bu qəbildən Olimpiya çempionlarını oxucularımıza təqdim edirik.

Maykl Felps (üzgüçülük)

Dünyanın ən titulu idmançısı, 18 qat Olimpiya çempionu Maykl Felps son dərəcə populyardır. Felrsin adı idman və Olimpiya oyunları tarixində həmişə diqqət mərkəzində olub. ABŞ idmançısı da idmanı tərk edən və qayıdanlardandır. O, idmanı tərk etdikdən sonra bir müddət xeyriyyəçiliklə məşğul olub, tok-şou proqramlarında iştirak edib və hətta məşhur qolfçu da olmaq istəyib. Lakin London-2012 Yay Olimpiadasından sonra keçən 2 il və bu vaxt ərzindəki olan boşluq Mayklın üzgüçülüyə olan həvəsini heç də söndürməyib. Balıq susuz yaşaya bilmədiyi kimi, Maykl Felps də idmansız yaşaya bilməyib və öz sevimli üzgüçülük hovuzuna qayıdıb. Belə ki, 18 qat Olimpiya çempionu Maykl Felps Olimpiya yığmasının heyətində Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak etməyə qərar verib.

Dara Torres (üzgüçülük)

İdmanı tərk edib və yenidən idmançılardan biri də Maykl Felpsin həmvətəni, 3 dəfə karyerasını başa vurub yenə qayıdan üzgüçü Dara Torresdir. Üzgüçü ilk Olimpiya medalını 1984-cü ildə keçirilən Los-Anceles Oyunlarında, axırıncı medalını isə Pekin-2008 Yay Olimpiya Oyunlarında qazanıb. Maraqlıdır ki, bu müddət ərzində məşqlərini iki dəfə dayandırıb. Sidney-2000 Olimpiadasına qədər Dara Torres 7 il idman məşqlərinə ara versə də, Avstraliyada beş medala imza atıb. Sonra idmançı yenə də 6 il «kölgə»də qalmağa üstünlük verib. Lakin 2008-ci ildə keçirilən Pekin Olimpiadasında 3 gümüş medal qazanıb. 45 yaşlı Dara 2012-ci ildə Londonda keçirilən yay Olimpiya oyunlarında iştirak etmək istəsə də, seçimlərdən keçə bilməyib, halbuki buna çox yaxın idi. Bu məğlubiyyətdən sonra Dara Torres deyəsən, bu dəfə həqiqətən karyerasına son verib.

Mariya Kiselyova (sinxron üzgüçülük)


Çoxları bilmir ki, gözəl və təmkinli teleaparıcı Mariya Kiselyova mavi ekrana böyük idmandan gəlib. Sidneydə keçirilən XXVII Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanan Mariya sonra karyerasını televiziyada davam etdirməyə qərar verib. Aparıcılıq edən Kiselyovanın bundan sonra bir daha idmana, üzgüçülük hovuzuna qayıdacağını düşünmək inanılmaz idi. Amma bu baş verdi. İkiqat Olimpiya çempionunun idmana olan həvəsinin qarşısını almaq mümkün deyildi. Beləliklə, mavi ekranda işini atmayan rusiyalı idmançı, 2003-cü ildə həm də sinxron üzgüçülük üzrə Rusiya yığmasının heyətinə daxil edildi. Rusiyalı idmançının səyləri hədər getmədi və Mariya Afina-2004 Olimpiadasında özünün sayca 3-cü qızıl medalına sahib oldu.

Kim Kleysters (tennis)                            


Belçikalı tennisçi Kim Kleysters əsrin əvvəlində tennis idman növünün simvoluna çevrildi. Kim dünya reytinqində şəxsi və cütlüklərin yarışlarında 1 nömrəli idmançı kimi məşhurlaşdı. Kim həm də çoxsaylı turnirlərin qalibi idi və onun milyonlarla azarkeşi var idi. Lakin Kim Kleysters 2007-ci ildə azarkeşlərini şoka saldı: o, ailə vəziyyəti ilə əlaqədar idmanı tərk etdiyini açıqladı. Amma iki ildən sonra qələbə sevincini və şirinliyini dadmaq üçün yenidən böyük idmana qayıtdığını elan etdi və tennisçinin qayıdışı möhtəşəm oldu: o elə həmin il US Open turnirinin qalibi oldu, cəmi 2 ildən sonra isə «Böyük Dəbilqə» seriyasından qələbələrin sayını 4-ə çatdırdı. Kimi Kleystersin qələbə seriyası yalnız 2012-ci ilə qədər davam etdi və belçikalı tennisçi yenidən idmanı tərk etdiyini bəyan etdi.

Yelena İsinbayeva (yüngül atletika) 
 


Pekin-2008 Yay Olimpiya Oyunlarından sonra ikiqat Olimpiya çempionu Yelena İsinbayevanın karyerasında mürəkkəb dövr başladı. İdmançı gah dünya rekordları müəyyənləşdirir, gah da yarışlarda uğursuzluqla qarşılaşırdı. Yelena özü də etiraf edirdi ki, uğur qazanması üçün qüvvəsini səfərbər edə bilmir. Məhz buna görə İsinbayeva uğursuz Doha çempionatından sonra idman karyerasına son verməyə qərara aldı. Milyonlarla insanların sevimlisi olan Yelena demək olar ki, 1 il istirahət etdikdən sonra idmana qayıtmağa qərar verdi.
Yelenanın yenidən idmana qayıdışı 2011-ci ilin fevralında baş tutdu. İdmançı növbəti uğurunu Moskvada keçirilən dünya çempionatında qazandı. Sonra yenidən idman karyerasına fasilə verən Yelena İsinbayevanın böyük idmana qayıdıb-qayıdacağı hələlik bilinmir. Çünki o buyaxınlarda ana olub.

Stiv Redqreyv (akademik avarçəkmə)

Məşhur britaniyalı avarçəkən Olimpiya oyunlarında 4 dəfə ardıcıl qələbəsindən sonra idmanı tərk etmək qərarına gəldi. Atlanta Olimpiadasından sonra Stiv özünə söz verdi: «Bir də qayığa yaxınlaşsa, mütləq özünü güllələyəcək». Olimpiya çempionu vədini pozdu, amma xoşbəxtlikdən özünü güllələmədi. Dörd qat Olimpiya çempionu yenə də eyni həvəslə Sidney-2000 Olimpiadasına hazırlaşmağa başladı. Bu olimpiadada 38 yaşlı şəkər diabeti xəstəliyindən əziyyət çəkən avarçəkən Stiv komanda yarışında özünün sayca beşinci qızıl medalını qazandı. Amma bu dəfə idmançı karyerasını həqiqətən başa vurdu.

Aleksandr Zubkov və Aleksey Voevoda cütlüyü (bobsley)


Soçi-2014 Olimpiadasından sonra ikiqat Olimpiya çempionları Zubkov və Voevoda cütlüyü əsl milli qəhrəmanlara çevrildilər. Axı hər şey başqa cür də ola bilərdi. Maraqlıdır, Vankuver-2010 Qış Olimpiya Oyunlarından sonra hər iki idmançı karyeralarına son qoymuşdular. Buna səbəb isə Rusiya Bobsley Federasiyasında yaranan acınacaqlı vəziyyət idi. İdman karyerasını başa vuran və doğma İrkutsk vilayətinə qayıdan Zubkov hətta burada işə düzəlmişdi. Lakin birdən-birə hər şey dəyişdi: 2011-ci ildə Zubkov və Voevoda bobsley idman növü ilə yenidən məşğul olmağa başladılar. Ardınca dünya çempionatında möhtəşəm uğur və çempionluq. Lakin bu qələbədən sonra cütlüyün arasında yaranan konflikt Alekseyin bobsleydən armrestlinq idman növünə keçid almasına gətirib çıxardı. Amma Soçi-2014 Olimpiadası bu cütlüyü yenidən bir araya gətirdi və onlar rəqiblərə bobsley yarışlarında heç bir aman vermədilər.

Sergey Çepikov (xizək yarışları, biatlon)

Məşhur biatlonçu Sergey Çepikov SSRİ yığmasının tərkibində Lillihamer-1994 Qış Olimpiya Oyunlarında bir neçə medal qazanmışdı. Lillihamerdən sonra idmançı xizək yarışlarında özünü sınadı. Bu növdə də yaxşı nəticələr göstərən Çepikov Naqano-1998 Qış Olimpiadasında iştirak etmək hüququ qazandı. Yaponiyada medal əldə edə bilməyən idmançı 31 yaşında idman karyerasına son qoymağı qərara aldı. 3 mövsümü buraxan Sergey nəhayət ki, öz sevimli idman növünə qayıtdı. İki il beləcə keçdi və sonra təcrübəli idmançını dayandırmaq mümkün olmadı: dünya və Avropa çempionatlarında bir-birinin ardınca uğurlar əldə etdi. Ən əsası da odur ki, Turin-2006 Olimpiadasında gümüş medala sahib oldu.

Yevgeni Plyuşenko (fiqurlu konkisürmə)                       

Yevgeni Plyuşenko fiqurlu konkisürmə üzrə kişilər arasında şəxsi yarışlar ənənəsini davam etdirən idmançıdır. Rusiyalı idmançı Turin-2006 Qış Olimpiya Oyunlarında fəxri kürsünün gn yüksək pilləsinə qalxdı və Olimpiya çempion oldu. Bəzən atletlər möhtəşəm qələbədən sonra ulduz xəstəliyinə tutulurlar. Plyuşenkoya da qələbə eyforiyası növbəti yarışlarda iştirak etməyə və qələbə qazanmağa mane oldu. Məhz buna görə də fiqurlu konkisürən karyerasına son qoydu. İdman fasiləsi 3 mövsüm davam etdi. 2009-cu ilin oktyabrında Plyuşenko olimpiadada iştirak etmək üçün lisenziya əldə etdi. Uzun müddətli fasiləyə baxmayaraq Vankuverdə gümüş medala sahib oldu. Soçi Olimpiadası isə idmançının həyatında ikinci dəfə yaşıl işıq yandırdı: onun qismətinə komanda yarışlarında qızıl medal qazanmaq və ikiqat Olimpiya çempionu olmaq yazıldı.

Conni Veyr (fiqurlu konkisürmə)

ABŞ idmançısı Conni Veyr öz karyerasında böyük və möhtəşəm qələbələr qazanmasa da, həmişə buna çox yaxın olub. İdmançı Turin-2006 Olimpiadasında 5-ci, Vankuver-2010 Olimpiadasında isə 6-cı yeri tutub, dünya çempionatlarında da həmişə fəxri kürsünün bir addımlığında olub.
Vankuver Olimpiadasından sonra Conni Veyr karyerasını dayandırmağı qərara aldı və bu fasilə 1 il davam etdi. Tez bir zamanda buz üçün darıxan atlet yenidən idmana qayıtdı. Bir illik fasilə də nəticə vermədi və ABŞ idmançısının Soçi-2014 Qış Olimpiadasına düşmək arzusu reallaşmadı. O Soçiyə gəldi, amma idmançı yox, ABŞ telekanalının eksperti kimi. İdmana isə əlvida dedi, özü də birdəfəlik.


Səadət










Bu yazı

31285 dəfə oxunub

Tarix

2014-07-03 15:56:49

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev