Xalq oyunlarımız da milli mənlik şüurunun formalaşmasına zəmin yaradır



Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi əsas məsələlərdən biridir. Milli mənlik şüuru dedikdə vətənpərvər ruhda böyümə, xalqına, millətinə, vətəninə sadiqlik başa düşülür. Danılmaz faktdır ki, sağlam ruhda yetişən uşaq, yeniyetmə və gənc sabahın əsgəri, vətənin keşikçisidir. Təbii ki, vətəni fiziki cəhətdən sağlam insanlar qoruyurlar. Elə buna görə də respublikamızda gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi xüsusi diqqət mərkəzindədir.

Azərbaycanda idmanın və Olimpiya Hərəkatının inkişafına yönəldilən diqqət, idmanın geniş şəkildə yayılması, kütləviləşməsi, uşaq və gənclərin idmana fəal surətdə cəlb olunması dövlətimizin əsas prioritetlərindəndir. İdman gələcəyimiz olan uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafında, onların vətənpərvər ruhda böyüməsində vacib rol oynayır. İdmanla məşğul olan hər bir kəs sağlam, qüvvətli, iradəli olur, öz gücünə inanır. Bu amil gəncliyin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsində də əvəzsiz əhəmiyyət kəsb edir.
Bu gün gənclərimizin qarşısına qoyulan əsas vəzifələrdən biri, milli mənlik şüurunun inkişafı ilə yanaşı, vətənpərvəlik və mənəvi tərbiyə məsələsidir. Mənəviyyat olmayan yerdə milli mənlik şüurundan, vətənpərvərlikdən söhbət gedə bilməz. Tariximizdə iz qoyan məşhur şəxsiyyətləri dünyada tanıtdıran və bizim üçün örnək olan onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Müasir dövrümüzdə isə Azərbaycan dövləti gənclərimizi milli və vətənpərvərlik ruhunda tərbiyə edir, xalqımızın mill-mənəvi dəyərlərini, adət-ənənələrini onlara aşılayır.
Vətənpərvər insan öz xalqını, vətənini sevən, öz torpağına, dilinə, tarixinə bağlı olan insandır. Milli mənlik şüurunun oyanışı vətənin azadlığa aparan yoluna işıq salır. Çünki milli mənlik şüuruna malik olmayan bir xalq heç vaxt müstəqil ola bilməz, vətənpərvərlik nə olduğunu anlamaz. Şübhəsiz ki, bunların dərk edilməsi üçün fiziki və mənəvi cəhətdən də sağlam olmaq vacibdir. Heç kim inkar edə bilməz ki, ana vətənin keşiyində yalnız və yalnız sağlam gənclər dayanırlar. Vətən məhz belə gənclərə güvənir, onlara arxayın olur.
Vətənpərvərlik hissi müxtəlif vasitələrlə aşılana bilər. Bu, daha çox idman yarışlarında aydın görünür. Hər hansı bir beynəlxalq turnirdə əldə olunan medal dövlətimizin bayrağının yüksəklərdə dalğalanması deməkdir. Bu isə istər qələbə qazanan idmançının, istərsə də onun çıxışını izləyən insanların qəlbini fərəh hissi ilə doldurur. Eyni zamanda, bayrağın ən yüksəkdə dalğalanmasını seyr edən hər bir insanda vətənpərvərlik duyğuları yaranır. Bu, doğrudan da, belədir. Yəni idman arenalarında qazanılan qələbələr ölkəmizin gənc nəslinin vətən sevgisini artırır, dövlətimizin atributlarına hörməti yüksəldir.
Hər hansı bir idman növünün yaranmasının əsasında müxtəlif mübarizə formaları durur. Yəni idman növləri mübarizənin, qələbəyə can atmanın sayəsində meydana çıxıb. Onlar yarış meydanlarında öz güclərini nümayiş etdirməklə yanaşı, düşmən tərəfindən gözlənilən hər hansı bir hücuma da hazırlaşıblar. Təcrübəli döyüşçülər öz bacarıqlarını gənclərə də öyrədiblər. Maraqlıdır ki, qədim idman növlərinin ilk dəfə harada yaranması və belə yarışların ilk dəfə nə vaxt keçirilməsi barədə dəqiq məlumatlar yoxdur. Bununla belə, tarixi faktlar ibtidai insanların formalaşmasında idmanın əvəzedilməz rolunu sübut edir. İbtidai insanlar formalaşdıqca onların oyunları (idman yarışları) da mürəkkəbləşib. Yəni insanlar öz qüvvələrini daha mürəkkəb, daha çətin yarışlarda sınamaqla fiziki güclərini artırıblar.
Tarixi faktlara əsaslanıb deyə bilərik ki, Azərbaycanda lap qədimdən insanlar idmanın müxtəlif növləri ilə məşğul olublar. Şifahi və yazılı ədəbiyyat nümunələrimizdə təsvir olunan qəhrəmanlarımız əsl igidlər kimi göstərilir. Onlar mahir at çapan, qılıncdan məharətlə istifadə etməyi bacaran, sərrast atıcı və "dağları yerindən oynadan” pəhləvanlardır. Bu pəhləvanlar öz bacarıqlarını həm yarışlarda, həm də döyüş meydanlarında nümayiş etdiriblər.
Tarixi mənbələr göstərir ki, Azərbaycanın xalq oyunları müəyyən qanunauyğunluqlar əsasında inkişaf edib. Hələ qədim zamanlarda Azərbaycanda xalq oyunları sağlamlığın möhkəmləndirilməsinə, işgüzarlığın artırılmasına, hərbi hazırlığa yönəldilib. Tarixi mənbələrdə göstərilir ki, Azərbaycanın ərazisində nizə və oxatma, qılıncoynatma, güləşmə və s. idman növləri ilə məşğul olublar. Düşmən üzərində qələbə çalmaq üçün pəhləvanlardan dözümlü, iradəli, sağlam, güclü olmaq tələb edilirdi. Yeniyetmələrin sağlam, gümrah böyüməsi üçün onların idmanla məşğul olmaları vacib idi. Azərbaycanda cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, qılıncoynatma, güləş, oxatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır.
Milli idman oyunlarımız əsrlər boyu nəsillərdən- nəsillərə keçmiş, inkişaf etmiş, xalqın məişətini, adətlərini özündə əks etdirərək zənginləşmişdir. Dərin kökləri ilə keçmişimizə bağlı olan xalq oyunlarımız mili bayramlarımızın bəzəyidir. Daha çox bayram günlərində təşkil olunan belə oyunlar xalqın təfəkkür tərzini, istək və arzularını özündə əks etdirir. Qədim yazılı mənbələrə əsaslanıb deyə bilərik ki, Azərbaycanda insanlar çevik fiziki hərəkətlərlə zəngin olan idman oyunlarına daha çox həvəs göstəriblər. Bu, torpaqlarımızın qorunması, yağı düşmənə qarşı mübarizədə qələbə qazanmaq üçün əsas vasitələrdən biri idi. Xalq oyunlarında (qılıncoynatma, oxatma, daşqaldırma və s.) təşkil edilən yarışlar o dövrün insanlarının fiziki sağlamlığına şərait yaradırdı. Bu isə, qeyd etdiyimiz kimi, yağı düşmənin hücumunun qarşısını almaq üçün vacib idi. Yazılı mənbələrdə çoxlu tamaşaçı cəlb edən oyunlardan kəndirbazlıq, çovqan və digərlərinin adı çəkilir. "Dirədöymə”, "Ənzəli”, "Dədə boyu”, "Artırma”, "Bənövşə bəndə düşə” və digər oyunlar bu gün də bayramlarımıza yaraşıq verir, onları daha maraqlı edir.
Tarixi mədəniyyətimizin tərkib hissəsi olan Novruz milli bayramlarımız arasında ən geniş miqyasda qeyd edilənidir. Hər il martın 21-22-də keçirilən bu bayram əsrlər boyu xalqımızın həyatında xüsusi yer tutub. Təsadüfi deyil ki, qədim Azərbaycanda təqvimin ilk günü Novruz bayramı ilə başlayırdı. Qeyd edək ki, bəzi xalqlarda indi də yeni il yazın gəldiyi gündən hesablanır və yeni ilin ilk günü bayram kimi qeyd olunur. Tarixən Novruz bayramı günlərində uşaq və gənclər bir sıra oyunlarla məşğul olublar ki, bu oyunları da həmin dövr üçün idman yarışları hesab etmək olar. Çovqan, kəndirbazlıq və bir sıra oyunlar iştirakçıların məharətini, gücünü, çevikliyini göstərib. Bayram günlərində təşkil olunan "Gizlənpaç”, (gizlən qaç), "Oğru-oğru”, "Qoz- qoz” kimi bir çox oyunlarımız isə əyləncə xarakteri daşıyıb.
Şifahi xalq ədəbiyyatı ilə yazılı ədəbiyyat arasında keçid - körpü olan "Kitabi-Dədə Qorqud” əsil qəhrəmanlıq dastanıdır. Oğuz igidlərinin hamısı cəsur, ürəkli, düşmən qabağından qaçmayan ərlər olub. Məsələn, Qazan xanın oğlu Uruz qılıncoynatmaqda, at çapmaqda ad çıxaran, qıvraqlığı, cəldliyi, çevikliyi ilə məşhur olan igiddir. Maraqlıdır ki, tarixi dastanımızda sadə insanlar da qəhrəman kimi göstərilib. Bu insanlar da, lazım gələndə düşmənlə döyüşə çıxır, öz yurdunu mərdliklə müdafiə edir. Eposun digər qəhrəmanı Qaraca Çoban altı yüz nəfərlik düşmən dəstəsi ilə döyüşür. Daşı tükənəndə sapandına qoyun, keçi qoyub atır. Qaraca Çobanın içi üçyaşar dana dərisindən, qolları üç keçi qılından toxunulmuş sapandı hər dəfəsində on iki batman ağırlığında daş ata bilir.
Qəhrəmanlıq eposu "Koroğlu” dastanının "Koroğlu ilə Dəli Həsən” qolunda xalqımızın igid oğlanları belə tərənnüm edilir: "Qılınclarını çəkib bir-birlərinə hücum etdilər. Qılıncdan murad hasil olmadı. Nizəyə əl uzatdılar, nizədən də kar aşmadı, axırda atdan düşdülər, güləşməyə başladılar”. "Qaçaq Nəbi” dastanında Qaçaq Nəbi mahir at çapan, "sərçəni gözündən vuran” bir qəhrəman kimi göstərilir. Onunla bərabər döyüşən, yağı düşmənə boyun əyməyən Həcər xanımın şücaəti, at çapmaqda Qaçaq Nəbidən geri qalmaması dillərdə dastan olub. Xalqımızın keçmiş tarixini əks etdirən belə dastanlarımızın qəhrəmanları bugünkü gənc nəslə örnəkdir. Məhz belə igidlərin nümunəsi gənclərimizin vətənpərvər ruhda tərbiyəsinə, torpağına, adət-ənənələrə bağlılığına təsir göstərir. Bu baxımdan, xalqımızın həm şifahi, həm də yazılı ədəbiyyat nümunələri gənc nəslimiz üçün faydalıdır. Qeyd etdiyimiz kimi, təkcə şifahi ədəbiyyatda deyil, yazılı ədəbiyyatda da xalq oyunları geniş şəkildə əks olunub. Məsələn, XI əsrin görkəmli Azərbaycan şairi Xaqani Şirvaninin bir sıra əsərlərində çovqan, qılıncoynatma və s. oyunlardan danışılır. Xalq qəhrəmanı, bu gün də yaddaşlarda yaşayan Cavanşir gözəl at sürməsi, yaxşı üzməsi, qılıncoynatmada böyük məharət nümayiş etdirməsi ilə məşhurdur. Azərbaycana hücum edən ərəb istilaçılarına qarşı öz döyüşçüləri ilə mübarizə aparan bu igid məhz bu cür yüksək fiziki keyfiyyətlərinə görə sərkərdə kimi xalq arasından sevilirdi. O, doğma yurdunu işğalçıların tapdağı altında qurtarmaq üçün mərdliklə döyüşüb. Dahi şairimiz Nizami Gəncəvinin "Yeddi gözəl”, "İsgəndərnamə” poemalarında da at çapan, qılınc oynadan igidlər ilhamla qələmə alınıb.
Ədəbiyyat nümunələrində adı çəkilən xalq oyunlarımız onun iştirakçılarına vətən sevgisi, torpağa bağlılıq, onun hər bir qarışını öz qanı bahası ilə qorumaq hissləri aşılayır.

Xan qızının oyunu məşhur yazıçını mat edib

Azərbaycan orta əsrlərdə öz qüdrəti, elmi potensialı və islam aləmində mədəni inkişafı ilə dünyada tanınmışdı. Ölkədə fəlsəfə, riyaziyyat, astronomiya və digər elmlərlə yanaşı, intellektual idman növü olan şahmat da inkişaf etmişdi. Şahların sarayında şahmat sevimli məşğuliyyətə çevrilmişdi. Bu oyunu qadınlar kişilərdən heç də pis oynamırdılar. XII əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvi həm də mahir şahmatçı idi. Onun müasirlərinin əsərlərində Məhsəti Gəncəvinin şahmat oynaması barədə maraqlı məlumatlar var. XIX əsrin məşhur fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşudbanu Natəvanla şahmat oynamış və Qarabağ xanının qızının gözəl oyununa heyran olmuşdu.
Qədim dövrlərdə istər intellektual idman növü olan şahmat, istərsə də digər növlərə böyük hörmətlə yanaşılır və bu cür fiziki hərəkətlər varlı təbəqənin məşğələsi sayılırdı. Bu təbəqənin nümayəndələri arasında həm də məşhur igidlər yetişmişdi. XII əsrdə yaşamış Eldəgizlər sülaləsinin ən məşhur nümayəndəsi Atabəy Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslanın qardaşı oğlu vəliəhd Əbubəkr Nüsrəddin, sərkərdə Fəxrəddin XVI əsrin əvvəllərində Azərbaycan hökmdarı olmuş Şah İsmayıl Xətai, həm də tanınmış pəhləvan kimi məşhur idilər. Xalq içərisindən çıxmış Qara Məlik, Məhəmməd kimi pəhləvanlar məhz basılmaz olduqları üçün xalqın yaddaşında yaşayırlar. Çünki adlarını qeyd etdiyimiz bu şəxslər vətən uğrunda vuruşmuş, doğma yurdunun şərəfini ləyaqətlə müdafiə etmişdilər. Müasir Azərbaycan gəncliyi, uşaqlar və yeniyetmələr belə qəhrəmanlarla fəxr etməli, onları özlərinə örnək saymalıdırlar.
At üstündə keçirilən idman oyunlarının Azərbaycanda qədim ənənələri var. Yüz illərlə ölkəmizdə mövcud olan və inkişaf edən atüstü idman oyunları haqqında məlumatlara yazılı mənbələrdə və şifahi xalq ədəbiyyatımızda rast gəlinir. Tarixi faktlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanda kişilərlə yanaşı, qadınlar da atüstü idman oyunlarına böyük maraq göstərmişlər. Azərbaycan qadınları at çapmaq məharətlərini, qılınc oynatmaq bacarıqlarını döyüşlərdə də nümayiş etdirmişlər. Bu cür hallara dünyanın nadir xalqlarında rast gəlinib. Tarixi faktlar göstərir ki, 1514-cü ildə məşhur Çaldıran döyüşündə Şah İsmayıl Xətaini məğlub etmiş Sultan I Səlim döyüş meydanında həlak olmuş qızılbaşların içərisində qadınları görəndə çox təəccüblənmişdi. O, bu döyüşçüləri əsl qəhrəmanlara layiq, təmtəraqla basdırmağı əmr etmişdi. Tarixdən o da məlumdur ki, Şah İsmayıl Xətainin həyat yoldaşı Taclıbəyim xanım da məşhur Çaldıran döyüşündə digər döyüşçülər kimi düşmənlə mübarizə aparmış, qəhrəmanlıqla həlak olmuşdur.
At üstündə idman oyunlarından "Çovqan”, "Sürpapaq”, "Baharbənd”, "Yaylıq”, "Gərdəkqaçırma”, "Papaq” və digər oyunlar xalqımızın yüzillik yaddaşından süzülərək müasir dövrə qədər gəlib çatmışdır. At üstündə zorxana oyunları çox qədim tarixə malik, həm də mürəkkəb idman oyunudur. Qaydalara görə, idmançılar at belində güləşirdilər. Biri digərini atdan salmağa çalışan güləşçilər müxtəlif fəndlər işlədirdilər. Bu oyun haqqında "Kitabi-Dədə Qorqud” dastanında geniş məlumat verilir. At üstündə keçirilən zorxana oyunları idmançılardan yüksək fiziki hazırlıq və dözümlülük tələb edir. Bu oyunçular həm mahir at çapan, həm də ustad güləşçi olmalıdırlar. Bu oyun iştirakçıların çevikliyini artırmağa qadir bir yarış sayılırdı. Məsələn, əgər yerə düşən güləşçi 3 saniyə ərzində yenidən ata minirdisə, o, məğlub sayılmırdı. Bu müddət ərzində yenidən atın belinə qalxmaq insandan cəldlik, çeviklik tələb edirdi.
At üstündə keçirilən idman oyunlarından ən çox yayılanı cıdırdır. Cıdır oyunlarına qatılan çaparların əsas məqsədləri finişə birinci çatmaqdır. "Sürpapaq” oyununda isə oyunçular top-papaq uğrunda mübarizə aparır, sonda onu qapı dairəsindən keçirirlər. Oyun zamanı idmançılara cəmi üç dəfə atdan düşməyə icazə verilir. Bu oyun bir qədər müasir basketbola da oxşayır. Atüstü idman növlərindən "Piyalə və ox” oyunu da çox maraqlıdır. Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır. Bu oyun bir neçə variantda oynanılır. "Piyalə və ox” oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq lazım idi.
Atüstü yarışlardan biri də "Baharbənd”dir. Yazda keçirildiyi üçün bu oyun "Baharbənd” adlanır. Deyilənlərə görə, müəyyən vaxtlarda bəndlərdə at sürmək çox çətin olur. Ona görə də oyunda yalnız mahir çaparlar iştirak edirlər. Atüstü oyunlarımızdan biri də "gərdəkqaçırma”dır. Bu oyun yalnız toy günü keçirilir. Qız evinin adamları gərdəyi ancaq özünün qohum-əqrəbasına verir ki, oğlan evindən xələt ala bilsin. Bütün oyunçular gərdəyi ələ keçirmək üçün mübarizə aparırlar. "Gərdəkqaçırma”ya oxşar daha bir maraqlı oyun var. Bu, "Yaylıq” oyunudur. Oyun zamanı qabaqcadan müəyyən yerlərə yaylıqlar qoyulur. Oyunçular atı çaparaq yaylıqları götürməlidirlər. "Yaylıq” oyununun digər variantında iştirakçı müəyyən hündürlükdən atılmış yaylığı yerə düşməmiş ya ov tüfəngi ilə vurur, ya xəncər və yaxud da qılıncla kəsir. Daha bir atüstü oyun "Nizə” adlanır. Oyunda iki komanda biri-birindən aralıda üz-üzə durur, hər oyunçunun əlində nizə olur. Qaydaya görə, rəqib tərəfindən atılan nizələr göydə tutulmalıdır.
Atüstü oyunlardan biri də "Papaq”dır. Oyunun iştirakçısı müəyyən vaxt ərzində öz papağını başında saxlamağa çalışmalı, həm də rəqib komandadan iki papaq götürməlidir. "Güc sınağı” oyunu da çox maraqlıdır. Bu zaman atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırmalıdır. Bu oyunun da müxtəlif variantları var. Ümumiyyətlə, bütün xalq oyunlarımız gənclərə cəldlik, sərrastlıq, dəqiqlik, özünəinamlılıq aşılayır.
Milli idman oyunlarımızın içərisində ən populyarı Azərbaycanın atüstü oyun növlərindən olan "Çovqan” ("Çövkən”) yarışları eramızın birinci minilliyinin ortalarında formalaşıb. "Çovqan” yarışlarının Azərbaycanda qədimdən məşhur olduğu barədə bir sıra faktlar var. Arxeoloji qazıntılar zamanı tapılan qab üzərində "çovqan” oyununun təsvir edildiyi rəsm bu oyunun IX əsrdə Beyləqan şəhərində yayıldığını əyani sübut edir. Dahi Nizaminin "Xosrov və Şirin” əsərindən, "Kitabi-Dədə Qorqud” boylarından məlum olur ki, Azərbaycanda "Çovqan”ın tarixi VI-VII əsrlərə və bəlkə, ondan da qabaqlara gedib çıxır. Yazılı mənbələrimizdə bu oyunun keçirilmə qaydaları barədə verilən məlumatlar, Azərbaycan miniatürlərində "Çovqan”ın dönə-dönə təsvir edilməsi bir daha sübut edir ki, bu oyun xalqımıza məxsus milli oyunlardan biridir. Şərqdə təşəkkül tapmış digər idman növləri kimi, "Çovqan”ın da dünyanın daha uzaq regionlarında yayılması və inkişaf etdirilməsində ingilislərin böyük rolu olub. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş və yeni qaydalar əsasında Amerika və Avropa ölkələrinə yayılmışdır. İngilislərin təşəbbüsü ilə bu oyun "polo” adı ilə ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmişdir.
Orta əsrlərdə bu oyun Azərbaycan, Orta Asiya, İran, Türkiyə, İraq və digər ölkələrdə yayılıb. Bir sıra tarixi mənbələrdə Bağdadda orta şərq ölkələrinin çaparları arasında "Çovqan” üzrə ilk beynəlxalq yarışların keçirildiyi göstərilir.
Arxeoloji tapıntılar onu deməyə əsas verir ki, qədim Azərbaycanda güləşin tarixi qədimdir. Zaman keçdikcə digər idman növləri kimi, güləş də populyarlıq qazanıb, bu növ üzrə zorxana yarışları təşkil edilmişdi.
XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Naxçıvanda, Gəncədə, Qarabağda, Abşeronda və Azərbaycanın digər şəhər və kəndlərində zorxana pəhləvanları geniş şöhrət qazanmışdılar. Bu oyunlar geniş yayılmış və el-oba oyununa çevrilmişdi. Zorxanada yalnız özünə inanan, gücünə bələd olan insanlar yarışırdılar. Həmin dövrlərdə gənc və yeniyetmələr arasında gücsınama, güləşmə mərasimlərini keçirmək adət halını almışdı. Bəzi pəhləvanlar rəqibi ilə görüşə, adətən, dizlərinə güzgü bağlamış halda çıxırdılar. Buna görə də onlar el arasında "aynalı pəhləvanlar” kimi tanınırdılar.
XX əsrin əvvəllərində Sali Süleyman, Rəşid Yusifov dünyanın ən məşhur güləşçiləri kimi tanınmışdılar. Onlar Çikaqo, Paris, Vaşinqton, London, Roma kimi şəhərlərdə keçirilən güləş yarışlarında böyük uğurlar qazanmışdılar. Sali Süleyman dünyanın ən tanınmış pəhləvanlarının kürəyini yerə vurmağı bacaran bir idmançı idi. Təsadüfi deyil ki, onu "şərqin sevimlisi” adlandırırdılar. Bu pəhləvan öz ölkəsində və ölkəsindən kənarda keçirdiyi yarışlarda bir dəfə də məğlub olmamışdı. Dəmir zəncirləri asanlıqla qıran, dəmir çubuqları düyünləyən Sali Süleyman haqqında söylənilən əfsanələr bu gün də dildən-dilə gəzir. Bu pəhləvanların hər birinin qəlbində vətən sevgisi, vətən məhəbbəti kök salmışdı. Onlar Azərbaycanın adını daim uca tutublar.
Tarixi milli oyunlarımızla bağlı qeyd olunanlar bir daha göstərir ki, xalqımız lap qədim zamanlardan idmana maraq göstərib. Müxtəlif milli idman oyunları ilə məşğul olan insanlarımız bunun vasitəsi ilə özlərinin fiziki cəhətdən sağlamlıqlarını təmin ediblər. Eyni zamanda, milli oyunlarımız azərbaycanlıların milli mənlik şüurunun formalaşmasına, inkişafına zəmin yaradıb. Sevindirici haldır ki, müasir gənclərimiz mili idman oyunlarımıza böyük maraq göstərirlər. Bu isə, qeyd etdiyimiz kimi, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə şərait yaradır.

Esmira Orucova


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.





Bu yazı

64808 dəfə oxunub

Tarix

2013-03-11 21:13:42

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev