İnanırıq ki, güləş Olimpiya oyunlarının proqramından çıxarılmayacaq


Xalqımızın uzunmüddətli idman tarixinə nəzər salsaq, deyə bilərik ki, bütün idman növləri ilə yanaşı, sərbəst güləş və yunan-Roma güləşi də öz inkişaf yolunda müəyyən mərhələlərdən keçmişdir. Bu keçid dövrləri olduqca çoxcəhətlidir. Belə ki, ibtidai dövrdən başlayaraq, bu günə qədər xalqımızın mərd oğulları güləş sahəsində öz bacarıqlarını müxtəlif formalarda nümayiş etdirmişlər. İdmanın ən qədim və geniş yayılmış növü olan güləşin tarixinin öyrənilməsinə hazırkı dövrdə böyük ehtiyac duyulur. Bunun səbəbləri hamıya aydındır. Qeyd edək ki, güləş xalqımızın milli idman növü kimi, çox qədim köklərə malikdir; Həmçinin o, bu gün respublikamızda idmanın əsas növlərindən biridir və onun gələcək inkişafını indiyədək keçdiyi mərhələlərdən, qazanılan təcrübədən ayrı təsəvvür etmək mümkün deyil. Güləş 704-cü ildə yay Olimpiya oyunlarınına daxil edilmişdir. Yunan-Roma güləşi üzrə dünya çempionatları 1904-cü ildən keçirilir. Sərbəst güləş üzrə Avropa çempionatı ilk dəfə 1929-cu ildə təşkil olunub. Keçmiş sovet idmançıları ilk dəfə 1953-cü ildə bu yarışlarda qüvvələrini sınayıblar. 2004-cü ildə qadın güləşi yay Olimpiya oyunlarının proqramına daxil edilmişdir.

"Pəhləvan” sözü çox qədimlərdən işlənməyə başlamışdır. Hələ Sasanilər dövründə "cahan pəhləvanı” ("paytaxt pəhləvanı”) orduda bir mənsəb kimi qəbul edilmişdir. Bu mənsəbə şücaətli şəxslər təyin edilərlərmiş. Pəhləvanlar rəisi Sasani sarayında mühüm vəzifə idi. Feodal dövrlərinə xas olan xüsusiyyət - vaxtaşırı toqquşmalar və müharibələr qorxmaz, dözümlü, qüvvətli və mərd adamların hazırlanmasına xüsusi diqqət yetirməyi tələb edirdi. Bu nöqteyi-nəzərdən orta əsrlərdə pəhləvanların hazırlanması işinə böyük əhəmiyyət verilirdi. Hər bir şəhərin öz pəhləvanı var idi. Onlar yarışlar keçirmək yolu ilə təyin edilirdi. Məğlubiyyətin nə olduğunu bilməyən, meydanı çox vaxt qələbə ilə tərk edən güləşçilərə "ustad pəhləvan” deyərmişlər. Böyük hörmətə malik olan bu pəhləvanlar rəsmi şəxslər hesab edilir və dövlətdən maaş da alırdılar. Hələ 1789-1871-ci illərdə yaşamış Hüseynqulu Mürsəl Qulu oğlu (maştağalı), onun tələbəsi və həmyerlisi Məşədi Əbdul Əli Axundov (1847-1918), Şomu Abdulla, Mirzə Həşim oğlu Hüseynqulu (zabratlı), Sar Pənci ( balaxanılı), Atababa Əhmədli Məmməd (saraylı), Şonu oğlu Məmmədhüseyn (bakılı) kimi pəhləvanlar milli güləş tariximizdə iz qoyublar.
Güləşin beynəlxalq növləri ilə yanaşı, hər bir xalqın özünəməxsus milli güləş növləri də mövcuddur. Onların qaydaları, ənənələri nəsildən - nəslə ötürülür və ehtiyatla qorunub saxlanılır. Müxtəlif xalqlar "güləş” sözünü öz dillərində səsləndirmişlər. Məsələn, bu növün adı Azərbaycanda ‘’güləş’’, ‘’Gürcüstanda ‘’cidaobo’’, Türkmənistanda ‘’qoreş’’, Özbəkistanda ‘’kuraş’’, Tacikistanda ‘’Buxara kuştisi’’, Moldovada ‘’Trıntedryapte’’, Qazaxıstanda ‘’Xapsakay’’, Tuvində ‘’kureş’’, Yaponiyada ‘’cüdo’’ Yakutiyada "Xansaray”dır. Çox fərəhli haldır ki, respublikamızda adlı-sanlı pəhləvanlarımızın əksəri idman fəaliyyətinə milli güləşlə başlamışlar.
Bildiyimiz kimi, güləş dəgər milli oyunlarla qarşılıqlı surətdə inkişaf etmiş və əsasən, xalq qəhrəmanlarının sevimli məşğuliyyəti olmuşdur. Bir çox mübarizə üsullarını gözəl bilən pəhləvanlara folklor nümunələri və sənət əsərlərimizdə geniş yer verilmişdir. "Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin "Xosrov və Şirin”, "Yeddi Gözəl”, "İsgəndərnamə”, M.F.Axundovun "Sərgüzəşti Vəziri Xani Lənkəran”, Y.V.Çəmənzəmənlinin "Qan içində”, İ.B. Qutqaşınlının "Rəşid bəy və Səadət xanım” əsərlərində və başqa əsərlərdə pələvanlarımızın qoçaqlıq və qəhrəmanlıqları tərənnüm olunmuşdur.
Azərbaycanda milli güləşin inkişaf etməsi və gənclərin sevimli məşğələsinə çevrilməsi, bir tərəfdən, milli irsimiz və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonralar meydana gəlmiş peşəkar məktəblərlə əlaqədardır. Bu məktəblərdə keçirilən güləş yarışları daha səmərəli qaydalara, çoxlu və rəngarəng texniki -taktiki fəndlərə əsaslanırdı.
Azərbaycan güləşinin inkişafında "Kusturud” klubunun yaradıcısı və təşəbbüskarlarından biri olan əməkdar idman ustası Rza Baxşəliyevin əməyi böyük olmuşdur. O, 1924-cü ildə bu klubda fransız güləş qrupu yaratdı. "Kusturud”un yetirmələri o zaman ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan pəhləvanlarla - Fyodor Margentanger, Andrey Lodz, Sali Süleyman, Rəşid Yusifov, Eldar Göyçaylı və başqaları ilə güləşirdilər.
Sərbəst güləş növü ikinci dünya müharibəsinə qədərki dövrdə ölkəmizdə o qədər də geniş yayılmamışdı. Müharibədən sonra respublikamızın şəhər və rayonlarının əksəriyyətində sərbəst güləş bölmələri açılmışdı. Bakı isə bütün ölkədə istedadlı pəhləvanlar şəhəri kimi tanınmışdı. O vaxtlar respublikamızın paytaxtında iki məşhur sərbəst güləş məktəbi - Rza Baxşəliyev və Davud Maxaradzenin məktəbləri fəaliyyət göstərirdi. Rza müəllim "Nauka” (sonralar "İskra”, "Burevestnik”) cəmiyyətində sərbəst güləş bölməsinin məşqlərinə rəhbərlik edirdi.
1941-ci ilin iyununda faşist Almaniyası SSRİ-yə basqın etdi. Keçmiş Sovet İttifaqının bütün idmançıları vətəni müdafiə etmək üçün müharibəyə yola düşdülər. Müharibədən sonra bütün işlər yenə də öz qaydasına düşdü: yunan-Roma güləşi üzrə 14-cü, sərbəst güləş üzrə isə 1-ci SSRİ birinciliyi yarışları (1945) keçirildi. Bu yarışlarda həmyerlilərimiz 3 medal qazandılar. 1947-ci ildə gənclər arasında SSRİ-nin şəxsi komanda birinciliyi keçirildi. Bu dəfə pəhləvanlarımız daha yaxşı çıxış edərək üçüncü yeri tutdular. 1949-cu ildə Bakıda keçirilən sərbəst güləş üzrə SSRİ birinciliyində isə azərbaycanlılar arasında ilk dəfə, M.Babayev və P.Dadaşov qızıl medal qazandılar. Həmin vaxtdan həmyerlilərimiz SSRİ yığma komandasının heyətində də çıxış etməyə başladılar. 1952-ci ildə SSRİ-yə qonaq gəlmiş Finlandiya yığma komandası ilə yoldaşlıq görüşündə birinci üç çəki dərəcəsi bakılılara etibar edildi. Nəticədə, R.Məmmədbəyov, M.Babayev və P.Dadaşov öz rəqibləri üzərində asanlıqla qələbə qazandılar. Həmin vaxt Finlandiya yığma komandasının nümayəndə heyətinin sədri Xuro Yosa demişdir: "Sovet komandasının qalib gəlməsini təmin edən yeganə səbəb aşağı çəkidə çıxış edən pəhləvanların dalbadal qələbəsi idi. Bu, bizi ruhdan saldı...”. Həmin çəkilərdə bizim həmyerlilərimiz yarışırdılar.
Beynəlxalq Güləş Federasiyası tərəfindən təsdiq edilmiş sərbəst güləş üzrə keçirilən yarışlarda R.Məmmədbəyov, M.Babayev, P.Dadaşov, A.İbrahimov, R.Səmədov yüksək səviyyədə çıxış etmiş və dünya miqyasında məşhur pəhləvanlar kimi tanınmışdılar.
Məşhur Azərbaycan güləşçisi, dördqat ölkə çempionu, əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi İbrahimpaşa Dadaşovun isə Helsinkidə bəxti gətirmədi.
1952-ci ildə 25 yaşlı Rəşid Məmmədbəyovun və Azərbaycanın həyatında böyük əks-səda doğuran bir hadisə baş verdi. Həmin il ilk dəfə Bakıya Olimpiya medalı gətirildi. Finlandiyanın paytaxtı Helsinkidə keçirilən XV Olimpiya Oyunlarında Rəşid Məmmədbəyov gümüş medal qazandı.
Muxtar Dadaşov1954-cü ildən başlayaraq beynəlxalq yarışlarda iştirak etmişdir. Həmin ildə o, İsveçə və Norveçə beynəlxalq dostluq görüşünə getmiş, orada keçirilən yeddi görüşün hamısında qalib gəlmişdir. Həmin ilin may ayında Muxtar dünya birinciliyində iştirak etmək üçün SSRİ yığma komandasının tərkibində Yaponiyaya getmişdir. Budapeştdə keçirilən tələbələrin ümumdünya idman oyunlarında Muxtar Dadaşov bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxmış və qızıl medalla təltif edilmişdir. Varşavada keçirilən V Ümumdünya Gənclər Festivalında pəhləvanımız yenə də qızıl medala layiq görülmüşdür. 1957-ci ildə VII Ümumdünya gəncləri festivalında Muxtar Dadaşov XVI Olimpiya Oyunlarının qalibi Konekaya və dünyada ikinci yeri tutan Murtuza qalib gələrək yenə də qızıl medal qazanmışdır.

1972-ci il dekabrın 4-də Tbilisidə iki dəfə dünya çempionu və Olimpiya oyunlarının mükafatçısı, öz dövründə güləşin "professoru” adlandırılmış Vaxtanq Balavadzenin mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turniri keçirilmişdir. Bu yarışda Azərbaycanın üç pəhləvanı - Avropa və SSRİ çempionu R.Hacıyev, N.Quliyev (hər ikisi 48 kq çəkidə çıxış edirdi) və Y.Məmmədov (57 kq) iştirak edirdilər. Ənənə şəklini almış bu turnir beynəlxalq aləmdə geniş şöhrət qazanmışdır. Bolqarıstan, Rumıniya, Yaponiya, ABŞ, ADR, Monqolustan və Polşa pəhləvanlarının Gürcüstan paytaxtına toplaşması bunu təsdiqləyir.
Sərbəst güləş üzrə SSRİ yığma komandası 1970-ci ildə Avropa birinciliyində iştirak etmək üçün Berlinə getmişdi. Həmin yarışlardan hər bir xəbər böyük maraqla gözlənirdi. 48 kq çəki dərəcəsində bakılı Rafiq Hacıyev mübarizə aparırdı. Yüksək texnika nümayiş etdirən həmyerlimiz Azərbaycana Avropa çempionu kimi qayıtdı.
Tanınmış Azərbaycan pəhləvanı Xəzər İsayev xalça üzərində qarşısına çıxan bütün rəqiblərinə qalib gələrək 1986-cı ildə dünya çempionu oldu.
Sidney Olimpiya Oyunlarında sərbəst güləş üzrə 54 kq çəki dərəcəsində çıxış edən Namiq Abdullayevin final görüşündə çox qüvvətli rəqib olan amerikalı Samuel Hensenə qalib gələrək qızıl medal qazanması Azərbaycan xalqına sevinc bəxş etdi.
2003-cü il may ayının 1-dən 4-dək Latviyanın paytaxtı Riqa şəhərində keçirilən sərbəst güləş üzrə 46-cı Avropa çempionatında Olimpiya çempionu Namiq Abdullayev 26 ölkənin pəhləvanları arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq, qitə çempionu tituluna yiyələndi.
Nyu-Yorkda keçirilən və Afina-2004 Yay Olimpiya Oyunlarına lisenziya verən sərbəst güləş üzrə dünya çempionatında güləşçilərimiz böyük nailiyyət qazandılar. Komandamızın liderlərindən olan Arif Abdullayev möhtəşəm "Medison Skvard Qarden” idman salonunda fəxri kürsünün ən yüksək pilləsini fəth etməklə müstəqil Azərbaycanın sərbəst güləşi tarixində dünya çempionu titulunu təkrarladı.
Sərbəst güləşçilərimiz Avropa çempionatlarında ümumiyyətlə 54 medal əldə etmişlər. Keçmiş SSRİ komandası tərkibində çıxış edən sərbəst güləşçilərimiz (1966-1990) 9 (4 qızıl, 4 gümüş, 1 bürünc) medal qazanmışdılarsa, müstəqilliyimizin 20 ilində güləşçilərimiz (1991-2011-ci illər) vətənə 45 medalla (22 qızıl, 9 gümüş, 14 bürünc) qayıtmışdılar.

Sərbəst güləşçilərin Avropa
çempionatlarında qazandıqları medallar

İllər Qızıl Gümüş Bürünc Cəmi
1966-1987 4 4 1 9
1993-1996 4 1 3 8
1997-2011 18 8 11 37
Yekun 26 13 15 54

Müstəqilliyimiz dövründə Azərbaycan pəhləvanları Avropa çempionatlarında ölkəmizin bayrağını qaldırmış, himnini səsələndirmişlər. Fərəhli haldır ki, iki - 2009-2010-cu illərdə sərbəst güləşçilərimiz Avropa çempionatında 15 (10 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanmışlar.
Sərbəst güləşçilərimiz dünya çempionatlarında 31 medal qazanmışlar. Keçmiş sovet komandasının tərkibində yer alan sərbəst güləşçilərimiz dünya çempionatlarında (1963-1990) 6 medal (2 qızıl, 3 gümüş, 1 bürünc) əldə etmişlər. Müstəqilliyimizin 20 ilində isə (1991-2011-ci illər) onlar vətənə 25 (5 qızıl, 11 gümüş, 9 bürünc) medalla dönmüşlər.
Keçmiş SSRİ dövründə 1963-cü ildə Aydın İbrahimov ilk dəfə dünya çempionu olmuşdur. Xəzər İsayev isə 23 ildən sonra - 1986-cı ildə bu titula layiq görülmüşdür.
Müstəqilliyimiz dövründə isə, qeyd etdiyimiz kimi, Arif Abdullayev dünya çempionu olmuşdur.
Bundan başqa ötən il keçirilən XX
X Yay Olimpiya Oyunlarında Toğrul Əsgərov və Şərif Şərifov qızıl medal qazanaraq ölkəmizin idman tarixində yeni bir səhifə açıblar.

Sərbəst güləşçilərin dünya çempionatlarında qazandıqları medallar

İllər Qızıl Gümüş Bürünc Cəmi
1963-1990 2 3 I 6
1994-2011 5 11 9 25
Yekun: 7 14 10 31


Yunan-Roma üzrə güləşçilərimiz isə Avropa çempionatlarında 22 medal qazanmışlar. Keçmiş sovet komandasının tərkibində yer alan yunan-Roma güləşçilərimiz (1963-1990) 4 qızıl medal qazanıblar. Müstəqilliyimizin 20 ilində isə, (1991-2011) bu növdə mübarizə aparan pəhləvanlarımız 18 medal əldə ediblər (7 qızıl, 3 gümüş, 8 bürünc).

Yunan-Roma üzrə güləşçilərin
Avropa çempionatında əldə etdikləri medallar

İllər Qızıl Gümüş Bürünc Cəmi
1985-1987 4 4
1993-2011 7 3 8 18
Yekun: 11 3 8 22



Yunan-Roma üzrə güləşçilərimiz iştirak etdikləri dünya çempionatlarında 16 medal əldə ediblər. Keçmiş sovet komandasının tərkibində 7 medal (5 qızıl, 1 gümüş, 1 bürünc), müstəqilliyimizin 20 ilində (1991-2011-ci illər) isə 9 (4 qızıl, 3 gümüş, 4 bürünc) medal qazanılmışdır.
Yunan-Roma güləşçilərimizdən Arif Niftullayev, Viktor Avdışev, üçqat dünya çempionu Məhəddin Allahverdiyev, Kamandar Məcidov, Natiq Eyvazov, Həsən Əliyev, Olimpiya çempionu Fərid Mansurov, Olimpiya mükafatçıları Vitali Rəhimov, Rövşən Bayramov və digərləri "Azərbaycan güləşi”ni yüksək zirvələrə qaldırıblar.

Yunan-Roma üzrə güləşçilərin dünya çempionatlarında əldə etdikləri medallar

İllər               Qızıl   Gümüş    Bürünc    Cəmi
1978-1987    5         1            1             7
1994-2011    4         2            3             9
Yekun:          9         3            4            16

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 10 medalın 7-si məhz güləşçilərin payına düşdü.
İndi isə güləşi yay Olimpiya oyunlarının siyahısından çıxarmaq istəyirlər. Təklifi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi verib. Bu hələ yekun qərar deyil, tövsiyədir. İnanırıq ki, bütün dünyada sevilən güləş Olimpiya oyunlarının proqramında saxlanılacaq.

   






Bu yazı

51888 dəfə oxunub

Tarix

2013-03-14 19:35:26

Yazını

Çap et

Yazını

Paylaş