Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib



Oktyabrın 8-də Milli Olimpiya Komitəsi (MOK) İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbir MOK-un İcraiyyə Komitəsinin üzvü, əməkdar idman xadimi Ələkbər Məmmədovun xatirəsinin yad edilməsi ilə başlayıb. İclasda MOK-un antidopinq komissiyasının yaradılması, Bakı-2015 Avropa Oyunlarına hazırlığın gedişi, 2014-cü ildə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Bakıda təşkili haqqında müzakirələr aparılıb. Sonra Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında uğurla çıxış etmiş idmançıların mükafatlandırılması mərasimi keçirilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib:
"Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. İcraiyyə Komitəsinin iclasında bir çox məsələləri müzakirə etdik. Bu məsələlərdən biri də Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın mükafatlandırılmasıdır. Bildiyi¬niz kimi, Azərbaycan komandası bu oyunlarda çox böyük uğur qazandı. 21 idmançı ilə təmsil olunduğumuz yarışda komandamız 12 (5 qızıl, 6 gümüş, 1 bürünc) medal əldə etdi. Sinqapurda keçirilən yeniyetmələrin ilk Olimpiya oyunlarında komandamız yalnız güləş və cüdo idman növlərində medallar qazanmışdısa, Nankin Olimpiadasında bu medallar 6 idman növündə əldə olundu. Yeniyetmə idmançılarımızın belə bir möhtəşəm yarışda 12 medal qazanması çox uğurlu nəticədir. Nankindən qayıtdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev nümayəndə heyətini qəbul etdi. Səmimi keçən görüşdə cənab Prezident Azərbaycan¬da idmanın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırdı. Həmin görüşdən sonra idmançılar xüsusi mükafatlarla təltif olundular. Bu gün bir daha həmin yarışda medal qazanan idmançılar MOK tərəfin¬dən mükafatlandırılır. Yeniyetmə idmançılarımızı təbrik edir və onları gələcək fəaliyyətlərində uğurlar arzulayıram”. Yüksək nəticələr əldə edən yeniyetmə idmançıların mükafatlandırılma mərasimindən sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "İcraiyyə Komitəsinin iclası çox əlamətdar bir günə təsadüf edir. Bu gün gənclər və idman naziri Azad Rəhimovun 50 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Olimpiya Hərəkatı və idmanın inkişafında xüsusi xidmətlərinə görə Azad Rəhimov "Olimpiya” ordeni ilə təltif olunur”. Sonra "Olimpiya” ordeni gənclər və idman naziri Azad Rəhimova təqdim olunub.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək təltiflə bağlı öz minnətdarlığını bildirib: "Çox sevinirəm ki, təltif edildiyim ilk orden idmanla, Olimpiya Hərəkatı ilə bağlıdır. Biz 9 ildir bir ailə kimi yaşayır, bir¬birimizə səmimiyyətlə kömək edir, uğurlu nəticələr qazanır, idmançılar üçün hər cür şərait yaradılmasına çalışırıq. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Olimpiya” ordeni ilə təltif olunmağımı ölkəmizin idman ictimaiyyə¬tinə, idmançıların əməyinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirirəm. Bu yüksək mükafata görə Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.














Bu yazı

63600 dəfə oxunub

Tarix

2014-12-24 15:29:38

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook