20 şahmatçı arasında vahid lider



"Central Park Hotel”də keçirilən qadınlar arasında Azərbaycan çempionatı davam edir. Artıq 4-cü turun oyunları başa çatıb.
4-cü turda çempionatın liderləri Nərmin Kazımova və Pərvanə İsmayılova üz-üzə gəlib. Qarşılaşma Nərmin Kazımovanın qələbəsi ilə başa çatıb. Bununla da o, çempionatın yeganə lideridir - 4 xal. Ülviyyə Fətəliyeva Gülnar Məmmədova üzərində qələbə qazanaraq 3,5 xalla ikinci pillədə qərarlaşıb. Pərvanə İsmayılova, Zeynəb Məmmədyarova və Nərmin Məmmədova hərəyə 3 xal toplayaraq, 3-5-ci yerləri bölüşdürürlər. Türkan Həsənova, Səbinə Quliyeva və Səbinə İbrahimova 2,5 xal, Gülnar Məmmədova, Xəyalə Abdulla, Xanım Balacayeva və Xatun Bağırova 2 xal, Aytən Əmrayeva, Aydan Höccətova və Bikəxanım Zamanova 1,5 xal toplayıblar. Ləman Hacıyeva, Gövhər Beydullayeva və Nərmin Söyünlünün isə hərəsinin 1 xalı var. Mələk İsmayıl 4 tur ərzində yarım xal toplayıb.
Xatırladaq ki, 20 zəka sahibinin iştirak etdiyi yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir. Çempionatın mükafatçıları yanvarın 25-də müəyyənləşəcəklər.
Ümumi mükafat fondu 2500 AZN təşkil edən çempionatda ilk üç yerin sahibləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (AGİN) diplomları və Azərbaycan Şahmat Federasiyasının (AŞF) medalları ilə təltif olunacaqlar. Ölkə çempionatında fərqlənən şahmatçılar 2015-ci il şəxsi Avropa Çempionatına ezam ediləcəklər.


Bu yazı

11860 dəfə oxunub

Tarix

2015-01-23 15:21:41

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev