“Moskva Open 2015” beynəlxalq şahmat festivalı başa çatdı


Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open 2015” beynəlxalq şahmat festivalına yekun vurulub. 30 ölkədən 1000-ə yaxın şahmatçının iştirak etdiyi turnirdə Azərbaycan idmançıları da mübarizə aparırdılar.
Ölkəmizi bu beynəlxalq turnirdə müxtəlif qruplarda Rauf Məmmədov, Ülvi Sadıqov, Ülvi Bacarani, Niyazi Nağdiyev, Rəvan Əliyev, Səbinə İbrahimova, Günay Məmmədzadə, Aydan Höccətova, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Altay Eynullayev, Atilla Eynullayev, Vüsal Həsənzadə, Aslan Sadiqli və Nərmin Kərimzadə təmsil ediblər. Turnir bir neçə qrup üzrə (A-kişilər arasında, B-qadınlar arasında, D-veteranlar arasında, F-tələbə oğlanlar arasında, G-tələbə qızlar arasında və C-həvəskarlar arasında) keçirilirdi. A qrupunda mübarizə aparan Rauf Məmmədov sonuncu turda Rusiya təmsilçisi Dmitri Kokarevlə xalları yarı bölüb. 9 turdan sonra 6,5 xal toplayan şahmatçımız yarışları 9-cu pillədə başa vurub. Bu qrupda mübarizə aparan digər təmsilçilərimizdən Ülvi Sadıqov 4,5 xal, Rasim Əliyev 4 xal, Niyazi Nağdiyev və Rəvan Əliyev isə hərəyə 3,5 xal toplayıblar. Turnirin qalibi adını isə 9 oyundan 8 xal toplayan Rusiya şahmatçısı Ernesto İnarkiyev qazanıb.
Qadınların yarışında təmsilçilərimizdən Səbinə İbrahimova, Yevgeniya Ovoda, Aydan Höccətova isə Alina Bivola məğlub olaraq turnirin qalibi olmaq şanslarını itiriblər. 6 xal toplayan Aydan Höccətova 14-cü olub. Eyni xala malik Səbinə İbrahimova əmsallara görə 17-ci yeri tutub.
Uşaqların turnirində mübarizə aparan Aydın Süleymanlı 5,5 xal, Məhəmməd Muradlı, Atilla Eynullayev və Vüsal Həsənzadə isə hərəyə 4,5 xal toplayıblar.
Tələbələrin turnirində iştirak edən Ülvi Bacarani 5 xalla 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə təmsilçimiz 4-cü yeri tutub.
Tələbə qızların turnirində mübarizə aparan Günay Məmmədzadə isə keçirilən görüşlərdən aktivinə 5 xal yazaraq 3-cü yerin sahibi olub.
Məlumat üçün qeyd edək ki, tələbə oğlanlar və qızların turniri (Open F və Open G) dairəvi sistem üzrə keçirilib və 9 turdan ibarət olub. Digər turnirlər isə İsveçrə sistemi ilə keçirilib və 9 turdan ibarət olub.


Bu yazı

7963 dəfə oxunub

Tarix

2015-02-10 13:28:46

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev