İsveçrə idmançısı triatlon yarışının qızıl medalını qazanıb




İyunun 13-də Bilgəh çimərliyində birinci Avropa Oyunlarında qadınlar arasında triatlon yarışına start verilib.
Bakıda ilk dəfə beynəlxalq səviyyədə qadınlar arasında keçirilən triatlon yarışında birinci Avropa Oyunlarının medallarını qazanmaq uğrunda 53 idmançı mübarizə aparıb. Azərbaycanı yarışda Kseniya Levkovska təmsil edib. İdmançımız 32 nömrə altında çıxış edib.
Medala iddialı idmançılar arasında Olimpiya çempionu isveçrəli Nikola Spiriq və Olimpiadanın gümüş mükafatçısı isveçli Liza Norden də var. Bakıda keçirilən yarış onların London Olimpiya Oyunlarında təqribi bərabərliklərindən sonra ilk görüşüdür. Belə ki, N.Spiriq üç il əvvəl rəqibindən cəmi 15 santimetr öndə olmaqla qızıl medala yiyələnib. Gələn il keçiriləcək Olimpiya oyunlarının təsnifat mərhələsi Bakıya salındığı üçün paytaxtımızda keçiriləcək yarış əzəli rəqiblərə eyni dərəcədə şans verir.
Qadınlar arasında ən böyük rəqiblərdən biri də dünya reytinqində altıncı yerdə olan iordaniyalı Aliyen Reydir. Medal qazanmağa namizəd olan digər idmançı isə niderlandlı Rakel Klamerdir. O, dünya çempionatında 12-ci yeri tutub, ötən il isə avropalı idmançılar arasında ilk sırada olub. Onun komanda yoldaşı Mayke Kaelers isə dünya çempionatlarında üçüncü nəticə göstərib.
Yarışın birinci mərhələsində - üzgüçülükdə ən yaxşı nəticələri niderlandlı Rakel Klamer (20 dəqiqə 16 saniyə), rusiyalı Anastasiya Abrosimova (20 dəqiqə 16 saniyə) və isveçli Liza Norden (20 dəqiqə 37 saniyə) başa vurublar.
Azərbaycan idmançısı Kseniya Levkovska isə birinci mərhələdə 21 dəqiqə 36 saniyəlik nəticə ilə 19-cu sırada qərarlaşıb.
Yarışların ikinci mərhələsində idmançılar velosipedlə hər birinin uzunluğu 6,6 kilometr olan 6 dövrə vurublar. İsveçrəli qadın triatlonçu Nikola Spiriq birinci Avropa Oyunlarının çempionu olub. İsveçrəli idmançı 1 saat 3 dəqiqə 37 saniyə nəticə göstərərək birinci olub. İsveçli Liza Norden isə ikinci olub(1 saat 3 dəqiqə 49 saniyə). Niderlandlı Rakel Klamer isə 1 saat 4 dəqiqə 6 saniyəlik nəticə ilə üçüncü olub. Azərbaycan idmançısı Kseniya Levkovska ikinci mərhələdə 1 saat 5 dəqiqə 25 saniyəlik nəticə ilə 17-ci sırada qərarlaşıb.
Qeyd edək ki, triatlon yarışında idmançılar əvvəlcə suda üzməli, sonra velosiped sürməli və daha sonra qaçaraq yarışı başa vurmalıdırlar.



Bu yazı

12447 dəfə oxunub

Tarix

2015-06-13 18:13:45

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook